İnsanın ürək dostu, süfrə dostu, səfər dostu, ev dostu, məktəb dostu, iş dostu olardı. İndi, texnika sayəsində bu dost da əlavə olunub:

Telefon dostu!

Telefon yaxşı şeydir, insanın ünsiyyətini, əlaqəsini, münasibətini asanlaşdırır. Yaxın, ya uzaq, kimlə nə işin var, zəng vurub danışırsan, dost-aşnadan əhval tutursan.

Burası belədir.

Amma mən o telefon dostundan demək istəyirəm ki, nə üzünü görmüsən, nə tanıyırsan, nə də bir haqq-salamm olur. Amma telefonda sarmaşıq kimi sənə ilişib, hardansa nömrəni ələ keçirib, vaxt-bivaxt zəng vurur, başağrısı verir, bilmirsən, nə istəyir.

Bir dəfə mən telefon idarəsindən soruşdum ki, belə bir adamın dərdi-azarı nədir?

Mənə güldülər:

– Ay rəhmətliyin oğlu, dərdi-azarı olsaydı, onun dalınca gedərdi, daha telefonun dibində oturub boş yerə camaata zəng vurmazdı.

Gördüm, düz deyirlər. Belə adamın nə işi-gücü var, nə azar-beza-rı! Müftə, ya yarımmüftə ortadan yeyib harınlayıb, evinə də bir telefon qoydurub məşğuliyyət eləyir. Sovet hökuməti adamlar cərgəsində bu avaraya da savad öyrədib, o da dam-divarı yazır, ya idarələrə imzasız danos göndərir, ya da telefon qabağında oturub zəng vurur:

– Allo, allo!

– Bəli!

– Bura haradır?

– Siz hara zəng vurursunuz?

– Mənə filankəs lazımdır.

– Xeyr, filankəs burada yaşamır.

– Bəs harada yaşayır?..

– Danışan kimdir?

Telefon susur, cavab çıxmır, amma avara əl çəkmir, həmin nömrəyə bir də zəng vurur:

– Yoldaş, niyə qrubilik eləyib atboy verirsiniz, axı, sizdən söz soruşuram, soruşuram ki, danışan kimdir?

– Sizə kim lazımdır?

– Mənə elə siz lazımsınız, lap sizin özünüz!

– Nə istəyirsiniz, yoldaş?

– Mən bir şey istəmirəm, fikrim budur ki, sizin kefinizi soruşam, görəm əhvalınız necədir, yaxşısınızmı, lap sazsınızmı, yoxsa kəm-kəsiriniz var və nə sandandır?

Yenə telefon cavab vermir, avara hirslənir...

– ...Bilirsən, yoldaş, adınızı da bilmirəm, amma dünyada ünsiyyət yaxşı şeydir. İnsan gərək bir-birinin kefini soruşa, halına qala... Məsələn, bu saat mən özüm, kefim saz, damağım çağ! Elə edə bilərəm heç sizdən xəbər də tutmayım. Amma yox! Nə üçün? Çünki biz axı yeni insanıq! Bu söz çox böyük sözdür... Daha dədə-baba yox, yeni! Bəli, lap yeni...

Mən dəstəyi yerə qoyub gedirəm. Nahar eləyib gəlirəm, görürəm, hərif danışır...

Axırda bir də stansiyaya müraciət edib bu adama bir çarə edilməsini xahiş etdim.

Stansiyadan əmr gətirdilər ki, sənin dostuyun telefon xəttini kəsdik.

Başa gəlmədi. Dostum ayrı xətlərdən istifadə edirdi, məndən də çox gileylənirdi ki, "şeytanlıq" eləmişəm, dostluqda nalayiq iş görmüşəm. Stansiyadan xahiş elədim ki, mənim də telefon xəttimi kəssinlər. Onlar da kəsdilər. Odu-budu dincəlmişəm. Dostumun səsini eşitmək feyzindən azad olmuşam!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets