Gözüaçıq, alnıaçıq, zehniaçıq adam - bu sözlərin mənası mənə aydın idi.

Gözüaçıq, yəni, ayıq, bacarıqlı, hər şeydən xəbərdar! Alnıaçıq, yəni düz adam, iş görən, üzüağ, diliuzun, hər kəsə borclu olmayan. Zehniaçıq, yəni mütərəqqi, uzaqgörən, düşüncəli, bilən, qanan, mütəfəkkir, tükü-tükdən seçən adam...

Bunları bilirdim, oxumuşdum, eşitmişdim, görmüşdüm!.. Xəbərdar idim.

Amma ağzıaçıq, bax, bunu eşitməmişdim, rast gəlməmişdim.

Bizim müdir məni yanma çağırdı. Xoş-beş, kef-əhval soruşandan sonra, təzə, maraqlı bir xəbər verirmiş kimi, üzünü mənə tutub dedi:

– Ay filankəs, sən necə, ağzıaçıq adam deyilsən?

Gözləmədiyim bu sual mənə çox qəribə gəldi. Güman etdim ki, müdirin sualında örtülü mətləb var. Mən də bunun cavabını sual ilə başladım.

– Necə yəni, yoldaş müdir? Bu nə sualdır verirsiniz?

Doğrusu, çox qəribədir.

– Deyirəm, yəni, sən ağzıbütöv adamsan da?

– Əlbəttə, yoldaş müdir, mənim yanımda deyilən söz, yerə vurulan bir mıx kimi oradaca qalır! Söz gəzdirmək hara, mən hara!

– Bilirəm, ona görə deyirəm ki, ağzıbütöv adamsan! Sağ ol, var ol. Ona görə deyirəm ki, uşağı – oğlum Fərmanı sənin briqadana göndərirəm. Adı sizin siyahıda olacaq. Gözün üstündə olsun! Sənə tapşırıram, bil!

Müdirin bu etimadına mənim nə sözüm ola bilərdi?!

– Xoş gəlir, yoldaş müdir, – dedim, – gözüm üstə yeri var. Bu nə sözdür. Fərmana öz doğma balam kimi baxmasam, çörək gözlərimi tutar! Bu nə sözdür, heç sizin deməyinizə də ehtiyac yoxdur!

Müdir sözünü bir az da izah etdi.

– Gəlir deyəndə, adı siyahıda olacaq, özü də hərdənbir briqadada görünər. Oxuyur axı, dərslə məşğuldur.

Mən müdirin fikrini başa düşdüm:

– Çox əcəb eləyir oxuyur. Cavan oğlandır, əlbət ki, gərək oxuya. Sabah, birigün böyük məktəblərə imtahan verəcək. Yoldaş müdir, o, bizim kimi avam qalmayacaq. Onun gələcəyi var, xoşbəxt olsun o cavan oğlan!

Müdir razılıqla əlavə etdi:

– Adı sizin briqadada olacaq. Dərsdən boş vaxtlarında, hərdən gələcək. Müxtəsər, gözün üstündə olsun. İşdi, soruşan-zad olsa, deyərsən, briqadanın üzvüdür. Ancaq günü, naryad-filan yazılanda yaddan çıxmasın gərək, başa düşdün də?! Deyərsən, briqadanın həqiqi üzvüdür. Mən müdirimizi arxayın saldım:

– Yox, yoldaş müdir, xatircəm ol, nə lazımdır edərik, yola verərik. Əgər onu yola verməsək, bizə nə deyərlər, bəs biz nəyə lazımıq, lap xatircəm olun!

– Fərman, düzdür, texnikumda qiyabi oxuyur. Ancaq gündüzlər boşdur, istədiyi işdə çalışa bilər. Çalışmaq deyəndə, yekə düşməsin, bir sənət sahibi olmaq üçün, ustalar yanında irəli-geri hərlənməlidir. Həm maaşı olar, həm təcrübəsi. Həm də sabah-birigün staj lazım olacaq. Söz sözə gələndə, deyərlər, zirək, cavan oğlan irəli gedib.

Mən bilirdim ki, yoldaş müdir bu işlərin hamısını nəzərə alır, miilahizə eləyir. Elə mənə müraciət etməyi də ona görə idi. Əvvəlcədən bir hazırlıq idi. Arxayın adam hesab elədiyi üçün deyirmiş: "Ağzıaçıq adam deyilsən ki?"

Neyləsin, bizim trestdə tək-tük olsa da, cürbəcür nadürüst adamlar var. Ağzıgöyçəklər bir də gördün sabah bir sözdür, ortalığa atdılar, danışdılar, yazıq müdiri dilə-dişə saldılar. Nə lazım, haqq üçün danışsaq, Fərman da cavan, igid oğlandır. Başıaşağı, dinc, salam-kalamı yerində, həmişə də olmasa, hərdən briqadaya ayaq basır. Biz də onu gözləyirik, yəni yola veririk. Elə iş deyirik ki, xətrinə dəyməsin, dərsinə ziyan gətirməsin, vaxtını almasın...

