İkinci məclis
Page 2 of 3 · 33%
DÖRDÜNCÜ GƏLİŞ
Xədicə və Nigar.
N i g a r. Xədicə, ay balam, nə üçün belə oturubsan, yatırsan?
X ə d i c ə (birdən qalxıb). Yox, yatmıram.... Bir az yorulmuşam, dincimi alıram.
N i g a r (tərəfə). Görəsən genə nə olub? Üzündən qəm dəryasına batmış görünür.... Ay balam, genə allaha şükür, nə olub sənə belə pozulubsan?
X ə d i c ə. Heç....
N i g a r (yavuq gedib). Axı de görüm, nə olub sənə? Hərgah azarlısan, adam göndərim həkim gəlsin.
X ə d i c ə (başı aşağı). Mənim həkimim ... sizsiniz....
N i g a r. Yəni kim?
X ə d i c ə. Səninlə atam....
N i g a r. Mən sənin sözlərindən əsla baş aça bilmirəm. (Yavuq gedib əlindən tutur.) Ay balam! Bircə dərdini desən görüm. (Tərəfə.) Qaydadır, görmüşük qızın nə dərdi olsa anasına deyər. Amma bu evi yıxılmışın qızı heç görmədim ki, bir otura mənimlə söhbət edə. Eh, özün bil, sabah-birigün ərə gedərsən, sənin də canın qurtarar, mənim də.
X ə d i c ə (tərəfə). Uf!....
N i g a r. Heç ah-vay eləmə. Az qalıbdır, iş düzəlibdir. Bir ay çəkməz ki, toyun olar....
(Hacı İbrahim içəri daxil olur.)
BEŞİNCİ GƏLİŞ
Hacı İbrahim, Nigar və Xədicə.
H a c ı İ b r a h i m (Xədicəni qəmgin görüb). Genə nə var, ana-bala oturub kimin qeybətini edirsiniz. (Xədicə ayağa durur.)
N i g a r. Heç kəsin. Öz dərdimiz məgər azdırmı?
H a c ı İ b r a h i m. Nə olub allaha şükür! Bir qızın var, onu da bu yavuqda ərə verərsən gedər.
N i g a r. Doğrudan, iş nə tövr oldu? (Xədicə dişqarı çıxır.)
H a c ı İ b r a h i m. Kişiyə söz verdim. İndi gərək hazırlaşaq.
N i g a r. Yaxşı, de görüm, yerinə yetibsənmi, görək necə adamdır: atası kimdir, anası kimdir?
H a c ı İ b r a h i m. Arvad, sən allah, qoy görək. Yenə arvadlığına salma. Nəyinə lazımdır kimin oğludur, kimdir və ulu babasının adı nədir? Pulu ki var, hamısından yaxşıdır.
N i g a r. Məgər pulu çoxdurmu?
H a c ı İ b r a h i m. Ay sağ olmuş! Pulunamı söz var! Malınamı söz var! Mülkünəmi söz var! Hamısı bol! Ye, iç, yat! Bundan yaxşı dəxi nə istəyirsən? Şirvan mahalında iki kişi varsa, biri budur. Axı, dövləti qoyub Yusifə mən niyə verim? Doğrudur, oxuyub, əli qələmlidir, amma aldığı altmış manat məvacibdir. Onunla külfətini necə dolandırsın? Sən indi adam göndər qızın dayısına, gəlsin toyun tədarükünü görək. (Nigar çıxır.)
H a c ı İ b r a h i m. Jox, bu iş çox yaxşı oldu. Doğrusunu demək, Yusif də pis oğlan deyil. Amma nə fayda ki, az məvacib alır. Mənim bir qızımdan savayı heç kəsim yoxdur və qızımı da versəm, yeznəm mənimlə gərək olsun. Yeznəm də kasıb olsa, mənim dövlətimi iki ilin ərzində yeyib gedəcək. Amma hərgah dövlətli olsa, bu dövlət qurtaran deyil.... (Nigar daxil olur.)
ALTINCI GƏLİŞ
Nigar, Hacı İbrahim.
N i g a r. Adam göndərdim. İndi ay kişi, bir iş var ki, qız bu işə razı olmaya. Ondan ötəri ki, qonşu arvadların sözünə görə qızın könlü Yusifədir.
H a c ı İ b r a h i m. Arvad! Eyibdir, belə sözlər danışma, necə ki, qızın könlü Yusifədir? Sən qız anasısan. Sən gərək ona nəsihət edəsən və hərgah razı olmasa de ki, biz onun gələcəyi üçün çalışırıq və istəyirik ki, gələcəkdə o,bir parça çörək yiyəsi olsun. Zəmanəmiz pul zəmanəsidir, ondan da savayı, kişinin əsli bəydir.
N i g a r. Özün bil. Amma bu iş çətin olacaqdır.
H a c ı İ b r a h i m. Heç bir çətinliyi yoxdur. Sən arvadsan, mən bilən işləri sən bilməzsən. Qoy dayısı gəlsin, o, başa düşər. (Niyaz bəy içəri daxil olur.)
YEDDİNCİ GƏLİŞ
Hacı İbrahim və Niyaz bəy.
N i y a z b ə y. Salaməleyküm!
H a c ı İ b r a h i m. Əleyküməssalam! Gəl görək Niyaz bəy, əyləş. (Yer göstərir, Niyaz bəy gəlib əyləişr.)
N i y a z b ə y. Xeyir ola, Hacı əmi?
H a c ı İ b r a h i m. İnşaallah ki, xeyirdir! Xədicənin işindən ötəri zəhmət vermişəm.
N i y a z b ə y. Mən təəccüb edirəm sizin işinizə. Nə üçün bu vaxta qədər belə işi qoyursunuz qala? Yusif necə ki, mən eşitmişəm, işə tul verməyinizdən narazıdır.
H a c ı İ b r a h i m. A kişi, Yusif nədir--zad nədir? Qızı özgə adama verirəm.
N i y a z b ə y. Nə deyirsiniz? Mən sizin sözlərinizi başa düşə bilmirəm.
H a c ı İ b r a h i m. Nə başa düşməyi var. Qızı dəxi Yusifə vermirəm, özgə adama verirəm.
N i y a z b ə y (təəccüblə). Kimə?
H a c ı İ b r a h i m. Çox yaxşı adamdır. Şirvan bəylərindəndir, çox yaxşı mülkü-maşı var. Özünün deməyinə görə, kefi çox kökdür.
N i y a z b ə y. Hacı əmi, belə şeyi eləmə. Eyib şeydir. Xalqı üstünüzə güldürməyin və görün bir oxuyub, tərbiyəsi vardırmı?
H a c ı İ b r a h i m. Ay sağ olmuş, mənim nəyimə lazımdır, bilim oxuyub ya yox. Pul ki, var, hər şeydən yaxşıdır....
N i y a z b ə y. Elə deməyin. Nə qədər pulu çox olmuş olsa da, yenə Yusif ondan məsləhətdir. Çünki zəmanəmiz belə zəmanədirki, indiki mədəiiyyətli və mərifətli qulluq adamları bizim müftəyeyən bəylərdən əfzəldirlər. Zira ki, bunların əlində qələm var və o qələmlə həmişə bir parça çörəkləri var. Amma baxırsan bizim dövlətlilər öz nəfslərini pula satıb cürəbəcürə yollarla pul qazanırlar və öləndən sonra onların tərbiyəsiz olan uşaqları qalan dövlətin qədrini bilmirlər. Çünki asanlıqla əllərinə düşüb. Bir az müddətdə atadan qalan dövlətin axırına çıxırlar.... Ondan masəva, bu oxuyub tərbiyə alanların nəzərləri külfətə ayrı, avamlarınkı ayrı, məsələn, mərifətli kişi heç vaxt övpətüstünə övrət almaz. Övrəti öz zindəganlığında özünə yavuq yoldaş bilib onu qoymaz pis günlər çəksin. Amma mərifətsiz kişidən hər şeyi gözləmək olar. Gündə bir övrəti döyər, elə ki, bir az pulu artıq oldu, bir özgəsini də alar. Axırda görərsən ki, biçarənin ocağı viran oldu. Belə ittifaqlar azdırmı?
H a c ı İ b r a h i m. Niyaz bəy! Niyə elə şeylər danışırsınız? İki övrət almaq şəriətdə də var ki?! Və hərgah o, mənim qızımın üstünə övrət alsa, bir saat qoymaram qızım onun evində qala.
N i y a z b ə y. Mən təəccüb edirəm ki, siz şəriəti yaxşı bilə-bilə nə üçün şəriətə böhtan deyirsiniz?
H a c ı İ b r a h i m. Necə?
N i y a z b ə y. Ondan ötəri ki, şəriətimiz buyurmur ki, iki ya üç övrət al. Şəriətdə deyilir ki, yaxşı olar ki, övrətin ola-ola ikincisini almayasan. Amma elə ki, alırsan, gərəkdir bu şərt-şürut gözləyəsən. Ona görə sizin canınız, üçün, hərgah şəriətə görə iki övrət alsaq, əsla düz deyil. Zira ki, o şərt-şürutu ki, qanunda var, onu heç kəs layiqincə yerinə yetirə bilməz.
H a c ı İ b r a h i m. Xülasə, iş olub-gedibdir. Qızı vermişəm, siz də gediniz qıza xeyir-dua veriniz.
N i y a z b ə y. Mən xeyir-dua verməyə həmişə hazıram, amma işlərinizə qarışmayacağam. (Hirsli.)
H a c ı İ b r a h i m. Niyaz bəy! Belə söz nə üçün danışırsınız? Görükür, yəqin oğlanı görməyibsiniz. Hərgah görsəniz, bilərsiniz ki, mən səhv etməmişəm.
N i y a z b ə y (ayağa durur getməyə). Bəli, dəxi mən gedim.
H a c ı İ b r a h i m. Xeyr, getməyin, mən oğlanı bu gün çaya çağırmışam. Çünki sabah gedir ki, tədarük edə. İki həftədən sonra toydu. Əyləşin, indi oğlanı siz də görüb aşna olarsınız. (Dişqarıdan səs gəlir.)
H a c ı İ b r a h i m. Gərək ki, gələn odur. (Durub qapıya gedir.) A.... Salaməleyküm! Salaməleyküm! Buyurun görək. (Şamdan içəri daxil olur.)
Kitabxana.az · https://kitabxana.az/en/works/nerimanov-samdan-bey-ikinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Keçənlərdə Qafqaz kəndlərindən birində bir neçə vaxt günlər keçirtdim. Bu kənd böyük, zəngin bir kənd idi. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilməyini görərdi: məhəllənin biri dağ başında, küçələri toz, torpaq, dar, palçıq evləri bir-birinin içində; ikinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. Məhəllənin biri N. ikincisi isə İ. adı ilə məşhur idi.Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu.
İdil kənarında(Bir romanın başı)Nə gözəldir İdil çayı!
Pirİyun ayının ortası idi. Günlər çox isti keçirdi.... Məşədi Allahverən sabah namazına durub arvadını tələsik durquzdu:"Ay qız Gülbadam! Gülbadam! Tez ol dur, uşağı da durquz, vaxt keçir hava sərin ikən yola düşək."
Nəriman Nərimanovun oğlu Nəcəfə bitməmiş məktubuMoskva, 28 yanvar 1925-ci il."1895-ci il yanvarın 15-də Bakıda Tağıyev teatrında ilk dəfə mənim “Nadanlıq” pyesim tamaşaya qoyuldu. Həmin günü mən ədəbi işimin başlanğıcı hesab edirəm. Bu gün 1925-ci il yanvarın 28-də həmin hadisədən 30 il keçir. Dostlarımdan bəziləri bunu bilib həmin günü qeyd etmək istədilər. Onlardan teleqramlar alınmışdır... Əlbəttə, əgər ciddi düşünsən, demək olar ki, mən heç bir şey etməmişəm. 30 il! Bu müddət ərzində bəzi şeylər etmək olardı. Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan... Digər tərəfdən isə həmin vaxtı təsəvvür etdikdə, bütün şəraiti, həyatımın keçdiyi dolanbac yolları nəzərə aldıqda, bir şeydə təskinlik tapırsan ki, az da olsa bir iş görülüb. Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sıra başqa şeylər, bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarım bütün bunları göstərir. Bəlkə də bu, çox sönük, bədiilikdən uzaq, bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və məkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə heç olmazsa bir xeyir verim. Bu və yalnız bu, mənə bir qədər təskinlik verir ki, 30 il ərzində ictimai sahədə işləmişəm. Əgər öz işimlə heç olmazsa on nəfəri həmin “xəstəliyə” yoluxdurmağa nail olmuşamsa, deməli, mən, mənim şüurum o mənada sakit olar ki, mən hədər yerə yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmişəm...