Contents
  1. Məhsətinin Nizamiyə məktubu
  2. Nizaminin Məhsətiyə məktubu
  3. VIII

Geceyarısı, Məhsətinin qapısı camaatla dolub, onunla görüşə gəliblər. Şah adamları əllərində qamçılar camaata hücum edib qışqırırlar:

– Dağılın! Dağılın, camaat! Yoxsa...

Camaat arasında qadınlar, kişilər, şahın adamlarına qarşı dururlar. Onlar əllərini kökslərinə vurub, şah adamlarının üstünə yeriyirlər. Qadınlar sinələri açıb:

Qadınlar
Alın, xəncərləri,
Nə günahımız var, nə təqsirimiz.
Ustadla görüşə gəlmişiksə biz
Deyin, bunun şaha nə zərəri var?
Vurun, qana batsın sizin qılınclar.

(Goranlı qoca Nəsib irəli keçib:

Nə olsun ki, bu gün şah qullarısız,
Siz ki, bu Gəncənin oğullarısız
O, sizə anadır, siz ona oğul!
Oğul anasına çıxarmı asi?
Sizi çaşdırmasın o şah libası.
Çəkilin, çəkilin, oğullar, dala!
Qoyun xalq hörmətlə salsınlar yola,
Bu qədim Gəncənin şair qızını.
Ya qismət! Kim görər bir də üzünü.
Eşidək biz onun qoy son sözünü.

(Gənclər qədəm-qədəm dala çəkilirlər, içəridən Məhsəti, Xətib oğlu, Nizami, Xaqani, Fələki, Cahan qarı, bağban bayıra çıxırlar. Camaat ona təzim edir. Camaat arasından bir qadın:

– Sizə salam olsun ey ustadımız!
Şöhrətdir Gəncəyə şair adınız.

(Hamı ağlayır, şahın adamları: Görüş qurtardı, sarbanlar hardasınız? Dəvələri sürün qapıya).

Pərdə

Müəllif pərdə arxasından:

Müəllif
Çoxdan uzaqlaşmış analıq edən.
Batan günəş kimi fikrə gedərək,
Bir təpə üstündə oturmuşdur tək.
Keçir xəyalından doğma elləri.
Əsir yaz nəğməli sabah yelləri!
O, səba yelindən edir sifariş:
Dolaşdın dünyanı sən qarış-qarış,

Məhsəti
Dayan, sabah yeli, bir məni dinlə!
Gəl dönək Gəncəyə bir an səninlə.
Öpüm o cənnətin mən torpağını,
Söndürüm sinəmdə həsrət dağını.

(Durnaları görüb deyir)

Salam olsun sizə, ey qatar-qatar,
Doğma yuvalara dönən durnalar!
Siz də Məhsətidən bəxtiyarsınız!
Özünüz sahibi-ixtiyarsınız!
Dayanın bircə an o göy çəməndə,
Sizinlə baş-başa dayanım mən də.
O doğma torpağa sürtüb üzümü,
Deyim ellərimə mən son sözümü.

(Çoban tütəyinin səsi gəlir)

Sən ey xoş avazla səslənən tütək,
Mənim dərdlərimi gəl, birgə tək,
Könlümdə bir həsrət seli çağlayır,
Ney kimi ürəyim tənha ağlayır.
Ürək burda qalır, üzülür candan,
Aman, ürəksiz də yaşarmı insan?

(Uzaqdan başı qarlı Kəpəz görünür, Məhsəti dağa müraciətlə)

Məhsəti
Əlvida, Kəpəzim, dağlar sultanı!
Neçə qəsbkarı, xaqanı, xanı
Sən bu zirvələrdə saldın atından.
Zülümlə ayrılıb el-obasından
Bəs niyə öz qızın qan ağlayır, qan!
Doğma obasından, elindən pünhan
Səni tərk edir!
O, uzaq diyara sürgünə gedir.

Sərbanbaşı
Günəşlə açılır şükür bu səhər.

Məhsətinin qarşısına gəlir.

Sərbanbaşı
Səfərə hazırdır çoxdan dəvələr.

Ey adı möhtərəm, ey xətri əziz!
Bir sənin əmrinə müntəzirik biz!

Məhsəti
Əlvida, ey bizim doğma torpaqlar!
Əlvida zirvəsi dumanlı dağlar!
Əlvida suları doğma bulaqlar

(Gedirlər, dəvələrin zınqırov səsləri)

Zəncanda, Məhsəti eli üzündə pəncərə qarşısında oturub hecazı seyr edir.

Qaranquşun cəhcəhini eşidib:

Məhsəti
Ey bahar elçisi, tənha qaranquş!
Səsi həsrətimi alışdıran quş!
Qanad saxla, tanı bu pərişanı!
Mənə doğma eldən xəbərin hanı?
Gördünmü boş qalan bizim eyvanı?
Orda mənim kimi yuvanmı qaldı?
Mənim kimi elin, obanmı qaldı?

(Əlini göyə tutur)

Yarəb! Vətən etmə mənə qürbəti!
O müqəddəslərin üzü hörmətli!
Məndən əsirgəmə bu mərhəməti!
Ey Gəncə həsrəti! Gəncə həsrəti!
Qəlbimdə nə üçün belə yanırsan?
İllər keçdikcə də alovlanırsan...
İlk qədəm basdığım vətən torpağı!
Ey dərdli sinəmin çal-çarpaz dağı
Gəncə həsrəti!
Yarəb! Vətən etmə mənə qürbəti!

(Səhnə arxasından müəllif:)

Müəllif
Oyanmış gecənin dərin çağında
O, yenə dərdiylə öz yatağında.
İpək baş örtüyü dala sürümüş,
Xurmayı saçları köksünə düşmüş.
Əlində bir qələm, dalıb dərindən
Yazır Nizamiyə kədərlərindən:

Məhsətinin Nizamiyə məktubu

Dərdli xəyalımın yaxın həmdəmi,
Sahilsiz bir sudur könlümün qəmi...
Məni yad ellərdə yandırır fəraq,
Doğma ellərimdən düşmüşəm uzaq.
... Ey gözəlliyiylə bizə şux salan,
Sən ey Xarabata bir işıq salan,
Əqildə bir cahan, yaşda təzə ay,
Şeirin, sənətkarın qəbridir saray.
Şərq oldu bu suda üzən hər qayıq,
Biz batdıq, sən isə, olginən ayıq.
Günəşsən, üzünü tutmasın bulud,
Saraydan, şöhrətdən özünü gen tut!
Bu bir nəsihətdir, saxla yadında,
Əzizim Nizami, sənin adında
Duyacaq nəsillər ehtişamını.
Ellər çeşməsindən doldur camını.
Mən getdim, siz isə salamat qalın!
Yaşayın, yaradın, sevin, qocalın!
Tale məni sizdən aralı saldı,
Əlim dostlar deyə, uzalı qaldı.
Düşdü qüssələrdən saçlarıma dən,
Uzaqda can versəm əgər Gəncədən
Yenə də qəbrimi vətəndə qazın,
Başdaşım üstündə bunları yazın:
Göydə ulduz söndü, günəş ucaldı.
Məhsəti öldüsə, Nizami qaldı.

Nizaminin Məhsətiyə məktubu

Şairə, qəbul et bizdən salamı,
Öpüb göz üstünə qoydum naməni,
Fələk çox görməsin Gəncəyə səni.
Bizi bir an tutma könlündən iraq,
Xoşdur qaranlıqda yananda çıraq.
Səni ağlatsa da bu acı xəbər:
Yoxdur sən gördüyün o mötəbərlər:
Bizdə kim olmamış saray qurbanı?

Şeirin ustadları nə oldu, hanı?
Payı möhnət oldu Əbulülanın,
Qırdı zəncirini şöhrətin-şanın.
Şabranın qaranlıq zindanlarında
Fələki el deyib eylədi fəğan.
Xaqani adını qoydu – Xəlqani,
Onun da qürbətdə çürüdü canı.
Batdı Beyləkanı qızıl qanına...
Lənət sarayların şöhrət-şanına.
Orda nə vardır ki, mən edim həvəs?
Qəbir deyilmidir quş üçün qəfəs?
O şanlar, şöhrətlər bir quru səsdir.
Mənim nəyim varsa, o mənə bəsdir.
Könlüm başqa eşqin pərvanəsidir,
Mənə həyat verən xalqın səsidir.
Bizdən əsirgəmə heç vaxt naməni,
Doğrudur, incitdi zəmanə səni,
Qəm yemə! – Hər zaman başını dik tut!
Hər dərddən güclü ol, sən dərdi unut!
Kədərsiz kim vardır bizim dünyada,
Sən öz sözlərini bir gətir yada:
... Qəlbinə eşqdən söz yazan hər kəs,
Bir ləhzə ömrünə puç deyə bilməz.

(Nizami məktubu yola salır)

VIII

Nizami şah Sencərin qəbulunda.

Şah Sencər
Nizami, bilirsən zamandır daha,
Yerdə şaha inan, göydə Allaha.
Mən də qocalmışam, – qarışmış halım,
Sarayım, dövlətim, cahi-cəlalım
Rövneq verəcəkdir sənətinə, gəl!
Gəl, qoyaq birlikdə sənətə təməl.
Mən bizim ellərə atayamsa, gər,
Sən oğul olmaqdan çəkməzsən zərər.

(Nizami xeyli fikrə gedir, sonra deyir:)

Nizami
Şahım, məni salma bunca çətinə,
Qəfəs ölüm verər quş xilqətinə.
Şair azadlığın övladıdır, şah!
Sarayı şahlarçün yaradıb Allah!
Sığmaz saraylara şair xilqəti,
O dərk edə bilməz bu şan-şöhrəti.
Bura, bir təmənna gətirdi məni,
Anasız qoymasın şahım Gəncəni,
Böyük Məhsətini qaytar vətənə,
Baxın, bu məktubda nə yazır mənə:
Ya rəb! Vətən etmə mənə qürbəti!
O müqəddəslərin üzü hörməti.
Məndən əsirgəmə bu mərhəməti!”
– Şah! Məndən təmənna, səndən mərhəmət!
Qoyma şairəni öldürsün həsrət,

VƏZİR. – Şair, çəkmə burda onun adını,
Sən, gəl o kamanla, mey ustadını
Etmə bu ellərə bir daha ana”!
Böyüksən, özünü salma böhtana!

Şah
Nizami, fikrində gəl, inad etmə!
Sən yenə dövranın ziddinə getmə!
Onu Səncər deyil, xalq sürgün etmiş.
Bütün qanunların ziddinə getmiş
Mey içib, ney çalan bir qadının sən
Nə haqla əfvini tələb edirsən?

Nizami
Məni şairliyim bura çəkdi, şah!
Bu inamım üçün məndədir günah.
Şeirə və sənətə vurğun sandığım,
Bütün soltanlardan çox inandığım,
Böyük Səncəri də bu tac ilə taxt
Heyiflər olsun ki, elədi bədbəxt.

(Hirsli saraydan çıxıb gedir. Müəllif səhnə arxasından.)

İllər bir su kimi axdı, çağladı,
Hər gün bir dərd ilə dünya ağladı.
Düşdü cavanların saçlarına dən,
Qocalardan köçüb, çox oldu gedən.
Çevirdi şahın da fələk bəxtini,
Bir gün boş buraxıb tacı-taxtını

Qocalmış sultanı ölüm apardı,
Əcəl vəziri də bir gün qopardı,
Solğun yarpaq kimi torpağa atdı,
O da şah Səncərin yanında yatdı.

Məhsətinin evi

Məhsəti qayıdıb, qapısı camaatla dolub, ağır xəstədir, Xətib oğlu, Nizami, dostları, tanışları onun yatağının ətrafındadırlar.

XƏTİB OĞLU. – Məhsəti, Şairəm, ey qibləgahım!
Bitdi qüssələrim, qurtardı ahım.
Mən nə xoşbəxtəm ki, sənə qovuşdum,
Bu gün, sabah mən bir köçəri quşdum.

Məhsəti
Əziz Xətib oğlu, böyük Nizami, dostum, qardaşım!
Əcəl yastığına əyilib başım,
Bilin ki, bu səfər ayrı səfərdir,
Çəkilən səyilər artıq hədərdir.
Vətən torpağına qovuşdum, şükür!
Vətəndə olacaq yatdığım qəbir.
Artıq aman yoxdur əcəl atından,
Şikayət etmirəm mən həyatımdan.
Dostlar, yetişsə də getmək zamanım,
Həyat eşqi ilə qaynayır qanım.
Gətirin, dillənsin susan kamanım!

(Kamanı gətirirlər, titrək əllərilə kamanı alıb çalır-oxuyur:)

Bu yerlər iftixarımdır,
Bu torpaqlar diyarımdır,
Vətən sevdalı yarımdır,
Yaşar daim xəyalda.
Qəm-pünhanı tərk etdim,
Vətən torpağına yetdim,
Üfüqlərdən sönüb getdim,
El agah oldu halımdan.

(Kaman əlindən düşür, başı yastığa düşür. Xətib oğlu onun başını qucaqlayır. Ağlayır).

Nizami
Yol uzaq, dünya qaranlıq, könlümüz hicran dolu,
Şairə! Olsun yolun cənnət yolu! deyib hıçqırır...

Pərdə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets