Nuxadan yuxarılara, dağlara doğru dırmaşdıqca quru və ya çəmən yerlər azalır, meşəlik, cəngəllik çoxalır.

Qafqaz dağlarının cənuba sallanıb gələn ətəklərində hər qarış yer yaşıllıq, kolluq, ağaclıqdır. Göyün vüsətini yerə, yerin qüdrətini göyə göstərən zümrüd gözlü şamlar baş-başa verir, günəşdən nur, torpaqdan qürur alır, ətrafa sağlamlıq yayırlar. Ağaclar, otlar arasından, hər addımda sağa-sola burulan nazik cığırlar içindən həzin bir şırıltı eşidirsiniz. Əvvəlcə göyə baxır, ağac başında hansı bir quşun səsləndiyini güman edirsiniz. Diqqətlə fikir verəndə kollar altından bulaq suyunun işıldadığını, şırıldadığını görürsünüz. Bu sular nə qədər təmiz, duru, nə qədər də sərin olur! Buralarda elə kənd olmaz ki, bu cür bulaqları ilə fəxr eləməsin, elə kəndli olmaz ki, yayın istisində, beşdə-üçdə bir, işini qurtarandan sonra uşaqlarını başına yığıb bu yerlərə dincəlməyə, süfrə açmağa, kabab yeməyə gəlməsin.

Qutqaşen həmin yerdə, dağ yamaclarında, meşəliklərdə salınmış iri bir kənddir. Burada palıd, qoz ağacları göyün bir qatına çəkilib gü nəşdən daha çox faydalanmağa cəhd edirlər. Əsasən isti yerlərin qızmar yay günəşinə həsrət çəkən üzüm tənəkləri isə uca ağacların möhkəm gövdəsinə söykənərək, yuxarılara dırmaşır, günəş axtarmağa gedir, budaqların lap başından salxımlarını sallayır, işıqda bərq vuran gilələrilə sanki gəlib-gedəni çağırır.

Ancaq nahaqdır, çünki 10-15 metr hündürlüyündə ağac başından üzüm salxımlarını dərməyə hər adamda həvəs və hövsələ çatmır. Salxımlar budaqda o qədər qalır, qızarır ki, axırda payızda sərçə, qazalağa yem olur...

Bu kənddə mənimlə haqq-salamı olan çox səliqəli bir arıçınm danışdığı tarixi bir hadisəni sizə söyləmək istəyirəm.

1

Əhvalat keçən əsrin ortalarında Şamilin dəstəsi ilə rus qoşunlarının vuruşduğu illərə, günlərə aiddir. O zaman bu dağ kəndlərinin çoxu döyüşə meydan olur, tez-tez əldən-ələ düşür, gah dağlıların, gah çar ka-zaklarınm ixtiyarına keçirmiş. Əhali isə bitib-tükənməyən vuruşmalar şəraitindən təngə gəlirmiş. Belə vuruşmaların birində sağa-sola vıyılda-yan küləklərdən qorunan, payız axşamı öz həyətinə çəkilən bir kənd qadını çardağında hərəkət duymuşdu. Duymuşdu, ancaq qorxudan yoxlamamışdı. Bir istəmişdi, "Adam var", - deyə hay salıb, qonşuları töksün, bir də fikirləşmişdi ki: "Qalmaqal nəyə lazım, əvvəl bir özüm baxım!"

Ehmalca nərdivana çıxıb, kirəmitin altına nəzər salanda qadını heyrət götürmüşdü: tüfəngli, qatarlı, sarı bir soldat çardaqda oturub o yan-bu yana baxır, döyükürdü. Qadın qayıtmaq istəyəndə soldat şəhadət barmağını dodaqlarına qoyub "sus" işarəsi verdi, sol əli ilə xaç çəkib göyə baxdı.

Qadın tələsik qaçıb aşağı düşdü, bilmədi neyləsin. Bu saat kənddə-kilərə xəbər vermək, soldatı tutmaq lazım idi. Qadın bunları düşündü, amma dilinə gətirmədi. Durduğu yerdə donmuş kimi qalmışdı. Bir də qorxudan qayıdıb çardağa baxdı. Baxdı ki, "gavur" onu vurmaq istəyir, ya yox? Soldatdan bir hay-hərəkət görməyəndə ürəyinə ayrı bir fikir, tamam ayrı bir şey gəldi: "Deyəsən, ləzgidən gizlənib, atışmadan gizlənib..."

Qadının zənni doğru idi. Hökumət qoşunları atışa-atışa geri çəkiləndə soldat burada gizlənməyə fürsət tapmış, qaranlıq düşməyini gözləmişdi.

İndi qadının ondan xəbər tutduğunu görəndə, tapançasının tətiyini çəkib gələnlər ilə atışmağa hazırlaşmışdı. Yəqin etmişdi ki, xəbər tutacaq, onu salamat buraxmayacaqlar. Belə vəhşi bir yerdə əsir düşmək də kişilikdən deyil. Son gülləyə qədər vuruşmaq lazımdır. Qadın nə qədər soldatdan vahimələnmişdisə, soldat da qadından şübhələnmişdi. Soldat da, qadın da intizar və həyəcan içində bir-birini gözləyirdi. Qadın güman edirdi ki, soldat burada dinc durmayacaq, yaxına gələnləri vuracaqdır. Soldat da güman edirdi ki, qadın bu saat xəbər verəcək, ləzgiləri buraya tökəcəkdir.

Ancaq yarım saat, bir saat keçdi, tərəflərin heç birindən xəbər çıxmadı. Qadın bir də boylanıb çardağa baxanda soldatın işarə ilə su istədiyini gördü. Soldat boğazını göstərib, dilini çıxarırdı. "Yanıram."

Qadının qəlbindəki vahimə və həyəcan dərhal mərhəmətə çevrildi. "Ay yazıq!" Qaçıb saxsı kuzədə su apardı. Soldat kuzəni alan kimi, qurt-qurt başına çəkdi. Təşəkkür əlaməti olaraq göyə baxdı, sonra da qadına baş əydi. Qadın qayıdıb evdən fətir çörəyi apardı. Soldat çörəyin o yan-bu yanma baxıb parçaladı, ağzına qoydu. Əli ilə ətrafı göstərib nəsə soruşdu. Qadın başa düşdü ki, o, qoşunundan ayrılıb, azıb, yol axtarır.

Əli ilə işarə edib, soldata: "Yaxşı, yaxşı!" - dedi.

Gecəyarısı, el yatandan sonra çardağın dal qapısını açıb "qonağı" düşürtdü, köhnə bir yapıncı verdi ki, bürünsün, tanınmasın. Özü də qabağına düşüb kəndin kənarına qədər yola saldı, arana gedən yolları göstərib qayıtdı:

– Buradan, meşənin içindən paşol!

– Spasibo, mamaşa!

Bəzi kənd qadınlarının ağzıaçıq olur. Amma ağzıbütöv, möhkəm, söz saxlayanı da çox olur. Dağlı qadın bu sirri bir kəsə demədi, deməyi lazım bilmədi.

Bu hadisədən beş ilmi, altı ilmi keçmişdi, bilən yox idi. Ancaq dava da yatmışdı. Şamil tutulmuş, qoşunları dağılmış, qalanlar da silahı töküb təslim olmuşdu.

Bildiyimiz kəndə atlı bir general gəlib həmin evin qabağında dayandı, ev sahibini soruşdu.

Bir nəfər şələpapaq kişi çıxıb salam verdi:

– Nə buyurursunuz?

– Ev sahibini istəyirəm.

– Ev sahibi mənəm - Mürsəl Naib oğlu. Buyurun, qonağımız olun!

– Burada bir qarı yaşayırdı.

– Necə, bəyəm, cənab?

– Bir beş-altı il əvvəl.

– Bəli, anam yaşayırdı.

– Onu zəhmət çək bir çağır.

Şələpapaq kişi başını aşağı salıb məyus bir səslə cavab verdi:

– Allah rəhmətinə gedib, cənab! Siz onu haradan tanıyırsınız?

General tez atdan düşüb papağını çıxartdı, evin qabağında xeyli sükut ilə dayandı.

– Mürsəl, - dedi, - sənin anan mənə çox yaxşılıq eləyib, onu bilirsənmi?

– Xeyr, bilmirəm, cənab qonaq.

– O çox yaxşı adam idi, Allah rəhmət eləsin! Sən onun böyük oğ-lusanmı?

– Xeyr, cənab, kiçik oğluyam.

– Bəli, o mənə çox yaxşılıq eləyib, ölümdən qurtarıb. Düş qabağıma, apar məni onun qəbrinin üstünə!

Mürsəl arabanı qoşdu. General da atını qapıda bağlayıb arabada, ot üstündə oturdu. Dağın döşündəki qəbiristanlığa getdilər. Qadının balaca bir başdaşı qoyulan kiçik qəbrini Mürsəl, generala göstərdi. General təkrar başını açıb xaç çəkdi və xeyli dayandı.

Qohum-qardaşları, yaxın qonşuları generalı görüb Mürsəlin dalınca gəlmişdilər. General onlara üz tutub sözünü təkrar elədi:

– Mürsəlin anası yaxşı adam idi, məni çardaqda gizlədib ölümdən qurtaran o olub. Mən istəyirəm, bu yaxşılığın xəcalətindən çıxam. Hərçənd, bu yaxşılığa əvəz eləməyə mənim bacarığım yoxdur, ancaq əlimdən gələni eləmək istəyirəm, siz buna nə deyirsiniz, dağlı vətəndaşlar?

– Allah razı olsun, qonaq sağ olsun!

General kəndin ağsaqqalını soruşdu. On dəqiqə çəkmədi ki, gödək, çuxalı bir kişini çağırıb gətirdilər. General əl verib görüşdü və çuxalı kişidən soruşdu:

– Qoca, məndən nə xahişin var, istə!

Çuxalı kişi bir addım geri çəkilib camaatı göstərdi:

– Hörmətli qonaq, bunların hamısının xahişi budur ki, kəndimizə su gəlsin. Sudan korluq çəkirik, gedib kuzə-kuzə dağlardan gətiririk. General bu sözü eşidəndə çardaqda içdiyi sərin suyun ləzzəti bir də damağında canlandı:

– Dil-dodağım yananda sizin kəndlilər mənə su verib, qoca, bunu mən unutmaram.

General cibindən dəftərini çıxarıb kişinin dediklərini yazdı.

– Daha nə xahişiniz var?

– Bir bu! Kəndə su çəksəniz, ömür boyu hamımız sizə duaçı olarıq, cənab qonaq!

General üzünü çuxalı kişiyə tutub dedi:

– Qoca, mənim də sizdən bir xahişim var.

– Buyurun, müzayiqə yoxdur, buyurun!

– Kəndinizdə məktəb var, uşaqlar oxuyurmu?

– Xeyr, bizdə oxumazlar. Bizim uşaqlar dağda-daşda, qoyunda-odunda, ovdadır. Bizdə oxumazlar.

– Bilirəm, burada məktəb yoxdur. Oxumaq da yoxdur. İndi mən sizdən xahiş edirəm uşaqlarınızdan bir nəfər mənə verəsiniz, aparım şəhərdə oxudum. Oxudum öz xərcim ilə, sonra göndərim sizin kənddə işləsin, camaata xeyir versin. Ağsaqqal buna nə deyir?

Generalın bu sözünə çuxalı kişi heç nə demədi. Başını aşağı saldı, xeyli düşündü, sonra dönüb kəndlilərdən soruşdu:

– Nə deyirsiniz? Qonaq bizə yaxşılıq eləyir. İstəyir ki, bizdən də oxuyan çıxsın. Bir nəfər uşaq verək, aparsın oxutsun. Necə, kimi məsləhət bilirsiniz?

– Uşağından keçən hanı?

– Kim verər?

– Gedən olmaz!

– Biz uşağımızı kənara buraxmarıq!

– Qonağı başa sal ki, su çəksə bəsdir, sağ olsun, oxuyası uşağımız yoxdur! Bizdə Quran oxuyurlar, urus dərsi yox!

Kim idisə, üzünü səs gələn tərəfə tutub acıqlandı:

– Sarsaq danışma, əyə, adam var!

Çuxalı kişi istədi qonağa cavab versin. Nə fikirləşdisə, bir də camaata üz tutdu:

– Vacib deyil ki, sənin-mənim uşağım olsun. Sahibsiz uşaq olsa da, oxuyar, şəhər yeridir. Qoy aparsın, paltarını, çörəyini versin, özünü də oxutsun. Küçələrdə uşaq azdır?

– Həmzətin nəvəsi.

– Getməz!

– Səlimin oğlu, atası da çoxdan ölüb.

– Anası buraxmaz!

– Bizim kənddə yox, Bərəlidə bir keçəl uşaq dilənir, onu gətirin verək.

– Keçəl İsmayıl!

– Keçəli aparmaz.

– Niyə aparmır, şəhərdə doktora nə gəlib!

– Doktor-zad uzun işdir. Bu kişi təmiz adam istəyir.

– Şəhərə gedəndə, əlbəttə ki, hamamda çimib təmizlənəcəkdir.

– Əşi, çağırın, verin getsin. Uşaq olsun! Niyə aparmır, elə aparar ki... Soldat eləyəcək də!

Sabahı gün Bərəlidən gətirilən keçəl uşağı atm tərkinə mindirib aparanda Mürsəl də, başqa kəndlilər də dalınca çox dayanıb baxdılar. Bilmədilər general kirli-pasaxlı uşağı necə saxlayacaq, necə oxudacaq...

2

Bu hadisədən on il sonra kəndin həmin yerində, həmin çardağın qabağında keçmiş generalın atma oxşayan qaşqa bir kəhər dayandı. Üs tündəki atlı da düşüb Mürsəli axtardı. Mürsəl qocalmışdı. Çiyninə ağ kürk salıb qapıya çıxdı:

– Mürsəl əmi, xoş gördük, məni tanıyırsanmı?

Atlının ana dilində danışmağı kişini heyrətə saldı: "Bu rus deyilmiş. Bu libasda müsürman görməmişəm."

– Qardaş oğlu, sən kimsən? Bağışla, gözümə tanış gəlirsən, amma bir az qocalmışam, seçmirəm.

– Necə olur ki, keçəl İsmayılı tanımırsan, ay Mürsəl kişi!

Mürsəl kişi quruyub qalmışdı:

– Ay səni, düzünü de, sənsənmi? İsmayılsanmı?

– Yəqin, deyirsən, keçəl İsmayıl hara, kəhər at hara, paqon hara? Zəmanə belə dəyişib, ay Mürsəl kişi. Sənin qonağın mənə atalıq eləyib, onu bilirsənmi?

– Qonağımız hayandadır?

– Odur ey, Varşavada hərbi məktəb rəisidir. Məni bir aylığa məzuniyyətə buraxıb. Gəlmişəm kəndimizi görməyə, sizinlə görüşməyə.

– Əşi, nə danışırsan! Ay xoş gəlmisən, düş aşağı, atı bəri çək, həyətə!

– Gəlmişəm özüm kimi yetim-yesir uşaqlardan aparam orada oxumağa. Tapa bilərəmmi?

– Yaşım keçməsəydi, vallah, mən özüm də gedərdim. Oxumaqdan yaxşı dünyada nə var!

Həmin gün kəndə hay düşdü ki: "Keçəl İsmayıl general olub gəlib!"

Eşidən Mürsəl kişinin evinə qaçır, "müsürman generalı" görməyə tələsirdi. İsmayılı yaxşı tanıyanlar onu bu libasda görəndə gözlərinə inanmır, yaxma gəlir, qolundan tutub ərk ilə dindirirdilər:

– Necə oldu, ay İsmayıl, səni general özü oxutdu, ya nə cür?

– Hərbi məktəb var. Orada yüzlərlə adam oxudurlar, biri də mən.

– Bizim uşaqları da buraxarlarmı?

– Niyə buraxmırlar.

– Çaxır içməsən də, qoyarlarını?

– Donuz əti yedirtmirlər ki?

– Əşi, kefin nə istəyir ye, kimə nə borcdur. Təki hərbi təlimi yaxşı öyrən, adam kimi xidmət elə! Qalan şey ötüşər.

Keçəl İsmayılın adı "General İsmayıl" oldu. Hətta deyirdilər İsmayıl özü öz kəndlərindən, keçmiş günlərdən, ağaların, nökərlərin işindən bir kitab yazıb, həmin kitabı ana dilində çap etdirməyə yer axtarır.

Kəndlilər isə həsrətlə bir-birinə deyirdi:

– İsmayılın kitabı gör nə cür olar ha!

– Onu oxuya bilən savadım olaydı!

– Hər adama qismət olmaz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets