İkinci hissə, birinci fəsil

Sakit hər gün, tənəffüs vaxtı, beşinci mərtəbədəki şöbəsindən hiss olunmadan çıxar, akademiyanın yaşıllıq içində göz oxşayan həyətində, akasiya ağaclarının altında tək-tənha gəzinər, ya da böyük hovuzun sağında, solunda — harda boş yer olsaydı — oturar, dincələr, düşünərdi. Otaqdakı söz söhbətlər, telefon danışıqları, gəl-get ona mane olmazdı — səhərdən, işə gələndən stolunun arxasına keçib oxuyar, yazar, bir dəqiqəsini boş keçirməzdi. Fasilə vaxtınacan əməllicə yorulardı, tələsik bufetə düşər, yüngülcə nahar edib gəzintiyə çıxardı. Bu, uzun illərin adətiydi. Sakit təkcə ətrafındakıları yox, bir psixoloq kimi, özünü də kənar adam gözü ilə müşahidə, təhlil etməyi xoşlardı. Çoxdan, yazı-pozuya meyl elədiyi tələbəlik illərindən bu şəhərdə Sakit adında, bir pasport altında iki adam yaşadığını duymuşdu, anlamışdı. Biri hamının — tələbə yoldaşlarının da, müəllimlərinin də, sonra akademiya həmkarlarının və daha sonra isə ailəsinin də tanıdığı, sadə geyinən, az dinib, az danışan, daha çox dinləməyə həvəs göstərən, aza qane, gözü-könlü tox, işləməkdən, mütaliədən əvəzsiz zövq alan Sakit idi. Bu, Sakitin zahiri idi, gözə görünən tərəfi idi və bunu hamı görürdü. Ancaq elə o Sakitin içərisində, o adda, o ünvanda yaşayan ikinci bir Sakit də vardı — bu Sakiti tək özü tanıyırdı, yaxşı cəhətini də, pis cəhətini də yaxşı bilirdi. Bu Sakit — düşünən Sakit idi, hər şeyin dərdini — özünə dəxli olmasa da, — çəkən Sakit idi və bu mənada onun boş, qayğısız, fikirsiz keçən bir dəqiqəsi də olmamışdı. Bu, haradasa onu bezdirirdi, usandırırdı, öz sənətinə hərdən nifrət eləyirdi — çünki əzablı sənət idi — kitab yazırdı, beynini, qəlbini düşündürən fikirləri kağız üzərinə töküb canlandırırdı, o kitabı oxuyanlar, bəyənənlər tərifli sözlər də deyirdilər. Lakin onlar yalnız bu kitabı görürdülər, onun dünyaya gəlməsi üçün çəkilən əzabları, içini — ürəyini yediyi anları görmürdülər, görə bilmirdilər. Əslində o, zahirən bu aləmdə yaşayırdı; işə gəlir, evə gedir, arvadı-uşağı ilə danışırdı, amma həqiqətdə isə o, yazdığı dünyada olurdu fikrən, adamlarla oturub-durur, dərdini-qayğısını çəkir, onlar xoşbəxt olanda o da xoşbəxt olur, öləndə o da ölürdü. Son əsərini on yeddi ilə yazmışdı. Akademiyaya gələndən azı — üç il sonra kənd həyatından qələmə almağa başladığı həmin əsər nədənsə yaman uzanmışdı, bütün bu illər ərzində o, fikrən qəhrəmanlarının yanında olmuşdu, onlarla yaşamışdı. Kitabın son fəsillərini uzun müddət yaza bilməmişdi, daha doğrusu, yazmaqdan qorxmuşdu — çünki sonuna nöqtə qoyandan sonra onlardan — düz on yeddi il qəlbində, xəyalında, yuxularında gəzdirdiyi o sadə, mehriban adamlardan ayrılacağından, uzaq düşəcəyindən qorxmuşdu. Aylar, illər keçmiş, sonra o, içində işlədiyi bu maraqlı aləmə qayıtmışdı və ətrafına baxdıqca yazmalı, deməli çox şey olduğunu anlamışdı: uzağa getmək lazım deyildi. Bax, elə günün səkkiz saatını bir yerdə işlədiyi bu adamların hərəsinin həyatı bir roman idi. Burda çox düşünmək, əhvalat axtarmaq, yaxud quraşdırmaq lazım deyildi. Bu adamlar onun gözünün qabağındaydı — xasiyyətləri, simaları, taleləri ilə. Və zahirdə hər kəsə, hər şeyə sakit, biganə baxışlarla nəzər salıb susan Sakitdən fərqli olaraq əsl Sakit, birinci Sakitin içərisində yaşayan ikinci Sakit bu kollektivin maraqlı, ziddiyyətli romanını gecə-gündüz beynində dolandırırdı. Bu Sakit Salman Qurbanzadənin, Nadirə xanımın elm aləmindəki mövqeyi, ailə həyatı, bu yaxınlarda evə soxulmuş oğrular tərəfindən vəhşicəsinə öldürülmüş cavan Ceyhun haqqında, ərini və sevgilisini dalbadal itirmiş Gülmirə barədə, hamının «Dombagöz» adlandırdığı gənc şair İltifat, Sarışın, təzə direktor olandan sonra buynuzları çıxan Nurəddin Osmanzadə, onun toruna düşüb təmiz adını ləkələyən qəşəng Şərifə xanım, qəlbi kobudcasına sındırılmış əziz müəllimi Aslan Aslanzadə və başqaları haqqında gecə-gündüz düşünür, yazacağı kitabı söz-söz, fəsil-fəsil beynində, qəlbindətikib qururdu. Gözünün qabağında gündə səkkiz saat gəzib işləyən, hər birinin öz xasiyyəti, dünyası olan bu adamlar artıq onun ürəyinə köçmüşdü — bunlara o, öz qəhrəmanları kimi baxırdı — yaxşı, mərdanə hərəkətlərini görəndə bir qayğıkeş ata kimi sevinirdi, pislik, nadanlıq, qəbahət, dosta xəyanət, ailəyə dönüklük görəndə, hiss eləyəndə pərt olur, dərd çəkirdi. İş vaxtı qurtarıb hərə öz evinə-eşiyinə çəkilib gedəndən, Sakit də axşam yazı masasının arxasına keçəndən sonra, yenə onlar barədə fikirləşirdi. İkiqat yaxın, ikiqat doğma olmuşdular ona bu adamlar; acığı gələnləri də vardı — ancaq onlar haqqında da qəlb ağrısı ilə düşünürdü Sakit. Bu idi ikinci Sakitin gözəgörünməz dərdi, qayğısı. Sanki kimsə, rəsmi surətdə yox, elə belə, möhürsüz, əmrsiz Sakiti bu kiçik kollektivin ağsaqqalı, böyüyü təyin eləmişdi. Makinaçılardan tutmuş lap direktorun özünə qədər hamı üçün cavabdeh hiss eləyirdi özünü. Fikrən, xəyalən onların hər birisinin həyatı, xasiyyəti, rəftarı, əxlaqı barədə, jurnalist və tədqiqatçı dostlarının dediyi kimi, o qədər «material» todlamışdı ki, əgər şirin yuxudan qaldırıb kiminsə haqqında məlumat və ya xasiyyətnamə istəsəydilər, Sakit tərəddüd etmədən, çətinlik çəkmədən, gözüyumulu deyərdi, yazıb verərdi — hətta onun «pərdə arxasındakı» həyatını da işıqlandırardı. Hətta adamın bir sirr kimi qəlbinin dərinliklərində gizləməyə çalışdığı, məhrəm fikirlərini də kağıza köçürərdi. Və buna o özü də heyrət etməyə bilmirdi. Çünki Sakitə filankəsin filankəsə fırlatdığı bir baxışı tutmaq kifayət idi ki, sevdiyini və yaxud nifrət elədiyini aydınlaşdırsın. Birinin köynəyinin yaxasını çirkli, düyməsini qırıq, dəsmalını əzik görmək bəs idi ki, onun arvadının səliqəsiz olmasını, əri ilə maraqlanmamasını qəti şəkildə söyləyə bilsin. Başqa birisinin müdirə rast gələn kimi, üz-gözünü iyrənc şəklə salan yaltaq təbəssümünü bircə dəfə görmək bəsi idi ki, o adamın şəxsiyyətinin heç-puç olması fikri beynində həmişəlik yurd salsın.

Alibala Hajizade1 h 40 min
Xoş gəlmisən, Nərgizim

(Dramatik roman)MƏN – İş saatı yenicə qurtarmışdı. Evə – ailəsinin, uşaqlarının yanına, dükana-bazara tələsən şöbə əməkdaşları beş-altı stol, iki şkaf qoyulmuş, iri lay pəncərələri şəhərin ən gözəl, axar-baxarlı küçələrindən birinə açılan otağı tərk edib getmişdilər. İdarədə təkcə Toğrul qalmışdı. Buna o, uzun illərdən bəri adət eləmişdi. Hamı çıxıb gedəndən, gəl-get azalandan sonra o, redaktə etdiyi əsərin əlyazmasını təzədən qabağına çəkər, səbrlə, təmkinlə, düşünə-düşünə oxuyar və düzəlişlərini edərdi. Yorulanda qələmini yerə qoyub siqaret yandırar, qızarmış, yorğun gözlərini qənşərində qoyulmuş stola ⎯ Nərgizin stoluna dikər, hər səhər hamıdan qabaq gəlib suladığı dibçəkdəki «aşdım-daşdım» gülünə baxar-baxar, xəyalında Nərgizi öz yerinə gətirib oturdar və ürəyində, səssiz-səmirsiz onunla dərdləşərdi.

Alibala Hajizade2 h 15 min
Birinci hissə, ikinci fəsil

Aslanla Leyla arxa tərəfdə, yanaşı oturmuşdular. İkisi də gərginlik içindəydi, ancaq heç biri dinib danışmırdı. Əslində isə hər ikisi, daha doğrusu, hər üçü ürəyində danışırdı. Aslan bağa getmək fikrinin baş tutmasına, Leylanın buna razılıq verməsinə sevinsə də, hadisələrin necə cərəyan edəcəyindən, söhbətdə nələr eşidəcəyindən yaman bərk nigarançılıq keçirirdi. Hiss eləyirdi ki, irəlidə onu dəhşətli, sarsıdıcı şeylər gözləyir, bunları bilmək, bəlkə də ürəyinin partlaması ilə nəticələnəcəkdi, lakin bütün bunlara baxmayaraq, o, dizləri əsə-əsə bu mənasız ölümə doğru könüllü surətdə özü gedirdi, çünki daha dözümü qalmamışdı; «Nə olacaq qoy olsun, birdəfəlik bu daxili əzablardan canım qurtarsın». Özü haqqında fikirləşirdi, böyründə əyləşmiş Leyla xanım barədə heç nə düşünməməyə çalışırdı, çünki artıq qorxurdu. Qadın gözünün odunu yaman almışdı ipə-sapa yatmayan, təbiəti etibarilə hökmlü adam olan Aslan, necə deyərlər, özü də fərqinə varmadan, quzuya dönmüşdü və artıq əmin idi ki, Leyla xanım insafsızlıq eləyib desə ki, təpəsi üstə dayan, heç bir etiraz eləmədən, «Axı niyə? Axı sən kimsən ki, mənə belə əmrlər verirsən?» ⎯ söyləmədən dayanacaqdı. Həm gülməliydi, həm ağlamalıydı onun halı, lakin təəssüf ki, nə gülə bilirdi, nə ağlaya bilirdi.Leyla xanım sürücünün arxasındaydı, onun boynunun ardına baxırdı, Aslan barədə düşünmürdü, çünki fikrini qarşısındakı beli azca donqar, saçları artıq çallaşmış, enli kürəkli, ba-yaqdan bəri dinib-danışmayan, ancaq yola baxan sürücü cəlb eləmişdi. Kişi tez-tez ah çəkirdi və sərnişinlərin də eşidə biləcəyi səslə: «Allah, sən özün kömək ol, ümid bir sənə qalıb» ⎯ deyirdi. Ürəyindən keçirdiklərini isə Leyla aydın eşidirdi: «İlahi, sən özün mənim aman-zaman qız balamı o odun-alovun içində hifz elə. Nə anasının sözünə baxdı, nə mənim. Elə bil Vətən tək bunundu, elə bil Qarabağda dünyaya gəlib. Yazıq heç Qarabağın üzün də görməmişdi. Dünyanın düz vaxtı elə hey dedim ki, yığım arvad-uşağı, aparım oralara, İsa bulağının üstünə, gəzsinlər, görsünlər, qismət olmadı. Zalım uşağı oturublar burda, stol üstündə, vəzifə üstündə bir-birinin ətini ye-yirlər, orada isə torpaq əldən gedir, lay divar kürəkli cavanlarımız qırılır. Hamısı da kasıb-kusub balasıdır. Bir dənə dövlətlinin, vəzifəlinin oğlu, qardaşı yoxdu orda. Allah eləməmiş, o qızın başına bir iş gəlsə, anası dəli olacaq. Elə indi öz-özünə danışır, televizorun, radionun qabağından çəkilə bilmir. Ay atam-qardaşım, bizim bu böyüklərimiz niyə belə qeyrətsiz oldu görəsən? Bunlar gecələr evlərində necə rahat yata bilirlər, ilahi? Boğazlarından çörək necə keçir? Yox, o uşağıma bir şey olsa, baxmayacağam ağına-bozuna, işimi-gücümü atacağam, güdəcəyəm, o şərəfsizin başına harada əlimə keçsə, bir güllə çaxacağam. Yoxsa mənim ürəyim soyumaz.» Kişi cismən burdaydı, maşının içindəydi. Ancaq Leyla hiss eləyirdi ki, o, fikrən ordadı, cəbhədədi ⎯ qızının yanındadı. Kim də başa düşməsə, Leyla onu yaxşı başa düşürdü, çünki özü də o dərdliydi, çünki onun da, ailəsinin özündən sonra sağ qalmış yeganə nümayəndəsi ⎯ yeganə qardaşı Mərdan da cəbhədəydi: Leyla nə qədər eləmişdi, bu sürücünün qızı kimi, onu fikrindən döndərə bilməmişdi. «Yox, bacı, ⎯ demişdi Mərdan, ⎯ mən qala bilmərəm, mən atamın, qardaşımın, öldürülənlərimizin, buzda-şax-tada donanlarımızın, evimizin-eşiyimizin intiqamını almasam, yer üzündə yaşaya bilmərəm, bacı. Sən nahaq ağlayırsan, nahaq yalvarırsan, bacı, məni sən yox ha, Allah özü də gəlsə saxlaya bilməz. Mən getməliyəm». Və doxsanıncı ilin fevralında, imperiyanın qırmızı ordusunun rəhmsizcəsinə biçib məhv elədiyi şəhidlərin qırxı çıxan günün səhəri, tək-tənha «Şəhidlər xiyabanına» gedərək qərənfil yorğanı altında uyumuş qurbanlarımızın məzarları arasında gəzinə-gəzinə səssiz-səmirsiz and içmiş, oradan da çıxıb getmişdi. Elə o zaman Leyla qardaşının gələcək bədbəxt taleyindən xəbərdar idi, lakin açıb ona deyə bilmirdi, buna görə də həmişə dərd çəkirdi. Mərdan hələ sağ idi, vuruşurdu və hələ vaxtına çox vardı ⎯ dəhşətli sona hələ çox qalırdı.

Alibala Hajizade1 h 50 min