Page 2 of 2 · 50%

Məktub çox qısa və etinasız yazılmışdı. Qızıl Arslan Toğrulun cülus gününü təbrik etmək üçün Azərbaycandan bir nəfər də olsa göndərmədi. Çünki Azərbaycanda Toğrulun bir əcnəbi nümayəndəsi olduğuna dair geniş şayiələr gəzirdi. Qızıl Arslan Həmədanda oynanılan oyunların xaricilərin təsiri altında yaradıldığını beş barmağı kimi bilirdi. Buna görə də məmləkətin xilası üçün Cənubi və Şimali Azərbaycanda ciddi hazırlıq görməyə başlamışdı.

Qızıl Arslan bu hazırlıqla paytaxta təsir yetirmək və Toğrulu qorxutmaqla əcnəbilərin himayəsindən ayırmağı düşünürdü. Xüsusən onun əleyhinə şayiə buraxılması və nəticədə Həmədanda olan azərbaycanlıların Qızıl Arslan tərəfdarlığı ilə töhmətləndirilib həbsə alınması Qızıl Arslanın mənliyinə olduqca fəna təsir bağışlamışdı.

Əvvəlcə Qızıl Arslan Cənubi və Şimali Azərbaycanın mərkəzlə olan əlaqəsini tamamilə qırdı. Azərbaycan artıq paytaxt olaraq Təbriz şəhərini və bir hökmdar kimi Qızıl Arslanı tanıdı.

Toğrul bu vəziyyəti gördüyü zaman təşvişə düşdü. Zira Azərbaycan olmadan Azərbaycan Atabəyi namına təşkil edilmiş bu səltənət, o qədər də uzun yaşaya bilməyəcəkdi. Lakin Toğrul Qızıl Arslanla anlaşmaq əvəzinə, Azərbaycanda nüfuza malik olan tək-tək adamlarla anlaşmaq və əlaqəyə girməyi düşündü. Əvvəlcə Fəxrəddinə belə bir məktub göndərdi:

“Möhtərəm Fəxrəddin!

Xudavəndi-aləmin köməyi, peyğəmbəri-zişənimizin mərhəməti, xəlifəyi-ruh-zəminin mübarək iradəsi nəticəsində Azərbaycan səltənəti öz həqiqi varisinin əlinə yetişdi. Hazırda Azərbaycanda yaşayan bütün sadiq təbəələrin öhdəsinə müqəddəs bir vəzifə düşür ki, o da hökmdarla birlikdə əl-ələ verib məmləkət xalqının səadətinə çalışmaqdan ibarətdir.

Sizin nəsliniz öz qəhrəmanlığı və hökumət qanunlarına sadiq qalmasilə məşhurdur. Buna görə də sizə öz yanımda məsul bir xidmət vermək və sizinlə birlikdə xalqın səadəti uğrunda çalışmağı qərara almışam. Sizin həyatınızı təmin etmək üçün bir hökmdar kimi söz verirəm. Məktubun cavabını məktubu gətirən qasidlə göndərin.

Toğrul”

Toğrul Fəxrəddinə göndərdiyi məktubla bərabər böyük şair Nizamiyə göndərdiyi məktubunda yazırdı:

“Möhtərəm şair!

Sizə səmimi salam göndərməklə özümü xoşbəxt hesab edirəm. Bütün şad və məsrur dəqiqələrimi sizi xatırlamaq və sizin filosofanə əsərlərinizi oxumaqla keçirmişəm. Xudavəndi-aləm şahiddir ki, Şirvan xaqanı Əbül Müzəffərin sizin yazdığınız “Leyli və Məcnun” dastanına əhəmiyyət verməyib, sizi mükafatlandırmaması mənim xaqana qarşı olan məhəbbətimin azalmasına səbəb oldu. Böyük şair bununla ruhdan düşməməlidir, çünki hökmdarların keçirdiyi dəqiqələrin hamısı bir rəng və bir mündəricədə ola bilməz. Hökmdarların şadlığı və qəmginliyi məmləkətin vəziyyətindən və hadisələrin mündəricəsindən asılıdır. Ola da bilər ki, xaqanın bir hadisə nəticəsində kədərləndiyi dəqiqələrdə, yazdığınız qiymətli əsərinizi ona təqdim etmişsiniz.

Mən çox arzu edərdim ki, böyük şair mənim üçün “Fərhad və Şirin” dastanını nəzmə çəkəydi. Dastan yazmaq və xalqların qəhrəmanlıq tarixini inandırıcı bir surətdə vermək üçün ancaq sizin sənətinizin qüvvəti çatar. Böyük şairi, özünün təsəvvür edə bilmədiyi bir surətdə mükafatlandırmağa and içirəm.

Toğrul”

Nizami Toğrulun məktubunu alandan bir neçə gün sonra Qızıl Arslandan da bir məktub aldı. Şair həddindən artıq sevindi, çünki Qızıl Arslanın yazdığı məktublar, heç bir zaman şəxsi və adi mövzular üzərində qurulmazdı. O, elmi və siyasi işlər üçün şairlə məktublaşardı. Qızıl Arslan məktubunda yazırdı:

“Bir neçə müddətdir ki, böyük şairlə yazışmaqdan məhrum olmuşam. Siz bilirsiniz ki, mən qadınlar haqqında tamamilə başqa bir fikirdə idim. Hərgah yadınızdan çıxmamışdırsa, keçən payız göndərdiyim məktubların birisində Firdovsi şairin qadınlar haqqında fikrinə etiraz yazmışdım. Doğrusu, mən Firdovsinin “Zənü əjdaha hər dü dər xak beh; cahan pak əz in hər dü napak beh” kimi şerlərini o zaman heç bir vəchlə həzm edə bilmirdim. Buna görə də siz haman məktubun cavabında: “Mən sizin bu fikrinizin əleyhinəyəm. Əsərlərimdə qadınlardan qəhrəmanlar, hökuməti idarə edə biləcək iqtidarlı simalar yaradıram” – deyə qadının cəmiyyətdəki vəzifələrindən geniş bir surətdə bəhs etmişdiniz. O zaman mən sizinlə bu barədə geniş mübahisə açmaq istəmədim. Mən o zaman düşündüm ki, bir şairin, bir yazıçının şüuruna başqasının fikrini yerləşdirmək xam xəyallardandır.

Lakin Atabəy Məhəmmədin ölümü məsələsi məni yenə də əvvəlki fikrimin üzərinə qaytardı. Zənn edirəm bu qətlin təşkil edilməsi tarixini lazımınca öyrəndiyiniz zaman tamamilə mənim fikrimin üzərinə qayıdacaqsınız.

Qətibəni bizim hansı birimiz tanımırdıq?! Hətta mənim bədbəxt qardaşım Atabəy Məhəmməd də evləndiyi gündən onu tanımağa başlamışdı. Lakin biz kişilər, daima qadınların sevgi və gözəllik pərdəsi altında gizlədilmiş tələsinə və tilsimine düşürük. Hətta bəzən bunu bilə-bilə aldanırıq. Hərgah şairin qəlbinə toxunmazsa, mən bir həqiqəti söyləmək istərdim. Zənn edirəm ki, şairlərin həqiqətdən acığı gəlməz. Mənə elə gəlir ki, Qətibə xatun qızlıq zamanı şairə sevgi elan etdiyi zaman, şair başqasının tilsiminə düşmüş olmasaydı, Atabəy Məhəmmədin düşdüyü tilsimə düşəcəkdi. Özünüz təsəvvür edin, kişilərin varlığında həqiqəti qadının zahiri görünüşündən aramaq xasiyyəti yoxdurmu?

Möhtərəm şair! Yaxşı bir düşünün, görün sizin qəhrəman və hökumət idarəçisi simasında bəzəyib bizə təqdim etdiyiniz qadın bizim başımıza nə fələkət gətirdi!

Qətibə öz şəxsi inadı nəticəsində bir xanədanı tamamilə məhv etmək oyunlarına başlamışdır. O, bir tərəfdən Bağdad ilə Atabəy Məhəmmədin əleyhinə saziş düzəltmiş, o biri tərəfdən də Xarəzmşah Təkiş xanla bir müqavilə düzəltmişdir. O, Toğrul ilə razılaşaraq, Atabəy Məhəmmədi öldürmək və Toğrulu taxta oturtmağı öhdəsinə götürmüş imiş. Bunun müqabilində isə Toğrul ona evlənəcək və hazırda Rey hakimi olan Qütlüğ İnancı vəliəhd elan edəcəkdi. Qətibə məmləkəti bölüşdürmək üçün İraq vətənpərvərləri ilə də əlaqəyə girmiş və paytaxtın Həmədandan köçürülməsinə imkan yaratmışdır.

Möhtərəm şair bilməlidir ki, bu qadının gələcəyi Azərbaycan üçün çox qorxuludur. Toğrul vaxtilə Atabəy Məhəmmədə güzəştə getdiyi vərasət haqqını indi də Qətibəyə güzəştə getmişdir.

