Lalə, bənövşə, gülxətmi, qazayağı, quşəppəyi, quzuqulağı, ayıdöşəyi, çobangülü... Dağların, dərələrin saysız-hesabsız bitkilərinə qısa, münasib, uyğun adları görəsən kim verir?

Hansı bir qüdrətli qələmdir ki, yetirən məxluqun hərəsinə daimi bir möhür vurur, biz də ona baxıb hər şeyi adı ilə çağırırıq, mahnılara salır, kitablara yazır, dillərə tərcümə edirik?

Yalnız təbiət aləmində yox, adi həyat məişətində də belə olur. Bir də görürsən, qarşında birisi dayandı, nə atasını, nə anasını, nə özünü tanıyırsan, ancaq ilk nəzərdə bunun vücuduna bir məna verir, oxuyursan, çox vaxt da bu təxminən doğru çıxır. Sizə tanıtmaq istədiyim bu uşağın taleyi də belə oldu. Çoxunuz bəlkə də onu tanıyır, tərcümeyi-halını bilirsiniz.

Qırx ikinci ilin ağır, dəhşətli, intizarlı yay aylarında mən də Bakı limanında ictimai xidmətdə idim. Faşist hücumuna uğrayan rayonlardan arxaya köçürülən ailələri qarşılayır, qocaları, xəstələri, uşaqları mənzillərdə rahatlayır, ərzaqla təmin edirdik, bəziləri də göndərilən yerlərə etina etmir, limandakı qaynar həyatdan ayrılmaq istəmirdilər. Belələrindən biri, səkkiz-doqquz yaşlı, ayaqyalın, böyük qardaşının pencək-şalvarını geymiş gödərək bir uşaq indi də yadımdadır. Onun nə valideyni vardı, nə gəldiyi yer, nə də ad və familiyası bəlli idi. Ancaq sanki bu fəlakətli ağır günlərdən xəbərsiz, qayğısız bir məxluq kimi o tərəfə-bu tərəfə qaçır, uzun qollarını hey çirməyib, gah paroxoda yaxınlaşır, gah gəlib-gedənə yanaşır, soruşur, gülür, oynayırdı.

Limandakılar bəzən onu çağırıb buyururdular:

– Ey, Cunqulu!

– Cunqulu! Balaca!

– Bura bax, Cunqulu, bu stəkanı krantdan doldur gətir.

– Canbala! Al bu pulu, kioskdan bir "Raboçi" al gətir.

– Canbala, bu kağızı lövhəyə yapışdır! Qoçaq, di yeri, tez elə!

Uşaq da heç kəsə yox demir, buradakıların hamısının buyruqçusu kimi bütün tapşırıqları icraya tələsirdi. Bəzən qaçdığı yerdə ilişir, çul kimi yerə sərilirdi.

Yox! O, ayağa qalxır, yaralarına baxmadan iş dalınca yüyürürdü. Bu uşağın ağladığını görən olmamışdı. Kimsədən yemək istədiyini də görməzdik. Limanda "payok" veriləndə balaca qazançasını adamların qıçları arasından yavaşca uzadar, bir çömçə şorba töküldümü, tez çəkilib gedərdi. Qazançanı günəşdə yanmış dizləri arasına qoyub, tələsə-tələsə şorbanı içər, ayağa qalxardı. Yeməyi bir parça çörək, bir çömçə vermişel şorbası idi. Bu uşağı öz adı ilə çağıran yox idi. Kimi Balaca, Cunqulu, Canbala, kimi də sadəcə "ey", "ədə" səsləyərdi.

Uşaq bəlkə də, buradakı, bu neft-mazut şəhərindəki qaynar həyatı, ümumi ciddiyyəti görüb, özünü yığışdırmış, ayıq düşmüşdü. Limanda hadisə olmazdı Cunqulu bilməsin, yanaşmasın, maraqlanmasın. Cəbhə xəttinə yaxın rayonlardan gəlmişlər bir-iki gün limanda paroxod, maşın gözləyib sonra gedirdilər. Cunqulu isə burada ilişib qalmışdı.

Bəlkə liman həyatı onun xoşuna gəlmişdi, ya gedənlərdən kimsə onu aparmaq istəməmişdi. Bəlkə də gözləyən adamı vardı. Nəsə... Bilən yox idi. Cunqulu Bakı limanının ştatdakı fəhləsi kimi səhər açılandan axŞam qovuşana qədər sağa-sola qaçır, yorulur, axşam isə dəmir məhəccərlərin dibində sərnişin ayaqlarından kənar bir yerdə çul kimi sərilir, şirincə yatırdı. Balaca qıvırcıq saçlı başını dirsək bükümünə qoyub, qıçlarını rahat uzadan bu kimsəsiz uşağa gəlib-gedənlərin yazığı gələrdi. Kimi başını tovlayar, kiminin acığı tutardı, kimi də müharibə salanlara lənət yağdırıb ötərdi. Bu dəqiqələrdə Cunqulu şirin yuxu aləmində öz atasının dalınca hərbi düşərgələrə, küçə uşaqlarına qoşulub top oynamağa, ya quş yuvası götürməyə tələsərdi. Yolda tapdığı sığırçın sələcəsindən göyümsov yumurtaları ehtiyatla ovcuna yığıb evə gətirmək istəyəndə bir də görərdin liman süpürgəçisinin bir zərbəsi qıçlarını tərpətdi. Uşaq şirin yuxu, dinclik aləmindən ayrılır, limanın üfunətli səkilərinə qayıdardı. Bu növbətçilər, gözətçi və sanitarlardan Cunqulunu tanımayan yox idi. Əvvəl günlər bir-birindən soruşardılar:

– Cunqulu hələ getməyib?

