Page 1 of 2

İmran İçərişəhərin dar, qaranlıq, əyri-üyrü küçələrindən keçdi, daş pilləkənlərdən qalxıb yeddi nömrəli evin alçaq qapısından həyətə girdi. Həyət kibrit qutusu kimi, balaca, yaraşıqlı və kölgəli idi. Bir qadın şüşəbənddə paltar yuyurdu, bir pioner də su quyusunun qabağında, səkidə oturub, aeroplan modeli düzəldirdi.

İmran dəftəri çıxarıb, ev qadınlarının siyahısını tutdu, ayın 25-də açacağı dərnək haqqında, dərs haqqında danışdı. Doqquz nəfərin adını yazdı, qayıdıb getmək istəyəndə fikrinə nə gəldisə, pionerdən bir də soruşdu:

– Üst qatlarda işləməyən evdar qadın yoxdur ki?

Pioner başını qaldırmadı, əlindəki taxta parçasını şüşə ilə yontaya-yontaya dedi:

– Yoxdur, ancaq bir Badam xala var, o da ki lap qoca arvaddır.

İmran dayandı:

– Qoca arvad, yəni on səkkiz yaşı var, ya yox?

– Bilmirəm, yuxarı çıxın, özündən soruşun.

İmran üçüncü qatdakı sement döşəməli dəhlizi keçib Badam xalanın qapısını taqqıldatdı. On-on iki yaşlı bir qız çıxdı. İmran soruşdu:

– Bacı, Badam xala buradamı olur?

– Badam xala yasa gedib.

– Nə vaxt gələr?

– Nə bilim!

– Yaxşı, siz onun familiyasını deyin, mən yazım.

Qız bir az dayandı, sonra içəriyə dönüb səsləndi:

– Məmə, ay məmə! Qapıya çıx!

Qızın səsinə əli tikişli, ortayaşlı bir qadın gəldi. Qadın məsələni anladı. Badam xalanın familiyasını dedi.

– Kərbəlayi Həmidovadır. Yaz, amma Badam xala, nə bilim, belə şeylərə çətin qol qoyar. Heç adını yazmağa qoymaz. Yaxşı olar ki, sonra özünüz gəlib görəsiniz.

İmran siyahını tutub qayıdanda fikrində tutdu ki, axşam işdən sonra Badam xalanın yanına getsin, onunla seçki haqqında danışsın. İctimaiyyətə yovuşmayan qoca qadınları başa salıb, dərnəyə gətirmək birinci şərtdir.

İmran həyətdən yenicə çıxmışdı ki, Badam xala gəldi. Tövşüyə-tövşüyə pilləkənləri çıxdı, eyvanda çadrasını atıb, dincini almağa başladı. Qonşu qız əhvalatı xəbər verdi:

– Gəlmişdilər, arvadları dəməyə yazırdılar. Səni də yazdırdıq. Familiyan Kərbəlayi Həmidovadırmı?

Badam xala qaşını düydü:

– Necə; necə?

Qızın anası Badam xalanın bu hirsli sualını eşidib, tez eyvana çıxdı:

– Badam xala, seçkilərə hazırlıq gedir. Ali Sovetə seçki qaydalarını ev qadınlarına öyrədirlər. Dəməkdə oxudurlar. Bütün ev arvadları gedir, səni də yazdılar.

Badam saymazyana cavab verdi:

– Mənim elə yerlərdə nə işim!

– Mən dedim, yazdılar.

– Ay anam, bacım, sənin nə borcuna məni dəftər-kitaba saldınrsan! Canım, gözüm, heç məni birdən-ikiyə iclasda görmüsən?

Qonşu qadın Badam xalaya bələd idi. Onu artıq hirsləndirmək istəmədi, mülayim cavab verdi:

– Heç kəsi dərnəyə zorla yazmırlar. Hamı özü gedir. Sənin adını soruşdu, biz də dedik. Özünü görməyə gələcək. İstərsən, gedərsən, istəməzsən, adını pozar. Heç qorxub eləmə!

Badam xala sakit olub içəri girdi. Lakin ürəyində narahat idi. O zənn edirdi ki, adını yazıb aparan "naməhrəm" adam bir kölgə kimi, ona bağlanmışdır. Onun qəlbinə yol axtarır, familiyasını öyrənməklə bu yolun, bu qapının açarını ələ keçirmişdir.

