Page 1 of 2

Xarəzmşahlarla olan əlaqə get-gedə gərginləşirdi. Onların qonşularla ittifaq bağlaması, atabəyliyin ətrafında qüvvə hazırlamaları, Atabəy Məhəmmədin rahatsızlığına səbəb olmuşdu. Dörd aydan bəri Qaraxətayi, Xarəzm və Xorasan tərəflərini dolaşıb məmləkətin vəziyyəti ilə tanış olmaqda idi.

Qış çox soyuq keçirdi. Atabəy səfərdən qayıtdığı zaman özünü yaxşı hiss etmirdi. Həkimlərin dediyinə görə Atabəyin ciyərləri soyuqlamışdı.

Xəstəlik iki həftədən bəridir ki, davam edirdi. Naxoşun halı yaxşı deyildi. Xəstənin verdiyi əmrə binaən xəstələndiyini gizlədirdilər, çünki Atabəyin xəstə yatdığı şayiələri məmləkətə yayıldığı vaxt, bir çox yerlərdə üsyan və qiyamlar başlayırdı. Xüsusən xəstəlik xəbərləri məmləkətin xaricində fəna təsir bağışlayır və atabəylər ölkəsinə qarşı əlaqələr dəyişirdi.

Atabəy Məhəmməd Kiçik Buğanı yanına çağırıb dedi:

– Görünür, bu xəstəlik çox uzun çəkəcəkdir. Mənim işlərə baş çəkə bilməyəcəyim, Toğrulun köhnə fikirlərinin təzələnməsinə səbəb ola bilər. Bu barədə ehtiyatlı olmalısan. Təcili surətdə Təbrizə çapar göndərib qardaşım Qızıl Arslanı Həmədana çağırmalısan; çünki mən iraqlıların fikrini yaxşı görmürəm. Vəzirləri mənim yanıma çağırın, xəlifə ilə münasibət məsələsini bir daha aydınlaşdırmaq lazımdır. Sizə bu gündən etibarən qəti əmr verirəm, bir nəfər də olsa məmləkətimizdən keçib Bağdada getmək istəyən Xarəzm tacirini buraxmayın, çünki onların bir çoxu tacir libasına girmiş casuslardır.

Atabəy Kiçik Buğaya bir çox tapşırıqlar verdi, lakin onların həyata keçirilməsi mümkün deyildi. Çünki Qətibə və Hüsaməddin Həmədanın ətrafına müəyyən adamlar təyin etmişdi. Həmədandan Təbrizə və Bağdada gedənlərin hamısı axtarılır və həbsə alınırdı. Buğa tərəfindən Təbrizə Qızıl Arslana məktub aparan qasid yolda tutulub Hüsaməddinin adamları tərəfindən öldürüldü.

Atabəy vəzirlərini yanına çağırsa da, Qətibə: “Xəstəni rahatsız etməyin” – deyə, heç bir kəsi saraya buraxmırdı.

Atabəyin həkimi bir daha gəlib xəstəliyi yoxladı və təcili surətdə qan götürülməsini əmr etdi. Qətibə Atabəyin yatağının yanını kəsib oturmuşdu. Dəllək gəlib qan götürdü. Qan götürəndən iki saat sonra Qətibə ağlaya-ağlaya Atabəyin otağından çıxdı. Əyanlar, vəzirlər Atabəyin səhhətini soruşmaq üçün böyük salona yığışmışdılar. Qətibə onlara müraciət edərək:

– Qızıl Arslan işini işlədi. Atabəyiniz öldü, – dedikdə, həkim təəccüb edərək tələsik içəri girdi; çünki o, iki saat əvvəl Atabəyin ürəyini və nəbzini adi halında görmüşdü, onda ölüm nişanələri yox idi. Həkim meyiti yoxladığı zaman onun yaşıl rəng aldığını görincə, vəzirlərə müraciət edərək:

– Dəlləyi tez tapıb gətirin! Atabəydən zəhərlənmiş ülgüclə qan götürülmüşdür! – dedi.

Lakin həkim, dəlləyin üzünü görüb onu istintaq etməyi bacarmadı, çünki sirr açılmasın deyə Qətibənin tapşırığı ilə dəllək saray qapısına gətirilmədən edam edilmişdi.

Qızıl Arslan ölümdən xəbər tutmadan, iraqlıların və Xarəzmşahın Atabəy paytaxtı ətrafında yığışmış casusları işə başladı və öz namizədləri olan Toğrulu taxta qoymaq üçün hazırlıq gördülər. Onlar dərhal Nəsirəddinbillah xəlifənin yanına bir heyət göndərdilər. Atabəy Məhəmmədin ölümünü ona xəbər verdilər və eyni zamanda Toğrulun taxta oturmasını rica etdilər.

Atabəy Məhəmmədin ölüm xəbəri Bağdad saraylarının bayramına və şadlığına səbəb oldu. Xəlifə, yaxasının Atabəy Məhəmmədin əlindən qurtarmasilə fəqirlərə ehsan payladı. Nəhayət, Toğrula bir xələt göndərməklə onun şahlığını təsdiq elədi.

Cənazə qalxandan beş gün sonraya qədər Həmədandan kənara bir quş uça bilmədi və xarica xəbər aparmağa imkan verilmədi. Nəhayət, Həmədana toplanmış əcnəbi casusları Toğrulu taxta çıxarıb başına tac qoydular.

Qətibə isə Hüsaməddin və Toğrulu yanına çağırıb Bağdad və Xarəzm qoşunlarını götürüb Azərbaycana hücum edilməsi və Qızıl Arslanı həbs etməklə yerinə başqa birisinin təyin edilməsini təklif etdi.

Bu təklifə birinci olaraq Toğrul etiraz edərək:

– Bu iş yaramaz, – dedi. – Qızıl Arslanı həbsə almaq üçün bütün Şimali Azərbaycanı həbsə almaq lazımdır. Çünki Atabəyin sağlığında da Şimali Azərbaycan xalqı ancaq Qızıl Arslanı tanıyırdı.

Qətibə Toğrulun son sözlərinə cavab olaraq:

– Heç olmazsa Qızıl Arslan həbs edilməlidir, çünki o sağ qaldıqca, Təbrizdə azad hökumət sürdükcə, Şimali Azərbaycan mərkəzi tanımayacaqdır. Hər nə olursa olsun, Şimali Azərbaycandan qırx-əlli nəfər həbsə alınmalı və cəzalandırılmalıdır; çünki Nizamilər, Fəxrəddinlər qaldıqca, bizim Şimali Azərbaycanı itaət altına gətirə biləcəyimiz mümkün olmayacaqdır.

Toğrul yenə də etiraz etdi:

– Nizamilər və Fəxrəddinlər daima Atabəy Məhəmmədin siyasətinə qarşı mübarizə aparırdılar. Mən elə bilirəm ki, biz məmləkəti ədalət və qanun daxilində idarə edə bilsək, Şimali Azərbaycan xalqı heç bir vaxt öz hökumətinin əleyhinə olmaz. Fəxrəddinlərə gəldikdə, o kimi adamlar bir zaman bizə günəş və su kimi lazım olacaqlar.

Toğrulun fikirlərini Hüsaməddin də təsdiq edərək Qətibəyə dedi:

– Fəxrəddin və Nizami ilə olan düşmənliyiniz artıq öz əhəmiyyətini itirmişdir. Siyasət bəzən ata və oğul qanından sərfnəzər etməyi də məsləhət görür. Sizin mərhum atanızın qatili Fəxrəddin deyil, bütün Şimali Azərbaycan xalqıdır, bu bir, ikincisi, biz Atabəydən sonra Şimali Azərbaycan xalqına və onun sevimlisi olan Qızıl Arslana qarşı düşmən hərəkətə başlasaq, əleyhimizə çevrilən şayiələri təsdiq etmiş olacağıq. Hər şey öz vaxtında lazımdır. Hər şey əlverişli fürsət tələb edir. Siz bir ay əvvəl ələhəzrət Toğrulun taxta otura biləcəyini fikrinizə gətirə bilməzdiniz. Lakin fürsət ələ keçdiyi zaman ələhəzrəti Azərbaycan və İraq taxtında görməkdəyik.

Nizamiyə gəldikdə, mən onu gənclikdən tanıyıram. O, heç bir zaman məmləkətin səadəti əleyhinə olmamışdır. Sizinlə onun arasında mövcud olan düşmənlik ancaq bir sevgi nəticəsində idi. Burada Nizami haqlı idi, çünki Nizami sizə sevgi elan etməmişdi. Sevgini siz elan etmişdiniz. Qəbul edib-etməmək ixtiyarı onda idi.

Bunlar keçibdir, hazırda Qızıl Arslana bir məktub göndərərək qardaşının ölümünü ona bildirək. Onu Həmədana çağırıb hörmət göstərmək və ələhəzrətin tac-taxtına sədaqət göstərməsi üçün təminat almaq lazımdır.

Bu qərar qəbul olundu. Qızıl Arslana məktub göndərmək işi ölən Atabəyin qadını olmaq münasibətilə Qətibə xatuna tapşırıldı. Qətibə məktubu düzəltdikdən sonra Toğrula və Hüsaməddinə oxudu:

“Həşəmətmaab!

Ailəmizə üz verən böyük və bədbəxt facieni sizə bildirməyə məcbur oldum. Düşmənlər böyük qardaşınız Atabəy Məhəmmədi bizim əlimizdən aldılar. O xəstələnmişdi, xəstəliyi o qədər də ağır xəstəlik deyildi. Həkim qan götürülməsini məsləhət gördü, dəllək çağırıb xəstədən qan götürülməsinə əmr etdik. Lakin düşmənin əl altından işləməsi bizə məlum deyildi. Qan götürüləndən iki saat sonra xəstənin halı dəyişdi. Artıq danışa bilmədi, ancaq Toğrulun taxta oturmasını və sizin öz yerinizdə möhkəm durmağınızı deyib dünyadan getdi.

Həkimlərin təyin etdiyinə görə dəlləyin ülgücü zəhərli ülgüc idi. Buna görə də qatil dərhal edam olundu. Qardaşınızın başına gələn bu fələkət bütün xanədanımızın başına gələn bir fələkətdir. Bu müsibətdə cənab Allah dərgahından sizə səbir, təskinlik diləməkdəyəm. Əlbəttə, siz dünya görmüş və aqil insansınız. Ölüm hamı üçün vardır. Lakin Atabəyə qarşı düzələn bu sui-qəsd bir şəxsin həyatına deyil, bütün məmləkətin əleyhinə düzələn bir sui-qəsd idi. Bu münasibətlə kəmərinizi möhkəm bağlamalı və məmləkətin mühüm bir hissəsini idarə etdiyiniz üçün ehtiyatlı olmalısınız. Həşəmətmaaba bunu da xatırlatmaq istəyirəm ki, aralıqda bəzi şayiələr gəzməkdədir. Düşmənlərimiz bu qanın izini itirmək üçün sizin də adınızı çəkirlər. Buna görə də sizin Həmədana təşrif gətirməyiniz və ələhəzrət Toğrul ilə görüşüb, onun taxt-tacına gələcəkdə sədaqət göstərəcəyinizə dair təminat verməyiniz lazımdır. Ancaq iki qardaşın hökuməti məhəbbət və sədaqətlə idarə etməsi nəticəsində, bədbəxt olan qardaşınızın düşmənlərini və bu ölümün baislərini zahirə çıxarmaq mümkün olacaqdır. Xəlifədən gələn fərman və İraq xalqının müttəfiq iradəsi nəticəsində ələhəzrət Toğrulu Azərbaycan taxtına əyləşdirdilər. Siz də bu barədə Cənubi və Şimali Azərbaycan xalqını xəbərdar etməli və ələhəzrətə olan itaətlərini təmin etməyə çalışmalısınız. Ələhəzrətin rəsmən cülus edəcəyi gündə iştirak üçün Azərbaycandan nümayəndələr gəlməsinə lütfən diqqət verəsiniz.

Həmədan, Qətibə xatun”

Məktubu Hüsaməddin və Toğrul həddindən artıq bəyəndilər. Məktubu aparmaq və Qızıl Arslana təziyət vermək üçün bir heyət təşkil edib göndərdilər. Lakin bu məktubu göndərdikdən sonra yenə də Qızıl Arslan əleyhinə düzələn böhtan və şayiələrin arası kəsilmədi. Qətibənin tələbinə görə Toğrul Həmədanda məsul işlərdə olan azərbaycanlıları Atabəyin qətlində iştirak etmələri ilə töhmətləndirib həbsə aldırır və Qızıl Arslanın gələcəkdə tac-taxtdan məhrum edilməsi üçün zəminə hazırlayırdı.

Qızıl Arslan Qətibənin məktubunu almadan qabaq Atabəyin qəfildən ölməsi xəbərini eşitmişdi. Hadisənin əsas mündəricəsi Qızıl Arslan üçün aydın idi. Buna görə də Həmədana getməyə tələsmədi və Qətibənin məktubunun cavabında yazdı:

“Möhtərəm mələkə! Xanədanımıza üz verən müsibətin ağırlığını mələkənin hiss etdiyi qədər hiss edirəm. Bu barədə sizə şəxsən bəyan-təziyət etməyim lazım gəlirsə də, mərhum Atabəyin ölüm xəbəri münasibətilə məmləkətdə baş verən bəzi dedi-qodular, Həmədana gəlməyimə imkan vermədi. Hələlik Təbrizdən ayrılmaq ələhəzrətin hökuməti üçün məsləhət deyildir. Bunu Toğrul həzrətlərinə söyləməyinizi rica edirəm”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qılınc və qələm

Şimali Azərbaycan xalqının tarixi bugünkü bayram kimi bayramı çox az görmüşdü. Qəhrəman Fəxrəddin Bağdad səfərindən qələbələrlə qayıdırdı. O, Bağdada getdiyi zaman iyirmi nəfərlə getmişdi. Gəncəyə qayıtdığı zaman onu minlərcə atlı müşayiət edirdi.Fəxrəddinin qafiləsi Araz çayından Şimali Azərbaycana keçdiyi zaman onun atının ayaqları altında yüzlərcə qurban kəsildi. Atların yalları və yəhərlərinin qaşı əlvan çiçəklərlə bəzənmişdi. Qızları əsirlikdən qayıdan ailələr Fəxrəddinin qafiləsini qarşılamaq üçün Araz çayının kənarına qədər gəlmişdilər. Qılınc və qələm sayəsində yaradılan bu azadlıq Şimali Azərbaycanda bir bayram hərəkəti şəklinə girmişdi. Qızlar, gəlinlər, gənclər gecə-gündüzü yatmayaraq, yollar üzərində dayanıb qəhrəmanın gəlib keçməsini gözləyirdilər. Əsirlikdən qurtarıb gələn qızların taxt-rəvanları üzərində: “Yaşasın əsirlərə nicat verən Azərbaycan qəhrəmanı!” – sözləri ipək tellər ilə yazılmışdı.

3 min
Köşk-baği-müəzzəm

Qətibənin Bağdadda nə kimi işlərlə məşğul olduğunu, Zəhir Bəlxi və Kəmaləddinlə çıxardığı qərarlarını Atabəy Məhəmməd Səba xanımın vasitəsilə öyrənmişdi. Qətibənin Fəxrəddinə qarşı hazırladığı sui-qəsd və Gözəlin oğlanlarının edamı üçün etdiyi təşəbbüslər Atabəy Məhəmməd üçün əvvəldən axıra qədər məlum idi.Hələ Nizaminin edamı üçün Bağdaddan adamlar göndərilməsi Atabəy Məhəmmədi təbii halından çıxarmışdı; çünki Nizami kimi bir şairin öldürülməsi, Şimali Azərbaycanda ikinci bir üsyanın doğulmasına səbəb ola bilərdi. Bunun üçün də Atabəy Həmədandan xəlifənin cülusunda iştirak etmək üçün Bağdada hərəkət etdiyi zaman Qətibəyə göndərdiyi məktubunda:

25 min
XII əsrin yarısında Azərbaycan

XII əsrin 2-ci yarısında xəlifə bayrağı altında hökumət süren hökmdarların ən qüvvətlisi Azərbaycan atabəyləri idi. Azərbaycan hökuməti üçün yeganə bir rəqib varsa, o da Xarəzmşahlar idi. Əlaəddin Təkiş Xarəzm hökumətinin başına keçdiyi zaman bu mübarizə daha da gücləndi. Sultan Təkiş hər nə olursa olsun, xəlifəyə təsir yetirmək üçün Bağdada yol açmalı idi. Lakin Azərbaycan atabəylərinin coğrafi mövqeyi Sultan Təkişin bu arzularına imkan vermirdi. Azərbaycan, Rey və İraqın, həmçinin coğrafi və strateji üstünlüyün atabəylər əlində olması onlara Bağdadı daima öz nüfuzları altında saxlamağa kömək edirdi.Azərbaycan atabəyləri istədikləri zaman Bağdadı işğal edər və öz dediklərini xəlifəyə dikdə edə bilərdilər.

9 min
Ölüm qərarı

Atabəy Bağdada çağırılmışdı. Qətibə bu fürsətdən istifadə edərək gecələrin birində Toğrulu yanına çağırdı və Atabəy Məhəmmədin qaba hərəkətlərindən şikayətlənərək dedi:– Siz mənim nə qədər qohumcul olduğumu bilməmiş deyilsiniz. Lakin qardaşınız mənim oğlumun qarşısına təzə varislər qoymağa tələsdi. Gedib bir kəndli qızına evləndi. Mənim əzəmət və şərəfimi təhqir etdi. Nəhayət, oğlumu məndən ayırıb Reyə hökmdar göndərdi, çünki məni paytaxtdan uzaqlaşdırmaq lazım idi. Bu gün mən öz canımı götürüb buradan gedə bilərəm, lakin sizin həyatınızı onun vicdanına tapşırmağa cəsarət etmirəm. Onun süfrə başında and içməsinə inanmayın, o öz nəfsindən ötrü bütün Eldəniz xanədanını məhv edə bilər. Xüsusən o son vaxtlar olduqca əsəbiləşmişdir. Qan tökmək, göz çıxarmaq üçün bəhanə axtarır. Çıxılmaz vəziyyətdəyəm. Onu sevirəm, lakin məmləkəti və xanədanın şərəfini də sevmək lazımdır.

5 min

Poems by other poets