Qoltuq radiosu
– Hərif gəldi!
– Lap bizə tərəf gəlir.
– Baş-beynimiz gedəcək...
– Durun əkilək!
Bu danışıqlar başlanar-başlanmaz Gödək adam özünü yetirir, kimsəyə macal vermədən çiynindəki radio cihazını çıxarıb, "süfrəsini" döşəyirdi:
– Bilirsiniz, bu nə dəqiq aparatdır? Dünyanın harasını desən tutur, günün hansı vaxtında desən tutur. Zalım uşağı, bu yaponlar texnikanın allahıdır. Tükü tükdən seçirlər.
Əyləşənlərin bəzisi Gödək adamın izahına qulaq asır, bəzisi stul üstündə səslənən cihazın avazına qulaq asır, çoxları isə "gecəniz xeyrə qalsın" deyib yavaşca əkilirdi.
Hərifin halına təfavüt eləmirdi. Bir adam, təkcə bir adam da qal' sa, aləm sükuta dalsa, gecə yarıya çatsa da, səs-küydən bezmir, qoltuq radiosunun şəninə dediklərini təkrar etməkdən doymurdu:
– Çox dəqiq aparatdır. Dünyanın harasını desən tutur. Harda desən, tutur: suda, quruda, havada. Nə vaxt istəsən tutur. Zalım uşağı, bu yaponlar texnikanın allahıdır. Tokio...
– Xalaoğlu, bunu haradan almısan?
Deyəsən, belə sualı Gödək adam çoxdan gözləyirmiş. Əvvəl sağına-soluna baxır. Aparatdan gələn avazı bir qədər azaldır, yerindən qalxıb adamlara yaxın əyləşir, sanki bir sirr söyləyir kimi pıçıltı ilə, həm də xüsusi bir ehtiyat və həvəslə deyirdi:
– Haradan almaq məsələsi belədir: siz soruşdunuz, mən də deməliyəm ki, bunu satışda-zadda tapa bilməzsiniz. Heç köhnə pulla min manata da tapa bilməzsiniz. Yox, yox!
Gödək adam üzünü uzaq üfüqlərə tərəf çevirib səsini ucaldır, gözlərini bərəldir:
– O yandan-bu yandan gətirirlər, turistlər gətirir, özü də xəlvəti!
Sonra yenə söhbətini adi vəziyyətinə qaytarır:
– Yoxsa hardadı bizdə belə şey? Radio mağazasında adını çəkəndə heyrətlə baş bulayırlar: "Almamışıq!"
Hərif qaqqıldayıb gülür, satıcının qarasına kinayə yağdırır:
– "Almamışıq." Ay yazıq, haradan alacaqsan? Belə malı sənə kim verəcək ki, sən də alasan? Bunun öz xiridarı var, tutya kimi axtarırlar. Hər şəhərdə yox, ancaq mərkəz şəhərlərdə bir dənə, ya iki dənə tapıla-tapılmaya. O da məsul işçilərin vasitəsilə!
Hərif cihazı əlinə alıb yazılarını oxuyur, dalğaları axtarır, cızıqlarına diqqət yetirir:
– Burdan xodunu azaldıb, artırırsan. Burdan da nöqtələri tutursan, bizim aparatlar, görürsən, yağışda, küləkdə, ya dəmiryolunda xırıldayır. Amma bunun halına təfavüt eləməz. İstəyir top atılsın, lap Eşqabad, Daşkəsən olsun, arxayın sözünü deyəcək. Öz havasını çalacaq. Vallahi, bir ayrı cür şeydir! Bu zalım uşağı yaponlar...
Matahına həris müştəri tapan tacirlər kimi Gödək adam cihazına güc verir, gurultu ətrafa yayılır, ağız deyəni qulaq eşitmir.
Gödək adam vaxt-bivaxt demir, yerli-yersiz həmişə aparatını işə salır.
Ondan soruşurlar:
– Yoldaş filankəs, bu gözəl aparat sizi iş-gücdən eləmir?
– Yox, mən bunu, lap gecəyarısı yanımdan kənara qoymuram. Sevgilim kimi!
– Yorulmursunuz?
– Yorulmaq nədir, canım, ləzzət alıram, zövq!
– Görünür, hövsələdən pərgarsınız.
– Belə maraqlı şey hər adamın əlinə düşməz. Hələm-hələm düşməz! Gərək fürsətdən istifadə eləyəsən, görəsən dünyada nə qəribə melodiyalar var, nə işlər var!..
– Böyük nemətdir!
– Bəli, nemət dedin qoydun?!
– Sağ olsun bu neməti bizə bəxş eləyənlər.
– Bəxş deyəndə, yəqin peşkəş eləyən də tapılmaz! Bunu bir ətək pulla əldə eləmək olar. Özü də minnətlə, xahişlə...
Aslan kişi Gödək adamın izahatına, deyəsən, dözmədi:
– Bacıoğlu, – dedi, – sənin bu yapon cihazın hər yerdə danışa bilirmi?
– Əlbət ki, lap istəyirsən yerin altında!
– İndi, məsələn, sən bunu qurub uzaqda dayansan eşidə bilərsənmi?
– Əlbəttə, lap istəyirsən bir kilometr uzaqda dayan! – O, aparatı stolun üstünə qoyub uzaqlaşdı: – Qurub gedirsən, özü danışır, lap sağmal inək kimi mələyir.
Gödək adam on addım uzaqlaşan kimi, Aslan kişi cihazı götürüb çarhovuza atdı.
– Qoy görək suda necə danışır.
Baxanlar gülüşdülər. Ağır bir iztirabdan qurtulmuş kimi, nəfəs alıb, razılıqla dedilər:
– Allah atana rəhmət eləsin, Aslan kişi!
Gödək adam qaça-qaça gəldi:
– A kişi, neylədin?
– Qoy təcrübədən keçsin.
– A kişi, suyla təcrübə olar, neylədin sən?
Toplaşanlar gülüşdülər. Gödək adam o yana-bu yana qaçıb qarmaq axtardı ki, suyun içinə salsın, əzizini çıxarsın. O, çarhovuzun başında əlləşə-əlləşə qaldı. Gurultu kəsildi. Hamı Aslan kişiyə minnətdarlıq edib, evinə dağılışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-qoltuq-radiosu
Use ← → keys to move, R for a random poem
More by this author
– Məktubunuza müfəssəl cavab almaq istəsəniz, vağzala gəlin. Ayın on dördündə saat dörddə Hökumət evinin qabağında görüşə bilərik!Əsəd dəstəyin şəbəkəsinə çox qışqırıb "alo", "alo" dedi, ancaq gec idi. Novella telefonu qoyub getmişdi.
Yad adamMən bu idarəyə təzə gəlmişəm, özü də müdir gəlmişəm. Vəzifəm ağır, işim çox, məsuliyyətim də ki öz qaydası ilə.Onu yaxşı dərk eləmişəm ki, kollektiv ilə dil tapsam, hörmət qazansam, işçilər ilə insan kimi rəftar eləsəm, istədiyimə nail olacağam. İctimai tərbiyə, sağlam əxlaq yolunda öhdəmə düşənin öhdəsindən gələ biləcəyəm. Yox, əgər kollektivdə hörmətim olmasa, adamlara özümü sevdirə bilməsəm, vay mənim halıma.
Telefon dostumİnsanın ürək dostu, süfrə dostu, səfər dostu, ev dostu, məktəb dostu, iş dostu olardı. İndi, texnika sayəsində bu dost da əlavə olunub:Telefon dostu!
Radio qabağındaAta ilə oğul nahardan sonra radio qabağında əyləşib verilişə qulaq asırdılar.Sükuta qərq olmuş evdə radio hakim qüvvə kimi səslənirdi. Deyəsən haradasa, şəhərin mərkəzində, ya ondan da çox uzaqlarda milyonlara xitab edib, inamla danışan natiq bu evdəkilərin diqqət və marağından xəbər tutmuşdu. Günün son, axşamın ilk xəbərlərini danışandan sonra diktorun səsi birdən ucaldı, ahəngi dəyişdi:
Poems by other poets
Müsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,Dağıtdın xavəri-islamdən küffar kabusun.
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Binadan gözəl olmayanBinadan gözəl olmayan,Telin qədrini nə bilər?
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.