Page 1 of 2

Qəlp pul yayan kəs ölkədə cinayətkar hesab olunur və ən ağır cəza ilə cəzalanır. Çünki, bu peşənin sahibi dövlət və xalq təsərrüfatını pozub dağıdan, aralığa hərc-mərclik salan adamdır. Hansı yerdə qəlp pulun kökü kəsilməsə, oranın əhalisi rahat yaşaya bilməz. Bu azara təkcə təsərrüfatda yox, əxlaqda da təsadüf olunur.

Xüsusən bəzi nadürüst cavanlar, üzdəniraq, nəcisi konfet kağızına bükən kimi ürəklərini məhəbbət yazılı bəzəkli-düzəkli ibarə ilə m əsum, sadəlövh qızların qarşısında beş günlüyə səxavətlə xərcə verirlər: "Həyatım qədər sevdiyim", "Qəlbimin sultanı, ömrümün baharı, filan xanıma!"

"Səndən ayrı yüz qəmü-dərdü-məlamətdir mənə,

Nə xoşam, nə naxoşam, bilməm nə halətdir mənə?!"

"Kürələr məhvərindən ayrılsa,

Mən o dilbər pəridən ayrılmam!"

İsti, munis ana qucağında böyümüş, həmişə nəvaziş görmüş Güləndam yenicə orta məktəbi bitirmiş, "Səadət" kitabxanasında işə girmişdi. Bu şirin söz dolu məktublar başına yağanda necə inanmasın? Əvvəl bunları asqıdakı paltosunun cibinə qoyurdular, sonra qabağını kəsib açıb dedilər:

– Güləndam, o məktubu yazan mənəm! Mənim daha səbrim, qərarım kəsilib, sizi görən gündən dəli-divanə olmuşam. İndi qapınıza gəlmişəm. Ya məni bir təbəssümlə xoşbəxt edin, ya birdəfəlik məhv edin! İndi məni yaşadan ancaq sizin xəyalınızdır, əzizim! Sizə dəxil düşmüşəm. Güləndam! Ay Güləndam, səni doğan anaya qurban kəsilim, Güləndam!..

Güləndam, doğrudur, orta məktəbi bitirmişdir, amma mürəkkəb sevda kursunu keçməmişdir. O, sadə bir toxucu ailəsində, ata-anasının qayğı, məhəbbəti ilə böyümüşdür.

İsmayıl adlı yaraşıqlı, geyimli-kecimli bir oğlanın ona belə bir dil ilə müraciət etməsinə nə cavab versin? İnansınmı, inanmasınmı? O sözlərin səmimiyyətini necə yoxlasın?

İsmayıl səhər-axşam demir, yubileydə tamaşaya hazırlaşan aktyor kimi ütülənir, özünə sığal, təravət verir. Vaxt-bivaxt Güləndamın ətrafında hərlənirdi. Onu evə ötürür, fürsət düşəndə məktub qoyduğu paltosunu tutub, konsertlərə, tamaşalara çağırırdı.

Güləndam axırda bu sirri anasına açdı: "Bir oğlan dalımca düşüb, məndən əl çəkmir, ana! Bilmirəm necə eləyim?"

Ata-ananın övlad haqqında, təbii, xoş arzusu hamıya məlumdur: "Bir qız bir oğlanındır."

Ancaq! Ancaq, ancaq!

Ananı fikir götürdü:

"Qızım , indi cavanların içində aferist, əclaflar var. Gözlə, pis adama rast gələrsən, evimizi yıxarsan ha, gözlə! Sənin dalınca düşən kimdir, nəkarədir, niyə atana bildirmirsən, cavabını versin?! Axşam kişiyə deyimmi, qızım?"

Güləndam dediyinə peşman oldu:

– Ay ana, heç sənə söz deməli deyil. Nə olub bəyəm, dizinə döyürsən? Özüm cavab verməkdən acizəm bəyəm, nəyəm? Heç bilirsən kimdir, nə söhbətdir? Niyə küyə düşürsən!

Anası sərt cavabından utanıb səsini yavaşıtdı. Ürəyində düşündü:

"Yox, mən əfvayı danışdım. Qızdır, bəlkə tanış olub, bəlkə rayı var, bəlkə, işarə verir, kömək istəyir, axı daha uşaq deyil, on doqquza girib, yepyekə qızdır. Nə olar, görəni də, gözü düşəni də olacaq, nə olar. Yox, mən yaxşı danışmadım..."

Qızının könlünü almaq üçün qolundan tutdu, üzündən öpdü, əzizlədi:

– Bala, nə dedim, mən dediyim odur ki, ehtiyatın olsun. Hər adamın üzünə irişmə, hər işıldayana işıq, hər parıldayana qızıl demə! Şükür, oxumuş, kamallı qızsan, nəzərin olsun, niyyətin olsun, meylin çəkən tapılanda da nə olar, bir qız bir oğlanındır, Allah mübarək eləsin, işarə elə, biz işimizi bilək! Allah cansağlığı versin. Qabaqda şah kimi atan var, səni handa bir dəsgahlı toy ilə, maşınlar çəkməz cehizlə yola salacaq. Bizim arzu-kamımız var, tək qızımızsan, bu ev-eşik sənə qurban deyilmi? Anan ölməyəydi, toy calalını görəydi. Dediyim odur ki, tələsmə, oxuyarsan, nə çoxdur oğlan, adam əvvəlcə ölçər, biçər, tayını tapar. Çölmək dığırlanar, duvağını tapar. Qismət olsun, bir cüt alma kimi tay-tuş olandan sonra nə söz: anan da, atan da "Allah xeyir versin" deyəcək, buna nə söz!? Ancaq, aman günüdür, sənin nişanlın da özün kimi əsil olsun, halal süd əmmiş, qapımıza layiq olsun! Mənim bircə arzum budur, qızım! Vəssalam!..

Bu söhbətdən sonra bir müddət Güləndam evdə kölgə kimi səssiz göründü. Kimsəyə bir söz demir, içində çəkirdi, dindirən olmasa həftələrlə səsi eşidilməzdi. Anası darıxmağa başladı:

– Güləndam, necəsən?

– Güləndam, işin necədir?

– Güləndam...

Güləndam bu suallara qısa cavab verirdi:

– Yaxşıyam, sağ ol!

Güləndam içində çəkirdi, sözünü də bir kəsə demirdi.

Kaş heç kitabxanada işə girməyəydi. İsmayıl rast gəlməyəydi. Əvvəl o, üzüyola, səliqəli bir işçi idi, dərsə hazırlaşan tələbələrə kitab tapmaq, jurnal axtarmaqdan, hər gün mağazalardan gələn qalaq-qalaq kitabların siyahısını dəftərə salmaq, kartoçkaya yazmaqdan başqa bir məşğuliyyət, həvəs bilməzdi. Deyəsən, İsmayılı qəsdən göndərmişdilər.

Cürbəcür xoş sözlər yazılmış məktubları Güləndama çatdırmaq üçün göndərmişdilər. Bu məktublar, tanışlıqlardan sonra qızın sinəsində sanki, ocaqlar qalandı, alovlar oynadı, tüstülər qalxdı. Vaxt-bivaxt ürəyi döyünməyə, xəyalı qanadlanmağa başladı.

İndi Güləndamın qabağında kitab, siyahı olsa da, başında sevdalar, könlündə şübhə və tərəddüdlər şəlalə kimi çağlayırdı. Sinəsindən ahlar qopur, xəyalından min cür mənzərə keçirdi:

"Necə olacaq, İsmayıl əl çəkməz. Atam bilsə nə deyəcək, anam, yoldaşlarım, görəsən qabaqda nələr var, ya qismət. Əşi..."

Güləndam bilmirdi düşdüyü macəra necə, nə ilə nəticələnəcək. Əlacı olsa bütün bu intizar, şübhəli aləmdən uzaqlaşar, yenə anasının isti qucağına girib qayğısız uşaqlıq aləminə qayıdardı. Yox, həyatın yolu budur, bu gün olmasa da, sabah bir cavanın qüvvətli əli onu ata-ana ocağından uzaqlara aparacaq, yeni bir həyat başlanacaqdı...

Güləndam onu da yaxşı bilirdi ki, yeni həyatın ilk addımları həlledicidir. Qızların taleyi bu günlərdə, bu qədəmlərdən çox asılı olur. Ürəyində İsmayılı sevir, sözünü qətiləşdirirdi: sonra yenə şübhələr onu otağı dolduran papiros tüstüsü kimi, bürüyür, hisslərini qıcıqlayır, əzmindən döndərmək istəyirdi. Qalxıb küçəyə çıxır, soyuq ah çəkir, fikrini dağıtmağa, yenə əvvəlki düşüncələrlə sakitləşməyə, təsəlli tapmağa başlayırdı.

Şübhə və tərəddüdlər isə sonsuz bir intizar kimi onu tərk etmirdi... Həftələr, aylar idi ki, qız dərman içmiş, ya vurğun vurmuş kimi evdə, eşikdə, işdə mat-məbhut dolanırdı. Dərdini danışmağa, çarə aramağa bir yer, bir sirdaş tapmırdı. Anasının nəsihət yolu ilə, təkidlə dedikləri bir xəbərdarlıq kimi qulaqlarında təkrar-təkrar səslənirdi. Ancaq onlar da intizar və şübhələri qova bilmirdi. Hərdən İsmayıl yaraşıqlı görkəmi, gülüm sər siması ilə zahir olub xoş sözlər yağdırır, onu tamaşa yerlərinə, dost məclislərinə çağırırdı...

Qızın belə dalğın görünməsi çoxlarının nəzərindən qaçmırdı. Xüsusən, anasını çox narahat edirdi. Bilirdi ki, qızın başında nəsə bir sevda var. Ancaq qəlbinə toxunmaqdan, əzmini qırmaqdan qorxurdu. "İndiki cavanların öz aləmi var, futboldan gəlib konsertə gedir, məktəbdən başlanıb iclasda bitir. Kitab, dəftər, qəzetlə uğraşırlar. Bunlardan baş açmaq üçün gərək universitet oxuyasan, bacım!.. Hər adamın işi deyil."

Qızının halından əhval tutmaq üçün ana, cəsarətini toplayıb, daha açıq bir sual ilə övladma müraciət elədi:

– Güləndam, oğlan daha incitmir səni?

Deyəsən, qız bunu gözləyirmiş. Rəngi dəyişdi. Başı ilə rədd işarəsi verdi. Güman etdi ki, anası əhvalatdan xəbər tutmuşdur. Sakit, utancaq bir ahənglə sözünü söylədi:

– Ana, – dedi, – istirahət axşamıdır. Gələn olacaq, atam da evdə olsun!

Ana nagahani hadisədən təşvişə düşmüş adam kimi danışdı:

– Gələn olacaq, deyirsən? Necə?

– Olar, ola bilər.

Ülfət gözləmədiyi xəbərdən sarsıldı. Bir müddət qızının üzünə baxdı. Sanki münasib söz axtarırdı:

– Kişilər olacaq, ya...

– Bilmirəm, ancaq gələcəklər. Gələ bilərlər.

– Yəqin gələcəklər?

– Deyə bilmərəm, gözləmək olar!

Ülfət əsəbiləşdi, istədi qızını danlasın, "a filan olmuş, yoxsa özün alışıb-verişmisən, sonra da bizə xalaxətir eləyirsən?.."

Yenə özünü saxladı. Dalısını gözlədi. Səbir və təmkin ahəngi ilə məsləhətləşdi:

– G ə rə k hazırlıq görək, qızım. Kənar adam, birinci dəfə, özümüzə görə adımız var. Elə deyilmi?

Güləndam dinmədi, bulud kimi tutulmuş halda, sakitcə paltosunu geyib evdən çıxdı.

Güləndam evdən çıxdı, amma bilmədi hara getsin. Əslinə baxsan, kənarda bir işi də, gedəsi yeri də yox idi. Bərk yorulmuşdu. Ayrı vaxt olsa evdə oturub dincəlmək istərdi. Amma nədənsə otura bilmədi. Deyəsən, nəyə isə, ev, ailə, otaq şəraitində tapmadığı nəyə isə bərk ehtiyac duyurdu.

Ona görə geyinib evdən çıxdı. Bəlkə də çıxmaya bilər, kitablarla radio cihazının, ya televizorun qabağında əyləşə bilər, yoldaşlarından birinə telefon edib söhbət başlayardı. Amma bunların heç birində axtardığı istirahəti, təsəlli və ürək dincliyini görmədiyi üçün evdən çıxdı.

Evdə ikən daş-divar, çoxdan alışdığı otaq, mebel və s. sanki onu sıxırdı. Guya küçəyə çıxan, qapıdan beş addım uzaqlaşan kimi, axtardığını, ehtiyac duyduğu, "nəyi isə" tapacaq idi. Nəyi və harada tapacaq idi? Bunu evdən çıxandan sonra düşündü və gördü ki, bu düşüncə əbəs imiş. Axtardığı heç yerdə yoxdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İgid oğlan

1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.

193811 min
Vətən oğlu

1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.

193813 min
Hilal dayı

Ləklərin arasında pişik kimi kiçik və boz bir şey tərpənir. Yaxın gedəndə görürsən, belini düzəltdi və başı ilə salam verdi.– Ay Hilal dayı, qışın günündə soyuqda nə gəzirsən burada. Yorğanı başına çəkib isti evdə rahatlana bilmirsən?

193811 min
Dost görüşü

Məzuniyyətdə idim. Cibim dolu, kefim saz. On-on beş günümü şəhərdə keçirtdim. Sonra doydum, darıxdım. Əziz dostlarımdan biri, uşaqlıqdan məktəb yoldaşım olan Fətulla yadıma düşdü. Onun şəhərə yaxın kəndlərdən birində evlənib kök saldığını, müəllimliklə məşğul olduğunu bilirdim. Bazar ağzına çıxıb maşınların birinə oturdum. Birbaş kəndə yollandım.Fətulla mənim dostum idi. Özü də, münəqqidlər demişkən, "sözün əsl mənasında" dostum idi. Bilmirəm, lüğət yazanlar dost sözünə nə məna verirlər, amma mən öz "lüğətimdə" dost o adama deyirəm ki, öz qəlbimi onun köksünə, onun qəlbini öz köksümə qoymağa razı olum, o da razı olsun. Bu razılıqdan doğan bütün nəticələr gərək ki, öz-özünə məlumdur.

19388 min

Poems by other poets