İki qız, bir oğlan
– Məktubunuza müfəssəl cavab almaq istəsəniz, vağzala gəlin. Ayın on dördündə saat dörddə Hökumət evinin qabağında görüşə bilərik!
Əsəd dəstəyin şəbəkəsinə çox qışqırıb "alo", "alo" dedi, ancaq gec idi. Novella telefonu qoyub getmişdi.
Əsəd dəstəyi yerinə qoydu, götürdü, götürdü, qoydu. Bir müddət telefona baxa-baxa qaldı. Güman edirdi ki, Novella nə şəraitə düşmüşsə, tələsik danışmış, çox, həm də vacib sözünü deyə bilməmişdi.
Bəlkə bu saat təzədən zəng vuracaq! Bəlkə, ayrı telefon axtarır. Əslində isə Novella heç bir "şəraitə" düşməmişdi. Əsədə nə ki deməli sözü var idi hamısını çox aydın, bir az da ucadan qətiyyətlə deyib getdi. "Vağzala gəl!"
Necə yəni vağzala gəl?!
Əsəd bu çağırışı heç anlaya bilmirdi.
Lirik şeir, ya ürəyə yatan bir söz eşitmək istədiyim vaxt, vağzal! Məhəbbət aləmində nə vağzal? "Bəlkə, qız məni yoxlayır, bəlkə, vali deyni ilə tanış eləmək, bəlkə xəlvəti söhbət eləmək, bəlkə, məni hara isə, rayona, toya, banketə, qonaqlığa aparmaq istəyir..."
Əsəd çox düşündü, çox yozdu, qəti bir fikrə gələ bilmədi. Novellanı bu günlərdə görüb vədəsinin mənasını soruşmaq, aydın eləmək də mümkün deyildi. O, çarəsiz qalıb, intizarla ayın on dördünü gözləməli oldu. Bu bir həftə yəqin ki, Əsədin gözünə yuxu, boğazına bir tikə getməyəcək, canı rahat olmayacaq idi. Günün hərəsi bir il keçirdi, özü də elə bil qanqal üstündə oturmuşdu. Əsəd özünə təskinlik, təsəlli vermək üçün hadisəni başdan bir də xatırladı, Novella ilə son görüşünü, söhbətini, giley-güzarını gözünün qabağına gətirdi.
Axı, bu beş kəlmə söz o zəngin, səmimi, atəşin şanlı məktubun cavabı ola bilməzdi. Orada dönə-dönə düzəldilən, ağardılan, abı mürəkkəb, qızıl qələmlə şax kağızda yazılan eşqnamə daşı yumşaldar, dağı dilə gətirərdi. Əsəd orada mətləbini izhar etmək üçün məktubun başına nə oyun açmamış, nələr deməmişdi. "Qəlbimin soltanı, ürəyimin bəndi, həyatımın sütunu, canımın cövhəri olan əziz Novella can!
Sənə məlum ola ki, mən hər qıza sirr açan, könül verən adamlardan deyiləm..."
Bu yerdə Əsədin gözü əlinin dalındakı göy yazıya düşdü: "Son-ya!"
– Eh, nə bilir, kimdi, çox olar, deyərəm, məktəb yoldaşım idi...
Yazısına davam etdi:
– Allahdan gizli deyil, səndən nə gizlədim. Ömrümdə bircə qıza bir balaca meylim olmuşdu. O da, necə deyərlər, səfeh çıxdı. Mən onu oxumağa düzəltdiyim, şərait yaratdığım yerdə qəzet-məzetə aldanıb, çanta dalında xam torpaqlara getdi. Ha dedim, "ay qız, haya-küyə düşmə, aldanma, adama çox şirin vədlər verərlər. Gedib orada traktor sürən olacaqsan, əlində diplomu, sənəti olmayan adamın nə gələcəyi... Baytar-maytara rast gələcəksən, heyif olacaqsan! Bir düşün ..." Qız baxmadı, getdi! Getdi, mənim də yaxam qurtardı. İndi daha əsl sevgi dastanımı başdan başlaya bilərəm. Nə isə, demək istəyirəm ki, sənə və yalnız sənə qəlbimi verirəm, şəxsən səni maddi həyatım, varlığını qədər şəxsən sevirəm, əzizim! Sənin yolunda oda girməyə, suya atılmağa, göyə dırmaşmağa hazıram. Ancaq sən dildən-dilə gəl, mənə müjdə ver, əzizim! Sən bir "həri!" de! Qalan iş mənim boynuma! Ev də var, mebel-filan da, vəzifəm də var. Mən upravlenidə şöbə müdirinin müaviniyəm. Düzdür, müavinəm, amma hər iş məndən keçir, rəis mənim xatirimi çox istəyir, adımı da nağradaya salıb, Allah qoysa, qəzetdə görərsən.
Sən mənim qəlbimi ovlamısan, yaman ovlamısan. İndi daha nə bir yerdə otura, nə bir işə yovuşa bilirəm, səbrim-qərarım kəsilib, dilimin əzbəri, qəlbimin taqəti bir sözdür: Novella, Novella!.. Ay Novella, qurban olum səni doğan anaya, doğdu səni, saldı məni bəlaya!
Səndən ayrı, sevgilim, mən bu həyatı neylərəm!
Qulluğu, telefonu, möhür-peçatı neylərəm!.."
"Daşı dilə gətirməli olan" eşqnamədən bir səs çıxmadı ki, çıxmadı. Elə bil, bir daş bir quyuya düşmüşdü. Əsəd bir gün gözlədi, beş gün gözlədi, axırda səhər tezdən tələbələr dərsə gedəndə trolleybus dayanacağında durub Novellanı gözlədi. Zalım qızı gəlib çıxmadı, instituta getdi. Novella bir dəstə qız ilə dilucu salam verib getmək istəyəndə Əsəd işarə elədi, "sözüm var!"
Əsəd istəyirdi, Novellanı yoldaşlarından ayırsın. O, insafsız da yoldaşlarını səslədi. "Qızlar, dayanın görüm, bu yoldaş nə deyir."
Qızlar dayanandan sonra Əsəd nə deyə bilərdi?
– Novella, bəs mən... haçan sizi görmək olar?
– İndi ki görürsən, sözünü de!
Əsəd bir qızlara, bir özünə, bir də Novellaya baxıb heç nə deyə bilmədi. Qızlar qaqqıldaşıb getdilər, Əsəd hirsindən dil-dodağını çeynədi.
– Zəng eləyəcəyəm... Yataqxanaya da zəng eləmək çətindir, telefona başqaları gəlir, vəzzariyyat soruşurlar: kimdir, nə istəyirsən, filan...
Nə isə, uzun axtarışlardan sonra Əsəd telefonda Novellanı tuta bildi. Hal-əhval soruşmaq, gileylənmək istəyəndə qız sözünü dedi: "Vağzala gəlin! Ayın on dördündə saat dörddə Hökumət evinin qabağında görüşə bilərik!"
Əsəd mətləbinə çatmaq ümidi ilə bu günü ən əziz bir bayram kimi gözləyirdi. Ayın on dördündə nə ki təzə paltarı var idi, altdan-üstdən geyindi. Dəlləkxanaya getdi, özünü sahmana saldı. Sonra yarım saat vaxtından əvvəl gəlib vağzalda, qapı ağzında dayandı.
Amma nədənsə burada o, ayrı mənzərə gördü...
Bu gün, deyəsən, əziz qonaq qarşılanır, ya yola salınır. Özü də toplaşanların çoxusu cavanlar, tələbələr idilər. Əsədin ürəyinə gəldi ki, "Novella onu yoldaşları ilə tanış eləməyə, bəlkə də, lap təqdim eləməyə çağırıb. Nə xoşbəxtəm, ilahi!
Zalımın qızı belə fikri niyə mənə açıq demir, niyə məsləhət eləmir?
Bilmirmi ki, mən bunu alqışlayıb, əhsən deyərəm!"
Saatın kiçik əqrəbi dörd, böyük əqrəbi on ikinin üstünə çatanda Əsəd cəsarətlə içəri girdi, Hökumət evinin qabağına tərəf yönəldi. Nə görsə, yaxşıdır? Novellanı bir dəstə başı, yaxası açıq tələbənin əhatəsində gördü. Nəsə danışıb-gülürdülər. Əsəd əvvəl özünü göstərmək istəmədi: "Bu tünlükdə biz nə danışa bilərik!" Sonra fikirləşdi ki, Novella onun vədə xilaf çıxdığını güman edib inciyər. "Hər halda, özümü göstərməliyəm." Bir sağa, bir sola keçdi, gəlib-gedənə bərkdən salam verdi.
– Əsəd, yoldaş Əsəd!
Əsəd heç gözləməzdi ki, Novella onu belə ərk ilə çağırsın. Özü də camaatın içində onunla salam-kalam eləsin. Sevincdən ürəyi döyünə-döyünə qıza tərəf addımladı. Qız əl verib görüşdü və üzünü yoldaşlarına tutub dedi:
– Tanış olun, Əsəd də iqtisad fakültəsini qurtarıb. O da yeni işə getmək arzusundadır.
Novella, lap kənarda, vaqonun ağzında dayanıb konduktor ilə danışan ucaboy oğlanı səslədi:
– Arif, yoldaş briqadir, sizin qrupa daxil olmaq istəyən var! Əsəd yoldaş da rayona getmək istəyir, iqtisadçıdır. Xahiş olunur, bunun ərizəsini qəbul edəsiniz.
Arif yanaşıb Əsədin əlini sıxdı:
– Bizə sizin ixtisasınızdan mütəxəssislər lazımdır. Hərçənd gecikmisiniz, kollektivimizə daxil ola bilərsiniz!..
Əsəd gözləmədiyi bu şərait və mənzərədən lap çaşmışdı. Kimsəyə cavab vermir, tələyə düşmüş kimi, vurnuxur, qızarmış sifəti ilə ona-buna baxıb süni irişirdi.
Novella fürsətdən istifadə elədi:
– Əsəd, qrupumuz Əli Bayramlı rayonuna, təzə tikintiyə gedir, nə əcəb şeylərini gətirməmisən? Bir azdan vaqon yola düşür!
– Mən bilmədim, bilmədim belə səfəriniz var. Bir də axı, axı mən burada qulluğa düzəlirəm.
– Harada?
– Bakıda.
– Bakıda qalmaq istəyirsən?
– Özləri məni saxlamaq istəyirlər.
– Bəs sən komsomol yürüşünü eşitməmisən, mətbuatda oxumamısan?
– Eşitmişəm. Ancaq mənə nazirlikdə yer düzəldiblər. Ayın birində əmrim veriləcək, maaşı da...
Arif sözə qanşdı, üzünü qıza tutub mənalı bir ahənglə dedi:
– Bakıda qalmaq istəyənin bugünkü yürüşdə nə işi var, Novella? Bu sözlə sanki o, Novellaya tənə vurur, onun yaxın adamına gülürdü.
Novella bir Arifə, bir perronda gəzişən gənclərə, bir də Əsədə sarı mənalı baxdı:
– Bəs sən bizim qrupumuza qoşulmaq istəmirsən?
Qız camaatın içində Əsədi, deyəsən, suala tutmuşdu. Əlləri ilə ətrafa işarə edərək, bərkdən deyirdi:
– Bəs sən bu həyəcanlı hərəkata, bu xoş mənzərəyə necə biganə qalırsan, belə bir gündə, belə bir saatda? Yar-yoldaş içində!
Əsəd Sariyev oxlanmış kimi, dartınaraq o yan-bu yana döndü, halay vurmuş cavanların ona baxdığını görüb kəkələdi:
– Biganə deyəndə, biganə niyə, mən özüm belə təşəbbüsləri alqışlayıram. Ancaq ki, mənə söz... Mən söz...
Novella havada əlini tovlayaraq, sanki boşa çıxmış havayı bir arzunu göyə sovurdu:
– Ay-hay! Oda girən, suya atılan, göyə dırmaşan oğlan, etibarın bu imiş?
– Burada etibar söhbəti yoxdur. Novella, mən sonra da gələ bilərəm. Görüm bir nazirlikdə işim necə olur, sonra mən, əlbəttə ki, sizi unudan deyiləm.
– Nahaq yerə! Sən gəl zəhmət çək bizi unut! Vacib işlərlə məşğul olanların əl-ayağına dolaşmaq olmaz. Yaxşı olar ki, sən elə şəhərdə, rahat və isti yerlərdə oda girib, suya tullanmağında, göyə dırmaşmağında davam edəsən. Sizə bu məsləhətdir, ayrı işlər yox!
– Necə, niyə, mən bəyəm əskik adamam?
– Yox, artıq adamsan.
– Yox, artıq demədim.
– Artıq, ya əskik. Ancaq siz komsomolçusunuz, komsomolun ilk çağırışma nə ilə cavab verirsiniz? Bərkə düşməkdən qorxursunuz.
Arif hansı şairinsə məşhur bir sözünü təkrar etdi:
– O xərc ki tökülür...
Halay vuran cavanların çoxusu bu sözü xorla oxudular:
O xərc ki tökülür boş adamlara
Söyüdə tökülsə, söyüd bar verər!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-iki-qiz-bir-oglan
Use ← → keys to move, R for a random poem
More by this author
(Oğrunun düşüncələri)*Dünyada hər şey tədriclə olur. Böyük şəhərlər də birdən-birə tikilməyib, yavaş-yavaş, pillə-pillə. Hər iş belədir.
Məni görmürsünüz?Konserv zavodunun kiçik klubunda, müdir stolunun ətrafında yeddi-səkkiz nəfər oturmuşdu. Deyəsən, məşvərət keçirirdilər. Biri danışır, başqaları qulaq asırdı, sonra başqası danışırdı.Danışıqlar sakit, mülayim keçirdi. Zavodun onilliyini qeyd etmək, buraxılan məhsul, qazanc, yetişən kadrlar haqqında, gələcək tədbirlər haqqında rəqəmlər, planlar göstərilirdi. Yerli komitə sədri Özüyarov isə çox narahat idi. Gah durur, gah oturur, gah danışanlara su töküb verir, gah nəsə protokola yazırdı.
Bacı-qardaşŞekaem deyilən kəndli gənclər məktəbində müəllim idim. Seminariyanı təzəcə qurtaran cavan mütəxəssislər onda çox az idi. Hər rayona bir nəfər düşür, ya düşmürdü.O zaman kənd məktəbində xidmət eləməyin hörmət və izzətinə münasib güclü də maaşı var idi. Böyük Leninin vəsiyyətinə görə, müəllim haqqında Sovet dövlətinin xüsusi qayğısı, tapşırığı!
Az danışmağın faydasıSədidən soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: biədəbdən. Məndən soruşdular ki, az danışmağı kimdən öyrəndin? Dedim: çox danışandan!Doğrudan belədir. Uzunçuların yanında oturub-durmaq məni təngə gətirdi. Mənim Dilan adlı bir yoldaşım var. Çənədən pərgardır. Bir nağıl ki başladı, səni yuxuya verməmiş əl çəkməz. Deyəsən, zalım oğlu elə bil hər səhər bal halvası yeyir. Çənəsi həmişə işləyir. Atası da bezib onun hap-gopundan. Elə olur ki, Dilan danışır, o danışa-danışa sən gedib üzünü yuyub gəlirsən, ya bəlkə də çimib, ya dişini çəkdirib qayıdırsan! Görürsən elə hərif danışır. Dinləyən var, ya yoxdur, Dilan üçün birdir. Özünün də, sözünün də halına təfavüt eləmir. Gəlib görürsən həmin ahəng, həmin mətləb, həmin söz.
Poems by other poets
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
Əzm eylə diyari-ŞirvanıƏzm eylə diyar-ı ŞirvanıQət eylə rəh-i Azərbaycanı
Füzulini beştətməYoxdur aləmdə dəxi qüssevü dərdü məhənim,Vardı hər yerde menim bollu suyum, bollu dənim,