Isa Mughanna
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora “spalni” – yataq otağı idi.Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.
Xəzinə üstündə yatan ilan 4Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 6İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.
Xəzinə üstündə yatan ilan 11Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!
Süleyman padşahın xəzinəsi 8Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatının”, “Cəbrin”, “Həndəsənin”-filanın vərəqlərini o yan-buyana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.