İyirmi yeddinci fəsil
Page 1 of 5
Fridun məhbəsin ağır və kəsif havasına heç cür alışa bilmirdi. Nəfəsi darıxır, ürəyi şiddətlə döyünür, başı gicəlirdi. Bəzən ona elə gəlirdi ki, havasızlıqdan boğulacaq, ürəyi partlayacaqdır. Bu zaman kamerada o tərəf-bu tərəfə gəzir, dərindən nəfəs alırdı. Pəncələri üstə qalxaraq, ağzını kameranın qərbə açılan bacasının dəmirlərinə söykəyir və bütün qüvvəsilə çölden gələn təmiz havanı sümürür, bir yüngüllük duyaraq, yenə düşüb gəzinirdi. Çox zaman gözünü eni bir, uzunu iki qarışdan artıq olmayan bu balaca bacaya tutub baxır, baxırdı. Xüsusilə günəş batana yaxın sarı işıqlar kameranın nəmli divarlarına düşəndə o, böyük bir həsrət və ürək çırpıntısı ilə gözlərini bu bacaya dikib dururdu. Lakin bu sarı işıqlar çox tez sönüb gedir, kameranı yenə qaranlıq bürüyürdü. Bu zaman qüssə və sıxıntının həddi olmurdu. Vaxt keçmək, qurtarmaq bilmirdi. Fridun qulağını kameranın qapısına söykəyərək, gərgin bir diqqətlə dinləməyə başlayırdı. Heç bir səs, heç bir hərəkət əlaməti duymadıqda hövsələdən çıxırdı. Hər şeyin tezliklə gəlib keçməsini istəyirdi. Nə olacaqsa tez olsun!.. Ölüm də olsa, tez!.. İntizar və əzab içərisində oturub gözləməkdən dəhşətli heç bir şey yoxdur. Buna baxmayaraq o gözləyirdi. İlk istintaqdan sonra Qəsri-Qacara keçirildiyi bir həftə olardı. Bu müddətdə nə ondan bir söz soruşmuş, nə də ona bir söz demişdilər. Sanki onu təsadüfən tutub buraya atmış və varlığını belə unutmuşlar. O isə dözür və gözləyirdi. Bir neçə dəfə qapını döyərək, hay-küy salmaq və “gəlin məni aparın!.. Nə edəcəksiniz edin!” deyə qışqırmaq istəmiş, lakin özünü saxlamışdı. Məhbəsdə o “Ana” romanını fəsilbəfəsil xatırlamağa başlamışdı. Sanki onu yenidən oxuyur, hər hadisəni ayrılıqda yadına salaraq düşünürdü. Xüsusilə Pavel Vlasovgilin tutulması, onların özlərini zindanda necə apardıqları gözündən çəkilmirdi. Belə hallarda istər-istəməz özünü onlarla müqayisə edir və səbirsizlik göstərdiyi, darıxdığı üçün özünü danlayırdı. “Mən ki, cani deyiləm, özümü heç bir şeydə müqəssir hesab etmirəm, nə üçün darıxmalıyam, qoy bizə əzab vermək kimi bir cinayətə əl atanlar qorxsunlar, darıxsınlar!” Pavel Vlasovun məhkəmədə özünü hakimlərdən yüksək tutması, məğrur və istehzalı baxışları gözlərində canlandıqca sanki ona necə hərəkət etmək və qalib gəlmək yolunu göstərdi. Əsl mübarizlər çətin gündə möhkəm dayananlardır!” deyib düşünürdü. “Əsl insan çətin gündə səbir etməyi bacaranlardır”, deyirdi.
Qəsri-Qacara düşdüyü bir həftənin ərzində, demək olar ki, həyatının bütün səhifələrini vərəqləmişdi. Xatirindən keçirmədiyi heç bir hadisə qalmamışdı. Kənd, uşaqlıq, Tehran, atasının ölümü, aclıq, anasının, heç olmazsa bir horralıq un tapmaq üçün kəndisini çırpması bir-bir gəlib gözləri önündə durmuşdu. Bu xatirələr içərisində qəlbinə iti bir neştər kimi soxulan Gülnaz və Musa kişinin hekayəti idi. O, bir daha Gülnazı görəcəkdimi? Görəsən, bir dağ çiçəyi qədər ətirli, bir uşaq qədər sadə və təcrübəsiz olan bu yazığı həyat girdabı haralara atmışdır, onu bir zaman məchul fəlakətlərin qucağından qopartmaq mümkün olacaqdırmı?.. Görəsən, Musa kişi haradadır? O, harada ölüb getdi? Ölüsünü basdıran oldumu? Yoxsa, ona bir məzar da qazan olmadı?.. Onun körpələrindən heç sağ qalanı varmı?.. Bütün bu suallar qəlbindəki mübarizə hissini və həyat eşqini daha da artırırdı. Müxtəlif duyğular alovlandıqca, daxilində, harada isə, dərinlərdə çalxanaraq qaynadıqca bir aclıq, bir atəş doğururdu. Sevmək! Sevmək! Sevmək! Yalnız indi iki il əvvəlki cəsarətsizliyi üçün özünü danlayırdı. Kiçik bir tərəddüd, anlaşılmaz bir xəta əbədi olaraq Gülnazı əlindən almışdı.
İndi ona elə gəlirdi ki, qadın nəvazişi və məhəbbətilə isinməyən bir qəlb səadətdən məhrumdur. Bu xatirələr içərisində Südabənin məhəbbətlə yanan gözləri də canlanırdı. O gözlərdəki intizar və səadəti Fridun yalnız indi, məhbəsin qaranlıq divarları arasında duymağa başlayırdı. Gülnazın uzaqlardan bir xəyal kimi görünən heykəli belə bu duyğunu və onun oynatdığı xoş ürək döyüntüsünü susdura bilmirdi. Bu nədir? Yoxsa, özü də bilmədən Südabəni sevmişdir? Bu məhəbbət bir oğru kimi qəlbinə girmiş və orada gizlənərək baş qaldırmaq üçün fürsət gözləmişdir? Bəlkə də, bu sevgi qəlbində açılmadan solmuş ilk arzuların məzarı üzərində bitən bir həsrət çiçəyi, bir təsəlli, gülüdür?..
Südabə haqqındakı xatirələr, azadlıqda keçirdiyi ömrünün axırıncı gecəsini xatırlatdı. Südabənin yatağa düşmüş xəstə anası onun, kim bilir, bəlkə də, son nəfəsdə dediyi yanıqlı sözlər qulağında səslənər kimi oldu. İranı, Azərbaycanı, bunları tarix səhifələrində mürəkkəb və dumanlı şəkildə bir-birinə dolaşmış həyat və inkişaf yollarını xəyalından keçirtdi. Qoca, savadsız bir arvad ölərkən üzünü Şimala, Azərbaycana tutmuş və pıçıldamışdı: – Vətən!..
Bu qadının facianə həyatı Friduna, bütün Azərbaycanın başına gələn bir müsibətin rəmzi kimi göründü. O, ilk dəfə kənddə molla, şəhərdə mühərrir olan Sofi İranpərəstlərin yorulmadan təkrar etdiyi “Azərbaycan cöze layənfəkki-İranəst”¹ söhlərinin üstündə düşünməyə başladı... Bütün bunlar ona, yalan və saxtakarlığın üzünə çəkilmiş bəzəkli bir pərdə kimi iyrənc göründü. O, bu pərdələrin dalındakı əsrar və həqiqət dünyasına nəzər salırdı.
İctimai mübarizənin, istibdad əleyhinə mübarizənin başqa bir səhifəsi də vardır. Milli istiqlal hərəkatı!.. Azərbaycanın azadlığı!.. Bu fikirlər ona Səttarxan və Şeyx Məhəmməd Xiyabani hərəkatını xatırlatdı. Bu vaxta qədər onların tarixi həyat və mübarizələri, məqsəd və amalları bu fikirlər nöqteyi-nəzərindən öyrənilməmişdi. Cəmiyyətdə bir elm kimi hökm sürən tarixin saxtalaşdırılması və yalançı şərhi buna yol verməmişdi. Onlar isə mübarizədən baş açıb vətənin elmi tarixini – öz tarixlərini yarada bilməmişdilər. Düşmənlərin qayırdığı yalan və saxtakarlıq pərdəsi yalnız müasir həyat və təfəkkürün deyil, keçmişin də, çoxdan olub keçmiş hadisələrin də mahiyyətini, əsl mənasını örtüb basdırmışdı. Hər şeyə saxta bir rəng hakim kəsilmişdi. Düşüncəyə, təsəvvürlərə, həyat və hərəkətlərə hakim olan bu saxta rəng hər şeyin altını üstünə çevirmiş və hər şeyi baş-ayaq etmişdi. Yüzlərlə adam məktəbə getdiyi, ağlı bir şey kəsməyə başladığı gündən şahpərəstlər və hakim fars millətçilərinin uydurduğu yalanlardan başqa bir şey eşitmirdi. Dərs kitabları bu yalanlarla dolu idi. Sanki zövqlər, adətlər belə bu rəngə tabe olmuşdu. Ən dözülməz cəhət bu yanlış, bu fəlakətli və yalançı vəziyyətin çoxlarına təbii və adi görünməsi idi. Məmləkətin paytaxtında Rza xanların düzəltdiyi arx bədənə zəhərli mikroblar daşıyan bir damar kimi uzanaraq İsfahan, Təbriz, Xorasan, Zəncan, Həmədan, Əhvaz və Ərdəbili dolanır, hər yanda bir irin, bir yara açaraq, bütün həyatı çürüdürdü. Ağayi Hikmət İsfahanilər yüz minlərcə Musa kişiləri evindən-eşiyindən didərgin salır və səfələtin hər şeyi udan dibsiz bataqlığına atırdılar. Hüseyn Məhbusi kimi xain və alçaqlar yabanı bir ot kimi böyüyür, qol-qanad atıb torpağı və ab-havanı zəhərləyirdilər. Müstəbid və mənliyi heçə dəyməyən bir cani özü kimi bir ovuc mülkədar və tacirə söykənərək, milləti fırfıra kimi barmağına fırladırdı. Bütün bu müsibətlərə də, millətin bədənini bürümüş dəhşətli və qorxunc yaralara da adi bir şey kimi baxanlar vardı.
¹ Azərbaycan İranın ayrılmaz bir hissəsidir
Qəsri-Qacara düşdüyünün səkkizinci günü bu fikirlərə daldığı zaman kameranın qapısı açıldı. Onu istintaqa apardılar. O, istintaq otağına girdikdə sərhəng Səfai arxası qapıya, ayaq üstə telefonla danışırdı. Sərhəng özünə xas olan soyuqqanlılıq və təmkinlə:
– Boynuna qoymaq lazımdır, mütləq lazımdır! – deyib dəstəyi asdı və geri döndü. O, dodaqlarında istehza, maraq və sevinc qarışıq bir təbəssümlə səndələ oturdu və Friduna yer göstərdi. Sonra əli ilə nizami xidmətçiyə və bir də saya paltarlı, Fridunun tanımadığı birisinə çıxmaq işarəsi verdi.
Onlar çıxdıqdan sonra masanın üstündə qollarını çarpazlayaraq, çənəsini ona söykədi və kirpik çalmadan gözlərini Fridunun gözlərinə dikdi. Friduna elə gəldi ki, əlinə keçmiş şikarı parçalamamış oynatmaq istəyən bir yırtıcının qabağında dayanmışdır. Sərhəng beş dəqiqə heç bir söz demədən başını pəncələri arasına alaraq ona baxdı. Fridun kirpik çalarsa, balaca bir qorxaqlıq göstərərsə, yırtıcının üstünə atılacağını hiss edir və qəzəbli baxışlarını onun gözündən çəkmirdi. Birdən sərhəng qəhqəhə ilə güldü:
– Ağayi Fridun, xoş görmüşük!
Fridun heç bir söz demədi. O, eyni vəziyyətdə oturub sərhəngə baxırdı: Hətta onun hərəkətlərini, üz-gözünün ifadəsini diqqətlə izləyirdi. İnsanın daxili aləmilə zahiri hərəkətləri arasındakı bu nadir ziddiyyət ona qəribə görünürdü.
Sərhəng açıq bir istehza ilə:
– Bu tezliklə əlimə keçəcəyiniz yuxuma girməzdi, – dedi.
Fridun, haqqında çox şeylər eşitdiyi bu riyakar və zəhərli adamın qabağında özünü itirməməyə çalışdı:
– Hansı bir filosof isə, insan heç bir şeyə heyrət etməməlidir, – demişdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-yeddinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:
On yeddinci fəsilSərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.
On səkkizinci fəsilMister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.
On doqquzuncu fəsilTəpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:
Poems by other poets
نخست از فکرِ خویشم در تحیّرچه چیز است آن که خوانندش تفکّر
Tibb dünyasınaSağlam vücudda sağlam beyin, sinir bulunur,Sağlam beyində sağlam ağıl, fıkir bulunur,
Bir nigarı istərəm aləmlərin əlasıdırBir nigarı istərəm aləmlərin əlasıdır,Ruzgarın bağı içrə novgüli-rənasıdır,
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,