Mənim "səmimi dostum"
Bu adamı çoxmu, azmı görürəm, onu deyə bilmərəm... Demək də çətindir. Çünki bunu müəyyən etməyə bir ölçü yoxdur. Vaxt olur ki, dostum günaşırı evimə gəlir, hətta süfrəmdə əyləşir. Elə vaxt da olur ki, aylarla onu görmürəm. Əlbəttə ki, bu vaxtlar ovqatım təlx, işlərim qarışıq olur, heç nə yadıma düşmür. Bilmirəm, işlərimin qarışıq olduğunu dostum haradan bilir və mənə yaxın gəlmir, başağrısı vermək istəmir.
Dostum gələndə bilirəm ki, işlərim sahmandadır. Hərif gələndə də dil-dodağını, boğazını yağlamış kimi çox şirin danışır:
– Əşi, deyirəm, işimiz rast gətirəydi, filankəsi bizim idarəyə müdir qoyaydılar, yazıq toxucular da bir gün görəydi. Yoxsa ki, ay indiki müdir? Forsundan cırılır, buddan yemir ki, yumşaq yerə yaxındır.
Filankəs, qardaş, qoy biz yığışaq, ərizə verək ispolkomun qabağında məsələ qaldıraq, sizi bizə müdir versinlər. Bizim, həmkarların səsini tez eşidərlər, qoy təşəbbüs eləyək! Nə deyirsən? Sözün doğrusunu deyirəm!
Dostumun bu söhbətləri, əlbəttə ki, müqəddimədir. Əsas mətləbə müqəddimədir. Ya onun pulu qurtarıb, ya idarədə sıxışdırıblar, ya da nəsə başqa bir işi düşüb...
Mənim üzümdən gəlmir ki, açıq danışam, deyəm sözünü de, müqəddimə lazım deyil. O da müqəddiməsiz demir, müqəddiməsi də çox uzun çəkir. Əvvəlcə uşaqlarımın əhvalını soruşur, sonra şəhər miqyasında ümumi sözlərdən, özümün səmimiyyətimdən danışır:
– Vahidin (böyük oğlumun adı belədir) evlənmək vaxtıdır. Gözləmək lazım deyil. İndiki cavanlara - Vahidi demirəm ha, Allah saxlasın, o, atasına layiq uşaqdır, yoldaşlarını deyirəm - etibar yoxdur. Əlüstü korlanırlar. Korlanandan sonra da çətin düzəlsinlər, ona görə, başını bənd eləmək məsləhətdir... Vaxtı çatıb! Qaldı bir də, özünə fikir ver, əzizim! Sağlamlıq ələ düşən şey deyil, iş-zad cəhənnəm olsun! Rejimini saxla, dünya-aləm qurban' olsun sənin bir tükünə! Doktor-moktor öz yerində, sən gərək özünə baxasan! Baxmasan olmaz, gərək baxasan.
Bu söhbətlər qurtarandan sonra görürsən əsl mətləbə keçir. Başqa natiqlərin müqəddiməni qurtarıb mətləbə keçəndə səsi ucalır, ahəngi ciddiləşir. Mənim dostum əksinə. Mətləbə keçəndə yavaşca öskürür, əlini ovuşdurur, səsini alçaldır, adiləşdirir.
– Bizim oğlan da aparıb ərizəsini siz dərs deyən yerə verib ki, əmim ordadır. Deyirəm, ay səfeh, əmin sənin əvəzində dərs oxumayacaq. Get, canın çıxsın yuxuna haram qat, kitabları aç qoy qabağına hazırlaş! Yazıq elə hazırlaşır ha, gecə saat on ikidə görürsən, lampası yanır, amma orası da var ki, ay filankəs, özün bilirsən, adamın ki başında olmadı, yüz hazırlaş! Oxumaq ayrı, öyrənmək ayrı. Sənin dil yetirməyin bir ayrıdır. Üzünə demirəm, sənin bir kəlmə sözün yüz kitaba bərabər-di, Allah sənin kölgəni bizim üstümüzdən əskik eləməsin. Amin!
Bu yerdə dostum əllərini göyə qaldırır, dəbərə gözlərinin bəbəkləri kəlləsinə çıxır.
Dostumu bəzən də lap ayrı cür, yüz həştad dərəcə dəyişən görürəm. Görürəm, mənim qabağıma gəlir, yaxınlaşanda birdən hoppanır, səkinin o biri tərəfinə keçir.
Bu o zamanlar olur ki, idarədə məni söyürlər, qəzetlər də tənqid eləyirlər. Dostum özünü elə göstərir, deyərsən heç tanış deyil. Görün-mür, görünəndə də belə, küləkli gündə sərçələrin gizlənməyi kimi... Elə ki mənim işlərim düzəldi, sahmana düşdü, dərhal dostumun papağı görünür, hərəkətlərinə həmişə əsas və izah tapır:
– Deyəcəksən, haradaydın? Kürəkənim Qubadan uşaqları yığıb gətirmişdi. Evdə bir həngamə idi, vallahi və billahi başımı qaşımağa macalım olmurdu. Neçə dəfə zəng vurdum, telefon zəhirmar da, quyudan səs gələr, trubkadan yox! Nə isə, şükür, görürəm, yaxşısan, qıvraqlaş-mısan, rəngin durulub, şükür, şükür!
– Çox razıyam. Əziz olasınız, dostluqdan əskik olmuyasınız!
– Dost oldun gərək ürəkdən olasan, necə deyərlər, səmimi. Mənim aləmimdə nəyin olmasa da, gərək səmimiliyin zərrə qədər əskilməsin. Çünki mən buna uşaqlıqdan alışmışam. Özümdən asılı deyil, bilirsən!
– Görürəm, təkrara nə ehtiyac!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-menim-semimi-dostum
Use ← → keys to move, R for a random poem
More by this author
Hər il Nadirin ad günü iki yerdə mütləq qeyd olunurdu: evdə, trestdə.Evdə Məsmənin ailəsi, balaları, Nadirin dost, yoldaşları yığılır, qəhrəmanı xatırlayır, deyib-danışırdılar. Trestdə də Nadirin xatirəsini əziz tuturdular, onu inşaatçıların cavan, nakam müəllimi sayırdılar. Hər dəfə xatirə məclisi düzələndə hamıdan qabaq Məsməyə zəng olunur, məsləhətləşir, günü, saatı onunla razılaşırdılar.
Məsul işçinin dəftərindənMəsul vəzifədə çalışmaq hər zaman, hər adama müyəssər olmur. Uzun təhsil, təcrübə, yoxlama keçəndən, isti-soyuq görəndən, bərkə-boşa düşüb-çıxandan, tanınandan, hörmət, etibar qazanandan sonra bu mərtəbəyə çatırsan...Neçə il əvvəl böyük bir vilayətin İcraiyyə Komitəsində çalışırdım. Özü də ağır vaxt idi. Vətən müharibəsi illəri. Günümüz, gecəmiz yox idi, səhər-axşam gözlənilməz mühüm tədbirlər keçirməli, yüzlərlə, minlərlə fəhlə, kəndli, xidmətçi qabağında, onların irəli gedənləri kimi işləməli olurduq, hər saat, hər gün yuxarılardan göstəriş, aşağılardan tələb alırdıq. Çalışırdıq ki, yuxarının, aşağının vəhdəti, məqsədəuyğunluğu əsasında ümumi iş, dövlət, xalq işi düzgün getsin.
Səadət sarayları– Bəlkə yemək istəyirsən, başına dönüm?– Deyəsən, mənə deməli sözün var?
Ürəkdən danışaqYaylaq şəhərinin yaşıl yamaclarına gedən yol göy köynəyə dolaşan qurşaq kimi qəşəng və cazibəli idi. Bir-birini təqib edən ağ "Volqa"lar mənzilə yaxınlaşdıqca yavaşıyır, dayanırdılar. Sərnişinlər dərhal maşından çıxıb, çəmənlikdə əyləşən, şən bir məclis üçün halay vuranların yanına tələsirdilər. Şənliyə gələnləri salamlayıb yer göstərəndən sonra Azər müəllim üzünü məclisə tutub ucadan səsləndi:– Yoldaşlar, gəlin indi də bir az ürəkdən söhbət açaq!
Poems by other poets
Gənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
Ey dil, rəva deyil ki mən əğyarə yalvarımEy dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.