Müsəlman sosial-demokratlarınlan ən qeyrətli, fail və iş görənlərdən Əziz Məhəmmədoğlunu avqustun 4-cü gecəsi erməni məhəlləsi Avlabarda vəhşicə öldürüb yolun kənarına tulluyublar.

Mərhum qayət şəci, beş-on məlunu birdən əzəcək igidlərdən olduğundan, gecənin hansı vaxtında olursa, Avlabardan keçib xidmət etdiyi sallaxanaya gedərdi. Qətl olunan gecə də yalnızca Avlabardan keçib sallaxanaya gedirmiş. Nəşinin tapıldığı yerdə qan əsəri olmadığından görünür ki, mərhum özgə tənha bir yerə bir bəhanə ilə aparılıb, beş-on adam birdən üstünə tökülüblər.

Mərhumun xəncərlər ilə başını, döşünü, böyürlərini deşik-deşik ediblər. Qulaqlarını kəsib öldürəndən məlunə aparıblar.

Əziz Məhəmmədoğlu qəssab idi. İşini namus və halal ilə görməklə bərabər camaat işinə də əl qatıb füqəraya kömək edərdi. Savad və elmsizliyi ilə bərabər qayət həmiyyətli, qanacaqlı, fəqir və kasıblar üçün fədakaranə çalışan igid bir cavan idi. Öz məsləki olan sosial-demokratlıq yolunda həqq ilə çalışıb, özlərini hamı Tiflis camaatına tanıtmış, şəci, riyasız, qorxusuz, doğruçu, insaniyyətli nadir bir vücu idi.

Mərhum axır vaxtlarda Tiflis hamamlarında çalışan fəqir və kasıbların məvaciblərini artırıb bir qədər insanca məişət etmələrinə artıq mərtəbədə kömək edirdi. Və qoymurdu ki, özgələrin alın təri ilə keçinməyə öyrənən müftəxor xozeynlər əmələ və fəqirlərə zülm etsin.

Rəvayət və mühakiməyə görə mərhumun öldürülməsi ilə hamamlar məsələsi arasında böyük bir rabitə varmış.

Mərhumun cənazəsini avqustun 8-də cümə günü Mixaylovski xəstəxanasından qaldırıb müsəlman qəbiristanına götürdülər. Cənazə alayı Voronsov küçəsindən keçib soldat və erməni bazarları ilə gətirildi. Cənazə keçən dəmlərdə bir çox gürcü və ermənilər də dükanlarını tamamilə bağlayıb cənazə alayına qoşulurlardı. Alayın keçdiyi küçələrdə dükanların çoxu bağlanmışdı.

Mərhumu xəstəxanadan qəbrədək əl üstündə götürdülər. Tabutun üstünə çoxlu çiçək dəstələri qoyulmuşdu. Cənazə alayının keçdiyi küçələrdə tərəddüd bilmərrə kəsilmişdi. Cənazəni ancaq saat 2-də müsəlman qəbiristanına gətirə bildilər.

Heyif, min kərə heyif! Böylə möhtərəm bir cənazə alayında xristianlara görə müsəlmanlar, demək olur ki, çox-çox az idilər. Hələ oxumuş və tacir qismindən ancaq dörd-beş həmiyyətli gəlmişdi. O gün cümə olmağa görə müsəlmanların dükanları qapalı idi. İnsanlıq və müsəlmanlıq xahiş edirdi ki, müsəlmanlar qonşularından çox olsun. Oyanıb cəmi traktir və çayxanaları da qapayıb cəmiyyət təşyi-cənazəyə getməli idilər. Heyif ki, müsəlmana yaraşan tövrdə olmadı. Qəbiristana gedən müsəlmanların da yarısı dəfn gözləməyib qayıtdılar. Amma hər işin, hər vaxtın yolunu, səmtini bilən qədirşünas qonşu xristianlar ta dəfnin axırına qədər qəbiristanda səbir edib öz hörmət və insaniyyətlərini həqq ilə göstərdilər.

Qəbiristana qədər gəlib insanlıq borcunu əda edənlərin içində bir çoxlu möhtərəm xristian yazıçıları, damaları, camaat və şəhər vəkilləri, xanım qızları da vardı.

Dəfn edilən vaxtda türkcə, gürcücə, ermənicə, rusca qayət təsirli nitqlər oxundu. Oxunan nitqlərin müxtəsər məzmunu böylədir: Əziz elm, pul və mənsəbcə böyük bir adam deyildi. Amma məsləki yolundakı qeyrət və sədaqətinə görə ən böyük adamlardan biri idi.

Əziz ölmədi, müqəddəs məsləki yolunda yaşamaq üçün vücudi-zahirəsi aramızdan getdi.

Əzizin adı, Əzizin ruhu həmişə xatirədə qalacaqdır, yaşayacaqdır.

Əziz bir gün öləcək idi. Amma bugünkü kimi şan və şöhrət görüb həmişə diri qalacaqdır.

Yoldaşlar! Əziz üçün ağlamayın. Çünki Əziz ölmədi. Əziz adi adamlar kimi torpağa basdırılmadı. Əziz camaatın qəlbinə məhəbbətlə girib orada basdırıldı, orada məkan tutdu.

Əzizin ruhunu şad etmək istəyənlər ağlamasın, bəlkə Əzizin fəda olduğu məsləki yarıda qoymuyub onu itmamə çalışsınlar.

Əzizin ruhunu biz o vaxt şad etmiş oluruq ki, əməlini, fikrini mühafizə edib davam etdirək.

Əziz müsəlmanların içində, bu müqəddəs yolda birinci qurbandır. Müsəlmanlar belə əziz və şanlı qurbanlar ilə doğrudan fəxr edə bilərlər.

Biz bu əziz qurban ilə daha ziyada anladıq ki, müsəlmanlar bu maarifsizlikləri ilə bərabər elmi-insaniyyətə, demokratlıq yoluna daha çox qurban verməyə hazır insaniyyət və füqərapərəst alicənab bir millətdir.

Ümid

“İrşad” qəzeti, 12 sentyabr 1906, №214

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ümidvaram

Çox ümidvaram ki, bəradəri-həmiyyətpərvərim Firudin bəy Köçərlinin meydana çıxardığı “Müəllimlər” məsələsi digər min bir dərdimizin cərgəsinə tullanmaz. Ümidvaram ki, ikmal etməyə çalışdığımız nöqsanların üst pərdəsinə bir az əl sürülüb yenə köhnə sayağmda buraxılmaz. Ümidvaram ki, həqiqətin meydana çıxmağına çalışan həmiyyətli yazıçılarımız qədim adətimizə uyub zorlarını, qələmləriniyalnız gücləri çatdıqlarını tapdalamağa sərf etməzlər.Bəli, etməzlər də işin kökünü; bulanan suyun mənbəyini axtararlar. Mənim qanacağıma görə darülmüəllİmindəki şagirdlərimizin türkcə bilməməklərinə, məlumati-islamiyyətdən baxəbər qalmaqlarına, ürəklərində millət və vətən məhəbbəti olmamağına, bir sözlə, “yarımçıq” qalmalarına səbəb məhz müsəlman müəllimlərinin yavaş tərpənişləri deyildir. Bəlkə bizlərə rəva görülən zülm və ədalətsizlikdir. Və bir də böyük qulluqçuların çıxardığı “sirkulyar”lardır. Padşahdan savayı hər kefi gələnin öz eqlincə çıxardığı hədsiz, saysız”qərardadsızlardır”.

19065 min
Cavab

“Həyat”ın 86-cı nömrəsində “Şeyxzadə” imzası ilə Axısxadan yazılmış məktubu oxuyub xeyli fikrə getdim. Fikrə getdim ki, belə bir vaxtda bəradərimiz molla Hafiz Məhəmməd Əmin Şeyxzadə kimi məlumatlı görülən mollalarımız “Hümməti-əhli-vicdan ilə sui-idarəyə “xitam” verilib, bir dövri-cədid “Həqqaniyyətipədid” elan edildi…” kimi çürük və axmaq aldadan sözləri qəzet sütunlarında təkrar-təkrar yazmaqda ayə qəsdləri nədir? Anlamadım ki min fənd və hiylələr ilə gah camaatı aldadıb, gah hökuməti çaşdırıb yüz minlərcə fədakarani-hürriyyətin qanlarını sellər təki axıtdıran qospodin Vitte və Dumovlara layiq olan sözləri bəradərim cənab Şeyxzadenin yazmağındakı dərin hikmət nədir? Cənab Şeyxzadə mənim: “Havaxt hümmət əhli vicdan ilə sui-idarəyə “xitam” verildi?” – sualıma cavab olaraq deyir “Nə əcələ edirsən? Hələ vaxt çoxdur, hər şey yavaş-yavaş olar, səbir etməli. Görmürsən yevropalılar belə məqami-bəlayi-hürriyyətə vəslət üçün ah və nalələr çəkirlər… Hələ bizə nə oldu?”Çox təəccüb, çox heyif ki, bu qədər döyülməyə, bu qədər əzilməyə səbr edib cana gələ-gələ bəradərimiz Şeyxzadə bizə yenə “səbir həblərini” uddurmaq istəyir. İnsaf, yahu insaf! Yevropalılar məqami-bəlayi-hürriyyətə ah və nalələr çəkəndə bizlər nə üçün məqami-müqəddəsi-hüriyyətə hənuz düxul üçün fəryadlar qopar-mayaq? O müqəddəs yolda mal və candan keçməyək? Eyib deyilmi ki, Rusiyənin qeyri tayfaları hürriyyət üçün mal və canlarını fəda etdikləri halda “bizlər” bıçaq ağzı qədər açılan hürriyyət qapılarına şükr və səna ilə vaxt keçirək? Hürriyyət üçün “Dəccal”ların zühu-runu, “çaqqal”ların evlərimizə qədər girmələrini gözləyək! Məgər bos deyilmi bu qədər səbir? Bəs deyilmi bu qədər döyülmək, aldanmaq, özgələrinin keflərinə heyvanlar təki xidmət etmək. Nə demək istəyirsiniz, biz yata-yata, kef çəkə-çəkəmi özgələr bizim üçün çalışıb hürriyyət loğmasını ağzımıza versinlər?! Nədər ötrü öz hürriyyətimiz, öz xeyrimiz üçün özümüz çalışmayaq? Əgər sizin dediyiniz kimi, bıçaq ağzı qədər verilən hürriyyət ilə kifayətlənib şükr-səna ilə məşğul olsaq o cür hürriyyəti tez əlimizdən alarlar, nə tövr ki, aldılar, alırlar. İstərsiniz bu barədə min bir misaldan bir-ikisini ərz edim.

19069 min
Bu Günlər və bizim Rəhbərlər

Bu günlər hər kəsin qulağı Peterburq tərəfindədir. Bu günlər zülm və cəfadan cana doyan milyonlarca məxluğun zəif nəzərləri millət məclisinin tərəfindədir. Bu günlər əsiri-istibdad olan milyonlarca acizin, minlərcə fədakarani-hürriyyatin ümidi-nicatı o qibləgahi-hürriyyət tərəfindədir. Bu günlər ürəyində bir cüzi insanlıq məhəbbəti olan hər nəfər o ümidgahı-müqəddəs tərəfindən gələn səsləri dörd qulaq ilə dinləyir, vəkillərin cəsarətlərini qüvvətləndirmək üçün Peterburqa razılıq teleqramları yağdırır. Bu günlər camaat tərəfindən Peterburqa gedən teleqramlar camaatın hürriyyət və müsavat yolunda fədaya hazır olduqlarını çox açıq bir dil ilə anladır. Bu günlər hərkəs əlindən gəldiyi qədər millət məclisinə kömək etməkdə müzafiqə etməyir: kimi teleqraf ilə, kimi qəzet sütunlarında atəşli məqalələr ilə, kimi hürriyyətamiz, bəsirətəngiz məcmuələr ilə öz insanlıq borclarını əda edirlər. Bu günlər advokatların, müəllimlərin və mühərrirlərin yazdıqlarından sərfi-nəzər, gürcü, rus rəhbərlərinin, ruhanilərinin yazdıqları odlu yazılar, sazişli sözlər insaniyyət yolunda axıdılan qanlar ilə bərabərdir. Bu günlər rus keşişi fəzilətli cənab İvan Brixniçevin on altı səhifədən ibarət həftəlik çıxardığı “Dur, ey yatmış” qəzeti oxunub ibrət götürülməli qiymətli bir əsərdi, bu günlərə məxsus rusca yazılar bir bəsirətnümadır. İştə bu günlər hər kəs öz qüvvəsincə, öz həmiyyət və qeyrətincə, öz istiqbalı nöqteyi nəzərincə Allah rizası üçün səy və hümmət göstərirlər. Əlbət, belə dar, lazımlı günlərdə bizim rəhbərlərimiz də hümmət və qeyrətdən geri durmazlar. Əlbət, “islam” hamıdan artıq hürriyyət və müsavat, ədl və mərhəmət tərəfdarıdır. Xeyr, nəinki tərəfdarı, bəlkə hürriyyət və müsavatın anası, mənbəyidir. Əlbət ki, müsəlmanların rəhbərlərində hamıdan ziyadə öz dinlərinə layiq olan yolu tutub vaxtdan, təqazadan istifadə edəcəklər, əlbət ki, əfradi-millətin indiyə qədər ruhanilər barəsində olan bədgüman ve sui-təfhəmlerini dəf üçün idareyi-ruhaniler fürsəti fövt etməyəcəkdirlər. Xüsusilə Qafqazda müsəlman dəxi insanlar cərgəsində haqq və ixtiyar sahibi bir camaat olduğunu hökümətə göstərəcəkdirlər.Həmd olsun bu ümidlər boşa çıxmadı. Bizim rəhbərlər də özlərini göstərdilər. Mayın 7-de idareyi-ruhaniyyə rəisləri, üzvləri və qeyri qulluqçuları cənab müfti əfəndinin rəyasət xanələrinə cəm oldular, bu günlər müsəlmanların hər tərəfdən sıxılıb əzilməklərinə, zülm və cövr görməklərinə, bir sözlə zəmanənin təqazasına görə fürsəti qənimət bilib müşavirəyə başladılar. Müşavirənin əvvəli idareyi-ruhanilərin qərardadlarını təğyir ve islah oldu. Mayın 24-də təyin olunan ümumi məclisin görəcəyi vəzifəni bunların qabaqca yığışıb müşavir etməklərində əlbəttə ki, böyük bir tədbir, ali bir niyyət gözlənir. Əlbət ki, ümumi məclisdən əvvəl əcəli cəm olub rahat fikirlə müşavirə etməklə böyük bir fayda, uca bir məqsəd var. Əlbət ki, ümumi məclisin bəlkə birdən qəbul edə bilməyəcəyi hürriyyət ve müsavat cəhətlərini vaxtından əvvəl müzakirə edib məclisi qəbula məcbur edəcək yollar, sözlər hazırlamaq vacibdir. Budur ki, vaxt fövtə verilməyib şiddətli xahişlər ilə müşavirə başlandı. Bəli başlandı…

19067 min
Qəbahət sizdə və bizdə

“İrşad”ın 112-ci nömrəsində “Hadi” imzası ilə en bəsirətli bir alimimiz tərəfindən yazılan məqaləni diqqətlə oxudum. Məqalənin ibtidası xeyli bəsirət və həqiqətnümadır, fəna filillah bir alimi-rəbanın ürəyindən qopan avazi-qüdsi və ruhanidir. Çox az alim tərəfindən izhar edilə bilən mütəvazehanə, lakin alicənabanə, doğrudan hadi-yanə etiraflardır. Bu zamanda çox nadir eşidilən münsifanə, fəzlanə, xudapəsəndanə kəlimatdır. Cənabi həqq belə həqiqət bin, şikəsteyi-nəfs, fədakarani-millət fazilləri öz elmi-hürriyyəti ilə aramızda artıq eləsin.Fəzilətli cənab Hadi əfəndi həzrətlərinin məqalələri ümumiyyətlə, gözəl yazılmışdır. Ancaq məqalələrin axırlarını eyni ilə qəbul etməkdə fikir və vicdanıma nə qədər dedim ki, “hər nə yazılmış isə çox əla, sənin xoşuna gəlmirsə, gəlməsin. Bəlkə həqiqət elədir. Hər sözü çəkib uzadıb peşindən düşmək “hüsn-zənnin” xilafıdır. Xüsusilə bu cür fazil rəbbatnilərin qabağında dinmək sənin həddin deyil…” Lakin nə çarə ki, belə zəif sözlər ilə məhkəmeyi-vicdanımı aldadıb rahat ola bilmədim. Zira hər yandan müddəi qüvvələr vicdanımın üstünə tökülüb dedilər: “Nədən öz fikrini, doğru zənn etdiyin sözü açıq deməyəsən? Bu nə yaman adətdir ki, alim Hadiləri də müdara və yalançılıq ilə aldadasan? Halbuki bilmədiyini öyrənmək eyib deyil, bəlkə fəzilətdir…” İştə bu tövr bir mühakimə ilə vicdanıma məğlub olub aşağıdakı fikri-qasiranəmi ərzə cəsarət eləyirəm:

19066 min

Poems by other poets