Zəhmət, ağıl, bəxt
(Nağıl kimi)
Yamacda, qara torpaqda kotan sürən bir kişinin başında mübahisə düşdü.
Bəxt dedi:
– Əkinçini dolandıran mənəm, mənsiz o yaşaya bilməz, hayana dönsəm, ruzi gətirirəm.
Ağıl dedi:
– İndi ki belədir, biz çəkilək kənara, tamaşa eləyək, görək əkinçini sən necə dolandırırsan.
Ağıl da, Zəhmət də kənara çəkildi. Bəxt işə başladı.
Birdən kotanın qabağına küpə dolusu qızıl çıxdı. Əkinçi qızılları görcək üzünü turşutdu.
– Bu zəhrimar da kotana mane olur. Bir adam olsa küpəni verərdim, çıxıb gedərdi.
Ətrafına göz gəzdirdi, əl eləyib yoldan keçən atlını çağırdı ki, küpəni ona versin. Atlı əkinçiyə yaxınlaşanda Ağıl qayıtdı öz yerinə - kişinin başına. Əkinçi təlaşa düşdü, dizinə döydü:
– Mən nə axmaq iş görürəm! Qızılları yoldan ötənə niyə verirəm, bunlar mənim ölümə də, dirimə də bəsdir. Lənət sənə, kor şeytan! Gör məni necə aldatmaq istəyir!..
Əkinçi fikirləşməyə macal tapmamış, atlı gəlib yetişdi, salam verib soruşdu:
– Əkinçi qardaş, işin avand olsun! Mənə aid nə qulluğun var? İşində çətinlikmi çəkirsən, yoxsa şəhərə bir sifarişin var, vermək istəyirsən?
Əkinçi dedi:
– Atlı qardaş, bir sifarişim-zadım yoxdur, sözüm var, səndən soruşuram, de görüm: bu Boz öküz Ala öküzün nəyidir? Bunlar necə qohumdurlar?
Atlı təəccüb elədi: "Deyəsən bu kişi dəlidir!"
– Bu nə sözdür, soruşursan? Öküzlər sənin, mən haradan bilirəm ki, bunlar necə qohumdur. Bir də bunun nə mənası var?
Atlı dönüb gedəndə Ağıl yenə əkinçinin başından çıxdı. Bəxt qızılları əkinçinin gözü qarşısında parıldatdı. Əkinçi atlını təkrar çağırdı ki, küpəni versin. Atlı təkrar qayıtdı. Ağıl yenə yerinə gəldi ki: "Ay qafil adam, nə eləmək istəyirsən? Heyifdir qızıllar!"
Atlı əkinçiyə yaxınlaşanda soruşdu:
– Qardaş, nə deyirsən, məni niyə yoldan eləyirsən?
Əkinçi xəcalət çəkdi, bilmədi nə desin, irəli yeriyib öküzləri göstərdi:
– Ay rəhmətlik oğlu, nə böyük məsələ soruşdum ki, cavabında aciz qaldın! Bax, bu Boz öküz Ala öküzün doğma bacısı oğludur. Görmürsən boyu balaca, özü cavan? Aşkar görünür ki. Nigaran getmə, bunu öyrən!
Atlı başını bulayaraq, dönüb getdi. Ağıl öz hünərindən dəm vuranda, Zəhmət dedi:
– Bəhsəbəhs eləməyə vaxtım yoxdur. Əkinçini dolandırın, mən getdim.
Zəhmət kənara çəkiləndən sonra Əkinçi dizlərini qucaqlayıb oturdu, öküzlərin gövşəməsinə tamaşa elədi:
– Yaxşı ki, atlını yola saldım, yaxşı ki, qızılları vermədim, özüm aparıb xırdalayaram.
Durmaq istəyəndə gördü, yox, nə qıçlarında taqət, nə əllərində kir-dar var. Axşamacan çömbəlib bir yerdə mürgülədi, öküzlər də yatdı.
Bəxt qızılı göyə sovurub parıldadırdı. Ağıl bunları dönə-dönə sayır, xərcləməyə yer, çarə axtarırdı. Əkinçi yerindən tərpəşmək istəyəndə kirdarı gəlmirdi...
Ağıl gördü kişini də, öküzləri də gecə burada canavar yeyəcək. Zəhmətə yalvarıb dedi:
– Gəl, qardaş, gəl, əkinçinin gün-güzəranı sənsən. Sənsiz bir günümüz olmasın! Gəl işin üstündə ol!
Zəhmət yerinə keçən kimi, əkinçi cəld ayağa qalxdı. Kotanın əlcəyindən tutub öküzləri hayladı:
– A ceyran, nə durmusan, zəmi yarımçıq qaldı. Hay Maral, güc vur, bu torpaq laylarını qaldıraq! Ha, belə ha!...
Əkinçinin işləri əvvəlki sahmanına düşdü. Zəhmət ağalığında torpaq bol məhsul verdi, kişinin özü də, balaları da yaxşı güzəran keçirtdilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-zehmet-agil-bext
Use ← → keys to move, R for a random poem
More by this author
Qəzetçilər demişkən, bunu həyat özü mənə öyrətdi. Başağrısı olsa da, əhvalatı başdan danışım.Mənim Tağı deyilən bir yaxşı qonşum var, sizdən uzaq olmasın, aramız lap yaxındır. Bu da qohumluq, dostluq mənasında yox, tarixi yaxınlıqdır.
Qulluqçu haqqında(Uşağın təsəvvürü)*Rüstəm xoşbəxtdir. Oturanda yatır. Mənim heç yuxum gəlmir, amma Rüstəm durduğu yerdə yatır. Bir dəfə polu qaşıyanda yuxulamışdı. Nənəm üstünə qışqırdı, oyatdı, yenə tələsə-tələsə polu qaşıdı. Qaşıdı, qaşıdı, birdən dayandı, başladı xoruldamağa. Nənəm yaxasına su tökdü, oyandı, işlədi.
Şirin söhbət– Qapını yaxşı ört, saata bax, gör neçədir.– Mən baxmışam, sən bax!
Ana məsləhəti– Ana, gündə neçə dəfə çay qoyursan?– Heç sayı-hesabı var ki, səhər durandan gecəyarısmacan. Maşallah, hey çayniklər dolur-boşalır.
Poems by other poets
Ey fələk, gündən artıq,Bu gözəlin cəmalı var,
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Əsrimizin faciəsiƏsrimizin faciəsiNə atomdur, nə də uran,