Pir
Page 8 of 9 · 78%
Bundan savayı başqa bir fikri yox idi. Bu da qurana and içməyinə səbəb oldu. Qurana and içəndən sonra da sirr vermək Gülbadam kimi inanmış bir adama asan deyildi. Gülbadama tərbiyə belə verilmişdi. Heç bir şeyə and etməmək, xüsusən allaha və qurana, bunlara and etdin əməl etmək gərəkdir. Anası Gülbadama deyərdi: "Qızım, olmaya-olmaya qurana and içəsən. Çox adamlar qurana and içib sonra andlarını pozub, böyük bəlalara giriftar olublar. Bundan böyük and yoxdur, qızım...." deyib həmişə təkrar edərdi. Uşaqlıqdan bu, qulağında qalmışdı. Doğrudan da, Gülbadam and içmək sevməzdi. Xüsusən qurana heç vaxt and içməzdi. Bu gecə ömründə əvvəlinci dəfə idi ki, ürəkdən qurana and içdi, ancaq bundan ötəri ki, təmiz qalsın.... İlanın soyuq, çirkin əllərindən xilas olsun. Bu da arvadların bir sirridir: təmiz qalıb tərlan kimi gəzmək, bir çox heyvandan seçilməyən kişilərə yuxarıdan aşağa baxmaq bir çox arvadın sirridir....
Doğrudan da, ertəsi gün Gülbadam bir ağır daşı üstündən atan bir zor, dəhşətli müharibədə qalib gələn pəhləvan, bir təhlükəli vaqiədən xilas olan adam kimi özünü hiss edirdi.... Fəqət bir söz də deyə bilmirdi.
Əcəba! İndi nə üçün şirə dönüb istəyir bir söz söyləsin? Bu sual Gülbadamın başından keçərkən yavaş-yavaş gəlib balası Cəbiyə baxdı, gördü ki, işarə ilə dodaqlarını uzadır, su istəyir, su verib də birdən fikrinə gəldi: "Bəlkə pirdə gecə su istədi, kim verəcəkdir?" Bu fikri başından keçirib ildırım çaxmış kimi uşağın üstünə döşənib ağladı və sonra özünə gəlib dedi:
"Yox! Balacığım, mən səni gözümdən iraq vermərəm. Yox! Mən nifrət etdiyim məbuda qurban vermərəm!"--deyib hünərləndi, guya bir adam, ya bir qüvvə ona ürək verirdi, guya buna deyirdilər: haqq sən tərəfdədir, de, söylə, bag?r!....
Sonra bir az fikrə gedib öz-özünə dedi: "Bəs andım? Mən qurana and içdim! Ah, rəbbim! Ah, mənim allahım! Mənə yol göstər!" Uca səslə yenə uşağın üstünə düşüb ağladı....
Əlbəttə, ana hamı övladını bir gözdə görər. Hamısı bir qüvvətdə, bir dərəcədə cigərparasıdır. Fəqət balalardan zəifi, həmişə naxoş bala ana ürəyinin ən hissli guşəsində yer tapar.... Balaca Cəbi tək olduğuna, həmişə dilsiz, ayaqsız, zəif olmağına cəhət Gülbadamın bütün vücudunu məşğul etmişdi. Yuxusuz gecələrmi, ya bir vücuda həmişə diqqətini cəlb etməkmi, yainki Cəbinin məzlumluğu, hərəkətsizliyi, istədiyi şeyi söyləməyə imkanı olmamağımı, bilmirəm. Fəqət onu bilirəm ki, Cəbiyə bağladığı məhəbbət Gülbadamı bütün-bütünə yandırırdı.
Məşədi Allahverən də, əlbəttə, balasını sevirdi və çox da sevirdi: o da bütün-bütünə bunun uğrunda yanırdı. Fəqət ikisinin məhəbbətində bir az fərq var idi. Məşədi Allahverən çalışırdı ki, Cəbi tez ayaq tutsun, gəzsin, söyləsin, bir bunu söysün, saqqalından tutsun, yolsun, sonra böyüyüb dükanda otursun, sonra buna toy etsin və daha ... nə ... nə.... Əlbəttə, Gülbadam da bunları istəyirdi. Fəqət vaxt olurdu ki, Gülbadamın başından bu da keçirdi: "Belə də qalsa, qalsın, təki ölməsin". Məşədi isə deyirdi: "Xeyr, belə qalmağın nə ləzzəti?"
VIII
"Allahu-əkbər! Allahu-əkbər! Əşhədu-ən la ilahə illəllah!...." Səhər sübh vaxtı gün çıxmamış tamam canlı şeylər hələ yuxuda ikən təbiətin sükut bir zamanında yarıoyanmış, yarıyuxuda iraq bir minarədən bu sözlər, bu səda sizə necə təsir edir, bilmirəm, fəqət mən sevirəm. Mən çalışıram bu sözləri aşkar, aydın eşidəm. Bilmirəm bu əzanın musiqisimi, ya bu sözlərin mənasımı, yainki uşaqlıqdan qulaqlarımın bu sözləri adət etməyimi, bilmirəm hankısı, fəqət onu bilirəm ki, bunda, bu sözlər sübh vaxtı məni bir qeyri aləmə dəvət edirlər. Hələ cocuqkən sözlərin mənasını düşünmürdüm, yenə də bu sözlər mənim üçün təsirsiz deyildi. O vaxt bunu düşünürdüm ki, dua edirlər. Fəqət nə deyirlər,nə demək istəyirlər, bilmirdim. Mənasını biləndən sonra bu sözlər məni daha artıcaq maraqlandırdı. "Allah böyükdür. Şəhadət verirəm ki, bir allahdan başqa yoxdur qeyri-məbud". Əcəba, təbiətin belə bir sükut, gözəl vaxtında allahın varlığına və birliyinə şəhadət verənlər nə üçün qeyri-məbud gərəkdir arasınlar? N... şəhəri müsəlman şəhəridir; yəni üçdən iki hissəsi müsəlmandırlar. Məscidləri var, məscidlərinin uca minarələri var. Bu uca minarələrdən müəzzinlər səhər, günorta, axşam hamı bir ağız gözəl səslə deyirlər: "Şəhadət veririk ki, bir allahdan başqa qeyri məbud yoxdur". Bunlar heç! Hər bir müsəlman özlüyündə namazdan müqəddəm bu sözləri deyib də sonra namaza şüru edir....
Odur, Məşədi Allahverən də səhər namazına durub bu sözləri deyir, onun qonşusu Hacı filan da bu sözləri deyir, hamı bir ağızdan şəhadət verirlər: bir allahdan başqa qeyri məbud yoxdur.
Əcəba, nə üçün bunlar pirə hazırlaşırlar?.... Hətta bir çoxu namaz vaxtında bu sözləri deyə-deyə pirə getməklərini fikir edirdi.
Həqiqət, bu cümə pirə hazırlaşan çox idi. Molla Cəfərqulunun qəflətən ölməyi və ölümü barəsində dürlü-dürlü xəbərlər, danışıqlar çox adamı həyəcana gətirmişdi. Bir çoxu da gedirdi ki, bu müxtəlif xəbərlərin hansı biri doğru olmağını bilsin.... Məşədi Allahverən üçün müxtəlif xəbər yox idi. Bu, bildiyini bilirdi, inanmışdı. Hətta bu gecə yuxusunu da bir az qarışdırmışdı və səhər duranda öz-özünə dedi: "Bəlkə işi təxirə salmaqdan yuxumu da qarışdırıram. Gərəkdi yuxu gördüyüm gecəsinin səhəri uşağı apara idim".
Gecə hətta Gülbadamla sözləşdi, Gülbadam yenə razı olmurdu. Məşədi ağzına gələn yamanı deyib Gülbadamı döymək də istədi. Haman bu gecə cümənin axşamı idi. Məşədi Allahverən çığırıb-bağırıb sonra tez yuxuya getdi. Gülbadam isə xeyli vaxt oyaq qalıb min-min fikirlərə düşdü. Bilirdi ki, əri sabah Cəbini aparıb pirə atacaqdır. Yenə səhərdən axşamadək olsa, yaxşı. Lakin əri yuxusunda bir gün-bir gecə görmüşdü. Naçarlıqdan gündüzə davam etmək olar, bəs bu qaranlıq gecədə, quru yerdə işarə ilə su istəsə kim su verəcəkdir? Yenə yuxuda olarsa, yaxşı. Bəlkə birdən ayıldı? Qaranlıqda qorxub daha yaman olmazmı?.... Bu tövr fikirləri başından keçirib də gahöz-özünə deyirdi: "Yox! Gözüm görə-görə balamı murdar bir yerə dəxil salmağa qoymaram. Nə olursa-olsun, açıb tamam əhvalatı söyləyəcəyəm....". Bu sözlərdən sonra həmişə qurana and içməyi də fikrinə gələrdi.... Yenə vicdansız Molla Cəfərqulu sağ olsa idi, gizlin gedərdi, yalvarardı ki, bəlkə ərini bu fikirdən daşındırsın.... O da öldü.... Ölməyi heç. Bunun ölməyi pirin mənəvi cəhətcə daha artıq şöhrət tapmağına səbəb oldu. İndi bunun sözlərinə kim inanacaqdır? Bu fikirləri başından keçirib ürəyi sıxılardı: zavallı gah həzin-həzin yorğan altında ağlardı, gah birdən yorğanı üstündən atıb durub oturardı və hərdənbir balasına baxıb ürəyi od tutub yanardı. "Yox! Mən səni əlimdən buraxmaram.... Səni diri-diri qəbrə qoymaram!...."
Yox! Bu sözləri deyirdi.... Fəqət müəyyən bir yol da tapa bilmirdi. Vaxt olur ki, belə bir halətdə insan əlacsız qalıb özünü, bəxtini zəmanəyə, keçinəcəyə tapşırır. Bilmirəm nə yolla, fəqət "bu iş baş tutmasın gərəkdir" deyib də axırıncı dəqiqəni gözlüyür.... Gülbadam da bu halətdə, bu fikirdə ikən yuxuya getdi. Fəqət çox da yatmadı. Məşədi Allahverənin "allahu-əkbər!" səsi bunu oyatdı.
Gulbadam bir söz də söyləməyib getmək üçün hazırlaşırdı. Məşədi Allahverən gecəki çovğundan sonra bunun sözsüz yığışmağını görüb ürəkdən şad oldu ki, arvadı da bunun fikrinə şərikdir, "davasız-qalmaqalsız" iş tamam olacaqdır. Məşədi Allahverən hətta dünənki hərəkətindən bir az da xəcalət çəkirdi. Nə üçün Gülbadama elə sözlər dedi və döymək istədi. Sonra yenə öz-özünə deyirdi: "Xeyr, arvad xeylağını xoş sözlə yola gətirmək çətindir. Gərəkdir bir az çığırmaq, bağırmaq və hətta hərdənbir də üzünü silləyə öyrətmək...." Bu fikirləri başından keçirərkən Gülbadamın gah bu yanına, gah o yanına keçirdi, istəyirdi könlünü alsın, fəqət Gülbadam bir söz də söyləməyib lazım olan tədarükü görürdü. Ərinin sözlərinə ancaq "hə-yox" deyib tələsirdi....
Əcəba! Nə üçün bu zavallı arvad istəmədiyi bir vaqiənin tez olmasına tələsirdi? Gərək hər dəqiqənin, hər saatın uzanmasına şad ola idi, fəqət, biləks,bu tələsirdi....
Bu bir həftənin müddətində daxili müharibə bunu büsbütün yormuşdu, əzmişdi, tamam hiss damarlarını çaxnaşdırıb boşaltmışdı. Bir elektrik qüvvəsi lazım idi ki, bu hiss damarlarını birdən-birə hərəkətə gətirsin.... Bəlkə Gülbadam tələsirdi ki, bu halətdən tez xilas olsun! Ürəyini ağır bir daş basırdı.
İstəyirdi biryolluq bu ağır daşı atsın, çünki bu daşın ağırlığına daha davam gətirə bilməyirdi....
Nə isə, balasını götürüb faytona mindi, əri də şad-xürrəm Cəbinin üzünə baxa-baxa fikir edirdi: indi qucaqda gedirsən, sabah oynaya-oynaya gələcəksən....
Kitabxana.az · https://kitabxana.az/en/works/nerimanov-pir
Use ← → keys to move, R for a random poem
More by this author
Sonanın yatacaq otağı. Çarpayı, balaca miz, stullar.S o n a (pəncərənin qabağında oturub kitab oxuyur, hərdənbir gözlərini kitabdan götürüb fikrə gedir). Bu kitabda yazır: arvadların azad olmaqları özlərinə bağlıdır. Kişilərə ümid bağlayırlar isə öz məqsədlərinə çatmazlar. Mən də bu fikirdəyəm. Görəsən Bahadırın bu məsələdə fikri nədir? Burada olsaydı, soruşardım. Bu barədə bir saat mübahisəmiz olardı.... Mən çox vaxt ürəkdə onun sözlərini qəbul edirdim. Fəqət mübahisəmiz uzansın deyibən qəsdən dediyini qəbul etməzdim.... Məsələn, Bahadır burada olsaydı, mən deyərdim: xeyr, kişilər arvadları insan bilirlər isə özləri gərəkdir onlara azadlıq verələr. (Gülə-gülə.) Mənim sözlərimi qəbul etməyib, həm də tarix kitablarını, fəlsəfə inşalarını tökmüşdü, mənə dəlil gətirmişdi: "Xeyr, xanım! Arvadlar özləri hürriyyət qazanmasalar, kimsə onlara hürriyyət verməz. Təbii, hürriyyət heç vaxt verilməyibdir, alınıbdır" deyirdi. (Fikirdə). Ah, nə gözəl günlər! Nə gözəl saatlar! İnsanın ağlı mübahisə meydanında, əcəba, nə gözəl işləyir! İndi tək, günlərim bu kitablar arasında gedir. (Fikirdə.)
Dördüncü məclisPeterburqda Bahadırın otağı: yazı stolu, divan, kreslolar.... Stol üstündə kitablar. Bahadır oturub yazır və hərdənbir fikrə gedir.ƏVVƏLİNCİ GƏLİŞ
Beşinci məclisDəlilər evi. Səhnənin bir tərəfində ev, qabağında bağça, bağça ətrafında hasar. Dəlilərin paltarları: başlarında ağ dəsmal, üstlərində uzun ağ xələt, don, ayaqlarında ağ corab.Ə v v ə l i n c i d ə l i. (Səhnədən dəli deyil, fəqət anadanolma ağıldan kəm bir vücud səhnənin sol tərəfində oturub gözlərini bir nöqtəyə dirəyir, əlindəki kağızları çeynəyir).
Şeytan bazardaBilməyirəm, qeyri müsəlman məmləkətlərində varmı-yoxmu, fəqət Qafqazda müsəlman şəhərlərinin hamısında "Şeytan bazarı" namında bir uram və ya bir məhəllə olmağını bilirəm. Təəccüb burasıdır ki, Tiflis müsəlman şəhəri olmaya-olmaya müsəlmanlar olan məhəllədə də Şeytan bazarı məlum məşhur bir bazardır. Qeyri yerlərdə bu bazarlara nə üçün Şeytan bazarı deyirlər isə bilməyirəm, fəqət Tiflisdə Şeytan bazarının tarixi vardır. Qədimdən həmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürərdilər, harada? Şeytan bazarında. Cib kəsərdilər, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirə göndərilən, sonra qaçıb gələn adamı harada tapardılar? Şeytan bazarında. Biçarə kəndçiləri (...) soyardılar, harada? Şeytan bazarında. Böylə bir tarixi olan bazara Şeytan bazarı deməyib nə deyəcəksiniz?Qədimdə, yadıma gəlir, bu bazarda bir adət də var idi: qəribə, adətdən dişqarı bir paltarda adam görsəydilər, Şeytan bazarının cavanları ona sataşardılar. Məsələn: allah eləməsin bir adam kürkünü tərsinə geyinə idi o saat görərdin bazardan keçəndə hay-huy səsi bazarı götürərdi. Hay-huy səsi cəhənnəm! Nə olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, allah göstərməsin, qarpız qabığından. Bir də gördün hər tərəfdən qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsə, genə xoşbəxtlikdir, fəqət yaxşı nişana vuranların əllərindən (çıxan) qarpız qabığı vız etməyib lap peysərə yapışıb qalır. Bu yamandır!
Poems by other poets
Al yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
OlduSalam olsun sənə, ey Hacı Kərim,Gözəllərin gözü xun-fişan oldu,
TəcnisDedim: gəl, dost, ikimiz həmdəm olalı,Ağı mən oxuyum, qarasan, qara,