Sınaq günü
1
Məni məktəbə, pansiona götürdülər. Anamdan ayrıldığım gün birlikdə sevindik də, ağladıq da... Səhər açılar-açılmaz o, yataqxanaya girib, şirin yuxuda yatan uşaqlar arasından məni tapmışdı.
...Bu, mənim ən şad, xoşbəxt və aydın səhərim idi.
Səhərlər məktəb hasarının kənarında durub məni çağırar, öpər, əzizləyər, xanımından aldığı yeməyindən mənə pay gətirərdi.
– Toxam , ana, burada çox xörək verirlər.
– Ev bişmişidir. Apar heybənə qoy, dərsdə acanda yeyərsən.
Dəftərimə, qaraladığım vərəqlərə baxar, əlimdə kitab görüb sevinər, sevinərdi...
Məktəbə, kitaba mən də anam qədər inandım, uşaqlığın ən əziz əyləncələrini intizam və rejimlə əvəz etdim. Yazı-pozu aşığım-topum oldu, şeirlər mahnım, şüarlar bayatım oldu. Anam qədər inanıb, əzizlədiyim məktəbin etimadını qırmadım. Məktəbdən yığdığımı küçələrdə dağıtmadım. Müəllimdən aldığımı bədxahlara satmadım. Yoluma işıq saçan kitabın hörmətini böyük tutdum. Gündüzləri odlu məhəbbət kimi qəlbimə qatdım. Günəşdən yapışıb, torpağa söykəndim. Məktəbin oğlu oldum. Elmin həqiqət bayrağını əlimə aldım. Yeni və şən həyatın aydın üfüqlərinə qanad açıb, əsrin səmalarına yüksəldim... İndi, indi isə sürət poyezdində qızıl diplomla, əlbir və ürəkbir yoldaşlarımla evə dönürəm.
– Çıx, ana! Çıx! Çıx stansiyaya, çıx! Ceyran çöllərinə işıqlar səpərək, şüa kimi süzülən poyezdin qabağına çıx! Pəncərəsindən mahnılar yağan, gəlişindən gəlinlər, qızlar xoşhallanan axşam poyezdi böyük şəhərlərdə əmanət buraxdığın qəlbini gətirir, çıx!
İndi o, bəslədiyi arzuları doğruldan oğlu ilə fəxr etməsinmi? Ananım ən böyük, sevincli günü, əziz axşamıdır!
İndi mən yalnız oğul deyiləm. Mən həm də gəncəm. Məni keçmişə bağlayan anamdan başqa, gələcəyə bağlayan sevgilim də var!
Hər ikisini ürəkdən sevirəm. Hər ikisini görməyə tələsirəm.
Bu axşam anamla görüşəcək, öpüşəcəyəm, lakin səhər sevgilimlə sevinəcəyəm.
2
Anam süfrə saldı. Ailənin bayramı idi. Dördyaşlı qardaşım adresimi deyə-deyə başıma dolanırdı. O, yeni şəkillərimi öpür, qoltuğuna soxmağa çalışırdı. Anam kənddə qolçomaqların pozucu işlərindən danışmağa başladı. Qulağına səs gəldi. Sözünü kəsib, ağzını açdı. Ətəklərini sallayıb, kəndimizi bürüyən qaranlığı dinlədi, əyilib qulağıma dedi:
– Qolçomaqlar kolxozu dağıtmağa can atırlar. Ziyançılıq edirlər.
Əlini stuluma söykəyib, daha yaxın dayandı, yavaşca dedi:
– Şükürü də öl-dür-dü-lər!..
– Necə?..
Nədənsə anam nişanlımdan söz açmırdı. Mən darıxırdım. O, kolxozdan məktəbə, pionerlərin oxumağına keçirdi. Radio ilə Bakını dinlədiyini deyirdi. Çox fikir verirmiş, heç mənim adımı çəkən yoxmuş. Mən utanmazlığa saldım:
– Qız necədir?
– Qız hansıdır?
– Hansı qız?
– Neçə qız var ki?
Anam bir müddət dayandı. Üzümə baxdı, qızardığımı görüb pozuldu:
– Bıyy, yadıma şiş batsın! Onumu deyirsən? Həəə... Necə olacaq, keyfi saz, damağı çağ. Texnikumu qurtardı. Kəndimizdə uşaqlara dərs deyir. Yaman da can yandırır, deyirlər. Barxudar kişi də o gün tərifləyirmiş.
3
Hamı yatdı. Anama baxırdım. Çiynində ağır yük daşıyıb, uzun yollar gəlmiş bu yorğun yolçunun gələcəyi nədənsə məni düşündürmürdü. Qocalmışdı, saçları ağarmış, beli bükülmüşdü.
Mən onun keçmişini düşünürdüm. O da gəncmiş, o da sevərmiş, o da könül verib, könül istərmiş.
Yox! Mənim sevgim misilsizdir. Kimsə belə sevə bilməz. Mən sevgilimdən ayrı nəfəs almaq istəmirəm. Onunla yaşamaq, onunla əl-ələ verib, bizə gülən varlığın və bizə təslim olan təbiətin hər parçasından, hər guşəsindən bir həyat, sevinc, şənlik, səadət qoparmaq, şirin gənclik günlərimizin hər birini böyük gələcəyə doğru yüksələn pillələr etmək istəyirəm.
Qış tənhalığı, gecənin uzun və sirli qayğıları məni bürüdü. Yerimdən qalxdım. Kiçik və mütərəddid addımlarla yeridim. Heç nə eşitmirdim, duymurdum. Yalnız odlu qəlbimin bərk-bərk döyündüyünü hiss edirdim.
Sinəmi bərk-bərk tutub yeriyirdim. Sanki çənəmin altından yumruq vurub, başımı qaldırdılar. Gözümü açıb özümü "onların" qapısında gördüm. Mənlik və gənclik qürurum oyandı. İzzəti-nəfsimə uymayan hərəkətimdən utandım. Bu bir zəiflikdi. Döndüm, geri baxmadan uzaqlaşdım.
4
Şirin yuxudan məni silkələyib ayıltdılar. Bulanlıq və dərin yuxulardan ayazıyıb özümə gəldim. Gecənin nə vaxtı idi. Məni ayıldan kimdi? Bilmədim. Qolumdan bərk sıxıb qaldırdılar:
– Tez! Tez!
– Qalx!
Üzümə bir kağız sürtdülər:
– O xu! Tez! Tez!
Qapı cırıldadı. O, bunu deyib getdi.
Tələsik kibrit yandırıb, kağıza baxdım. Hamısını yox, iri hərflərlə yazılanları oxuya bildim:
"...Bu saat dəyirman başında olarsan, beş dəqiqəyə..."
Papağımı başıma atdım, qaça-qaça pencəyimi geydim. Dalandan çıxmamış ayaq tappıltısı eşitdim. Adamlar tək-tək yüyürürdü. Daban aldım. Dəyirman başına çatanda bir dəstə adamın yollandığını görüb, səsləmək istədim. Yenə dabana qüvvət verdim. Onlara çatdım. Komandan üzümə baxıb alçaqdan, lakin ürəkdən acıqlandı.
– Keç! Diri tərpən!
Adamlara qarışdım.
Gedirdik. O qədər iti və ciddi gedirdik ki, fikirləşməyə macal tapmırdım.
Nə isə, bir təhlükə var! Kəndin kommunist və komsomolları yığılırlar.
Qaranlıqda qış paltarında heç kəsi tanıya bilmirdim. Yaxınlaşmağa, diqqətlə baxmağa və danışmağa da imkan yox idi. Biz get-gedə addımlarımızı böyüdür, daha sürətlə yeriyirdik. Mənimlə yanaşı gedənlərə diqqət etdim. Onların bəzisi tüfəngli, çantalı idilər. Bu, bir təhlükə olduğunu təsdiq edirdi.
İnsan dözən olur, deyirlər. Bir saatlıq yolu on beş dəqiqəyə getdik. Pərgar kəndinin başından keçərkən, komandan otdelenyaların arasını gəzib, xırıltılı bir səslə tapşırdı:
– Səssiz ha!
Addımlayırıq. Gecənin köksünü tapdalayaraq addımlayırdım. Qa. baq cərgədə biri, evdə, istirahətdə imiş kimi ibarə ilə öskürdü.
Komandan yüyürdü. Cərgəyə əyilib, nə isə dedi. Eşitmədim. Qulaqlarıma bir cür qarışıq səslər gəldi. Bizlərdə qorxaq ah çaydan hoppandirmaq üçün belə tələsik çıxan və yazıya uymayan səslərlə acıqlanarlar.
Bizi Damüstü kəndinə, məntəqə mərkəzinə apardılar.
Kəndin alçaq divarlarla örtülü, dar, yuxulu küçələrini keçdikcə qulağıma səs gəlirdi. Hər qaraltını bir adam, hər divarı bir dəstə, hər çökəyi bir səngər görür, hər küləkdən bir xəbər bilməyə çalışırdım.
Kluba dolduq. Burada bizdən başqa üç kəndin adamı hazırdı. Silahlanır, geyinir, hazırlaşırdılar. Kimi yaxasını düymələyir, kimi çantasını bağlayırdı. Bəzisi də mat-məəttəl donub qalmışdı, adamların ağzına baxırdı.
Zəng çalındı. Hamımız gözlərimizi səhnəyə, orada olan şinelli və silahlı komandirlərə dikmişik. Ələmdarlı (rayon partiya komitetinin təbliğat müdiri) da burada idi.
– Yoldaşlar! - deyə, Ələmdarlı dilləndi. Salon susdu.
– Yoldaşlar! Keçən axşam qolçomaqlar Dirəkli kəndinə dolublar. Sovet sədrini, bir nəfər qırmızı milisi öldürüblər. Sovet işçilərini, komsomollardan bəzilərini tutublar. Bu kəndin də qolçomaqları onlara qoşulublar. Müseyib yoldaş yaralı qaçıb, xəbər gətirmişdir (o, əli ilə, qolu sarılı bir adamı göstərdi).
Rayonda təcili tədbir üçün üçlük düzəlmişdir. Bizə aid əmri oxumaqdan ötrü söz Məhərrəmov yoldaşa verilir.
Məhərrəmov əlində kağız irəli çıxdı:
N.RAYONU HƏRBİ ÜÇLÜYÜ
Pərgar - Zərilər, Qobular, Damüstü kənd partiya özək katibləri Həkimli və Niyazova.
Əmrdir.
N3. U. 45-25-12-31.
Axşam saat 615-də bir dəstə atlı, silahlı qolçomaq Dirəkliyə hücum etmiş, Sovet sədrini, bir nəfər qırmızı milisi öldürüb, idarə və evləri talan etmişlər. Kəndin də qolçomaqları onlara qoşulmuşdur.
Rayon üçlüyü 24 saatın müddətində bu çıxışı rədd etməyi və düşməni tamamilə məhv edib aradan qaldırmağı qət etmişdir. Buna görə əmr edirəm:
a) sizin kəndlərdəki kommunist və komsomolları iki saatın müddətinə toplayıb, silahlandırasınız;
b) saat 240-dan gec olmayaraq, otuznəfərlik bir dəstə ilə Dirəkli kənd çəpərlərində olasınız. Dəstənin komandanlığını Ələmdarlıya həvalə edirəm;
c) qırxnəfərlik ikinci dəstə saat 2-dən gec olmayaraq, stansiya mühafizə dəstəsinə qoşulmalıdır. İkinci dəstənin komandanlığını Rəhimova həvalə edirəm.
Üçlük sədri (Kərim).
Ələmdarlının komanda səsi eşidildi:
– Farağat!
Sağa diqqət cəlb edildi. Həkimli qısa, odlu bir nitq dedi:
– Vətənimiz, müqəddəs işimiz uğrunda fədakarlıq dəqiqələri çatmışdır. Sınaq günüdür. Düşməni məhv etməliyik!
Hakimlinin, o sadə və sadiq partizanın səsi hamını həyəcana gətirdi. Hamı səbirsizliklə komanda gözləyir, bu saat şahincəsinə düşmənin üstünə şığımaq istəyirdi.
Bizi iki cərgə edib, iki addım aralı üz-üzə saxladılar. Qabaq cərgədə məktəb yoldaşım Qorçuyevi gördüm. O, sapsarı saralmışdı.
Ələmdarlı komanda verdi:
– Səngərə getmək istəyənlər aralansın. Arş!
Dərhal hamı bir addım irəli çıxdı.
Yalnız Qorçuyev yerində tək ağac kimi sancılıb durmuşdu. O tərəf-bu tərəfini boş və özünü tək görən kimi, o da qaçıb, irəli çıxanların arasına girdi. Bizə silah verdilər. Yola düzəldik.
Klubda ikən mən bu hazırlıq və hərəkəti dərin təsəvvür etmirdim. Küçəyə çıxdıqda, zülmət içində addımladıqda ani bir inkisari-xəyal məni aldı: "Bu nə iş idi? Ümidlərimin göyərdiyi bir zamanda bu nə iş idi? Mən kəndə sevgilimi görməyə gəlmişdim, yoxsa güllə qabağına getməyəmi? Sabah o məni axtarmayacaqmı? Uzun illər məktublarında yaşayan qız indi nə edəcək? Bu hadisə onun sadiq, səmimi məhəbbətini daha da alovlandıracaqmı?"
Kənddən çıxmışdıq. Çəpərlər arasından, daşlıq yollardan, sulu çuxurlardan, bəzən də şumlanmış zəmilərdən keçib gedirdik.
Birdən Qorçuyev yumaq kimi dığırlandı, nallanmaq üçün yerə yıxılmış camış kimi ufuldadı. Ələmdarlı onun qolundan tutub qaldırdı, "sıraya" dedi. O, əllərini qarnına basıb, güllə dəymiş kimi büküldü və Ələmdarlıya baxdı:
– Yoldaş komandir, vicdanı-məsləkim haqqı ölürəm. Yeriməyə təhərim yoxdur. Siz gedin, sabah mən atla gəlib, düşmənin anasını ağladaram...
– Qayıt!
O cərrah əlindən qurtarmış xəstə kimi sevincindən dillənə bilmədi. Yerində bükülüb qaldı. Yəqin ki, biz gözdən itəndə evlərinə tərəf daban alacaqdı.
5
Mən indi vətənimi müdafiəyə gedirəm.
Oralarda - dünən deyildiyi yerlərdə, qoca Kürün gölmələri ilə islanan və yayın milçəkli günləri ilə quruyan kəndlərdə həyatın ilk çiçəkləri kimi açılan uşaqlara məktəb tikdik. Kolxoz binasını qızıl bayraq kimi qaldırdıq. Klub düzəltdik. Gözü ilə od üfürən, qəlbində pirlər yatan qadınlarda kitaba həvəs oyatdıq.
Yaratmaq azdır. Yaratmaqla vətən vəzifəsi bitmir. Bu müqəddəs vətənin hər bir qarış torpağını qorumağı bacarmalıyam.
Quldurların basqın etdiyi yerə az qalmışdı. Dan yeri ağarırdı. Qabağımızdakı dağı aşan kimi, düşmənlə qarşılaşacaqdıq. Dəstəmiz qollara ayrılmalı, hərəkət təlimi verilməli idi.
Qarşı tərəfdən səs duyduq: araba gəlirdi, təkərlər səslənirdi. Səslər get-gedə yaxınlaşırdı. Ələmdarlı işarə etdi:
– Təşvişə düşməyin! Gözləyin!
Ağaclar və çəpərlər arasından çıxan iki araba bizə tərəf gəlirdi. Ələmdarlı bizi geridə qoyub özü irəli getdi, daşın dalına sinib, dedi:
– Kimsən? Dayan!
– Bizik, yoldaşlar!
Bəlli oldu ki, bizim dəstəmizin öhdəsinə verilən tibb arabalarıdır. Ağ geyimli həkimlər, şəfqət bacıları arabada ayağa qalxdılar. Bir qızın boyu mənə tanış gəldi. O mənə baxdı. Mən də baxdım. O, arabadan yerə atıldı. Komandana yanaşdı. Nə dedisə, yenə arabaya çıxdı. Yenə də yollara, ağaran üfüqlərə yox, mənə baxdı. Ürəyimə bir şey gəldi. Sıradan çıxmağa izin aldım. Yüyürüb, arabaya yanaşdım. O idi... Səhiyyə arabasında gələn sevgilim idi. Sevincimin hüdudumu var? Elə bil, dünyaları mənə verdilər. Hər şey mənə gözəl göründü. Mən dəstəmizin ən xoşbəxt adamı idim. İndi mən yalnız deyildim, qəlbim də, ümidim də, sevgilim də burada idi. İkimiz bir yolda, bir cəbhədə, bir məqsəd uğrunda çarpışacaqdıq. Sevgimizin ən parlaq bir günü çatmışdı. Biz söyüd kölgələri altında deyilik, ay işığı içində üzmürük. Biz indi bir qəlbdə birləşərək düşmən qabağına çıxmışdıq. Biz, bizi yetirən və böyüdən, səadətlər yurdu olan vətənimiz uğrunda döyüşə gedirdik, qələbəyə gedirdik.
Addımlarımı dərin bir etimadla atırdım. Qəlbim döyüş ehtirası ilə dolu idi. Hər damla qanımda bir od, bir vulkan səslənirdi. Məsafələri uçaraq getmək, qartal kimi düşmənin sinəsinə qonmaq istəyirdim.
Dağı aşmamışdıq. Yaşıllıq bir təpədə dayanmaq əmrini aldıq. Hava işıqlanmışdı. Adamlar bir-birinə baxır, tanışlar bir-birini tapırdı.
"Diqqət" komandası verildi. Ələmdarlı böyük bir daşın üstünə çıxıb səsləndi:
– Yoldaşlar! Qolçomaqlar basqını olmayıb. Bu, bir sınaq idi. Dirəkli kəndi düşmənlərini çoxdan məhv etmişdir. O həm də öz planlarını artıq-artıq ödəmişdir. Dirəkli kolxozçuları azad əmək sayəsində köhnə adətlərindən silkinib, sosializm həyatı yaşayırlar. İndi kəndin tarlalarından traktor səsi gəlir, hər evindən kolxoz mahnısı yüksəlir. Biz bu sınaqla qüvvələrimizi yoxladıq, imtahan etdik. İmtahan çox gözəl keçdi. Yalnız bir nəfərin içüzü açıldı. Qorçuyev kimilərin "sancısı" bəlli oldu... Sağ olun! Təşkilat sizə razılığını bildirir və ümid edir ki, hər bir təhlükə vaxtında hər hansı qara qüvvəyə, təsadüfə qarşı siz beləcə hazır, beləcə fədakar, beləcə vahid olacaqsınız. Azadsınız! Evlərə! Hər kəs iş başına!
Məni heyrət aldı. Bütün bu hazırlıq və gurultunun yalnız sınaq üçün olduğuna inanmağım gəlmirdi.
Camaat urra çəkib dağdan enməyə başladı. Budyonnı havasında oxunan gənclik mahnıları yenicə oyanan bağları, ağacları, tarlaları bürüdü. Mən sevgilimin əlindən tutdum, təbəssümlə işıqlanan üzünə baxdım. Biz sevincimizlə dağa-daşa sığmırdıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-sinaq-gunu
Use ← → keys to move, R for a random poem
More by this author
1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.
Vətən oğlu1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.
Hilal dayıLəklərin arasında pişik kimi kiçik və boz bir şey tərpənir. Yaxın gedəndə görürsən, belini düzəltdi və başı ilə salam verdi.– Ay Hilal dayı, qışın günündə soyuqda nə gəzirsən burada. Yorğanı başına çəkib isti evdə rahatlana bilmirsən?
Dost görüşüMəzuniyyətdə idim. Cibim dolu, kefim saz. On-on beş günümü şəhərdə keçirtdim. Sonra doydum, darıxdım. Əziz dostlarımdan biri, uşaqlıqdan məktəb yoldaşım olan Fətulla yadıma düşdü. Onun şəhərə yaxın kəndlərdən birində evlənib kök saldığını, müəllimliklə məşğul olduğunu bilirdim. Bazar ağzına çıxıb maşınların birinə oturdum. Birbaş kəndə yollandım.Fətulla mənim dostum idi. Özü də, münəqqidlər demişkən, "sözün əsl mənasında" dostum idi. Bilmirəm, lüğət yazanlar dost sözünə nə məna verirlər, amma mən öz "lüğətimdə" dost o adama deyirəm ki, öz qəlbimi onun köksünə, onun qəlbini öz köksümə qoymağa razı olum, o da razı olsun. Bu razılıqdan doğan bütün nəticələr gərək ki, öz-özünə məlumdur.
Poems by other poets
Əsgərlər hərbə gedərkən*Ağlayan gözlər, ağlanan sima,
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
ÖlkəmDünyamızı seyr etdim min dürlü həvəslərlə,Gördüm coşuyor dillər pək nəşəli səslərlə,
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız