Ana dedim, ürəyimə yanar odlar saçıldı,Ana dedim, bir ürpəriş hasil oldu canımda,Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən,Onu gözəl anlatamaz düşündüyüm satırlar.Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,Çünki onun xilqətində ayrıca bir füsun var.

Başqa aləm yaşamadım böylə gözəl biçimdə,Onu kimsə gözəlliyin cilvəsində yaratmış;Ana, ana... çiçəkli bir fidandır ki, içimdəTa əzəldən kök salaraq, ürəyimdə boy atmış.

O fidanı bəzi vaqıt istiyorum çəkərək,Qoparayım ürəyimdən, fəqət onda varlığımSızıldarkən, sanki bir səs qopub incə və titrəkBir lisanla söylüyor ki: - Mənə dəymə, yazığım!

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,Söylədiyin sözlər ki var beşiyinin üstündəOxuduğum türkülərin kölgəsidir, övladım!Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananıBaban kimi soyuq əllər qucağına çəkərkən,Yalnız acı fəğanların titrədirdi hər yanı.

İndi mənə hər kəs: - Anan, baban varmı? - söyləsə,Diyorum ki, - qapılmadan bir xülyaya, bir hissə-Olan olmuş, keçən keçmiş, indi məni yaşadanBir müqəddəs, bir səmimi əməlim var, tapdığım.

İnandığım bir qiblə var, o da hər gün, hər zamanYorulmayan qollarımla, düşünərək yapdığımBir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets