Bu da bir azardır. Biri içkiyə, biri qumara, biri nərdtaxtaya, biri rəqs meydançalarında oynamağa, biri quşbazlığa, biri futbola qurşanır.

Mən də ovçuluq azarına tutulmuşdum. Havada quş uçanda pişik kimi diksinib atılırdım. Başımdan ağrı tuturdu: "Bay, səni yanmayasan!"

Güman edirdim ki, gördüyüm quşları ovlamamaq, vurmamaq mənim üçün həm qəbahət, həm də acizlikdir. Eşidən, görən deyəcək evdə iki-iki ov tüfəngi, özü igid adam, de gəl, əlindən bir iş gəlmir əfəldir.

Bu fikir-xəyal, məni, demək olar, çöllərə salmışdı. Qazandığımı barıta, patrona verib çantama doldurur, hər istirahət axşamı maşına oturub şəhərdən çıxır, rayonlara düşürdüm.

Kənd-kəsək, dərə-təpə demirdim. Dəniz sahillərində, dağlıq rayonlarda məni müəllim kimi tanıyan yox idi. Kimdən soruşsan, ovçu Kazım deyərdilər. "Ovcu Kazım odu getdi, ovçu Kazım budu gəldi". Her yerdə düşərgəm var idi.

Ovçular özü də cürbəcürdür. Biri əsəb xəstəliyi ucundan, təmiz hava deyib çöllərə düşür. Biri bu peşədən qazanc götürür, bir başqası canavar, tülkü, qaban kimi vəhşi heyvanları qırmaqdan həzz alır.

Məndə bu arzuların, nə bilim hansı var idi. Əslində heç biri yox idi. Necə və nə üçün ovçuluğa qurşandığımı özüm də müəyyən edə bilmirdim. Bəlkə aldığım silah, həvəslə oxuduğum kitabçalar, gördüyüm kinolar bu yola salmışdı. Bilmirəm hansı idi, ancaq on ilə yaxın idi ki, bu yola düşmüşdüm.

Düşmüşdüm, özü də yaman düşmüşdüm. İki otağımın biri yaşamaq yerim məskənim, ikincisi necə deyərlər, ovçuluq laboratoriyam idi. Burada qaban dərisi, qalın kürk, qulaqlı papaq, yun şal, boğazlı çəkmə, patrondaş, dəri torba, açarlı çanta, canavar əli, ceyran buynuzu, quş qanadı, xülasə, nə desən tapılardı. Özümdən başqa kimsə bu otağa girməzdi. Girsə də baş çıxarmazdı. Anam mənə yalvarardı ki, oğul, otağı heç olmasa ayda bir süpürsən yaxşı olar...

Onu deyim ki, mən ova gedəndə mənfəət, ya qənimət düşünməzdim. Yeməli quşları, heyvanları yox, qabağıma çıxanı vurardım, bəzən qurbanımı heç götürməzdim. Vurduğum dovşan, ya tülkünü, tüfəngin lüləsi ilə o yan-bu yana çevirib düz nişan almağımı yoxlar, snayper əsgər kimi öyünüb ötərdim.

Ovçuluğun bir qaydası da var: nədənsə adam, rəhmsiz, qansız olur. Silah yaman şeydir. Adamı bərkidir, ürəyini daşa döndərir. Tüfəng əlimdə çölə çıxdımmı, dünyasında mərhəmət bilməzdim. Vurub yerə sərməyə bir canlı axtarardım. Eyib eləməsələr, yəqin ki, yol ağzında eşələnən, qaqqıldaşan toyuğu, xoruzu da nişan alardım. Çölə çıxanda bir gün ov tapmasam, inanın ki, yəqin dərdə düşərdim. Nə isə, mənim günlərim belə keçərdi... İndi, yoldaşlar məndən soruşarlar ki, niyə tərgitdin, niyə ondan əl çəkdin. Nə sayaq oldu?

Bu sirri heç kəsə deməmişəm. Deməzdim. Ancaq indi daha yaşımın keçmiş vaxtında söz ürəyimdə qalmasın, qəbrə getməsin deyə, açıram. Qoy başıma gələni yoldaşlar da bilsin, nigaran qalmasınlar. Dünyadır, bilmək olmaz!

Belə oldu: "Yaxşı yadımdadır. Yaz idi. Aprelin axırı, ya mayın əvvəlləri, bəlkə də ortaları idi. İydə çiçəklənmişdi. Zəmilər ətir iyi verirdi. Yenə ova çıxmışdım. Gəncə çayının solunda Şeyx düzü deyilən geniş bir səhra uzanır, ucu gedib kiçik Qafqaz dağlarının ətəklərinə dayanır.

İndi o yerlərin bir hissəsində şəhər salınıb, bir hissəsində də dəmyə taxıl əkilib. O il bərk yağınıq olmuşdu. Sünbül adama boy verirdi. Qoşalülə çiynimdə, axtara-axtara zəmiləri addımlayırdım. İtim də yanımda yox idi. Yaralanmışdı, aparmırdım. Nə başınızı ağrıdım. Birdən, deyəsən yerdən çıxdı. Xına rəngli bir ceyran dayanıb lap üzümə baxırdı.

– Ay aman, tez ol, qaçar!

Cəld tüfəngi aşırıb nişan aldım.

O qəribə idi ki, ceyran lap on addımlıqda, üzü mənə sarı şax durmuşdu, baxırdı, görürdü, amma tərpənmirdi. Sanki o da məni saymırdı. İnanmırdı ki, mənim əlimdən bir iş gələ.

Heç əyilmədim. Ayaqüstü, tüfəngi sinəmə söykədim, başını nişan aldım. Güllənin açılmağı ilə heyvanın aşırılmağı bir oldu. Güllə səsindən sonra həzin bir mələrti eşitdim. Bu nə idi? Başından vurulmuş ceyran mələyirdi? Yox!

Diqqət eləyəndə nə görsəm yaxşıdır. Ceyranın iki balası otun içindən qaçıb yamaca dırmaşdı.

Ana ceyranın qarnına baxanda gördüm ki, yazıq balalarına süd verirmiş. Ay yazıq! Balalar, rahatca durub əmdiyi yerdə, ana cəlladını görmüşdü. Görmüşdü, ancaq balasını əmizdirmək üçün dayanmış, tərpənməmişdi.

Böyrü üstə sərilmiş ceyranın axırıncı ürək döyüntülərini aşkar görürdüm. Görürdüm ki, yazıq heyvan, balalarından nigaran, həsrətlə can verir.

Deyəsən, o səssiz, sakit çöldə üfüqlərdən, torpaqdan, tarlalardan hey qulağıma bir səs gəlirdi:

– Qansız! Ərkansız cəllad. Bizlərdə yanıqlı mahnı oxuyurdular:

Aman ovçu, vurma məni,

Mən bu dağın maralıyam!

Bu yaşa gəlmişdim, dava meydanlarına da düşüb-çıxmışdım. Ömrümdə mən belə peşmançılıq, ürək ağrısı, vicdan əzabı çəkməmişdim. Mələr qalmış balaların dalınca xeyli baxdım, onlar bir xəyala döndülər. Özləri kimi sütül sünbüllər arasında yox oldular. Yəqin ki, tarlalar onları gizlətməsə idi anaları kimi hansı bir cəllad ovçunun zavalına gələcək idilər.

Elə bil başımdan bir çən dağ su tökdülər. Ceyrana əl vurmadım. Heç baxa bilmədim. Qan-tər içində tez geri qayıtdım. Tüfəng-qatarı bir yana atdım, o gündən tövbə elədim. Bir də mən, ovçuluq?

– Ay tövbə!

Ov şeylərinə əlimi də vurmadım. Anam onları bilmirəm neylədi, otağı güclə təmizlədi.

Mənim ovçuluğum belə qurtardı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets