Ay İsmayıl, başa sal!
Deyirlər rüşvətlə bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər rüşvət!
Bir də var ki, mənim nazir rəisi filankəsə hörmətim, məhəbbətim var. Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi alimlər güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin eləsi var ki, nə rüşvət, nə də hörmət adlandırmaq olar. Bunun adını mən özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı şeydir. Mən bilmək istəyirəm ki, ayrı şey, yəni nə?
Mən bir on-on beş il əvvəl Xaçmaz tərəfdə müəllim idim. Rayonun lap mərkəzində, meydanın qabağında, orta məktəbdə hesab dərsi deyirdim. Orda da bir "paxodnı" çəkmə geyən, saçı kəsik arvad, daha doğrusu xanım var idi. Nə istəsə heç kəs ondan müzayiqə eləmirdi. Adı da Rütubət xanım idi. Görürdün, Rütubət xanım budur gəldi qəssaba işarə elədi:
– Əmioğlu, o şaqqa necə şeydir?
– Erkək ətidir.
– Çək onu!
– Baş üstə!
– Ya mədəd!
Qəssab şaqqanı çəngəldən götürüb tərəziyə qoymaq istəyəndə
xanım səsləndi:
– Ya heç çəkmək lazım deyil, bük bir kağıza aparım.
– O da baş üstə!
Qəssab şaqqanı, quyruğu da üstündə səliqə ilə qəzetə büküb verirdi. Rütubət xanım düzəlirdi yola. Mən təəccüb eləyirdim:
– Bəs niyə pul vermədi? Düşünürdüm ki, yəqin tanışdırlar, sonra
haqq-hesab çəkəcəklər.
Həmin qadını aşxanada xörək yeyib ayağa duran, ağız-burnunu silib çıxan görürdüm. Ya görürdüm ərzaq mağazasına girdi, qənddən, çaydan, düyüdən, yağdan səbətini doldurub çıxdı. Mağaza müdiri də baxa-baxa qalırdı. Lap məəttəl qalmalı işdir... Bəlkə lap kommunizmə keçmişik. Pullar götürülüb, mənim xəbərim yoxdur?
Onu da deyim ki, saçı kəsik qadın, yəni Rütubət xanım bu səyahətlərində tək deyildi. Yanında ucaboy bir milis işçisi gəzirdi, onun səbətini, ya çamadanını gəzdirirdi. Bazarı gəzdikcə səbət dolub ağırlaşırdı, amma xanımdan bir qəpik də çıxmırdı. Lap təəccüblü iş idi? Bazarkom belə olmaz. Naloq yığan heç olmasa qəbz verir! Dequstator da belə eləməz!
Bir dəfə gördüm təzə açılmış bəzzaz mağazasında Rütubət xanım top-top parçalar töküşdürdü, hərəsindən bir paltarlıq kəsdirib səbətinə yığdırdı, yoluna düzələndə bəzzaz çağırdı:
– Bura bax!
– Nə var?
– Bacı, pulu qaldı axı?
– Nə pul?
– Parçaların pulu!
Arvad yanındakına tərəf döndü:
– Ay İsmayıl yoldaş, sən başa sal!
İsmayıl da bəzzaza yanaşdı ki:
– Bənd olma!
– Necə?
– Deyirəm, bənd olma!
– Bəs necə olsun?
– Kişinin bacısıdır, yaz spesə! Spesə yaz!
– Nəyə yazım?
– Spesə!
Bezzaz mat qalmışdı. Arvad barmaqlarını az qala onun gözünə soxub deyirdi:
– Bu qanmazı hardan gətiriblər bura? Bəyəm məni tanımırsan?
– Yox, bacı, tanımıram!
– Tanıyarsan, keç otur yerində!
– Axı necə?
– Ay İsmayıl, bunu başa sal! Görəsən hansı dərədən gətiriblər.
Guya Quba mahalında adam tapılmırdı. Başa sal, ay İsmayıl!
İsmayıl da mağaza müdirini səslədi. Müdir satıcının üstünə qışqırdı:
– Əyə, işin olmasm, spesdir! Yaz spesə!
Mən də kənardan bunları görüb mat qalırdım. Axı bu nə rüşvətdir, nə hörmətdir?
Deyirlər bu qorxudandır.
Qorxudan adam malını, pulunu quldura, oğruya, yol kəsənə verər, o da dağda, xəlvət dərədə, yamacda. Axı, günün günortaçağı, şəhərin ortası, camaatın gözünün qabağı, Sovet hökumətinin oğlan vaxtı, kişi niyə malını əldən versin, belə şey görünməyib, canım!
– Qorxudan!
Sən demə, bu qorxu ayrı qorxu imiş.
Sən demə, Rütubət xanım ayrı xanım imiş. Lap böyük adamın bacısı imiş. Qabağında kimsə dinmirdi. O, bazara çıxdımı, hamı gizlənməyə çalışır, satdığı malları qaçırdırdı. O da ayıq adam idi. İsmayıla göz vurur, qırğı kimi gedəni yolda saxlayıb, ovlayır, xurcunları tökür, bəyəndiyini səbətə atırdı. Neçə illər həmin xanım mahalda atını oynatdı. 1953-cü ildə, daha doğrusu, əlli üçüncü ilin yazında birdən-birə Rütubət xanımın ayağı kəsildi.
– Nə oldu bu xanıma?
Xəbər verən yox idi. Biri deyirdi naxoşdur, biri deyirdi qaçıb. Kimisi deyirdi ölüb, amma milisioner İsmayıl yenə bazarda idi. İki əlini dalında çataqlayıb dayanır, deyəsən məzuniyyətə çıxmışdı, dayanıb bu fani dünyanın işlərinə tamaşa eləyirdi.
– Ay İsmayıl, Rütubət xanım hanı bəs?
İsmayıl bir ayağını götürüb o birisini qoyub, ətrafına baxınır, dinmirdi. Vaxtı ilə hamını "başa salan" İsmayıl, indi nitqdən düşmüşdü. Susurdu.
– Ay Ismayıl, necə oldu bəs o arvad!
– Nə arvad,əyə?
– Rütubət xanım.
İsmayıl susub, boynunu qaşıyırdı.
– Rütubət xanım hanı?
– Ayrı söhbət danış!
Rütubət xanım o gedən getdi, bir xəbər çıxmadı.
Rütubət xanımın şəhərdə boğazlı çəkmə ilə addımladığını, İsmayılın kölgə kimi həmişə onu izlədiyini, əmrinə "baş üstə" deyib durduğunu, səbətini xüsusi bir zirəkliklə götürdüyünü görən adam deyirdi, bu arvad rayonun allahıdır. Heç güman etmək olmazdı ki, bu rayonda kök salan Rütubət xanım bu tezliklə yox ola!
Amma əlli üçüncü il yaman il idi. O ilin yazında nə oldusa, Rütubət xanımın çərxi çevrildi. Xanım o gedən getdi, nə onu görən, nə də əmrini eşidən oldu. Şəhər camaatı gülüb sevinir, şükür eləyirdilər ki, koxadan, yüzbaşıdan yaxamız qurtardı.
Rütubətdən var-yox, bir İsmayıl qalmışdı. O da payız yarpağı kimi lap saralıb solmuş, kiçilib yüngülləşmişdi. Daha "başa salmalı" adam tapmırdı. Taqəti də yox idi. Rütubət xanım haqqında bir söz eşidəndə xəcalətindən qızarır, üzünü yana çevirir, xahiş edirdi:
– Ayrı söhbət danış!
– Getsin o gunlər gəlməsm, ay İsmayıl!
– Sənə dedim ayrı söhbət danış!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-ay-ismayil-basa-sal
Use ← → keys to move, R for a random poem
More by this author
Həkimlərdən, psixologiya alimlərindən, ictimaiyyətçilərdən soruşursan:– Sevinc?
Şəfəqdən qalxanlarQızım Ədibəyə*Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.
Mühazirəçi yoldaşımMüharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.
Qoltuq radiosu– Hərif gəldi!– Lap bizə tərəf gəlir.
Poems by other poets
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?