Bu fikirlər Badam xalanın yadından təzəcə çıxmışdı, eyvanda əyləşib yorğan yunu tökürdü, bir də gördü, Bədirnisə ilə bir cavan oğlan içəri girdi. Bədirnisə Badam xalanı oğlana, oğlanı Badam xalaya tanıtdı:

– Badam xala, bu oğlanın adı İmrandır. Bizə yeni seçki qaydasını öyrətməyə gəlib, buyurun tanış olun!

İmran irəli yeriyib, əlini Badam xalanın əlinə uzatdı. Badam xala başım aşağı salıb, əl vermədi, dinmədi, oğlanın əli uzalı qaldı. Bir az sonra Badam xala dedi:

– Mən qoca arvadam, seçkidə-zadda nə işim!

İmran güldü:

– Qoca olanda, nə olar, on səkkiz yaşın var ki!

Badam xala elə bildi ki, İmran zarafata keçib. Onun üzünə əyri-əyri baxdı, ciddilik əlaməti görüb, heç nə demədi.

İmran aydın danışdı:

– Ölkəmizdə on səkkiz yaşından yuxarı, ağlı başında olan, məhkəmə ilə səsi alınmayan adamların hamısının hökumət seçməyə, hökumətə seçilməyə ixtiyarı var, haqqı var. Seçirlər və seçilirlər. Bütün zəhmətkeşlərin, bütün vətəndaşların hüququ birdir. İstəyir, savadsız qoca arvad, istəyir, universiteti qurtaran mühəndis olsun, istəyir, narkom olsun, istəyir, süpürgəçi! Hamının bir hüququ var. Sabah hər kəs kimi, sizin də seçki kağızınız olacaq, hər kəsin seçilməyini istəsəniz, ona səs verəcəksiniz. Dərnəyin sizə xeyrindən savay zərəri yoxdur. Daha yaxşı, təzə seçki qaydasını öyrənərsiniz. Düşmənləri, xainləri, pis adamları seçkiyə qoymazsınız. İstədiyiniz, bəyəndiyiniz, tanıdığınız təmiz, vicdanlı adamları seçərsiniz.

İmran danışdıqca Bədirnisə Badam xalaya yavaşca deyirdi:

– Yazıl, getsin, bütün arvadlar gəlir. Sənə nə olub ki? İki gündə bir oturub, dərsə qulaq asacaqsan, bunda bir iş yoxdur! Yazılmasan, tay-tuş üstünə ayaq alar. Yazıl, getsin.

Badam xala bərkdən dedi:

– Mənim ağzımla hökumət seçilmir ha!

İmran qadına izah etdi:

– Bir sənin ağzınla seçilmir, düzdür. Ancaq sənsiz də seçilmir, hökumət seçkisində bütün vətəndaşlar iştirak edirlər. Onların rəyi bu işdə əsasdır. Bakıda, deyə bilərəm ki, bu işə soyuq yanaşan tapılmaz. Bütün ölkəmiz, bütün xalqımız özünün ali hakimiyyət orqanlarını seçməyə ciddi hazırlaşır. Hətta bizim düşmənlərimiz, o adamlar ki, biz ona ixtiyar vermirik, özlərini seçkiyə soxmağa, öz adamlarını hökumətə keçirməyə çalışırlar. Amma siz, Badam xala, öz hüququnuzdan istifadə işinə etina etmirsiniz. Belə şey olar?

İmranın yerinə Bədirnisə darıxdı, qələmi onun əlindən alıb, yazmaq istədi:

– Yazıram, Badam xala, oğlanı yorma, di bəsdir.

Badam xala bir az səssiz dayandı və alçaqdan dedi:

– Yazginən!..

Badam xala birinci gün dərnəkdə ağzını da açmadı. Dinməz-söyləməz qulaq asıb qayıtdı. Lakin evdə oğlu Xəlili rahat qoymadı:

– A Xəlil, o bizə dərs verən oğlan deyir ki, lap hökumətin böyüklərini, məsələn, lap o Moskvada əyləşənləri də biz seçəcəyik, düzdürmü?

Xəlil, əslində, qaradinməz adam idi... Elektrik stansiyasında texniklik edirdi. Anasının qocalığını nəzərə alıb, onunla ictimai söhbət açmazdı. Badam xalanın bugünkü sualı Xəlili də maraqlandırdı. Xəlil fikirləşdi ki, iyirmi ildir inqilab olub, işlər dəyişib, dünya ayılıb, camaat irəli gedib, gör mənim anamı ki, adi şeyləri də bilmir. Sabah bir yoldaşımdan belə şey soruşsa, mənə də yaxşı olmaz. Deyərlər, sən necə sovet adamısan ki, evdar anana belə mətləbləri də başa salmırsan?

Xəlil anasına anlatdı ki, Sovet hökuməti xalqın əsl hökumətidir. Həmişə bütün böyüklər seçki ilə, camaatın əli ilə seçilirlər. O, qanunlardan, SSRİ-nin yeni Konstitusiyasından danışdı.

İmranın dərnəkdə dediklərini, bir az pərakəndə olsa da, bacardığı kimi, anasına izah etdi. Badam xala dedi:

– Müəllim yaxşı danışırdı, sən qarışdırırsan...

Sabahısı gün Badam xala dərnəkdən şövqlə, daha aydın təsəvvürlə qayıtmışdı. Oğluna çay-çörək verib, rahat elədi və soruşdu:

– A Xəlil, yoldaş Lenin nə deyib?

Xəlil gülümsədi:

– Bu nə sualdır?

– Soruşuram da, rəhbərimiz nə deyib?

– Lenin deyən bəyəm birdi, ikidi?

– Bir söz var ey, Lenin özü deyib...

Xəlil barmağı ilə şkafda cərgə ilə yığılmış gözəl və qırmızı cildli kitabları göstərdi:

– Lenin bir söz deməyib, Lenin çox söz deyib. Bax, o qırmızı kitabları görürsən ki, orada yazılanların hamısını Lenin yoldaş deyib!

– Yox ey, arvadlar barəsində.

Xəlil anladı:

– Hə, qadınların azadlığı haqqında. Gərək qadınlar kişi ilə bərabər olsun! Azadlıq işi qadınların öz işi...

Burada Badam xala yenə Xəlilin sözünü kəsdi:

– Yox, onu demirəm. Bir söz də deyib e, xörək bişirənləri də yada salır...

Xəlil fikirləşdi, birdən yadına düşdü:

– Bildim, Lenin deyib ki, qulluqçu da hökuməti idarə etməyi bacarmalıdır. Yəni, xörək bişirən arvad da hökumət işlərini bilməli və öyrənməlidir.

– Ay sağ ol! Elə mən bunu axtarırdım. Ağrın alım, onu bir kağıza yaz, ver mənə!

– Neyləyirsən?

– Necə neyləyirsən? Qızıl kimi sözdür, yadımda saxlayacağam. Mənə lazım olar!

Xəlil anasının xahişini yerinə yetirdi. Badam xala Leninin sözü yazılan kağızı qatlayıb, can köynəyinin altına, qoynuna qoydu və oğlundan razılıq etdi.

– Əllərin ağrımasın!

Badam xala indi dəməyə getməyindən, İmrandan və Bədimisədən çox razı idi, seçkiləri gözləyirdi. Gözləyirdi ki, görsün, doğrudan da seçkidə, hökumət adamlarını seçəndə onu çağıracaqlarını. Necə saya salacaqlar, ona harada yer göstərəcəklər və nə deyəcəklər.

Gün o gün oldu ki, Badam xala yaşayan məntəqədə SSRİ Ali Sovetinə seçiləsi namizədlərin müzakirəsi başlandı.

Seçki komissiyası böyük və bəzənmiş bir zalda bütün seçicilərin iclasını çağırmışdı. Evlərə xüsusi çağırış vərəqələri göndərilmişdi. Ömründə birinci dəfə idi ki, Badam xalanın adma evə kağız gəlirdi. O, zər haşiyəli, qırmızı yazılı kağızı ovcundan yerə qoymurdu, sevindiyindən özünü itirmişdi. Bədimisəyə inanmadı. Oğlunun işdən qayıtmasını gözləmədi. Qapıya çıxdı. Bir portfelli kişi gedirdi. Badam xala onun naməhrəm olmağından utamb, soruşmaq istəmədi. Bir də fikirləşdi ki, canım, nə naməhrəmbazlıqdır, məni yeməyəcək ki! Kağızı portfelli kişiyə göstərib soruşdu:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Sevinc haqqında

Həkimlərdən, psixologiya alimlərindən, ictimaiyyətçilərdən soruşursan:– Sevinc?

19694 min
Şəfəqdən qalxanlar

Qızım Ədibəyə*Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.

19696 min
Mühazirəçi yoldaşım

Müharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.

19693 min
Qoltuq radiosu

– Hərif gəldi!– Lap bizə tərəf gəlir.

19693 min

Poems by other poets