Ad axtaranlar
İnsan həyatında məyusluq olan kimi şadlıq, bayram da çox olur. Bayramlar cürbəcürdür.
Elə bayram var bütün cəmiyyət, bütün dünya, bəşəriyyət üçündür: yazın açılmağı, qışın bitməyi, təbiətin ayılmağı! Elə bayram var ki, bir ölkənin, müəyyən xalqındır: azadlıq, qurtuluş, inqilab bayramı.
Bayram da var bir ailənin, nəslin, ya qəbilənin ənənəvi şadlıq, şənlik günü hesab olunur.
Bizim tələbə yoldaşlarımızın hamısının bildiyi, sevdiyi bir bayram da var ki, hər il sevinclə qeyd olunur: bizim ali məktəbi bitirən yüzlərlə cavan o günü həsrətlə, intizarla gözləyirlər. Şənlik düzəldir, deyib-gülür, xatirə danışır, bir-birlərini təbrik edirlər.
Elə bayram da var ki, oxucudan da ayıb olmasın: ya doğum günü, ya toy, ya təzə mənzilə köçmək bayramı... Xülasə, bayramları saymaqla qurtarası deyil. Adam saydıqca həvəsə gəlir, təzələri yada düşür...
Keçək mətləbə!
Mənim sizə dediyim, demək istədiyim bu bayram mənim öz bayramım, şəxsi bayramımdır. Onun barəsində sizə danışmaq istəyirəm.
Başağrısı olmasın, Allah hamınıza qismət eləsin, bir neçə il əvvəl mənim ilk oğlum olub!
Sizi bilmirəm, mən bu günü unutmaram, heç vaxt unutmamışam, ömrümdə də unutmayacağam!
Ona görə yox ki, mən övlad həsrətində olmuşam, ya oğul istəmişəm, ya övladdan bir umacağım, təmənnam var. Yox! Mən bu hisslərdən uzağam, hətta çox zaman öz-özümü danlamışam ki, kənardan baxan yaxşı deməz. Bu görməmişlik nəyə lazımdır!?
Lakin oğlumu görən kimi hər şeyi unudub başlayıram balamı əzizləməyə:
– Başına dönüm, qurbanın olum, elim, günüm, varım-yoxum, gözümün işığı, ürəyimin bəndi!..
Nə isə! Oğlum olub-olmayıb, məni qayğı götürüb. Bu xəbəri mənə 10 yaşlı bir uşaq gətirdi. Mətbəədə oturub sabahkı qəzetin hərflərini yığırdım. Xadimə gəldi ki, səni qapıda gözləyən var (onu da deyim: mətbəəyə buraxılış vərəqəsi olmasa, adam buraxmırlar. İcazə almaq üçün gərək müdiri tapasan, xahiş eləyəsən, uzun işdir...).
Qapıya çıxanda bir ağköynək uşaq, deyəsən, gözləyirmiş, yanaşdı mənə:
– Qüdrət əmi, muştuluğumu ver, oğlun olub!
– Muştuluğun borc olsun, haçan olub?
– Bu səhər tezdən.
– Anası necədir?
– Lap yaxşıdır, sizi gözləyirlər.
Mən iş paltarımı dəyişib doğum evinə qaçdım. Orada bir hərəkət, sevinc, təlaş, tələsik danışma, gülüş gördüm ki, özümü itirdim. "İlahi, buradakıların çoxunu tanımıram, onlar da məni tanımır, mənim şad günüm üçün bu həngamə haradandır?"
Birdən yadıma düşdü ki, balam, bura sənin şəxsi doğum evin deyil, bütün şəhərin anaları burada öz yükünü yerə qoyur, hərə bir ailədən gəlib, nə danışırsan. Məni ananın yanına buraxmadılar, uşağı da mənə göstərmədilər:
– Darıxma, qardaş, bir həftədən sonra oğlun ilə evdə görüşərsən! Dözə bilmədim, Tahirəyə əl boyda bir kağız yazdım, təbrik elədim, uşağı soruşdum: "Tofiqin kefi necədir! Sizə nə lazımdır, gətirim?"
Tahirə razılıq edir, heç nə istəmirdi: "Hələ neçə gün buraxmayacaqlar! Eybi yoxdur, darıxma. Yaxşıca rahatlan!"
Tahirə gələndən sonra bizim evdə ən vacib, ən şirin söhbət uşağın adı haqqında gedirdi. Müxtəlif təkliflər var idi: biri ata-baba adlarını, biri təzə kitablardan götürülən adları, bir başqası o yan-bu yandan gələn düzəltmə adları deyirdi. Mən isə hamıdan vacib anasının fikrini əsas götürdüm. Bircə kəlmə ana nə dedi, o da qanun oldu!
Şübhəm yox idi ki, burada da Tahirə mənim rəyimi bəyənmişdi, axı, ilk dəfə mənim xəstəxanaya yazdığım məktubda bu ad xatırlanmışdı: "Tofiqin kefi necədir?"
O da fikrimə gəldi ki, Tahirə mənim sözümə əsaslanıb, bəlkə də ürəyində başqa ad da var imiş, məktubdan sonra dilinə gətirmədi... Mən Tahirədən təkidlə soruşdum ki, başqa ad istəyirsənsə de, gizlətmə! And-aman elədi ki, Tofiq onun ürəyindəndir.
Tofiq bir müddət ana qucağında, sonra bağçada, 7 yaşın dan isə məktəbdə tərbiyə aldı, oxudu... Bizim evdə onun adı həmişə sevinc, şənlik, gələcəklə bağlı olub. Nə atası, nə anası Tofiqdən sarı bir qüssə, əskiklik, narazılıq görməyiblər.
Yaxın-uzaq bəzi qonşular gah bağçadan, gah məktəbdən, gah pioner evindən şikayətlənsələr də, biz yox. Tofiqin boya-başa çatmağında valideynin səyi nə qədərdirsə, məktəbin, müəllimlərin səyi də o qədərdir, bəlkə də ondan bir az artıqdır. Bütün günü o, məktəb kollektivində, hətta istirahət günlərinin çoxunu da yoldaşları ilə keçirir. Evə gələndə həmişə mahnı, musiqi, şeir, həllinə çalışdığı hesab məsələsi ilə gəlir.
Biz görürdük ki, müəllimlər onun inkişafı ilə necə maraqlanır, irəli getməsinə səy edirlər. Ay olmurdu ki, onun dərs qiymətlərini bizə göstərməsin, qeydlər verməsin, razılıq etməsinlər...
Böyük Vətən müharibəsi başlananda mən orduya getdim, uşaqdan nigaran getdim (Tofiq onda yeddi yaşında idi).
Cəbhədə aldığım məktubların çoxunda Tofiqin öz xətti ilə şad xəbərlər olurdu: "Ata, bizim məktəb əsgər uşaqlarına tamaşa verdi. Ata, məktəbimiz dəmir qırıntısı yığıb təhvil verib. Deyirlər, onlardan top-tüfəng düzəldəcəklər. Bizim məktəb iki min limonad şüşəsi toplayıb..." Demək istəyirəm ki, Tofiq özünün ailəsinin həyatı ilə bərabər, məktəb həyatı, ölkə, xalq həyatı ilə yaşayıb nəfəs almışdır.
Əlbəttə, bu, ancaq müəllimlərin, sovet məktəbinin, ictimai tərbiyənin sayəsində olmuşdur.
İndi mənim 50-dən ç yaşım var. Tofiqi evləndirmişik. Daha doğrusu, özü evlənib.
Sizə də qismət olsun, mənim iki nəvəm var:
Nadir, Nailə!
Bizim ailədə söz bu iki uşağındır. Onlar da sağ olsunlar, valideyndən məsləhətsiz bir iş görməzlər. Məktəbdə nə gördülər, eşitdilər, bizə danışarlar. Tofiq özü də, sizinkilərdən yaxşı olmasın, əsil uşaq çıxıb. Ata-anasının yanında körpələrin heç birini qucağına götürməz, üzündən öpməz. Əvvəldən həyalı-abırlı dolanıb, gəlin də onun kimi! Tofiq indi Sumqayıt zavodlarının birində mühəndisdir. Yaxşı maaşı, hörməti, mükafatı. Adı qəzet səhifələrindən düşmür. Gəlin də oxumaq eşqindədir:
– Uşaqlar, – deyir, – məktəb yaşmdadırlar. Gündüz mən oxuya bilərəm, niyə itirim!
Tofiqə məsləhət eləyəndə razı olmadı:
– Anla, – dedi, – sənin maaşın mənə lazım deyil. Uşaqlar ana kölgəsində böyüməlidir. Analıq özü hər kəs üçün mühüm vətəndaşlıq vəzifəsidir. Qiyabi institutda da oxuya bilərsən. Amma uşaqlar ana çağıranda bir cavab verən olsun!
Gördüm düz deyir. Tofiqin haqqı var. Axı, körpə yaşlı uşağın yerişi, duruşu, baxışı, sözü, ədası... həmişə nəzarət altında, ananın gözü qabağında olmalıdır! Tofiq gəlini qiyabi instituta düzəltdi. İndi ananın gözü uşaqlarının yanında olur. Oxuduğu kitabları da çarpayısının qabağına yığır, bir-bir əldən çıxardır. Balalarının hər söhbəti, hər oyunu anaya, ailəyə bayramdır. Ana özü də işindən razı qalıb.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-ad-axtaranlar
Use ← → keys to move, R for a random poem
More by this author
– Kərim, sən hayanda olursan?– Necə bəyəm?
Sevinc haqqındaHəkimlərdən, psixologiya alimlərindən, ictimaiyyətçilərdən soruşursan:– Sevinc?
Şəfəqdən qalxanlarQızım Ədibəyə*Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.
Mühazirəçi yoldaşımMüharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.
Poems by other poets
Bizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
Sənəm gəlEy nazənin, ərin salam söylədi,Hayıfsan bisahib qalma, Sənəm, gəl.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,