Muştuluq
Bir ay olar ki, Əşrəf burada, şəhərdən bir az kənarda düşərgədədir. Birinci dəfədir ki, anası ona icazə verib, yola salmışdır. Birinci dəfədir ki, Əşrəf öz evlərində yatmır.
Bura "El bağı" deyilən gözəl bir yerdir. Ağaclar baş-başa verib, hər tərəfə ətir səpilib, arxlarda sular pıçıldaşır, ağaclarda quşlar səslənir. Günəş - göylər sultanı güclü günəş sanki, aşağı enib, lap yaxına gəlmişdir. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər.
Tərbiyəçi qadın hər səhər gəlib, uşaqların yeməyinə baş çəkir, onları yığıb yamaca, uca çinar ağacının kölgəsinə söhbətə aparır.
Əşrəf bu il ikincini qurtarmışdır. Əlində tərifnamə kağızı da var. Anası onu gətirəndə tərifnaməni də götürmüşdü, götürən kimi də tərbiyəçiyə vermişdi. Tərbiyəçi də Əşrəfi həmişə mehriban dindirər, həmişə onun adını çəkərdi. Əşrəf də tərbiyəçinin bir sözünü iki etməzdi, suallarına cəld cavab verər, onun yanında ucadan danışmazdı.
Tərbiyəçinin söhbətləri də gəzmək kimi ləzzətli idi. O, havadan, sudan, ağaclardan, çiçəklərdən danışardı. Quşların, kəpənəklərin adını da deyərdi. Şəhərdən, fəhlələrin işindən söhbət salardı. Bir də görürdün, sözü gətirdi cəbhə üstünə. Bu yerdə Əşrəf də, bir çoxları kimi, tərbiyəçiyə yaxın oturar, gözünü onun ağzından ayırmazdı. Çalışardı ki, sözləri dal-qabaq salmasın, hamısını yerli-yerində öyrənsin, anası gələndə ona danışsın. Bir gün tərbiyəçi yenə cəbhədən söz açdı:
– Uşaqlar, - dedi, - biz gərək qəhrəmanlarımızı tanıyaq. Mən sizə bir qəhrəmandan danışacağam. O qəhrəman üç tank vurub, düşmənin bir dəstə qoşununu qırıb.
Uşaqlar əl çaldılar. Kim isə soruşdu:
– Müəllim, orden alıbmı?
Bir başqası tərbiyəçidən qabaq cavab verdi:
– Çoxdan! Əlbət ki, alıb!
Tərbiyəçi qələmi stola vurub, sükut yaratmaq istədi:
– Qulaq asın, qulaq asın, hamısını danışacağam. Deməli, üç tank vurub, məhv edib. Düşmənin bir rota qoşununu qırıb. O qəhrəmanın familiyası Ağayevdir.
Əşrəf yoldaşı Nüsrətə pıçıldadı:
– Mənim atam da Ağayevdir.
Tərbiyəçi dedi:
– O qəhrəmanın adı İlyasdır!
Əşrəf yenə pıçıldadı:
– Mənim atam da İlyasdır.
Tərbiyəçi davam etdi:
– Ağayev İlyas qəhrəman sovet topçusudur.
Əşrəf Nüsrətə dedi:
– Mənim atam da topçudur.
Nüsrət ona etina etmədi:
– Nə olsun ki, topçudur, qəhrəman ki deyil.
Əşrəf dinmədi. Tərbiyəçi qəzetə baxıb, qəhrəman İlyas Ağayevi tərifləyirdi. Əşrəf isə fikirləşirdi ki: "Atama yazacağam. Yazacağam ki, o biri İlyaslar qəhrəman olublar, sən də ol, o biri Ağayevlər üç tank vurublar, yaz görək, sən neçəsini vurmuşsan? Ata, sən də topunla vur! Faşist tankını vur, dağıt! Vura bilməsən, butulkanı doldur neftlə, at üstünə!
Müəllimimiz bizə öyrədib. Böyüyəndə tankı biz yandıracağıq. Limonad butulkalarımızı yığıram. Tank vursan, müəllimimiz səndən də danışar. Uşaqlara səni təriflər, yaxşı müəllimdir..."
Əşrəfin xəyalında atasına məktub yazmaq, onunla danışmaq idi. Birdən tərbiyəçinin uca səsini eşitdi:
– Budur, qəhrəman İlyas Ağayevin şəklinə baxa bilərsiniz! Topun dalındakı odur!
Bunu deyib tərbiyəçi dörd bükülmüş qəzeti göyə qaldırdı. Uşaqlara göstərərək skamyaların arasını gəzdi. Şəklə baxan kimi, Əşrəfin ürəyi döyündü, ixtiyarsız qəzeti tərbiyəçinin əlindən aldı, ayağa qalxdı, bərkdən qışqırdı:
– Müəllim!
Uşağın yanaqları pul kimi qızardı, gözləri ulduz kimi parıldadı, sifəti sevinc təbəssümü ilə işıqlandı. Əşrəf gözünü qəzetdən ayırmır, baxır, qəzeti heç kimə vermir, heç nə demirdi. Tərbiyəçi bir şey duymuş kimi, soruşdu:
– Əşrəf, yoxsa tanıyırsan?
Əşrəf gözünü şəkildən ayırmadan cavab verdi:
– Müəllim, atamın şəklidir.
Müəllim inanmaq istəmədi:
– Atan hardadır ki?
– Davada!
– Sənin atan piyadadır, atlı?
– Piyada deyil, topçudur.
Ad və familiyasını yoxlayandan, ata ilə oğlun sifətində bir oxşavış tapandan sonra tərbiyəçiyə yəqin oldu ki, söhbət Əşrəfin atası haqqındadır. Uşağı qucaqlayıb, stol üstünə qaldırdı və:
– Mübarək olsun, Əşrəf! - dedi. - Sən indi qəhrəman balasısan!
Onun əlini sıxdı, nə isə demək istəyirdi. Əşrəf əlində qəzet hoppanıb, müəllimdən xahiş etdi:
– İzin ver, anama deyim!
Müəllim əvvəl icazə vermək istəmədi. Sonra gördü ki, bacarmayacaq. Uşaqları dəstəbaşıya tapşırıb, Əşrəflə şəhərə gəldi.
Onlar qapıdan içəri girəndə Firuzə xanım beşiyi tərpədib, körpəsini yatırırdı. Əşrəf qışqırdı:
– Ana, dur ayağa, atam qəhrəman olub!
Firuzə xanım gülümsəyir, əlini ağzına qoyub deyirdi:
– Uşaq yatıb, ay Əşrəf, nə xəbərdir!
Əşrəf anasının bu böyük xəbəri etinasız qarşılamasına qızdı, onun qolundan tutub çəkdi:
– Dur, tez ol, dur!
– Ədə, hara çəkirsən məni?
– Tez ol, tez ol, gedək, qəzetə xəbər verək!
Tərbiyəçi onlara baxıb dedi:
– Əşrəf, qəzet sənə xəbər verir, ya sən qəzetə?
Əşrəf fikirləşib, əlindəki qəzetə baxanda özü də güldü.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-mustuluq
Use ← → keys to move, R for a random poem
More by this author
İmran İçərişəhərin dar, qaranlıq, əyri-üyrü küçələrindən keçdi, daş pilləkənlərdən qalxıb yeddi nömrəli evin alçaq qapısından həyətə girdi. Həyət kibrit qutusu kimi, balaca, yaraşıqlı və kölgəli idi. Bir qadın şüşəbənddə paltar yuyurdu, bir pioner də su quyusunun qabağında, səkidə oturub, aeroplan modeli düzəldirdi.İmran dəftəri çıxarıb, ev qadınlarının siyahısını tutdu, ayın 25-də açacağı dərnək haqqında, dərs haqqında danışdı. Doqquz nəfərin adını yazdı, qayıdıb getmək istəyəndə fikrinə nə gəldisə, pionerdən bir də soruşdu:
“Myaxqiy”"Myaxqiy" sürət poyezdi. Yumşaq yataq. Təmiz yer. Yaşıllıqlar, buludlar, dağlar, binalar pəncərədən baş əyərək keçirlər... Bunu kim istəməz?...Kassir ilə dədə-babadan qanbir qohum çıxanlar bir-birinə yapışmışdılar. Növbədə birisi burnunu silmək istəyəndə hamı tərpənirdi. Mən isə kassaya yapışdım. Furajkamın kölgəliyi qırılmaq üzrə idi. Kassirin ancaq ətəyini görürdüm. O, cəld fırlanır, mənə bilet hazırlayırdı.
Mərkəz adamı"Ölərsəm, görmədən Darçın xanımda eşqimə istək,*Yazılsın səngi-qəbrimdə: ürək məhzun, can məhzun".*
QaymaqMehbalı kişinin Məşədi Möhsünlə haqq-salamı vardı. Onu zəmanənin təmiz və doğru adamlarından sayardı. Mehbalı kişi bir inəyinin məhsulunu ancaq ona satardı.Qış gecəsinin ayazında donmuş və qalınlaşmış qaymağı mis kasaya tökər, kasanın ağzını dəsmalla örtər, ovcuna alıb vağzala, Məşədi Möhsünün dükanına yollanardı.
Poems by other poets
Dəst pədərəm babat,Bürid və kərdə mat,
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
PulŞiri qılan gədüsifət-etdirən onu payimal,Susduran adlı natiqi eylədən ortalıqda lal,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.