Page 2 of 4 · 25%

Elə ki, mehmanxananın içinə girdik, nömrələri gördük, köhnə Şərq şəhərlərində olan karvansara otaqları yadımıza düşdü. Sən demə, buranı təzə varlanmaq həvəsinə düşən bir tacir düzəldib, müəyyən bir şəklə salmaq istəyir. Bina, doğrudan da, yaşamağa namünasib bir bina idi. Otaqlar dar və qaranlıq, döşəmə kərpic və fərşsiz, divarlar şit qırmızı rəngdə, sonradan əlavə olunmuş elektrik sobası səqfə yaxın bir yerdə, dərin süni vannalara baxmaq istəmirsən. Mehmanxana restoranı həyət- 2 81 dən kəsilmiş soyuq şüşəbənd idi. Ortalıqda soba qoyulsa da, binanı qızdırmırdı. Mehmanxana sahibi kiminsə bağışladığı mis qabları divardan asmışdı. Külqabıların içində də yekəxana "Salam!" sözü yazılmışdı. Bələdçimiz də, görünür, aldandığını hiss etmişdi. Biz burada yaxşı ki, bircə gecədən artıq qalmadıq. Mehmanxananın ətrafındakı dar, qaranlıq, daş küçələrə cürbəcür mağaza pəncərələri korlar kimi baxırdı. Mağazalara ayaq basan adam görmədik. Fransada, demək olar ki, bütün magistral maşın yolları, şəhər və kəndlərin içindən keçir. Köhnə və kiçik şəhərlərin dar və izdihamlı küçələri maşın yoludur. Buna qarşı şoferlər dəfələrlə etiraz edib, yolu kənardan çəkməyi təklif etmişlər. Ancaq ki əhali, daha doğrusu, əhalinin tacir qismi buna mane olur. Onlar istəyirlər ki, minlərlə maşınlar məhz şəhərdən, baş küçələrdən keçsin, müsafirlər satıcıların mətahını tez görsün və alsın. Belə balaca şəhərdə mağaza sahibləri evinin, həyətinin qabağını vitrinə çevirirlər. Süd-qatıqdan, meyvədən, toyuq-cücədən tutmuş oyuncağa qədər hər şeyi piştaxtanın üstünə düzürlər. Demək olar ki, çoxu səyyahlardan ibarət olan sərnişinlər də buradan şey almağı unutmurlar. Qazanc ehtirası qanunlara istiqamət verir.

Öküz döyüşü deyilən vəhşi bir tamaşa mənzərəsinə həmin şəhərdə rast gəldik. Qədimdə Krit adasında, Yunanıstan və Romada, on birinci əsrdən sonra isə İspaniya və Meksikada dəb düşən bu adətə indi mədəni ölkələrdə dözməzlər. Tamaşa meydançasına, öküzlə döyüşməyə çıxan pəhləvan (matador) nizə ilə heyvanı hirsləndirir, pərdə ilə gözünü örtüb ondan yayınır, tamaşaçılar isə onun cəldliyinə, cəsarətinə, vəhşi hərəkətinə "afərin" deyir, əl çalırlar.

Aydın məsələdir ki, Fransa kimi mədəni bir ölkədə bu orta əsr vəhşətini görmək təəccüblü idi. Bələdçilərimizin dediyinə görə, ölkənin şimal şəhərlərində buna yol vermirlər. Ümumən bu tamaşanın qadağan edilməsi tələb olunurdu. Ancaq şəhər idarəsi və icarədarlar bundan gələn qazancı nəzərə alıb, icazə vermişdilər. Qumarxana, fisqüfücur yerlərinin rəvac tapması da məhz qazancla bağlıdır.

Fransa və İtaliya sərhədində Monako deyilən kiçik bir hökumət (krallıq) var. Guya, bu müstəqil ölkədir. 4500 nəfər yerli əhalisi, 180 nəfərlik qoşunu, on bir naziri, xüsusi sikkəsi (pulu) var. Kralın qapısında dörd-beş dənə təkərli top qoyulub, gəlib-gedən baxır. Bu ölkənin bütün gəliri kazino, qumarxanalarındandır. Monte-Karlo məşhur qumarxanadır ki, dünyanın hər yerindən pulu çox olanlar buraya qaçırlar. Onlar udanda şadyanalıq edir, var-yoxu uduzanda isə "intihar yeri" deyilən guşəyə çəkilib, qumarbazların gözü qarşısında özlərini vururlar. Qumar prosesinin özünü də bir növ "mexanikləşdiriblər". Otağın hər küncündə su avtomatlarına oxşayan maşınlar qoyulub, bilet satılır, alınan bilet dərhal oradaca oynanır. Otağın mərkəz hissəsində kazino sahibi "ağayana" əyləşib, öz maşınını hərləyir, hərlədikcə atılan pul və ya markaları toplayır.

Kazino ətrafında isə cürbəcür otellər, restoran, tamaşaxana, rəqs salonları, ətriyyat, əntiqəfüruş mağazaları vardır. Burada diqqətəlayiq müəssisə okeanşünaslıq muzeyidir. Bu muzey məşhurdur. Dəniz və dənizçilik ilə (paroxod, balıq, vulkan, bitki, səyyah) əlaqədar nə varsa, həmin muzeydə nəzərə alınmışdır. Hər gün dəstə-dəstə gələn yüzlərlə səyyahlardan muzey xeyli qazanc götürür. Yoldaşlarımızdan professor Qasım Gül dənizçiliyə, Xəzər dənizinin tədqiqinə aid yazdığı yeni əsərini həmin muzeyə təqdim etdi. Monako krallığında başqa yerlərdən gələnlərlə hər cür münasibət aparırlar. Ancaq yerli təbəəliyə heç kimi qəbul etmirlər. Krallığın təbəəsi olmaq üçün ya orada doğulmalı, yaxud da orada doğulan qadınlarla evlənməlisən. Bu hökumətin sadəcə bir oyuncaq olduğunu hamı bilir. Ancaq ictimai təbəddülat aparmaq istəmirlər. Çünki, vətəndaşlar burada dövlətə vergi vermir, heç bir ictimai məsuliyyət daşımırlar. Dövlət deyilən şey də, əslində, yoxdur, onlar Monakonun Fransa, ya İtaliya qanunları ilə idarə ediləcəyindən, təbəələr üzərinə cürbəcür vergilər qoyulacağından ehtiyat edərək "Cümhuriyyət yox, krallıqda qalmaq" istəyirlər. Təbəələr krala da, onun ailəsinə də itaət edirlər. Krallığın sərhədini hər dəqiqə müxtəlif ölkələrin müxtəlif markalı maşınları pozub keçir, qarovulları da dayanıb tamaşa edirlər. "Qanun qanundur" adlı məşhur kinofilm burada, həmin dövlətin sərhədindəki körpü əhvalatı üzərində çəkilmiş bir komediyadır.

Monakonun təbiətinə, gözəl mənzərəsinə, yaylağına, bulvarına, bağ-bağatına söz ola bilməz. Sahibkarlar burada özlərini xüsusilə yaxşı hiss edirlər. Aralıq dənizinə baxan günəşli, meşəlik, abad yamaclarda villa ələ keçirmək hər kəsə müyəssər olmur.

Səyahətimizin heç də Parisdən az maraqlı olmayan istiqaməti ölkənin cənubuna, Aralıq dənizi sahillərinə olan səfər idi. Marseldən İtaliya sərhədinə qədər gözəl yollar mavi sahil boyu uzanırdı. Burada bir neçə böyük şəhər gördük: Tulon, Marsel, Kann, Nim, Nitsa. Aprelin ortalarında bu yerlər bizim may, hətta iyun günlərini xatırladırdı. Hava gözəl, günəşli, şəhərlər yaşıllıq içində, plyajlar camaat ilə dolu, bir-birinə söykənmiş nazik, əlvan çətirlər altında uşaq, böyük dincəlməkdə idi.

Tulon hərbi şəhər olduğundan, bizi oraya buraxmadılar. Çoxlu hərbi gəmilərin dayandığını gördük. 42-ci ildə Fransa dənizçiləri burada gəmiləri partlatmışdılar. 44-cü ildə ikinci cəbhə açılanda bu şəhərdə ciddi vuruşmalar olmuş, almanlara böyük tələfat vermişlər.

Marsel Fransanın Parisdən sonra ikinci böyük şəhəridir. Eramızdan altı əsr əvvəl məlumdur. Tarixi ənənələri ilə məşhur olan bu şəhərdə yeddi yüz min adam yaşayır, şəhərin maşın, gəmi, təyyarə, kimya sənayesi, universiteti, sənət akademiyası var. Abadlıqda Marsel heç də mərkəzdən geri qalmır.

Mərkəz küçələrindən birində, Astoriya, mehmanxanasında mən xidmətçilərdən bir neçəsini danışdırdım. Bunların içərisində fransızdan çox yunan, asoru var idi. Türkcə sərbəst danışanlar da az deyildi. Eləsi var idi ki, təkcə özü yox, arvadı, uşağı da mehmanxanada xidmət edirdi. Burada otel, restoran sahiblərinin çoxu xidmətçi tutmur, öz ailələrini, qohum-əqrəbalarını işə cəlb edirlər. Bu tədbir həm ucuz başa gəlir, həm də sahibkarı çox vaxt həmkarlar rəqabəti, təkid, tələb qayğısından azad edir.

Deyildiyinə görə, İspaniyadan gələn qadınlar az maaşla işləməyə razı olurlar. Ehtiyac üzündən yaxın ölkələrə səpələnən İspaniya vətəndaşları məcburiyyət qarşısında hər cür işə gedirlər. Marselin köhnə və təzə deyilən iki böyük portu var. Təzə porta çox diqqət yetirilir. Burada amerikan qoşun düşərgəsi də var. Hitlerçilərin işğalından ən çox zərər çəkən şəhərlərdən biri bu şəhərdir. Faşistlər burada 210 min gəmi batırıblar. Müharibə yaralarını şəhər son zamanlar sağaltmaqdadır. Küçələrdən tramvay təzəcə götürülüb, bəzi yerlərdə relslər hələ də durur. 284 Şəhərin ən uca bir yerində böyük kilsə var. "Nəzir" deyib buraya ibadətə gələnlər çox olur. İbadətgahm yollarında ibadətlə o qədər də uyuşmayan əyləncə, kef yerləri, cürbəcür mağazalar var.

Halay vurub dayananlar, oyunbaz, ya hipnozçuya baxırlar.

Fransa mehmanxanalarının çoxunda məxmər, qumaş yox, sadəcə çit çox işlədilir. Stul, çarpayı örtükləri, süfrələr, pəncərə pərdələri də sadəcə çitdəndir. Qalın məxmər və ya naxışlı payəndazları otelin döşəməsinə mıxlayırlar.

Mən uca bir yerdə maşınlara benzin verən budkanın yanında dayanıb, Marsel şəhərinin ümumi mənzərəsini seyr edirdim. Sanki, göydən tökülmüş kimi, sıx, daş binaları görəndə köhnə Bakının mənzərəsi yadıma düşdü. Daş körfəzləri duru, təmiz dəniz suları yuyur və sularda dənizçilərdən tutmuş şəhər uşaqlarına qədər hamı çimirdi.

Marseldə qağayılar çoxdur və insandan qorxmurlar. Bizdə göyərçinlər əzizlənib qorunduğu kimi, orada da qağayılar əzizlənib qorunur. Sahilin ən yaxşı yerlərində varlıların yaraşıqlı malikanələri var ki, yalnız yay mövsümündə deyil, bütün ili orada məskən salırlar. Dənizçi, yoxsul fəhlə ailələrinin köhnə dəmiryol, trolleybus vaqonlarında yaşadıqlarını da görmək olurdu.

Bu şəhərdə çinar xiyabanları çox gözəl idi. Sovet İttifaqının bir çox yerlərində - Gəncədə, Göyçayda, Səmərqənddə, Daşkənddə, Soçidə olan xan çinarların həmcinsini uzaq bir ölkədə görmək çox fərəhli idi.

Parisdəki palıd xiyabanlarından sonra çinarlar daha əzəmətli, gözəl görünürdü. Çinarlara burada qayğı ilə yanaşırlar. Onların xiyaban tərəfini sərbəst buraxır, kənar tərəfini kəsib tökürlər. Bizim bəzi xiyabanları örtən meynələr kimi göyün bir qatında çinar budaqları qabaqqabağa gəlib, tağ təşkil edirlər. Çinarın gövdəsini iki-üç metr ağardırlar ki, gecələr maşınlar toxunmasın. Nəqliyyatdan kənar bulvar, küçə, meydanlarda isə çinar kölgəsi ən gözəl istirahət yeri sayılır. Restoran, kafelərin qabağında, çinarın altında sıra ilə düzülən masalar ətrafında əyləşib dincələnləri tez-tez görmək olur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İlk hədiyyə

1Qəşəm kişi küsənərək deyirdi:

196010 min
Qocaların uşaq söhbəti

1Vahid müəllimin yaşıl təpədə işıqlı, səfalı bir evi var. Günəş səhərdən batanacan otaqların içindədir. Axşamlar da ki, büllur çilçıraq otaq nədi, eyvana, həyətə, hətta küçəyə də işıq verir.

19608 min
Qəbul imtahanı

Dövlət universitetinin böyük, daş binası qarşısında iynə salsan, yerə düşməz. Adam əlindən keçmək olmur. İsti yay səhəri açılandan axşamacan cavan oğlan və qızların burada yığnağı, mübahisəsi, söhbəti, gəl-geti kəsilmir. Kimisinin qoltuğunda jurnal, kitab, vəsiqə qovluğu, kimisinin əlində itilənmiş qələm, iki qatlanmış dəftər, coğrafiya atlası, cildi kirlənmiş proqram, rus, Azərbaycan dilində qəbul qaydaları...Bu il jurnalist şöbəsinə böyük müsabiqə var: iyirmi beş nəfər qəbul olunasıdır, girmək istəyənlər yüz iyirmi beş nəfərdir. Ərizə verən hər beş adamın dördü kənarda qalacaqdır.

12 min
Neçə cür salam var?

Mən elə bilərdim salam bircə cür olar, növbənöv olmaz. Düzdür, hər şeyin növləri olur: əla növ çay, birinci, ikinci növ çay, əla növ tütün, un, düyü və sairə...Ancaq salam kimi məşhur bir adəti növlərə bölmək, nömrələmək olmaz. Salam həmişə, hər yerdə, hər kəs üçün salamdır, lazım və vacibdir. Bir-birini görəndə, görüşəndə, ya ötəndə salam verib keçirlər. Burada adamdan adama, ya vaxtdan-vaxta, yerdən-yerə təfavüt olmasın gərək!

19604 min

Poems by other poets