İki il Fərmanı yola verdik. Vaxtlı-vaxtında gəlib maaşını alır. Mühasib-zad hərdən nəm-nüm eləyəndə başa salırdım ki, əşi, bu özgə deyil, müdirimizin doğmaca oğludur. Oxumağına kömək lazımdır, işiniz olmasın.

Ay keçdi, il dolandı, qəfildən idarəmizə yoxlama komissiyası gəldi. Sədri də xanım-xatın bir qadın idi. İdarədə hamı özünü yığışdırdı, işlərini sahmana salmaq istədi.

Komissiyanın sədri bir gün məni yanına çağırdı, Fərmanın işi barəsində sorğu-suala tutdu.

– Bu Fərman Fərmanov sizin briqadada işləyir, necə işləyir, haçan gəlib, özü gəlib, ya müdir gətirib, nə üçün gətirib?

Doğrusu, xanımın bu suallarına mən bilmədim nə cavab verim, necə cavab verim. Fikir məni götürdü. Axırda dedim:

– Bəli, Fərman bizdə işləyir.

Komissiyanın sədri Fərmanın maaş cədvəlini mənə göstərib dedi:

– Bu maaşın sahibi gərək işləyəydi, məhsul verəydi.

– Verib, yoldaş sədr, onun işi bəzən dəftərdə olmayır, yazıya düşmür.

– Niyə düşmür?

– Çünki, tələbə adamdır, bəzən naryada qol çəkmir.

– Naryadı görməyənə gərək maaş yazılmasın, axı?

– Bizim mühasib bir az başısoyuq adamdır. Neçə dəfə tapşırmışam, yenə tapşıraram.

– Tapşırmaq öz yerində. Keçən illərdə Fərmanın haqq-hesabı dəftərdə açıq qalacaq.

– Açıq qalacaq?

– Bəli, lap açıq qalacaq.

Mən onu başa saldım ki, filankəsin oğludur, özü də zirək oğlandır, dərsdən də beş alır. Onun günahı yoxdur. Mühasib başısoyuqluq edib.

O, üzümə təkrar baxdı, bir an sükutdan sonra sual verdi:

– Fərman bu pulları alıb?

– Bəli, alıb.

– Nahaq alıb!

– Necə almasın, adına yazılanı?

– Qaytarmalıdır!..

Nitqim tutuldu, dinəcəyim olmadı. Xarum bir də təkrar etdi:

– Qaytarmalıdır!

Mən özümü saxlaya bilmədim, rədd cavabı verdim:

– Yox, qaytarmaz.

– O, qaytarmasa, siz qaytararsız.

– Ay xanım, bu nə sözdür? Deyərəm, adını qaralayarlar.

– O gələcəyin işidir, amma bu havayı pulların hesabını sizdən istəyəcəklər.

– Kim istəyəcək?

Xanım mənalı və ciddi baxışdan sonra qayımdan dedi:

– Qanun!

– Xanım, qanunun nə işi?

– Onu prokurordan soruşarsınız!

Prokurorun adını çəkəndə canıma üşütmə düşdü, qurudum qaldım.

İndi bildim ki, müdir mənə niyə tapşırırdı ki, uşaqdan muğayat ol. Sən demə, o kişi işin aqibətini bilirmiş. Bilirmiş və ona görə də tapşırırmış ki, ay filankəs, uşaqdan muğayat ol. İndi başa düşdüm, amma daha gec idi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ad günü

Deyirlər, nəvə şirin olur. Mən inanmazdım. İndi görürəm ki, bu sözdə bir həqiqət var. Nəvə ilə oturub-durmaq cavanlıq günlərini xatırladır. Güman edirsən ki, o, balanın balası yox, öz balandır. Günlər də pardaxlanan gəlinlik günlərindir. Canına həvəs, gözünə işıq, dizinə taqət gəlir.Mənim iki nəvəm var, bir-birindən dəcəl.

19663 min
Fərəh məclisi

Dostlarımın əhatəsində olduğum zaman özümü xoşbəxt sayıram. Müsahiblər şikayətlənir ki, yaxşı dost azdır. Mən belə bir şikayətdən uzağam. Çünki mehriban dostum çoxdur. Müsahiblər dostlar ilə az və çətin görüşmələrindən gileylənirdi. Burada da mən seçilirəm. Mən dostlarım ilə istədiyim zaman görüşürəm.Deyəcəksiniz, nə üzüyola dostlarınız var.

19666 min
Liman oğlu

Lalə, bənövşə, gülxətmi, qazayağı, quşəppəyi, quzuqulağı, ayıdöşəyi, çobangülü... Dağların, dərələrin saysız-hesabsız bitkilərinə qısa, münasib, uyğun adları görəsən kim verir?Hansı bir qüdrətli qələmdir ki, yetirən məxluqun hərəsinə daimi bir möhür vurur, biz də ona baxıb hər şeyi adı ilə çağırırıq, mahnılara salır, kitablara yazır, dillərə tərcümə edirik?

19665 min
Abadlıq

Bütün arzulayanlara qismət olsun, onların içində mən də təzə mənzilə köçmüşdüm.Köç günlərində evimizdə toy-bayram idi. Bütün dost, qohum və tanışlarım mübarəkbadlığa gəlirdilər, təzə mənzili diqqətlə süzüb seyr edirdilər.

19674 min

Poems by other poets