İkinci məclis
Page 3 of 3 · 67%
SƏKKİZİNCİ GƏLİŞ
Ş a m d a n (Niyaz bəy tərəfə gedib əl verir). Salaməleyküm! (Şamdanı Niyaz bəy görüb tanıyır və danışmayıb heyran qalır.)
H a c ı İ b r a h i m. Əyləşiniz. Allah qoysa, nə vaxt təşrif aparırsınız?
Ş a m d a n. İnşaallah, bir-iki gündən sonra.
H a c ı İ b r a h i m. Bəs eşitdim ki, sabah buyuracaqsınız.
Ş a m d a n. Bəli. Fikrim var idi sabah gedəm. Ancaq qubernatorla bir az işim olmağa görə qaldım.
H a c ı İ b r a h i m. Qubernatorla aranız varmı?
Ş a m d a n. Necə ki? Dünən məni çaya çağırıb saat on birədək oturub söhbət etmişik. (Hacı İbrahim Niyaz bəyə baxıb lovğalanır.) Çoxusu ondan ötəri getmirəm ki, qubernatorun bu günlərdə qonaqlığı olacaqdır. Məndən təvəqqe etdi ki, mən
də orada olam. (Hacı. İbrahim Niyaz bəyə baxır və Niyaz bəy başını bulayır.)
H a c ı İ b r a h i m. İnşaallah, gələndən sonra mənim də bir işim var. Qubernatordan keçir, onu da düzəldərsiniz.
Ş a m d a n. Çox əcəb. Bu vaxtadək bir iş olmuyubdur ki, mənim təvəqqemi yerinə yetirməyə. Mənim burada çox dostlarım var. Sudun predsedateli, prokuror və qeyriləri. Bunların vasitələri ilə neçə adamları qulluğa qoymuşam. (Cəfər çay gətirir.)
H a c ı İ b r a h i m. Buyurun çay içək. (Mizə yavuq oturub çay içirlər.)
Ş a m d a n. Bir ay bundan müqəddəm mənim tanışlarımdan biri padsuda düşmüşdü. Qohum-əqrəbaları bilirdilər mənim divan adamları ilə dostluğum var. Hamısı gəlib ayağıma düşdülər ki, onu qurtaram. Həqiqət, özümün də çox yazığım gəldi. Bir balaca kağız yazıb o saat onun işini təmizə çıxartdım. Xülasə, sizin dövlətinizdən sözüm çox ötkəmdir. Burada, bəlkə tanıyasınız, Yusif adlı bir oğlan var ... m ... m.... Onun üstündə çox zəhmət çəkib müəllimlikdən özgə yerə təyin etdirdim. (Yavaşdan.)
H a c ı İ b r a h i m. Maşallah sizə. (Fəxr edir.) Belə işlərdə hünər lazımdır. (Stəkanları aparıb çay gətirir.)
Ş a m d a n. Belə adamlar ilə aşna olmağıma səbəb görürsünüz ki, xalq də mənə hörmət edir. Məsələn, indi şəhərə gedəndə qabağıma heç olmasa əlliyədək adam gələcəkdir.
N i y a z b ə y. Bəli ... m ... m.... Bu mərtəbəyə çatmaq üçün böyük hünər lazımdır.
H a c ı İ b r a h i m. Əlbəttə, əlbəttə.
N i y a z b ə y (tərəfə). Amma yaxşı gop vurur.
Ş a m d a n (ayağa durur). Məni dəxi bağışlayasınız, çünki vaxtım yoxdur sizinlə söhbət edəm.
H a c ı İ b r a h i m. Bəs niyə belə tez? Əyləşəydiniz bizimlə bərabər çörək yeyərdik.
Ş a m d a n. Çox məmnun və məsrurəm. Ancaq knyaz Sakarilinlə, qubernatorun yeznəsidir, bu gün firəng konsulu ilə ki mənim qədim dostumdur, bağda rast gəlib çox-çox təvəqqe etdilər ki, bu gün onlara gedəm.
H a c ı İ b r a h i m. Bəli, hərgah söz veribsiniz, vacibdir.
Ş a m d a n (hazırlaşır). Doğrusu, bu aşna dostlar adamı qoymurlar ki, rahat olsun. Çox böyüklərin hələ gözlərinə görükmürəm. (Əl verir.) Xudahafiz. (Gedir və onun dalınca Hacı İbrahim. Birdəp guya yadına qapıda bir şey düşüb geri qayıdır.)
Ş a m d a n. Ola ki, poçtxana bu yavuqluqdadır.
H a c ı İ b r a h i m. Bəli, bəli. (Özü gedib qələm və kağız gətirir . Şamdan yazır və danışır.)
Ş a m d a n. Elə indi yadıma düşdü. Gərək bir tel vuram Peterburqa, qraf Zamburski məni dəxi gözləməsin. (Tel yazıb gedir.) Salamat qalın! (Hacı İbrahim də onun dalınca.)
