İkinci hissə, doqquzuncu fəsil
Page 4 of 4 · 75%
"Sudan xilas dəstələri məni keçmişin əzab dəryasından, peşmançılıq alovundan xilas edə bilməzlərmi? Buna şəhərin qüdrəti çatmazmı? Mən yeni şəhər tikən, şəhəri yenidən tikən şəhəri yenidən tikən adamdan kömək ala bilmərəmmi?.."
Qonum-qonşunun həyətdəki səs-küyünü eşidəndə Ağca xanım bir cani kimi uzaqlaşıb getdi.
Qonşular həyəti qiymətli şeylərlə dolu gördülər. Qadının dəli olduğunu, bəlkə də özünü öldürdüyünü güman edib, evə yüyürdülər. Qapılar taybatay, ev isə sahibsiz idi. Küçəyə adam qaçırtdılar, su quyusuna çıraq salıb baxdılar... Zirzəmini, pilləkən altını, vanna otağını gəzdilər. Ağca xanımdan bir nəm-nişan yox idi. Paltarlarının, ayaqqabısının evdə olmasından yəqin etdilər ki, bir yerə getməyib. Səhərə qədər axtardılar. Odunların altına, köhnə təndir uçuğuna, qonşu damlara, həyətlərə baxdılar. Tramvay altına düşməsindən şübhələndilər. Zəng vurub "Təcili yardımdan" soruşdular. Ağca xanımın yox olması xəbəri rayona çatdı. Fövrən evə iki milis gəldi: şeylər siyahıya alındı, şahidlər qol çəkdi, qapı möhürləndi.
Kainat rəncbərinin xırman işi bitir, göy üzünə səpilmiş xaş-xaş dənələri, gündüz böyük bir tığ təşkil etmək üçün yığılır, səhər açılırdı. Ötən axşam haralardansa kəmənd kimi atılan və get-gedə tündləşib bir qaranlıq olan kölgələr, sanki yuvalarına çəkilir, bəndlərinə bağlanırdı. Səhər açılırdı.
Zülmətin gücündən bir-birinə qarışan varlıqlar, durulan suda daş-qum kimi ayrılmağa, seçilməyə başlayır, səhər açılırdı. Göyərən və ağ ləpələri ilə torpaqları aşırıb, həyat işığına çıxan bitki kimi, günəş üfüqdən boylanır, göyə lalə yarpaqları tökülür, səhər açılırdı.
Qaranlığın amansız hökmü ilə torpağa bağlanmış, hərəkətdən qalmış mexluqat, həmin bu sabah işığı ilə həyat və sərbəstlik alır, yer üzünü şənləndirmək üçün hərəkətə gəlir. Səhər açılırdı.
Tramvaylar, fabrik fitləri, radio dalğaları, samovar nəğmələri, saat zəngləri səs-səsə verib, insanlara "Sabahın xeyir" deyir, səhər açılırdı...
Vahid Nayıbovun ev qapısı həmişəki sakitliyi ilə aralandı və örtüldü. Əlində zənbil olan qulluqçu cəld və yeyin addımlarla pilləkənləri enəndə dəhlizdə bir adam seçdi:
"Qapını kim açıb?" deyə xəyalından bir sual ötdü. Yadına düşdü ki, əmisinin maşını səhər tezdən Rübabəni gətirmişdi. Ala-toranda ayaq üstə dimdik, heykəl kimi görünən adam qulluqçunun canına vahimə saldı. Qız qayıtmaq istədi, çətinliklə dilləndi:
– Kimsən?
Qaraltıdan cavab çıxmadı. Qulluqçu bir də soruşdu:
– De, kimsən?
Qaraltının dinməz-söyləməz, yavaş addım ilə gəldiyini görən qulluqçu geri-geri pilləkənləri çıxmağa başladı:
– Kimsən? Ay, kimsən?
Qaraltı dayandı, boğuq səs eşidildi:
– Vahidi görəcəyəm!
Qulluqçu qayıdıb, tez yataq otağının qapısını tıqqıldatdı, qorxulu bir səslə Rübabəyə dedi:
– Vahidi istəyirlər, xanım bacı!
Rübabə qulluqçunun təlaşını duydu:
– Qız, sənə nə olub?
– Dəhlizdə bir adam dayanıb.
Vahid qulluqçunun səsini eşidən kimi geyindi, pencəyini çiyninə salıb çıxdı. Pilləkənlərin lap başında xəyal kimi hərəkətsiz dayanıb baxan bir qadın gördü. Qadını tanıya bilmədi. Ancaq onun vəziyyəti nəsə qeyri-adi bir hadisədən xəbər verirdi.
Rübabəni içəri qaytardı, dəhlizin işığını yandırdı, müdhiş bir heykəl kimi dayanan, savaşdan, davadan çıxmış, qatil əlindən qurtulmuş kimi bir adam gördü: rəngi qaçmış, saçları dağılmış, yaxası parçalanmış, üzündə iztirab oxunurdu. Vahid ömründə belə adam görməmişdi, nəzərini onun üzündən götürmədi:
– Gəlin!
Qadın dinmədi. Gur və dağınıq saçları altından baxan və alov saçan gözləri ilə sanki nəsə deyirdi. Qaşları çatılmış, sifəti sillə dəymiş kimi qızarmışdı. Enmiş köksündən, qalxmış çiyinlərindən, damarlar atmış boğazından, müvazi xətlərlə doğranmış alnından məlum idi ki, bu nələr yaşamış, nə iztirablar keçirmişdir. Vahid adi bir dəlinin, ya azğının evə soxulacağından, bir iş baş verəcəyindən çəkinib, qapını örtmək istədi. Qadının simasında, duruşunda və sükutundakı intizar buna mane oldu. Bir də təkrar etdi:
– Gəlin! Gəlin içəri!
Qadın sanki çətinliklə dilləndi:
– Mən çox gəlmişəm... Bir addım da siz gəlin!
Bu sözü deyərək qadın nə qımıldandı, nə əlini tərpətdi. Zənn edərdin ki, bu onun sözü deyil, qeyri yerdən gəlmə bir səsdir. Yaxud bunu dili, dodağı yox, bütün vücudu dedi. Vahidin şübhəsi daha da artdı. Aldığı cavab haradan, nə cəhətdən və nə səbəbdənsə qadının ona bağlı, onunla əlaqədar olduğundan xəbər verirdi. Qadın məhrum bir səslə dedi:
– Qapınıza gəlmişəm, qovmayın, Vahid!
Vahid qadının gözlərindəki şikayəti duydu. İndi qadın onun gözünə bir müəmma yox, fəlakətə uğramış bir yazıq kimi göründü:
– Buyurun içəri!
Qadın tərpənmədi:
– Mənə doğru bir addım da siz atın!
Bu söz Vahidi yenə şübhəyə saldı, kömək istəyən adamın sözü deyil, bu, tələb edən, uman, həm də yaxın bir adamm sözüdür. Vahid dillənmək istəyirdi. Qadın əllərini açdı, əyilən kimi oldu:
– Rübabəyə kəniz gəlmişəm, götürün!
Rübabə yad adamdan öz adını eşidəndə qapıya çıxdı. Qadın birdən vurulmuş kimi üzü üstə yıxıldı, hönkürtü vurdu.
– Astanana gəlmişəm, - dedi, - mənim başımı kəs, ya məni el içinə qaytar!
Rübabə onun qolundan tutub, içəri gətirdi. Vahid düşündü: "Buna nə olub?" O biri otağa keçəndə Rübabə ərinin qulağına pıçıldadı:
– Gəldiyev bunu da bədbəxt edib...
Vahid təəssüf və hiddətlə başını tərpətdi. Rübabə xahiş etdi:
– Yazıqdır, ona arteldə-zadda iş düzəlt.
– Kömək lazımdır!
Sabahısı gün qəzetlər Vahid ilə əlaqədar dörd yeni xəbər yazdılar: Ağca xanımın sərgüzəştini, "Açıq kitab" layihəsinin müsabiqədə udduğunu, Kərim Gəldiyevin partiyadan qovulduğunu, inşaat institutunda havanın təmizlənməsi ilə əmələ gələn şadlığı.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-aciq-kitab-ikinci-hisse-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Gün əyiləndə Ağcagilin darvazasından üzünə nimdaş bir ağ çəkilmiş uşaq tabutu çıxardılar. Ağca xanım qara matəm libasında, əlləri qoynunda, yaxası-başı açıq, gözüyaşlı tabutun dalınca yeriyirdi. İki addım atmamış qapıda dayandı, dayandığı yerə baxdı, sanki burada bir şey itirmiş, ya tapmışdı.Ağca xanım fəryad çəkib diz çökdü.
İkinci hissə, beşinci fəsilXəbər verdilər ki, ayın beşində komissarlar sovetində institutun məruzəsi qoyulur. Verdiyev papağını başına atıb ali məktəblər idarəsinə qaçdı.Rəisin yanında iki-üç adam var idi. Verdiyev vacib iş üçün gələn, başqalarını əhəmiyyətsiz sayan bir tövr ilə, izinsiz içəri girdi, paltosunu soyunmamış rəisə əl verdi:
İkinci hissə, altıncı fəsilNəhayət, gözlənilən vaxt gəlib çatdı. Gündüz saat ikidə məsul işçilərin, mütəxəssislərin, mətbuat nümayəndələrinin hüzurunda Verdiyev İslama söz verildi. Verdiyev əlində iş qovluğu kürsüyə çıxanda, dal cərgələrə göz gəzdirdi. Gəldiyevi görmədi. Ürəyinə bir qorxu düşdü ki: "Görəsən harda qaldı".Pəncərənin qabağında, apaşe geymiş Vahidi oturan görəndə təəccüb elədi: "O hara, bura hara? Onu kim çağırıb?".
İkinci hissə, yeddinci fəsilBeşcə gün bundan əvvəl plan idarəsmin kiçik zalında müsabiqə heyəti iclas edirdi. On yeddi layihədən "Ürək" adı ilə verilən layihə ikinci mükafata, "Salam" adlı bir başqası isə üçüncü mükafata namizəd göstərilirdi. Heyət üzvləri rəyə gələndən sonra müntəzir oturub, zərflərin açılmasım gözləyirdilər. Poladov ayağa qalxdı:– Yoldaşlar, - dedi, - aydındır ki, ancaq qazanan əsərlərin paketini götürməliyik. Başqalarının açmağa ehtiyac yoxdur.
Poems by other poets
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Bu şahi-pürkərəm, sahibnəzərdirBu şahi-pürkərəm, sahibnəzərdir,Vilayətdir, yəqin nuri-bəsərdir.
اگر بختم دهد باری که یارم همنشین باشدزهی مقبل که من باشم زهی دولت که این باشد
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,