Üçüncü məclis
Page 1 of 2
Sonanın yatacaq otağı. Çarpayı, balaca miz, stullar.
S o n a (pəncərənin qabağında oturub kitab oxuyur, hərdənbir gözlərini kitabdan götürüb fikrə gedir). Bu kitabda yazır: arvadların azad olmaqları özlərinə bağlıdır. Kişilərə ümid bağlayırlar isə öz məqsədlərinə çatmazlar. Mən də bu fikirdəyəm. Görəsən Bahadırın bu məsələdə fikri nədir? Burada olsaydı, soruşardım. Bu barədə bir saat mübahisəmiz olardı.... Mən çox vaxt ürəkdə onun sözlərini qəbul edirdim. Fəqət mübahisəmiz uzansın deyibən qəsdən dediyini qəbul etməzdim.... Məsələn, Bahadır burada olsaydı, mən deyərdim: xeyr, kişilər arvadları insan bilirlər isə özləri gərəkdir onlara azadlıq verələr. (Gülə-gülə.) Mənim sözlərimi qəbul etməyib, həm də tarix kitablarını, fəlsəfə inşalarını tökmüşdü, mənə dəlil gətirmişdi: "Xeyr, xanım! Arvadlar özləri hürriyyət qazanmasalar, kimsə onlara hürriyyət verməz. Təbii, hürriyyət heç vaxt verilməyibdir, alınıbdır" deyirdi. (Fikirdə). Ah, nə gözəl günlər! Nə gözəl saatlar! İnsanın ağlı mübahisə meydanında, əcəba, nə gözəl işləyir! İndi tək, günlərim bu kitablar arasında gedir. (Fikirdə.)
ƏVVƏLİNCİ GƏLİŞ
Maşo və Sona.
M a ş o. Qızım! Dur hazırlaş, Lizagilə gedək. Axşam atan da ora gələcəkdir.
S o n a (durub anasını öpür). Yox, anacığım, siz atamla gediniz, mənim bir az kefim yoxdur, evdə oturmaq istəyirəm.
M a ş o. Qızım, nə üçün sən axır vaxt heç yerə getmək istəmirsən? Tutalım qonaq getmirsən, heç olmasa çıx bir az təmiz havada gəz. (Sonanı öpür.) Yox, qızım, yaramır, evdə çox oturmaqdan baş ağrısı taparsan.
S o n a. Yaxşı, anacığım, gəzərəm, fəqət bu gün evdə oturmaq istəyirəm.
M a ş o. Yaxşı, qızım! Qalırsan qal evdə, mən gedirəm. Ancaq yatmaq istəsən qapıları bağlat.
S o n a. Arxayın ol, anacığım, bağladaram. (Anasının yanına gedib öpür. Maşo çıxır.)
S o n a (tək). Doğrusu, Bahadır gedəndən sonra heç bir adamla görüşüb söyləşmək də istəmirəm. Liza mənim qədim yoldaşım. Onu sevirdim, onunla həməvaxt danışardım.... İndi onunla da görüşmək istəmirəm. (Fikirdə.) Nə üçün? Nə üçün mən Bahadırdan sonra büsbütün dəyişirildim. (Fikirdə.) Mən hiss, edirəm.... Mən əziz bir vücudun, ruhumu təmizləyən, ağlımı qüvvətləndirən bir insanın ayrılığını, yoxluğunu hiss edirəm.... Nə üçün biz ayrıldıq? Nə üçün biz görüşdük, bir-birimizə məhəbbət bağladıq və nə üçün ayrıldıq? Olduğumuz səadətdə həmişəlik yaşamaq üçün nə lazımdı. (Fikirdə.) Yox, elə fikirlər başımda gərəkdir olmasın.... İnsan insanı ruhani məhəbbətlə sevə bilməzmi? (Fikirdə.) Yox, yox! Mənə heç bir şey lazım deyil.... Mənə fəqət Bahadırın ağlı, ruhi məhəbbəti gərəkdir.... Belə isə o Peterburqda, mən burada olmağımız da yarar.... (Fikirdə.) Ağlını, ruhunu, məhəbbətini kağız vasitəsi ilə də hiss edə bilirəm.... (Fikirdə.) Fəqət bunu düşünmürəm: nə üçün onun burada olmamağı mənibüsbütün dəyişdiribdir.... (Fikirdə.) Burada bir sirr var, mən düşünməyirəm.... Mən əlimi onun əlinə verəndə bir elektrik onun bədənindən mənim bədənimə işləməyini hiss edirdim. (Fikirdə.) Fəqət.... (Kitaba baxır, sonra saata baxıb durur. Qapı tərəfə gedir, qulluqçuya.) Daniel! Daniel!
D a n i e l (qapı dalından). Bəli.
S o n a. Qapıları bağla, mən yatacağam.
D a n i e l. Baş üstə!
S o n a (kitabını götürüb yerində uzanır). Bunu da oxuyum, qurtarım, sonra soyunaram. (Oxuyur). Əcəba! Bu doğrudurmu? Burada yazır, bir çox qız var ki, ərə getməklə özlərini pula satırlar.... (Gülümsəyib.) Doğrusu, bu kitabda arvadlara çox sataşırlar.... Bir gün mən Bahadırdan soruşdum: nə üçün arvadlar barəsində bu qədər böhtan yazırlar və nə üçün bunlara dair qanunlar çox pünhanda saxlanır? Buna cavab verdi: "Ondan ötəri ki, qələm düşmən əlində olubdur. Hərgah peyğəmbərlik başdan arvadlara gəlsəydi, arvadlara dair qanunlar hamısı büsbütün bərəks olardı.... (Medalyonu açıb baxır.) Ah, Bahadır! Burada olsaydın, daha bir sualıma cavab verərdin. (Fikirdə.) Ah, rəbbim! Ah, mənim məhəbbətim! (Kitabı əlindən buraxıb medalyona bir də baxıb öpür və yuxuya gedir.... )
İKİNCİ GƏLİŞ
Maşo və Sona.
M a ş o (yavaş-yavaş gəlir və söylənir). Bu gecə kart arxasında səhəri açdıq. (Sonaya tərəf.) Bu da paltarlı yatıbdır, nə üçün də şirin yuxudan durğuzum, indi səhər açılır, özü durar. (Yaxın gəlib Sonanı öpür, medalyonu açıq görüb şam yandırır, medalyona diqqətlə baxır, sonra iki əlləri ilə başını tutub otaqdan çıxır.)
S o n a (səhər açılır, yavaş-yavaş oyanır). Mən bütün gecəni paltarlı yatmışam. (Medalyonu görüb.) Ah, bu yaxşı olmadı. Anam yəqin ki, adəti üzrə otağıma gəlibdir. Medalyonu, əlbəttə, açıq görübdür. (Bir az fikirdən sonra.) Mən, əlbəttə, istəməzdim anam medalyondakı şəkli görsün. İndi hərgah görübdürsə, daha yaxşı! Söz açılar, dərdimi açıq-açığına söylərəm.... (Geyinir.)
ÜÇÜNCÜ GƏLİŞ
Maşo, Sona və Daniel.
M a ş o (yerə baxır). Qızım, durubsan? (Gedir Sonanı istər-istəməz öpür.)
S o n a (təəccüblə anasına baxıb). Bəli, anacığım, durmuşam! (Diqqətlə baxıb.) Nə üçün yerə baxırsan? Anacığım, sənin ürəyində bir söz olmağını düşünürəm, nə istəyirsən soruş, deyərəm.
M a ş o (Sonanın boynundan qucaqlayıb). Sevgili qızım! Sən bilirsən ki, mən və atan səni nəhayət dərəcədə sevirik. Sən ali oxumuş bir qız, çox şeyləri ola bilsin ki, bizdən yaxşı bilirsən.... Biz sənin uğrunda can verməyə hazır olduğumuz halda, sənin ürəyindəki dərdi, başındakı fikirləri bilmək istəyirik. İxtiyarın var, deyə də bilərsən, deməyə də.
S o n a (bir az halından çıxıb). Anacığım! Açıq söylə, mən hamı suallarına cavab verərəm. (Bir az fikirdən sonra.) Yoxsa, gecə medalyonun içindəki əksi gördün, hə?
M a ş o. Doğrudur, qızım! Gördüm. (Yerə baxıb.) Bu əhvalat məni bir az təşvişə salıbdır....
S o n a (səslə ağlayıb Maşonun boynundan qucaqlayır). Nə edim, sevirəm.... Mən Bahadırı sevirəm.... Anacığım, bu yolda mənim elmim, qanacağım kömək etməyir, məhəbbətin müqabilində ağlım çaşır.... Ah, sevgili anacığım! Bir yol göstər....
Mən bu vaxtadək məhəbbətimi pünhanda saxlayırdım, fəqət indi söz açıldı.... Mən şadam!.... Ürəyimdəki sözləri deməyə yol açıldı.... Bahadır isə bu vaxtadək məhəbbətim nə dərəcədə olmağını bilməyir. Burada ikən hissiyyatımı ondan gizlədirdim.... İndi bu ayrılıq məhəbbətimi birə on artırıbdır.... Ah, sevgili anacığım, bağışla məni! Nə edim? (Bu sözlə ağlayıb Maşonun qucağına yıxılır.) Ah!.... Ah!....
M a ş o. Sevgili qızım, ağlama! Mən səni düşünürəm.... Mən özüm də məhəbbətin oduna yanmışam.... Fəqət mənim atana olan məhəbbətimin çarəsi tapıldı.... Mən atana getdim.... Sizin məhəbbətinizin çarəsini görmürəm, qızım.... Sən ağıllı,
kamallı, millətini, dinini sevən bir qız.... Bahadır isə millətini nəhayət dərəcədə sevən bir oğlan.... Nə tövr etməli? Mən özüm də çaşıram.
S o n a (gözlərini silə-silə). Bəs necə olsun? Ah, sevgili anacığım. Bu məsələdə analığı unudub da mənimlə yoldaş ol, mənə yol göstər, məni başımdakı qara fikirlərdən xilas et....
M a ş o (pəncərəyə baxıb). Odur, atan da gəlir!.... (Gedir.)
S o n a. Ah, rəbbim! (Əlləri ilə üzünü tutub balış üstə uzanır.)
D a n i e l (dişarıdan). Xanım, sizə kağız var.
S o n a (tələsik durur, qapıya tərəf gedir, kağızı alır). Ah, kağız! (Diqqətlə baxıb gülür.) Bahadırdandır! (Oxuyur və hərdənbir fikrə gedir, sonra oxuyur, gəzinir və yenə də diqqətlə oxuyur.)
DÖRDÜNCÜ GƏLİŞ
Maşo və Sona.
M a ş o. Qızım, kağız kimdəndir? Yoxsa Bahadırdandır?
S o n a (ayağa durub gözləri kağızda). Bu saat, anacığım. (Kağızı qurtarıb.) Bəli, anacığım, Bahadırdan gəlibdir.... İndi bir az rahat oldum, anacığım. Sən də, atam da bu kağızı oxuyun.... Məni bu vaxtadək rahatsız edən suallara mən bu kağızda cavabtapıram.... Bəlkə siz də tapasınız.... Mən sizdən heç bir şey gizlətmək istəmirəm. Çünki sizi çox sevirəm. Sizin ruhunuza əziyyət vermək istəmirəm, fəqət nə edim? Sevirəm.... Mən Bahadırı sevirəm.... Bu kağız mənim tamam şübhələrimi dağıtdı. Gizlin nöqtələri aşkar etdi. Açılmayan düyünləri açdı.... Bundan əvvəl ikimizin arasında görükən uçurum dərələr indi mənim üçün görünməyir. Mən insan, o insan, bizi ölümdən savayı hansı bir qüvvə ayıra bilər?....
M a ş o. Qızım! Nə söyləyirsən? Düşünməyirəm.
S o n a. Ah, anacığım! Oxuyun, məsləhət edin. Mən sizin razılığınızla iş görmək istəyirəm. Mən sizi çox sevirəm, siz də məni.... Siz hazır ağlınıza tabesiniz, mən isə ürəyimə. Ağlım ürəyimlə bir çox zaman müharibədə olarkən ürəyim ağlıma
güc gətirirdi. Hazır bu işdə ağlım iş görmür.... (Fikir.) İndi sən otur kağızı diqqətlə oxu, mən bir az çıxım bağçada dolanım.... (Çıxır.)
M a ş o (kağızı diqqətlə oxuyur). Ah, binəva cavanlar! İkisi də məhəbbət atəşinə yanırlar. (Ağlayır.)
Kitabxana.az · https://kitabxana.az/en/works/nerimanov-bahadir-ve-sona-ucuncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
(Bir romanın başı)Nə gözəldir İdil çayı!
Pirİyun ayının ortası idi. Günlər çox isti keçirdi.... Məşədi Allahverən sabah namazına durub arvadını tələsik durquzdu:"Ay qız Gülbadam! Gülbadam! Tez ol dur, uşağı da durquz, vaxt keçir hava sərin ikən yola düşək."
Nəriman Nərimanovun oğlu Nəcəfə bitməmiş məktubuMoskva, 28 yanvar 1925-ci il."1895-ci il yanvarın 15-də Bakıda Tağıyev teatrında ilk dəfə mənim “Nadanlıq” pyesim tamaşaya qoyuldu. Həmin günü mən ədəbi işimin başlanğıcı hesab edirəm. Bu gün 1925-ci il yanvarın 28-də həmin hadisədən 30 il keçir. Dostlarımdan bəziləri bunu bilib həmin günü qeyd etmək istədilər. Onlardan teleqramlar alınmışdır... Əlbəttə, əgər ciddi düşünsən, demək olar ki, mən heç bir şey etməmişəm. 30 il! Bu müddət ərzində bəzi şeylər etmək olardı. Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan... Digər tərəfdən isə həmin vaxtı təsəvvür etdikdə, bütün şəraiti, həyatımın keçdiyi dolanbac yolları nəzərə aldıqda, bir şeydə təskinlik tapırsan ki, az da olsa bir iş görülüb. Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sıra başqa şeylər, bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarım bütün bunları göstərir. Bəlkə də bu, çox sönük, bədiilikdən uzaq, bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və məkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə heç olmazsa bir xeyir verim. Bu və yalnız bu, mənə bir qədər təskinlik verir ki, 30 il ərzində ictimai sahədə işləmişəm. Əgər öz işimlə heç olmazsa on nəfəri həmin “xəstəliyə” yoluxdurmağa nail olmuşamsa, deməli, mən, mənim şüurum o mənada sakit olar ki, mən hədər yerə yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmişəm...
Nəriman Nərimanovun Nəsib bəy Yusifbəyova məktubuMöhtərəm Nəsib bəy Yusifbəyov cənabları,Mənim sizə belə müraciət etməyimə səbəb odur ki, bizim siyasi nöqteyi-nəzərimiz bir-birindən kəskin sürətdə ayrıldığından sizə başqa cür müraciət edə bilmirəm. Bunun o qədər də əhəmiyyəti yoxdur. Əhəmiyyət verilməsi lazım gələn məsələ aşağıda yazdıqlarımdır. Qafqaz müsəlmanlarının Bakıda çağırılmış birinci qurultayı, əlbəttə, yadınızdadır. Mənim bu qurultayda çıxış etdiyim də həmçinin yadınızdadır. Qurultay məndən böyük bir nitq gözləyirdi. Lakin mən, təxminən aşağıdakıları dedim: “Zaqafqaziya müsəlmanları! Siz rus inqilabının mahiyyətini başa düşməlisiniz. Soyğunçu müharibə olan dünya imerialist müharibəsindən sonra Rusiyada qələbə çalmış inqilab bütün dünya inqilabının başlanğıcı oldu. Bu dünya inqilabının dalğaları içərisində boğulmaq istəmirsinizsə, Rusiya fəhlə və kəndlilərinin qızıl bayrağı altında sıx birləşin”. Mənim bütün nitqim, deyəsən, bundan ibarət idi. Siz mənim bu dediklərimə diqqət yetirərək onu öz bildiyiniz kimi şərh etməyə başladınız. O zamandan çox keçmişdir, çox hadisələr və əhvalatlar olmuşdur.
Poems by other poets
Əhli-halə sanma, ey dil, bu cahan məqbuldurAqilə cahü cəlal dövləti məxzuldur
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Mirzəcan ilə Aşıq Pərinin deyişməsiMirzəcan:**Mən ki öldüm, həsrətindən ey Pəri