N i y a z b ə y (tək, ayağa durur). Bizim qızların evlərini elə belə şeylər yıxır. A kişi, qəribə bihəya adamdır! Məni utandırır ki, mənim yanımda özünü bu qədər tərif edir. Dəxi mən nə danışım.... (Fikrə gedir.) Heyf! Heyf ki, elə qızı belə adama verirlər.... Gör sən allah, o adama xəyanət edir ki, evində yeyir-içir və özü də dəxi bir adam olubdur. Doğrudur,ata istəyər ki, qızını yaxşı yerə versin, tainki axırda bir parça çörək sahibi olsun. Amma bunlardan baş məhəbbətdir,zira ki, bir övrətlə kişinin bir-birinə məhəbbəti oldu, onlar heç vaxt korluq çəkməzlər. Onlar bir-birinə xoş gəlməkdən ötrü hər ikisi çalışacaqlar ki, zindəganlıqları xoş keçsin, ta bir-birindən narazı olmasınlar. O məhəbbət ki, Xədicə və Yusifdə var, neçə ki, mən bilirəm, bu xoşbəxtlikdir.... (Fikrə gedir.) Bəlkə qız dəxi istəmir.... Yaxşı olar ki, özünü mən buraya çağırıb bir neçə sual verim. (Gedib qapıdan səs edir.) Nazlı! Ay Nazlı! Xədicəni bura çağır. (Gəlib əyləşir və fikrə gedir. Xədicə içəri daxil olur.)
DOQQUZUNCU GƏLİŞ
Xədicə və Niyaz bəy.
X ə d i c ə. Salaməleyküm, dayı!
N i y a z b ə y. Əleyküməssalam! (Üzünə diqqətlə baxır.) Niyə saralıbsan? Azarlısanmı?
X ə d i c ə (başı aşağa). Bəli, bir az başım ağrıyır.
N i y a z b ə y. Ay balam, mən sənin dayınam. Təvəqqe edirəm, səndən bir şey xəbər alacağam, doğrusunu mənə deyəsən. Heç məndən utanma....
X ə d i c ə. Nə buyuracaqsınız, buyurun.
N i y a z b ə y. Doğrusunu de görüm, sən Yusifə getmək istəyirsən ya yox? (Xədicə utanıb başını aşağı salır, cavab vermək istəmir.)
N i y a z b ə y. Sən mənim canım, utanma, de. Çünki iş bir tövr olubdur ki, gərək mən biləm....
X ə d i c ə (yavaş-yavaş oturur və tərəfə). Ah, görəydim, pərvərdigara, mən nə vaxtadək səbr edəcəyəm?
N i y a z b ə y (gedir Xədicənin yanına). Xədicə, sən mənim canım, de!
X ə d i c ə. Mən artıq cavab vermək istəmirəm. Ancaq onu bil ki, mənim Yusifə olan məhəbbətim məni, ya bizdən birimizi bədbəxt edəcəkdir. Of! (Ürəyi gedib uzanır, Niyaz bəy tez başını tutur və adam çağırır.)
N i y a z b ə y. Xədicə! Özünü toxtat.... Ay Nazlı! (Bərkdən.) Su gətir. (Nazlı gəlib qapıdan baxıb tez gedir su gətirməyə.) Ağanı, xanımını çağır bura.
(Hacı İbrahim, Nigar, Nazlı tez gəlirlər. Hamı heyran qalır.)
N i g a r (başına vurur). Bay, anan ölsün! Gördün hələ nə oldu?
PƏRDƏ
Kitabxana.az · https://kitabxana.az/en/works/nerimanov-samdan-bey-ikinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Keçənlərdə Qafqaz kəndlərindən birində bir neçə vaxt günlər keçirtdim. Bu kənd böyük, zəngin bir kənd idi. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilməyini görərdi: məhəllənin biri dağ başında, küçələri toz, torpaq, dar, palçıq evləri bir-birinin içində; ikinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. Məhəllənin biri N. ikincisi isə İ. adı ilə məşhur idi.Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu.
İdil kənarında(Bir romanın başı)Nə gözəldir İdil çayı!
Pirİyun ayının ortası idi. Günlər çox isti keçirdi.... Məşədi Allahverən sabah namazına durub arvadını tələsik durquzdu:"Ay qız Gülbadam! Gülbadam! Tez ol dur, uşağı da durquz, vaxt keçir hava sərin ikən yola düşək."
Nəriman Nərimanovun oğlu Nəcəfə bitməmiş məktubuMoskva, 28 yanvar 1925-ci il."1895-ci il yanvarın 15-də Bakıda Tağıyev teatrında ilk dəfə mənim “Nadanlıq” pyesim tamaşaya qoyuldu. Həmin günü mən ədəbi işimin başlanğıcı hesab edirəm. Bu gün 1925-ci il yanvarın 28-də həmin hadisədən 30 il keçir. Dostlarımdan bəziləri bunu bilib həmin günü qeyd etmək istədilər. Onlardan teleqramlar alınmışdır... Əlbəttə, əgər ciddi düşünsən, demək olar ki, mən heç bir şey etməmişəm. 30 il! Bu müddət ərzində bəzi şeylər etmək olardı. Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan... Digər tərəfdən isə həmin vaxtı təsəvvür etdikdə, bütün şəraiti, həyatımın keçdiyi dolanbac yolları nəzərə aldıqda, bir şeydə təskinlik tapırsan ki, az da olsa bir iş görülüb. Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sıra başqa şeylər, bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarım bütün bunları göstərir. Bəlkə də bu, çox sönük, bədiilikdən uzaq, bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və məkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə heç olmazsa bir xeyir verim. Bu və yalnız bu, mənə bir qədər təskinlik verir ki, 30 il ərzində ictimai sahədə işləmişəm. Əgər öz işimlə heç olmazsa on nəfəri həmin “xəstəliyə” yoluxdurmağa nail olmuşamsa, deməli, mən, mənim şüurum o mənada sakit olar ki, mən hədər yerə yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmişəm...