Dayı malı şirin olur; çünki hazır, müftə! Yer qazıb, tər töküb qazanmamısan, daş atıb qolunu yormamısan. "Müftə sirkə baldan şirindir."

Amma müftə mal zəhrimar özü də sirkə kimi bir şeydir. Onun da düşər-düşməzi olur. Elə adam var, bütün ömrünü havayı gəlir ilə yaşayır, ortada yeyib, düzdə gəzir, özünə də güldən ağır söz deyən olmur. Əksinə, hara getsən görürsən hərifi ağızdolusu tərifləyirlər: "Filankəs çox ağıllı adamdır, işini biləndir."

Elə adam da var ömrünü əziyyətdə, zillətdə keçirir, gün çörəyini güc ilə qazanır, bəzinin nəzərində də avam, ağılsız, hətta səfeh hesab olunur: "Filankəs fərsizdir, əlindən iş gələn deyil."

Amma düşünən yoxdur ki, halal zəhmət ilə yaşayan adama müftə pul düşmür. Bir damcı maya, südü qatığa döndərən kimi, beş qəpik müftə pul evə gəldimi, görürsən adamın çarxı çevrildi, it də getdi, ip də getdi.

Dayı malına şərik olan bacıların da işi eynilə belə oldu. Doğrudur, bu, bizdən uzaqlarda, o dünyada baş verən əhvalatdır, amma şirin, ib rətli əhvalatdır. Hamı deyib-danışır, bəzisi gülür, bəzisi də heyifsilənir: "Əşi, yazıq bacılar öz peşələrində oturub kasıblıqlarını eləyirdilər. Çox qazananda çox, az qazananda az yeyib dolanırdılar. Hətta həftədə bir konsertə, ya kinoya da getməyə qənaət edir, qulağı dinc yaşayırdılar. Haradansa bir mərdimazar qıçısmmış xəbər gətirdi, təki sağ gətirməyəydi! Xəbərdən sonra bacıların gün-diriliyi dağıldı. İşləri tamam kəlləmayallaq oldu. Xəbər də desək, pis xəbər idi? Yox! Xəbər çox yaxşı xəbər idi, əla xəbər idi. Şəhər məhkəməsinin müfəttişi, velosipedini bacıların evinə sürüb onlar ilə tanış oldu.

– Əvvəlcə, - dedi, - bağışlayın, xanımlar, sizə bir bəd xəbər deməyə məcburam. Üzr istəyirəm. Vəzifəm tələb edir ki, mən bu qüssəli sözü sizə çatdırım: Kaliforniyadakı dayınız, cənab Reyxster yatalaq xəstəliyindən vəfat etmişdir. Ömrünü sizə bağışlamışdır. Allah rəhmət eləsin. Dünyada hamı ölüm körpüsündən keçəcək, cəmi yaranmışın aqibəti belədir...

Müfəttiş bu yerdə udqundu, bir qədər sükutdan sonra davam etdi:

– Amma o kişi, rəhmətlik dayınız qohumlarına...

Xəbərçi sözünü bitirməmiş bacılar bir-birinin üzünə baxdılar:

– Eteli, o kim ola?

– Mariya, mən birinci dəfə eşidirəm ki, dayımız var. Bəlkə, rəhmətlik anam danışdığı sonsuz tacir budur?

– Onun sümüyü çoxdan çürümüş olar.

Müfəttiş bacıların mübahisəsini eşitmək istəmədi.

– Dünyada cəmi yaranmışın aqibəti belədir. Amma o kişi, qohumlarına çox dövlət qoyub gedib. İki milyon dollardan çox!..

Bacıların hər ikisi ayağa durub xaç çəkdi:

– Allah sənə rəhmət eləsin, dayı!

Müfəttiş də xaç çəkdi:

– Sizin yanınıza gəlməkdə məqsədim yalnız acı xəbər vermək deyil. Biz məhkəmə işçiləri həmişə insanların hüququnu qoruyuruq. İki milyon haqqında vəsiyyət sizə, mərhumun doğma bacıqızlarına aiddir.

– Cənab Reyxsterin başqa varisi olmasın gərək.

– Xeyr, yoxdur. Olmuş olsa da, o kişi var-yoxunu sizə, yeganə bacısının nəcib balalarına qoyub getmişdir. Təfsilatlı bir vəsiyyətnamə yazmışdır, onun da üzünü çıxarıb sizə gətirmişəm.

Eteli Mariyanın, Mariya Etelinin üzünə baxa-baxa qaldı. Sevindiklərindən bilmədilər nə eləsinlər. Qonağın yanında xəbəri gəlmiş dayılarının ruhuna hörmət olaraq hər ikisi təkrar xaç çəkib, doyunca su içən toyuqlar kimi göyə baxdılar. İkisi də birdən dedi:

– Vəsiyyətnamə hanı, cənab?

Müfəttiş kağızı təqdim edəndə bacılar təşvişə düşdülər.

– Narahat olmayın, xanımlar! İki surət gətirmişəm.

Bacıların hər ikisi vəsiyyətnaməni alıb oxumağa başladı.

– Siz sağ olun, cənab, hərçənd, Kaliforniya uzaqdadır, biz indi mərhumun dəfn mərasiminə getməyə hazırlaşmalıyıq!

– Dəfn mərasimi çoxdan olub. İki aym söhbətidir. Xəbərin sizə gec çatmağının səbəbi mərhumun varislərini axtarmaq idi. Bir mütərcim qadın mərhuma, guya zövcə olduğunu iddia edirdi. Bu da yalan işdir. Ortada heç bir kağız, hətta sevgi məktubu da yoxdur. Vərəsəlik hüququ tamamilə iki bacıya aiddir.

– Banka müraciət edə bilərikmi?

Müfəttiş işin təfsilatını açmadığına peşman oldu. Sözünü sanki, yenidən başladı:

– Xanımlar, yaxşı yadıma saldınız, müraciət məsələsi belədir: mərhumun vəsiyyətində balaca bir şərti də var. Gərək hər iki bacı onu yerinə yetirəsiniz. Bilirsiniz ki, vəsiyyət qanun qarşısında çox müqəddəs bir işdir. Ona gərək əməl oluna.

– Nə şərt?

– Mərhum dayınız, bilməmiş olmazsınız ki, idman həvəskarı idi. Bütün ömrünü boksda, döyüşdə keçirmişdir. Qohumlarını da, vətəndaşlarını da bu sənətdə mahir görmək istədi. Vəsiyyət etmişdir ki, bacım qızları boksda qabaq-qabağa vuruşsunlar. Hansı qalib gəlsə, bankdakı hesabımın ixtiyarı, yəni, bölüşdürmək ixtiyarı ona verilsin.

– Biz ikimiz vuruşmalıyıq?

– Bəli, ikiniz.

– O, çətin bir şey deyil.

– Camaat qabağında.

– Camaat qabağında?

– Bəli, tamaşa yerində.

– Biz yaşda boks döyüşçüləri camaata gülünc görünməzmi, cənab!

– Xeyr! Bu, dünyaca məşhur bir oyundur, eşidən tamaşaya gələcək, siz də sələflərinizin arzusunu yerinə yetirəcəksiniz.

Bacılar bir-birinin üzünə baxdı.

– Utanmağa gəlməz. Dayınızın vəsiyyətinə əməl etmək müqəddəs borcunuzdur, xanımlar!

– Əlbəttə!

– Gələn həftə boks meydanı boş olanda siz çağırılacaqsınız. Yer kirayəsi də müxtəsər bir şeydir. Səksən dollara yaxın.

– Cənab, qabaqcadan bu pulu bizmi verməliyik?

– Məhkəmə əvəzinizdən zəmanət eləyər. İrsi alanda ödəyərsiniz.

– Bilet satılacaqmı?

– Biletdən alınan məbləğ idman həvəskarları cəmiyyətinə çatacaq. Ona ümid etmək olmaz.

2

Eteli yatsa, yuxusuna da gəlməzdi ki, altmış iki yaşında, camaat qabağında böyük bacısı ilə qabaq-qabağa durub yumruqlaşacaq. Məhkəmə bu təklifi qoyanda Eteli güman etmişdi ki, dayımın vəsiyyəti eləbelə zahir üçün icra olunmalıdır. İki-üç dəqiqə əl-qol oynadıb qayıdarıq. Bəlkə Mariya da əvvəllər belə düşünürdü. Amma vaxt yaxınlaşdıqca, mənzərə aydınlaşdıqca bacılar vəsiyyətin ciddiliyini dərk edirdilər: "Nə bilirsən, bəlkə, sabah boksda üstünlük tutan və irs kağızlarını əlinə alan Mariya kiçik bacısına bir tulapayı atacaq: "Bəsindir! - deyəcəkdir. - Kimdir onu təzədən məhkəməyə verən? Yox, üstünlüyü əldən vermək axmaqlıq olar. Bacıya-zada inanmaq olmaz. Burada milyon məsələsi var".

Məhkəmədən əvvəlki günlərdə bacıların hər ikisi belə düşünürdü. Onların başına fikir yazan bir maşın bağlansaydı, mühakimələri yazılsaydı, təxminən eyni mətn almardı. Bir fərqi bu olardı ki, Mariya böyük və təntənəli bir restoran düzəltmək, onun icarəsi ilə yaşamaq əzmində idisə, dırnaq boyamaqla ömür keçirən Eteli Monte-Karlodakı oynaşını yanına çağırmaq, ətriyyat mağazası açmaq fikrində idi. Dayılarından qalan irs hər iki bacımn xoş niyyət icra etməsi üçün kifayət idi. Kifayətdən də artıq idi. Amma bacılar bir-birindən qorxurdu. Qorxurdular ki, "İşdir, qəzadır, boksda basılsam, kağızlar bacımın əlində olsa, mənə yarı pay verər, ya verməz. Özü də vermək istəsə, qohumları yığılıb min cür hiylə quracaq, qoymayacaqlar. İş uzanacaqdır." Ömürlərin bu qısa vaxtında vərəsə işinin məhkəmədə uzanmağı lap üzüntülü olur.

Bu vahimə həm Etelinin, həm Mariyanın zehnini məşğul etmişdi. Kənardan baxan onlara xoşbəxt deyirdi, çünki müftə yerdən milyonçu olmuşdular. Amma di gəl ki, milyonun dadını görməmiş, adım eşidən gündən hər ikisi fikir-xəyalda, "nə eləyim, necə eləyimdə", mənəvi əzabda idilər. Məhkəmə ətrafında mürafiə axtaran vəkillər də dəstə ilə bacıların başına toplanıb kimisi Eteliyə, kimisi Mariyaya ağıl öyrədir, maddə göstərir, sübut gətirir, tədbir tökürdülər. Biri deyirdi: "Yaxşı yeyib kökəlmək, döyüş gününə qüvvət toplamaq lazımdır." Biri deyirdi: "Dəri əlcəkləri uğurlu ustadan almaq, münasib havanı, xoş saatı gözləmək lazımdır."

Kimisi izdihamlı şəhəri məsləhət görür, kimisi məhkəmə heyətinə adam salmağı vacib bilirdi. Ancaq bunlar hədər idi. Əslində bacıların taleyi şəxsi döyüş məharətindən asılı idi.

Gözlənilən gün gəlib çatdı. Bacılar müqəddəs vəsiyyətə əməl etməli oldular. Meydança böyük olsa da, camaat az idi. Əlbəttə, buraya əsl boks azarkeşləri gəlməmişdilər. Gəlməzdilər də. Qəzetlərdə 60-70 yaşlı bacıların boksda vuruşma elanını oxuyanda məhkəmə oyuncağı adlandırmışdılar. Buraya gələnlərin çoxu boks ilə yox, irs əhvalatı ilə maraqlananlar, hər iki bacım yaxşı tanıyanlar, səadətlərinə küsənənlər və bir də bu əhvalatdan fayda mənbəyi gözləyənlər idilər. Başqa camaat az idi. Onlar da oyuna baxmağa yox, qarıların artistliyinə baxıb gülməyə gəlmişdilər.

Məhkəmə nümayəndəsi vəsiyyətnaməni oxudu. Yer-yerdən mərhum Reyxsterə rəhmət dedilər, varislərə xoşbəxtlik arzuladılar.

Əvvəl Eteli meydana çıxdı. Camaat onu həm çəpik, həm gülüşlə alqışladı. Aşkar bilinirdi ki, əyləşənlər dayı malına susayan, bu vəziyyətə düşən qarıya gülürlər. Eteli özünü sındırmadı: ətəklərini yığışdırdı, yığcam və yüngül başmaq geydiyindən, meydançanın yumşaq döşəməsində məmnun halda yeyin yeridi, hərifi qarşıladı. Mariya çıxanda da camaat güldü. Ancaq o, təcrübəli artist kimi baş əydi, bacısına əl verdi. Demək istəyirdi ki, "Gəl öpüşək." Doğrudan da bacılar qalın əlcəkli əllərini bir-birinin kürəyinə qoyub dodaq-dodağa öpüşdülər. Camaat bu mehribanlığı alqışladı. Boksçular geri çəkilib yumruqlarını sərrastladılar, hərifin üstünə cumdular. Döyüş qızışdı, yaman qızışdı! Dırnaq boyamaqda ehtiyata, incəliyə, hövsələyə alışmış olan Eteli bacısından yediyi bərk yumruqdan sonra hirslənib özünü yığışdırdı. O heç güman eləməzdi ki, həştada yaxın yaşayan, bufetlərdə arıqlayıb üzülən bir qarı belə bərk yumruq vura bilər. Etelinin gicgahı qızışdı, qulağı elə cingildədi ki, deyəsən, mis qab səsləndi. "Bu ərkansız nə yaman imiş",

– deyə Eteli var gücünü topladı. O yəqin elədi ki, daha bura zarafat, ehtiram və ya qohumluq yeri deyil. Milyonun söhbəti var.

Eteli lap pəhləvanlar kimi hərləndi, camaata göz yetirdi, gördü ki, Mariyanın zərbələri hamını heyrətə salıb: "Kiçik bacı!", "Kiçik bacı, qoyma!", "Eteli, milyon əldən çıxar", "Cəld tərpən!"

Eteli gördü ki, onun azarkeşləri çoxdur, özü də həyəcan keçirirlər. Bunun da səbəbi var idi. Bufetçinin müştərilərindən, demək olar ki, burada tək-tək adam var idi. Vağzaldan bura gələn kim idi. Dırnaq bovadanlarm çoxu isə oturub gözləyir, ustalarının üstünlüvünü arzulayırdılar:

– Kiçik bacı, bir də!

– Eteli, hərifə aman vermə!

Eteli də bu çağırışlara biganə qalmadı. Bacısının bir çiynindən, bir dirsəyindən vurandan sonra fürsət tapıb, sol gicgahından elə ağır bir yumruq ilişdirdi ki, qarı bəd əməldən tövbə eləyənlər kimi, düz qayıtdı. Güman etmək olardı ki, Mariya qüvvə toplamaq üçün geri çəkildi. Xeyr, Mariya durduğu yerdə gicəlləndi, mahir rəqqasə kimi bir neçə dəfə fırlandı, birdən çul kimi yerə sərildi. Hərəkətsiz qaldığını görəndə adamlar tökülüşdülər. Biri başını qaldırdı, biri su gətirdi, biri velpazəsini açdı, biri nəbzini yoxladı:

– Eh, bu ilmi ölmüsən, bildirmi?

Bir saniyədə qarının rəngi göyərdi, gözləri axdı, ağız açıla qaldı, bədən dümdüz cənazəyə döndü.

Camaatın üstünə, deyəsən, su ələndi:

– Nə pis oldu!

– Çox pis oldu!

– Tamam peşmançılıq olacaq!

– Vay səni!

Daha azarkeşlərin ilhamlandırıcı səsləri kəsilmişdi. Cənazəni götürdülər. Etelini də dərhal polis yaxaladı:

– Adam da bacısı ilə belə vəhşi rəftar eləyər?

– Özü də böyük bacı ilə?

– Mən nə bilim, bunun canı yox imiş!

– Nə bilim, nə bilim...

– Görmürsən, qoca qarıdır!

– Heç güman eləməzdim.

– Gəl, gəl, məhkəmədə danışarsan, düş qabağıma!

Mariyanı kasıblar qəbiristanlığında basdırmağa, Etelini də həbsxanada yatmağa apardılar. Qəzetlər ölüb-öldürənin şəklini vurur, tərcümeyi-halını yazır, müxbirlər Etelini dindirmək üçün həbsxana qapısından əl çəkmirdilər. Nigaran qalan camaat məhkəmə müfəttişindən soruşurdu:

– Dayının irsi bölünmədi, cənab? Hamısı Eteliyəmi çatacaq?

– Eteli canidir. İrs hüququnu itirib.

– Bəs dayı malı?

– Dayı malı konqresin fonduna keçdi.

– Canım, konqresin nə ehtiyacı var elə şeyə?

– Var! Çox ehtiyacı var! Qarşıdakı müharibə əjdaha kimi ağzını açıb pul istəyir. Kommunistlərin bizə necə hücum hazırladığını öyrənmək üçün minlərlə kəşfiyyat təyyarələri, casus pilotların maaşını birəbeş artırmaq üçün milyon lazımdır. Kommunist ölkələrin yaxınlarında yüzlərlə baza lazımdır. Bunlar hamısı boş əl ilə olmaz. Köz kimi qızıl istəyir, dollar istəyir, bəs nə!

– Allah dayıya rəhmət eləsin!

Camaat dağılışanda irs qoyub gedənə, belə şərtlər kəsənə bir ağızdan lənət oxuyurdu. Lənət deyənlərin birincisi Eteli özü idi:

– Goruna od dolsun, dayı!

– Ruhun əzabdan qurtulmasın heç vaxt!

Yazandan sonra:

Bu əhvalatın həqiqiliyinə şübhələnən, yazıçı təxəyyülünə isnad edənlər zəhmət çəksinlər, builki iyul ayının son yarısı mətbuat səhifələrinə yaxşı baxsınlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets