Millətlərin dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da ancaq mətbuatlarıdır. Hansı məmləkətdə çoxlu nəfli, davamlı və nüfuzlu mətbuat varsa, ən mütərəqqi və mədəni məmləkət də orasıdır.

Mətbuatı olmayan millətin mövcudiyyəti-istiqbalı qətiyyən yoxdur. Mətbuatı olmayan millətin və məhəbbəti-vətəniyyəsi, nə qeyrəti-milliyə və insaniyyəsi və nə də idareyi-məşrutəsi ola bilər.

Dünyada davamlı heç bir hökuməti-məşrutə yoxdur ki, onu vücudə gətirən səbəbi-yeganə mətbuat olmasın. Heç bir nəticə-pəzir inqilab yoxdur ki, onun müqəddiməsi, onun validi mətbuat olmasın.

Mətbuat, inqilab, hürriyyət, ədalət – bunların cümləsi bir-birindən edadına möhtac yoldaşlardır. Bu səbəblədir ki, mətbuatsız səmərə-bəxş inqilab, inqilabsız hürriyyəti-mətbuat ola bilməz. Bu cəhətlədir ki, mətbuatsız idareyi-məşrutə, idareyi-məşrutəsiz hürriyyəti-mətbuat davam edə bilməz.

Biz az daha açıq deyək: bir idareyi-məşrutə ki, mətbuatın və bu vəchlə əfkari-kəsirənin məhsulu deyildir, tez-gec köhnə halına qayıdacaqdır. Bir inqilab ki, bir çox illər mətbuatın qucağında tərbiyə olub onun təsirilə əmələ gəlməyibdir, ciddi səmərə verə bilməyəcəkdir.

İştə mətbuatın bu qüvvət və təsirini bildikləri üçündür ki, müstəbid padşahların cümləsi, nə qədər gücləri varsa, ciddi və həqpərəst mətbuatın məhvinə sərf etmişlərdir və etməkdədirlər.

Əgər biz türklər və müsəlmanlar da istərsək ki, dünyada yaşayaq, hüquqi-insaniyyəmizi mühafizə edək, qovğayi-həyatda məğlub olmayaq, gərək qüvvətlərin allahı olan mətbuatın hörmət və əzəmətini bilək. Bilək də “mətbəə” və “kitabxana” adı ilə ona məxsus “məbəd”ləri vücudə gətirək, bir də ümumi qayidəyə tabe olaraq özümüzü, öz hüquqi-insaniyyəmizi mətbuatla mühafizəyə çalışaq.

Heyif ki, biz Qafqaz və Azərbaycan türkləri arasında mətbuat namına çox az əsər var. Bizimlə bir qonşu, bir vətəndaş, lakin bizdən dörd-beş qat az olan ermənilərin, gürcülərin ayda bir neçə yüzə qədər təzə kitabları, məcmuələri çıxdığı halda bizdə ayda dörd-beş kitabça da olsun çıxmır. Hərçənd bu son vaxtlarda bir para təzə kitablar nəşr olunur. Lakin bunların bir parası tarix və divan adı ilə xurafat və cəfəngiyatdan ibarət, bir parasının da qiyməti birə beş-on qat artıq olduğundan ümumə nəf verməməkdədirlər. Ortada nəfli və hər kəsin ala biləcəyi ucuz qiymətdə kitablarımız çox az.

İndilik talifi mümkün deyilsə, tərcüməyə nə söz. Ruscadan türk-cəmizə tərcümə olunmalı minlərcə kitablar var.

Ümidvaram ki, açıq dil ilə yazılmış nəfli, ucuz kitabçaları camaatımız alıb oxuyar. Camaatı həmişə bir qərarda rəğbətsizlikdə güman etmək olmaz.

Mətbuatımızın irəli getməməyində camaat müqəssir isə, yazanlar da günahsız deyildir.

Bu gündən sonra camaatımız rus dili bilən ziyalılarımızdan, xüsusən müəllimlərimizdən çoxlu tərcümələr, əsərlər ümid edir.

Bu günlərdə mətbuatımıza “Müsəvvər Rüstəm və Söhrab” adında gözəl, ibrətli bir kitab əlavə olundu. “Müsəvvər Rüstəm və Söhrab” cahani-mədəniyyətdə məlum və məşhur olan Firdovsinin “Şahnamə”sindən tərcümə və nəql olunmuşdur.

“Şahnamə” məşhur dillərin cümləsinə ya tamamən və ya qismən tərcümə olunduğu halda heyif ki, türkcə tərcüməsi hənuz yoxdur. “Müsəvvər Rüstəm və Söhrab” “Şahnamə”nin bir qisminin tərcüməsi isə də, bu qism o qədər mühüm və o qədər ibrətlidir ki, bundan, müəllimin əfkari—məxsusəsini bilmək olur.

“Müsəvvər Rüstəm və Söhrab” ədəbi Azərbaycan türkcəsi ilə nəzmən yazılmış 180 səhifəlik bir kitabdır.

Kitabın dili mümkün mərtəbə açıq, üslubi-təhriri xoş və səlisdir. Kitabın nazimi Zaqafqaz idareyi-ruhaniyyəsi baş katibi şair Abbas ağa Qayıbovdur.

Bu kitabın gözəl çapına içindəki lətayif və rəzif şəkillər ayrıca ziynət verməkdədir. Şəkillər məşhur nemsə müsəvviri Rotter tərəfindən qayət doğru olaraq çəkilmişdir.

Rusiyanın türkcə mətbuati arasında bu kitab qədər gözəl çap olunmuş, bunun kimi zərif şəkillər ilə meydana çıxan kitab yoxdur.

Bu cür xoş kitabı əvvəlimci dəfədir ki, milli mətbuatımız arasında məmnuniyyətlə görürük.

“Müsəvvər Rüstəm və Söhrab”ın nə cür olduğunu özgələrdən dinləməkdən isə öz ağzından dinləmək daha xoşdur. Odur 43-cü səhifəsi:

Rüstəm şah ki, Keykavusa acıqlanıb:

Başında gərəkdir şahın əql ola,

Nə ki, sən kimi əfsəri cəhl ola.

Deməz şah əhli-həqiqət sana,

Adın şahdır, leyk təbin gəda.

Baş əyməm qabağında sən tək şahin,

Dəxi nazını çəkmənəm əbləhin.

Cahanda gəzirsən mənim arxama,

Nə nazü təhəkküm satırsan mana.

Rüstəm iranlılara xitabən:

Məni bir də görməzsiz İranda siz,

Bu yerlərdə salmaz mənim rəxşim iz.

Ədu etsə İranı gər payimal

Onun şahının boynunadır vəbal.

Dəxi neyləyim məndə yoxdur günah.

Aparın siz Allaha indi pənah.

Minib bəd’əzan Rəxşi oldu rəvan

Siyahın çəkib azimi-Sistan.

48-ci səhifə:

Ayağa durub getdi Güdərz o dəm

Qoyub Rüstəmin dalısınca qədəm.

Onunla bərabər qoşun başılar.

Dəxi atlanıb əzmrah oldular.

Şitab eyləyib Rüstəmə çatdılar,

Düşüb atlarından salam etdilər.

Dedilər ona sonra ey pəhləvan,

Sənin zəkərin cümlə İraniyan.

Bilirsən özün şahın əhvalını,

Deyəndə sözü gözləməz dalını.

Səni eylədisə dilazürdə şah,

Dəxi yoxdur iranlılarda günah.

Edirsən neçün əhli-İranı tərk

Nə təqsir axır onun eylə dərk.

Günahı nədir bu gözəl torpağın?

Götürdün üzündən onun baydağın.

Qoyursan neçün bizləri sən yetim.

Nədir cürmümüz söylə ayə bizim.

Bunu guş edib verdi Rüstəm cavab

Ki, lazımdı Kavusdan ictinab...

Rəvadırmı ki, söyləsin nasəza,

Nə insafdır xeyir işə bəd cəza!..

Tamam etdi qurtardı Rüstəm sözün,

Durub sonra Güdərzə açdı ləbin.

Tamamən sözüm doğrudur, yox xilaf.

Ona kimsə etməz şəkkü ixtilaf.

Bunu etmək inkar mümkün deyil

Ki, dəymiş sənə şahdan azari-dil.

Vəli doğru fikr eylə ey namidar,

Verərmi bu vaqiyə sənə ixtiyar.

Ki, tərk edəsən xaki-Iranı sən.

Qala xari-sərgəştə əhli-vətən.

Rücu eylə insafi-vıcdanına,

Yaraşarmı bu heç sənin şanına.

Deyil məhz aid şaha xidmətin,

Tamam əhli-İranədir minnətin.

Bütün xidməti-qeyrəti hər nə var,

Vətən sinəsində olub nəqşidar.

Keçər ömürlər, dövr edər dövrlər,

Vətən adını fəxr ilə yad edər.

Sənin həqqi-səyin unutmaz vətən,

Gəl əhli-vətəndən cəza gözlə sən.

Qalınca gərək qətrə qanın sənin,

Ola guşişin dəfinə düşmənin,

Başında kimin yoxdur eşqi-vətən,

Hesab et onu ruhsuz bir bədən,

Vətən qeyrətin çəkməsən sən əgər,

Kim eylər ona canını bəs sipər?

Olur isə İran əgər tarimar,

Səni rəncə etməzmi namus və ar?..

Nemanzadə

“İrşad” qəzeti, 3, 4 iyun 1908, № 79, 80

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Açıq Sözlər

Son dərəcə hürriyyətpərvər olan “Molla Nəsrəddin” məcmuəsi bir paralarının məslək və təbiəti-müstəbidanələrinə xoş gəlməyib onun oxunmasını haram edir ki, bunlar ədalət və insaniyyət tərəfdarı deyil, bəlkə istibdad, zülm, cəhalət və bədəviyyət xadimidirlər. Bəli, cəhalət və zülm xadimidirlər ki, din və millət xaini olan ürəfanın, üləmanın və hətta ədalətsiz hakimlərin şəkillərini çəkib istehza edən bir məcmuənin oxunmasını həram edib, camaatı köhnə qaranlıq və əsarətdə buraxmağa çalışırlar. Və hiddətlənib ətraflarına “təkfir” qığılcımı saçırlar və bununla bir para avam camaatı kor və qafil buraxıb öz mənfəəti-şəxsiyyəsi mənzuri ilə hökm fərmanlıq sürmək istəyirlər. Lakin zəhi qəflət! Bunlar nahaq zəhmət çekirlər. Saçdıqları “təkfir” qığılcımları özlərini və öz istibdadına tabe bir para biçarələri yandırmaqdan savayı bir şeyə yaramayacaqdır. Arxayın olsunlar ki, camaatımız bir dərəcə oyanıbdır. Dəxi camaatımız aləmin tərəqqisini, özgə millətlərin güc və qüvvətlərini, qaliblik və müvəffəqiyyətin vasitələri olan elm və mərifəti görüb əhvali-cahani mühakiməyə başlayıblar. İslam aləmi dəxi bunların istədikləri təki qalmayacaqdır və qalmır. Neçə yüz illərdən bəri aləm-islamın üstünə çökən kəsif zülmətin arasından bir həqiqət və mərifət seli cuşa gəlib getdikcə böyük, böyüdükcə irəli gedir, irəli getdikcə mane olmaq istəyən iki-üzlü mollaları, kütahbeyin mühərrirləri, yalançı millətpərəstləri, cabbar hakimləri, zalım əmirləri, köhnə adətləri yıxıb özgə bir aləm vücuda gətirməkdədir.Qoy bunlar ha qışqırsınlar ki, ədalətsiz hökümətə itaət etmək, iki qəpiklik mənfəətə səcdə edən “üləma”ya qul olmaq, fağır və kasıbların qazanclarını qəddar hakimlərə, cahil mollalara, xain imamcümələrə yedirtmək, ümumi əqliyyə təhsil etməmək islamın, Quranın qəti hökmlərindəndir. Qoy ha təklif etsinlər ki, şəriətdə ixtilaflı bir məsələni mübahisə meydanına qoyub həqiqətin nə cür olduğunu bilməyə çalışmaq “küfr və zəlalət”dir. Heç kəs bunlara qulaq asmayacaqdır. Dəxi milləti uşaq oyuncağı kimi gündə bir fitva və hökm ilə oynada bilməyəcəkdir. Bunlar gərək burasını biləydilər ki, sözün təsiri felə bağlıdır. Məsələn, əl altından məktəbi yıxmağa çalışan bir vaizin məktəb bina etməyin təbiəti barəsindəki vəzinə kimsə qulaq asma-yacağı kimi indiyə kimi millətin heç bir dərdinə qalmayıb, həmişə hökumətin, dövlətlilərin əmrinə boyun əyib milləti əsarətdə saxlayanların sözləri də öz dəstələrinin dairəsindən irəli getməyəcəkdir. Bəli, irəli getməyəcəkdir, çünki camaat dəxi kor deyil, millətə doğrudan canı yanıb şüur ilə öz rəyasət və mənfəətləri üçün çalışanları qanmağa başlayıbdır. Əgər bunlar bir xırda maldan, candan keçib milli mədrəsə və məktəblərimizin təşkilinə, hüquqi-milliyyəmizi, zalimlərin təcavüzündən mühafizəyə, idareyi-ruhaniyyəmizi hökumətin cəngindən xilas etməyə çalışsalar, o vaxt bugünkü təkliflərin bəlkə bir növ mənası olardı… Mən elə zənn edirəm ki, belə şəxslər özlərinin göydəndüşmə fikirlərini gizləməyib bir az açıq yazanları “kafir” nəzərə verməklə əmbiya varisliyi etmək vaxtı keçdi. Arxayın olsunlar, heç kəsi keyfi və qərəzi hökmlərlə təkfir edib qorxuza bilməzlər. Bir vaxt Rim papaları da avamın cəhalətindən istifadə edib ərbabi-fənni təkfir və təhqir edərdi. Lakin axırları nə oldu? Fikirləşsinlər…

19074 min
“Molla Nəsrəddin” bağlandı

Cümə günü axşam saat səkkiz idi. Yazı otağında tənha oturub fikirləşirdim. Fikirləşirdim ki, nə üçün bir para adamlar “Molla Nəsrəddin”in yazdığını, məqsədini yaxşı düşünməyib fürsət axtaranlarınhiylə və təvillərinə aldanırlar. Nə üçün camaatımız bu qədər avamdır?Bu qədər qışqırıq saldılar da gündə, gözlərinin qabağında min cür bidin və biqeyrət işlərə, aşkar haram və məsiyətlərə sükutla tamaşa edirlər…

19073 min
Bizə hansı elmlər lazımdır?

Cənab Axund Əbuturabın “Bizə hansı elmlər lazımdır?” məqaləsinə ədibi-həkim cənab Əli bəy Hüseynzadə həzrətləri müxtəsər, lakin o qədər ustadanə cavabi-şafi vermişlərdir ki, ondan sonra bizim kimi acizlərin əlavə məqalələri onu təkrardan qeyri bir fayda verməz.Burasını bilə-bilə, bu barədə yenə bir neçə söz söyləməyə məcbur oldum, çünki cənab Axundun bəyan etdiyi fikir və əqidə aramızda indiyə qədər o mərtəbə kökləşib rəğbət bulmuşdur ki, onun xilafi-əql və əsasi-din olduğuna dair nə qədər çox yazılsa, o qədər kəşfi-həqiqətə xidmət edər sanıram.

190722 min
Yazımız, dilimiz, “ikinci il”imiz

Möhtərəm şair və ədibimiz Ə.Hüseynzadə cənabları “Tərəqqi”nin 13-23-cü nömrələrində yuxarıdakı ünvan ilə yazdığı məqalələrində, hamımıza aid ən əhəmiyyətli bir ehtiyacdan, ən lazımlı bir məsələdən bəhs edir ki, bunun üçün hamıdan irəli ədibimizə öz təşəkkür və ehtiramımı təqdim edirəm.Öz əqidəmizə görə, Hüseynzadə cənablarının yazılarının bir parasını haqlı və çoxunu haqsız tapdıq. Onun yazdığının gödəkcə məzmununu, bəzən eynini yazıb altından öz fikrimizi bəyan edirik.

190931 min

Poems by other poets