On doqquzuncu fəsil
Page 1 of 5
Təpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.
Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:
– Qızım, bir az tez ol, özümüzü bir yerə çatdıraq, – dedi.
İki yorğan, bir bağlama və balaca Almazın ağırlığı altında əzilən Gülnaz heç bir söz deməyib, tez-tez yeriməyə çalışdı. Lakin dizlərində ağır bir sancı hiss etdi. Qıçları, çarmıxa çəkilmiş kimi, ağırlaşmış və taxtaya dönmüşdü. Qız artıq onları irəli ata bilməyəcəyini, yeriməkdən qalacağını hiss edərək, bir az da özünə güc verdi, Lakin ayaqlarının sürətini artıra bilmədi. Gözaltı anasına baxdı və onun daha pis halda olduğunu, ağır-ağır nəfəs alaraq, son qüvvəsini topladığını gördü. Gülnaz özünü ələ ala bilmədi.
– Ana can, çox yorulmusan?
Arvad inildədi:
– Bala qıçlarım, dalımca gəlmir. Ayaqlarım bir-birinə dolaşır. Qorxuram yeriyə bilməyim.
Gülnaz bir söz demədi. Qara tellərini səpələndiyi bəyaz alnından süzülən ter damcılarını sildi və artıq mürgüləməyə başlayan Almazın yana əyilmiş başını düzəldərək çiyninə qoydu. Bir neçə addım da qabağa getdi. Təpənin ətəyində dönüb anasına baxdı. Arvad ondan xeyli dalda tövşüyərək gəlirdi. Ayaq saxlayıb gözlədi. İndi də anasını gecikdirən balaca Ayaz idi. Uşaq vəziyyətin ağır və faciəli olduğunu duyduğundan böyük adam ciddiyyəti ilə səy edir, anası və bacısı ilə ayaqlaşmağa çalışır, onlara əlavə yük olmaq istəmirdi. Lakin son gün o tez-tez geri qalır, oturur və qıçlarının ağrısından şikayətlənirdi. Gülnaza çatmağa on-on beş addım qalmış uşaq dizlərini tutub oturdu və “ana, gedə bilmərəm” deyib ağladı. Bu göz yaşlarında nəhayətsiz bir kədər və ümidsizlik vardı. Səriyyə xala zorla bir daşın üstündə oturub, onun boynunu qucaqladı, üzündən-gözündən öpdü.
– Ağlama, oğul, dincəl, gedərik. Başını dizimin üstünə qoy!
Uşağın, başını onun dizi üstə qoymasilə yatması bir oldu. Onun qıçları tutulmuşdu, neçə günün əziyyətinə davam gətirməyərək, üzülmüş uşaq yuxuya getmişdi. Artıq hava qaralmışdı. Onlar bir-birini zorla seçirdilər: Gülnaz:
– Ana can, – dedi, – Ayazı da qoy mən götürüm. Birtəhər gedərik.
O özü də bunun mümkün olmayacağını bilirdi. Çünki iki yorğan, bir bağlama və balaca Almazı zorla yerdən qaldırdığı halda, əlavə yeddi yaşlı uşağı da necə götürəcəkdi!..
– Gücün çatmaz, qızım, özün də əldən düşərsən.
– Bəs nə edək, ana? Burada ki qala bilmərik. Gecənin şaxtası uşaqları dondurar. Nə edək, ana? Bəlkə, Ayazı qoyaq gedək, kənddən adam göndərərik!
Səriyyə xala qəti etiraz etdi:
– Elə demə, qızım! Onu qoyub getsəm, nə üznən atana görünə bilərəm. Böyük oğlandır, kişinin ümidi ondadır. Onu qoyub gedə bilmərəm.
Gülnaz yeni bir çıxış yolu tapdı:
– Onda yorğanları ataq, özümüz birtəhər çıxıb gedək.
Səriyyə köksünü ötürdü:
– Yorğansız uşaqlar iki gün də yaşamaz, bala! Üstü açıq xarabalarda hamısı sətəlcəm olar. Bir də, pis gündə o çörəkdir, qızım!
– Bəs nə edək, ana? Burda qalsaq, birdən qurd gəldi, onda nə edərik?
Səriyyə xala çoxdan beynində dolanan bu fikri demək, Gülnazı qorxutmaq istəmirdi. Qızın özünü də təsadüfən ağlına gələn bu fikirdən vahimə basdı, anasına qısıldı.
– Bir yol tap, ana!
Arvad nalə çəkdi.
– Yaman yerdə axşamladıq, bala! Evimizi yaman yıxdılar. Didərgin saldılar. Yurdumuzu dağıdanın yurdunda bayquş ulasın!
Bu qarğış və nalələrin heç bir fayda verməyəcəyini görən arvad susdu. Dönüb gözləri yaşarmış Gülnaza baxdı və qəti bir qərara gəlmiş kimi, şirin yuxuda, olan Niyaz ilə Almazı yun şala büküb böyük bir daşın daldasında qoydu. Sonra bir neçə daş da onun yanına yığdı. Qalxarkən əyilib uşaqların üzündən öpdü və ağladı. Əllərini göyə qaldırıb:
– İlahi, balalarımı sənə tapşırıram, özün bunları saxla! – dedi.
Bu hərəkətin nə dəhşətli və ağır bir hərəkət olduğunu yalnız indi anlayan Gülnaz anasını qucaqladı və hönkürtü çəkdi.
– Hara qoyub gedirsən, ana? Çöllərə də, daşlara da uşaq tapşırarlarmı? Yox, mən ölsəm də, onlarla öləcəyəm!..
Ana, ürəyi daşa dönmüş, heç bir söz deməyib, hərəkət etdi. Ayazı yerdən qaldırıb, Gülnazın belinə, azca əvvəl Almaz yatan yorğanın arasına qoydu. Gülnazın belindəki bağlamanı öz çiyninə aldı və yola düşdü. Gülnaz əyilə-əyilə ayaqlarını sürüyüb, onun dalınca getdi. Sanki ürəyinin bir parçası qopub dalda qaldı. Sanki dizləri taqətdən düşdü, can bədənini tərk etdi. Lakin o ananın nələr çəkdiyini, qəlbinin parça-parça didilib dağıldığını bilmədi. Bir qədər gedib, təpənin üstünə çıxdılar. Qabaqda sönük işıqlar göründü. Bu ya bir kənd, ya da ki, kiçik bir qəsəbə idi. Onun sarı işıqları onların qəlbini sonsuz bir ümidlə doldurdu. Səriyyə xala geri döndü və körpə uşağının hər şeydən xəbərsiz yatdığı tərəfə baxdı. Bir də:
– İlahi, balalarımı sənə tapşırıram, məni naümid etmə! – deyib yalvardı. Birdən-birə harda isə uzaqlarda, qaranlıqda almaz kimi bir şey işıldayıb çəkildi, arvadın bütün bədəni titrədi. Ona elə gəldi ki, onu qara basır, gözünə cinlər, şeytanlar görünməyə başlayır. Salavat çevirib gözlərini yumdu və açıb bir də o tərəfə baxdı. Yenə zülmət içində bir cüt göz işıldayıb çəkildi. Lakin getdikcə onlar daha tez-tez və yaxınlarda parıldayırdı. O, bir daha dala baxmayaraq, üzünü kəndə tərəf, onun sönük işıqlarına tərəf tutdu:
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-on-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:
On yeddinci fəsilSərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.
On səkkizinci fəsilMister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.
İyirminci fəsilİkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.
Poems by other poets
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Suda işıqlar“Bağmeşə”dən iraq, “Sarı dağlar”dan,Günəş doğur səhər, rəngi qızıl qan!
Cümə günü doğulmuşamKeçmişdə cümə günü anadan olan uşağın*ağırlığı qədər taxıl çəkib paylayarmışlar.*