– Onsuz buraların nə ləzzəti!

– O, döyüşən orduya yazılmaq istəyir.

– İgid oğlandır, bizim günlərin oğlu!

– Liman oğlu!

– Liman oğlu!

Bu ad, deyəsən, uşağın da, eşidənlərin də xoşuna gəldi. Bir dəfə limanın divar qəzetində də yazdılar. Bu ad ilə Cunqulunun qolundan tutub, səhnəyə klubdakıların qabağına da çıxartdılar. Liman oğlu ətəklərini ovuclarına toplayaraq, cəldliklə dizlərini yığıb-açır, səhnədə ləzginkaya oxşar hərəkətləri ilə adamları güldürür, hərdən də qışqırıq salırdı. Həmin bayram konsertindən sonra Liman oğlunu hamı tanıdı.

Aylar, illər keçdi. Müharibə qurtardı, böyük ölkəmizdə müharibənin vurduğu yaraları sağaltmaq üçün qəhrəman xalqımız bütün qüdrəti ilə çalışdı. İyirmi il sonra hər yer, hər guşə dəyişdiyi kimi, Bakı limanı da kökündən dəyişmişdi. Moskva-Volqa kanalı açılanda su yolu ilə səyahətə çıxan sərnişinlər arasında mən də vardım.

Həştərxan limanında bizi də "Qırğızıstan" teploxodundan çay teploxoduna köçürürdülər. Biz bu nəhəng gəmidən ayrılmaq istəmirdik. Kapitan, pəhləvan gövdəli, uca və enlikürək bir kişi göyərtənin pilləkənlərindən enib bizimlə xudahafizləşərək, Volqa gəmisinin məziyyətlərini, guya, bizə danışırdı:

– Çay gəmisi daha rahat və qəşəngdir. Orada siz həm səyahət edəcək, həm dincələcək, həm də bizim yeni maşın texnikamızın nailiyyətlərini öyrənəcəksiniz. Sizə yaxşı yol, xoş günlər!

Kim idisə, sərnişinlərdən biri kapitandan soruşdu:

– Çay gəmisini nə əcəb özünüz aparmırsınız?

– Mənim işim Xəzərdədir. İyirmi ildir mən bu göy dalğalarda üzməkdən doymuram. Sağlıq olsa, sizi qayıdanda da Bakıya mən aparacağam.

Yanımdakılardan biri pıçıldadı:

– Bu kişi müharibə günlərindən burada çalışır. Əvvəl bir parça uşaq idi. Bala matros!

İxtiyarsız Cunqulu yadıma düşdü. Sanki qarşımda maraqlı bir kitabın vərəqini açdılar. Bu xatirə zehnimdə işaran kimi kapitanın vücudunu yenidən və diqqətlə süzdüm. Onun adını və odlu gözlərində, qabarıq sinəsində, qüvvətli qollarında və zəhmli səsində dəhşətli müharibə günlərinin yetim, kimsəsiz uşağını axtardım:

– Yoldaş kapitan, qırx ikinci ildə siz Bakı limanında olmamısınız? Deyəsən, kapitanın tərcümeyi-halından söz açdılar. O da əlini göyə qaldırdı, üfüqləri göstərdi.

– Necə olmamışam? Həmin ildə evakuasiya vaxtında məni qərb rayonlarından gətiriblər. Orada qalmışam, orada oxumuşam, Xəzərin nərəsi ilə böyümüşəm. Mənə Liman oğlu deyirlər.

– Onda mən də limanda idim, sizə ayrı cür ad deyirdilər.

– Cunqulu! Bir parça uşaq idim, ora-bura qaçar, matroslarla işlərdim!

– Bəli, Cunqulu. Mən şadam ki, sizi rəşadətli kapitan görürəm.

– Bizim işdə elədir! Canı bərk adam dənizçi olur. Dəniz də sağlamları sevir.

– Sağlamlıq azdır, hünər də lazımdır.

– Hünər özü doğulur. Bu dalğalar hünər məktəbidir! İgidlik yurdudur!

– Liman oğlu!

– Mənə elə ad vermişdilər. Fərmanla yox, adi danışıqda, el arasında!

– Yaxşı ləqəbdir: Liman oğlu!

– Xəzər yetirməsi!

– Görüşümüzdən çox şadam!

– Sağ olun, qayıdanda sizi mən gözləyəcəyəm.

– Mütləq görüşəcəyik!

– Hələlik, salamat qalın!

– Yaxşı yol, əzizim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets