Page 1 of 2

Şekaem deyilən kəndli gənclər məktəbində müəllim idim. Seminariyanı təzəcə qurtaran cavan mütəxəssislər onda çox az idi. Hər rayona bir nəfər düşür, ya düşmürdü.

O zaman kənd məktəbində xidmət eləməyin hörmət və izzətinə münasib güclü də maaşı var idi. Böyük Leninin vəsiyyətinə görə, müəllim haqqında Sovet dövlətinin xüsusi qayğısı, tapşırığı!

İspalkom sədri, ya raykom katibi hər ötəndə məktəbə girib müəllimin kefini soruşmağı vacib bilirdi. Doğrudur, bir müəllimin ixtiyaratı məhduddur. Məktəbdə çalışmaq, uşaqlara tərbiyə vermək, dərs deməkdir. Amma nədənsə, ozamankı müəllimlər özlərini kəndin, rayonun ağası sayır, hər işə qarışır, hər yerdə birinci fikir deyən olurdular.

Kəndə gələnlər, nümayəndələr də ispalkom sədrindən qabaq müəllim ilə görüşür, əhvallaşırdılar.

Keçən gündür, yaxşı yadımda deyil, payızın ilk aylarından biri idi, Bakıya ezamiyyətə getmişdim. Orası yadımdadır ki, üzüm vaxtı idi, "Şərq" mehmanxanasının qabağında yeşik qoyub ağ şanı satırdılar. Şa nıya tamahım düşdü:

– Qardaş, üzüm neçəyədi?

Yaxası-başı açıq, qaragöz oğlan dilləndi:

– Kişey!

Mən ətrafıma baxdım. Elə bildim toyuq qovalayır.

– Neçəyə verirsən bundan?

Təkrar cavan oğlanın müəyyən səsi eşidildi:

– Kişey!

– Ay oğlan, satmırsan?

Oğlan iki barmağı haçalanmış pəncəsini mənə tərəf uzatdı, az qaldı, əlini gözümə soxsun:

– İki şeyi, iki şeyi!

İndi bildim ki, iki şahı demək istəyir. Bir abbası verib, üzümdən iki kilo aldım, nömrəyə gətirdim, yuyub boşqaba qoydum, çay-çörəyi gözləmədən özümü vurdum şanıya.

Şüşə kimi şəffaf şanı gilələri dişimin altında şaqqıldayır, sanki, üzüm suyu dərhal qana keçir, ürəyimə yeriyirdi. Şirinlikdən yemək olmurdu, bir salxım adamı tuturdu.

Ezamiyyətə gəlmişdim, məktəb üçün maarif, torpaq komissarlığından ləvazimat alacaq idim. Bizim məktəbə hər iki komissarlığın nəzarəti, köməyi dəyirdi. Düzdür, səfərim qulluq səfəri idi. Ancaq özüm üçün də pal-paltar tədarükü etmək niyyətində idim. Portfelim pul ilə dolu idi. İndi portfel götürmək, adama birtəhər gəlir. Amma o zaman mən portfel gəzdirməyi sevərdim. Portfel əlimdə olanda elə bilərdim ki, ata minmişəm.

Kommunist küçəsinin qurtaracağında - indiki həmkarlar binasının qabağı, muzeyin birinci mərtəbəsi ətriyyat mağazası idi. Portfel əlimdə oraya girdim, özümə bir şüşə əla ətir almaq istəyirdim. Şüşələrin birini qoyub, o birini götürür, yoxlayırdım. Cavan, göyçək bir qız da, yəqin ki, ətir almaq istəyirdi, məni görüb yanaşdı, sözlü adam kimi lap yaxına gəldi:

– Bağışlayın, sizə bir söz demək olarmı?

Mən başımı qaldırıb qıza baxdım!

– Buyurun!

– Siz harada işləyirsiniz?

Mən cavab verdim.

Deyəsən, qız məni kiməsə oxşadırdı. Daha bir neçə sualdan sonra xoş bir təbəssümlə müraciət etdi:

– Sizə bir sözüm var.

Bunu dedi, təsirini gözləyirmiş kimi susdu, üzümə baxdı. Dayandım, mətləbini bilmək üçün mən də onun üzünə baxdım.

Qızın xurmayı saçları, qələm qaşlar altında iri badamı gözləri parıldayırdı. Diqqətimi görüb gözlərini ətrafa gəzdirdi, sözünü eyni ahənglə, bir az da qətiyyətlə qurtardı:

– Çıxanda danışaq!.. Qapıda gözləyəcəyəm, çıxanda danışaq.

Qız bunu dedi, utanan adam kimi cəld addımlarla qapıya çıxdı. Onun bu yerişi, kürəyində sanki uzanıb gödələn qoşa hörükləri, nümayişkaranə görünən mütənasib, bəstə boyu indi də nəzərimdədir. Mən ətriyyat piştaxtasının qabağında vurulmuş kimi, quruyub qaldım. Satıcıya nə demək, nə deməmək, nə almaq, nə almamaq barəsində lap çaşdım, bilmədim neyləyim. Portfelimi əlimdə elə huşsuz tutub dayanmışdım ki, hər görən bunu hiss eləyə bilərdi. Vəziyyətimin gülünc olmağını dərk edirdim. Elə bilirdim, mağazaya girib-çıxanların hamısı bunu hiss edir, mənə baxırlar. Fikir məni götürdü:

"İlahi, bu qız kim ola, bunun mənə nə sözü var? Məni tanıyırmı, tanımırmı, bu nə əhvalatdır, görəsən? Xatalı adam olar ha! Nə iş idi bu, mən düşdüm!?"

Başıma min cür fikirlər gəlir. Cavanam, təcrübəsiz, rayon adamıyam, hadisələrlə dolu bu gurultulu şəhərdə cürbəcür macəralar baş verdiyini, necə faciələr olduğunu da eşitmişəm. Bu təsadüfdən açıq-aşkar qorxuram, bilmirəm nə eləyim.

Ürəyimə gəlir ki, qız məni libasıma, hərəkətimə görə pullu adama oxşadıb, yəqin ehtiyacı var, xahiş eləyəcək.

Onu da deyim ki, varlı siniflərin ləğv olunduğu, xanimanların dağıldığı illər idi. Bəzən kübar ailələr başsız qalır, naz-nemətlə bəslənib, böyümüş qızlar, oğlanlar küçəyə düşür, ağır ehtiyacın qurbanı olurdular. Güman edirdim ki, bu qız yəqin, bədbəxtliyə düşüb, maddi ehtiva-cı var, onun üçün mənə yanaşır, dərdini demək istəyir.

Ancaq bilmirdim ki, mən nə cavab verməli, bu məqamda özümü necə aparmalıyam. Birdən-ikidən belə işlər başıma gəlməmişdi, təsadüf düşməmişdi.

Məktəbdə, iclaslarda da bizə tapşırırdılar ki, ayıq olun, özünüzü, "müzür" ünsürlərdən qoruyun, varlı balaları ilə münasibət saxlamaq komsomola yaraşmaz. Onlar bizim sinfi düşmənlərimizdir".

Atasını, ağ günlərini itirmiş bir qız ərk eləyib mənə yanaşır, dərdini deyirsə, mən bir komsomol kimi necə eləməliyəm? Doğrudanmı ona sinfi düşmən kimi baxmalı, yanaşmalıyam? Düzdür, belə tapşırıqlar verirdilər, biz də əməl eləməyi vacib bilirdik. Ancaq bu halda məni ayrı mətləb də düşündürürdü. Qolçomaq, mülkədar, ya tacirlərin özlərinə sinfi düşmən, müzür ünsür kimi baxılsa da, onların yeniyetmə, sovet dövründə böyümüş balalarının nə günahı var? Axı, bunlar həyata təzə atılır, yeni cəmiyyətdə özlərinə yer axtarırlar. Lap belə bir gəncin belə bir ailədən çıxmağı nə üçün onun günahı sayılsın? Olsa-olsa, belələrinin bədbəxtliyi sayıla bilər. Bədbəxtlərə kömək etmək, onları fəlakətdən qurtarmaq isə komsomol kimi şərəfli, nüfuzlu bir təşkilatın və onun üzvünün vəzifəsi deyilmi? İnsani borcu deyilmi?

Ancaq o biri tərəfdən də kəndimiz, kənd komsomol təşkilatının gecəyarısınacan uzanan gurultulu iclası gözümün qabağına gəlirdi. İctimaiyyət müəllimi Rasim Əfəndiyevin komsomoldan çıxarıldığı günləri xatırlayırdım. Rasimi bir mollanın qızma evləndiyinə görə komsomoldan çıxarmışdılar. Rasimin iclasda müqəssir kimi suallara cavab verməyi də yadımdadır!

– Rasim, sən komsomol üzvü ola-ola molla qızı almaqda düzgün-mü hərəkət etmisən?

– Yoldaş, mən mollanın qızını almışam, özünü almamışam!

Düzdür, Rasimin sözünə hamı güldü, ancaq onun komsomoldan çıxarılmağına əksəriyyət səs verdi...

Piştaxta qabağında, qapıda qızın məni gözlədiyi dar bir vaxtda bu məsələləri düşünmək çox həyəcanlı, iztirablı, həm də gülünc idi. Axırını bir yerə çıxarmaq da mümkün deyildi. İstər-istəməz könülsüz, mütərəddid addımlarla qapıya çıxdım, küncdə qızın məni gözlədiyini gördüm.

– Buyurun, sözünüzü deyin!

Qız tramvay yoluna baxıb işarə elədi:

– Keçək o tərəfə.

Biz yolu keçdik, indiki həmkarlar binasının qabağı ilə sahilə tərəf gedirdik.

Mən gözləyirdim ki, qız nə deyəcək. O isə dinmir, mənim danışmağımı gözləyirdi, mənim deməyə bir sözüm yox idi. Bəlkə hərif məni yoxlayır, "hərəkətə gətirmək" üçün susurdu. Bu intizarlı sükut uzun sürmədi, qız mənim darıxdığımı hiss edib dilləndi:

– B əlkə mənimlə bir neçə addım atmaq istəmirsiniz? Sizə eyib gəlmir ki?

– Xeyr, xoşdur.

– Elə isə bu tərəfə gedək, söhbət eləməyə münasib yer tapaq.

Mən etiraz etmədim. Biz Azneftin binasına tərəf yollandıq. Qız hərdənbir söz atırdı:

– Görünür, Bakıya bələd deyilsiniz.

– Yox, burada yaşamamışam, ikinci dəfədir gəlirəm.

– Bizim şəhərimiz qonaqsevən şəhərdir. İndi respublikamızın gəncləri bura gəlməyə çox can atır, məktəblərə dolurlar. Siz ki, şükür, məktəbi qurtarmısınız, işləyirsiniz.

– Elədir. Mən indi maarif cəbhəsində çalışıram.

– Xoşbəxtsiniz.

– Bunu demək üçün əlimdə elə bir əsasım yoxdur. Birinci ildir çalışıram.

– Sizin kimi cavan bir müəllimin işi hədər olmaz.

– Görək.

Bizim söhbətimiz gah təzə tramvay xətlərinə, gah mağazaların səliqəsinə, gah küçə hərəkətinə, gah da bulvar skamyalarına keçir, o yan-bu yanda hərlənirdi... Mətləb məlum deyildi.

"Söhbətimiz" deyəndə mən bu danışıqlarımızı yox, susduğumuzu, daha doğrusu, içimizdə danışdığımızı nəzərdə tuturam. Zahirdə beş-üç kəlmə mətləbsiz sual-cavab olurdu, əslində isə ürəyimizdə çox mətləblər danışırdıq. Qızın nə və necə düşündüyünü bilmirəm. Amma məni fikir-xəyal götürmüşdü: "Görəsən, bu məni hara çəkir, evəmi, soymağamı, ya bir xahiş eləməyəmi aparır. Mətləbini niyə açıq demir, qorxurmu, utanırmı?"

Sahil restoranının yanından ötəndə qız xahiş elədi:

– Girək burada bir stəkan çaydan-çörəkdən yeyək, həm də dincələk.

Mən razı oldum. Düşündüm ki, yazıq acdır, qonaq eləməyimi arzulayır. Nə hiss iləsə əlimi cibimə saldım. Dəstə çervonlara barmaqlarımı toxundurdum, cəsarətlə restoranda boş stulların birinə yanaşdım:

– Oturaq.

– Burada oturaq, pəncərənin yanında.

Mən qızın xahişinə əməl elədim. Pəncərə qabağındakı stulda oturdum. Sağ tərəfdə, iki-üç nəfər oturub çörək yeyir, bizə diqqət yetirirdilər. Ümumiyyətlə, bizə diqqət yetirən çox olurdu və ola bilərdi. Çünki o zamanlar qız ilə, xüsusən ismətli azərbaycanlı qızı ilə restoranda oturmaq dəb deyildi. Mənim müsahibim isə əsl ismətli, həyalı ailə qızma oxşayırdı. Heç inanmazdın ki, belə bir qız tanış olmaq üçün təşəbbüs göstərsin, özü də səni məhz restorana çəksin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yamanlığa yaxşılıq

Ön cəbhədə, Kerç rayonunda yaralanıb xəstəxanaya düşmüşdüm. 72 günlük müalicədən sonra təzəcə həyata, gün işığına çıxmışdım ki, Mərkəzi Komitəyə çağırdılar. Respublikanın ən böyük institutlarında birinə rəhbər işə təyin etdilər.Mən əvvəldən də ali məktəbdə, alimlər arasında işləmişdim, bu mühitə bələd idim. Burada çalışmaq da ürəyimdən idi. Amma indi, müharibə şəraitində, ölkənin bu ağır vəziyyətində ali məktəbin özü cəbhənin bir qanadı, məktəb işçiləri də döyüşən ordunun sıra nəfərləri kimi idilər.

19659 min
Mənim utancaq tələbəm

– Əmikişiyevin məsələsinə baxmaq istəyirik, – dedi, – zəhmət olmasa, siz də iştirak eləyəsiniz.Partkom katibi xahiş ədası ilə mənim üzümə baxdı, cavab gözlədi. Hər bir institutda cari ictimai işlərdən başqa, tələbənin təqaüd, mükafat, məzuniyyət, dərsə davam məsələsi təşkilatı çox məşğul edir. Həftə olmur ki, belə müzakirələrə vaxt sərf edilməsin.

19655 min
Qanadlı qızlar

Dünən bir ziyalı yoldaşım ilə heç nə üstündə qızğın deyinm əli, hətta əsəbiləşməli olmuşam.– Qardaş, – deyir, qıza-qız deyiblər, oğlana-oğlan! Mən heç vaxt razı olmaram ki, qız uşağı qollarını çirməyib maşın, əkin, tikin işinə gedə, sabah da qolu-qıçı şikəst qayıda.

19658 min
Ad günü

Deyirlər, nəvə şirin olur. Mən inanmazdım. İndi görürəm ki, bu sözdə bir həqiqət var. Nəvə ilə oturub-durmaq cavanlıq günlərini xatırladır. Güman edirsən ki, o, balanın balası yox, öz balandır. Günlər də pardaxlanan gəlinlik günlərindir. Canına həvəs, gözünə işıq, dizinə taqət gəlir.Mənim iki nəvəm var, bir-birindən dəcəl.

19663 min

Poems by other poets