Hazırda bu fəlakətin nəticəsində Azərbaycan ən qorxulu günlər keçirməkdədir. Onlar qapıları açıb düşmənləri bu məmləkətin içərisinə buraxmaq istəyirlər. Bu günlər paytaxta gedirəm, Toğrul və Qətibə məni paytaxta dəvət eləmişdir. Gedirəm, lakin Toğrulun əlini öpmək üçün yox. Mənim bütün səy və tələşım Qətibəni paytaxtdan uzaqlaşdırmaqdan ibarət olacaqdır. Hərgah bir az təxir etsəm, məmləkət xarəzmlilərlə iraqlıların arasında təqsim olunacaqdır. Sizə ikinci məktubumu Həmədandan yazacağam. Həmədandan mənə xəbər verildiyinə görə Toğrul sizə məktub göndərib “Fərhad və Şirin” dastanını yazmağı təklif etmişdir. Lakin o, göndərdiyi məktubunda azərbaycanlılarla əlaqəyə girməyi düşünmüşdür. Biləks, onda “Fərhad və Şirin” dastanına qiymət qoya biləcək qədər bədii zövq yoxdur. Lakin haman əsəri yazmağınızı tövsiyə edirəm. O əsər sizin yaradıcılığınızda ən birinci əsər ola bilər; çünki sizin təbiətinizdə sevgi və nəsihət mövzuları üçün inkaredilməz bir xüsusiyyət vardır.

Hazırda başım elə qarışıqdır ki, elmi və bədii mövzulara vaxt ayırmağı bacarmıram. Lakin Toğrulun sifariş verdiyi “Fərhad və Şirin” dastanı haqqında bir neçə söz yazacağam. Mənə elə gəlir ki, dastanın sərlövhəsini “Fərhad və Şirin” deyil, “Xosrov və Şirin” qoymaq lazımdır. Çünki Fərhad-Şirin mövzusu o qədər də geniş bir mövzu deyildir. Zənnimə görə, Xosrov-Şirin mövzusu daha geniş mövzudur. Burada cəbhə o qədər genişdir ki, şairin təbi istədiyi qədər at oynada bilər. Xüsusən siz bunu başqa dastanlarınızda da göstərə bilmişsiniz.

“Xosrov və Şirin” dastanında məmləkətdarlıq və rəiyyətpərvərlik üçün lazım olan mövzuların hamısını yerləşdirə bilərsiniz. Orada hökmdarların zülmündən, zülmün nəticələrindən və sairlərdən istədiyiniz qədər yaza bilərsiniz. Eyni zamanda, səmimi sevgini Xosrovda deyil, bədbəxt Fərhadda göstərə bilərsiniz. Şübhəsiz ki, bunlar mənim öz düşüncəmdir. Şairə heç bir göstəriş vermək xəyalında deyiləm.

Şair çox yaxşı bilir ki, mən heç bir zaman şəxsi işlərimdən ötrü sizə zəhmət verməmişəm. Lakin bu məktubda məmləkət və vətən namusunu nəzərdə tutaraq sizə zəhmət vermək istəyirəm. Azərbaycanlılar mənim Həmədan səfərimdə iştirak etməlidir. Biləks, iraqlılar və xarəzmlilər bizi ən yaxın bir zamanda Bağdad qapılarından və Azərbaycanın tarixi paytaxtından qovacaqlar. Siz bilirsiniz ki, biz İraq və Həmədanı itirməklə Azərbaycanı müstəqil yaşada bilmərik. Bu bizim üçün siyasi və iqtisadi bir ölüm deməkdir. Əvvəla, Həmədan Azərbaycandır. Onlar dil etibarilə də bizimdir. İkincisi də, biz Bağdad qapısından çəkilərsək, o zaman Azərbaycan şimal və cənub ticarətinin vasitə mərkəzi olmaq əhəmiyyətini itirəcəkdir. Mənim Həmədana azərbaycanlıların qüvvətilə getməyim lazımdır. Bu qüvvət yanımda olduğu zaman müvəffəqiyyət qazana bilərəm. Biləks onlar məni həbsə aldıra bilər, məhv edər, kor da edərlər. Rica edirəm, siz bunu Fəxrəddinə anladın...

Təbriz, Qızıl Arslan”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qılınc və qələm

Şimali Azərbaycan xalqının tarixi bugünkü bayram kimi bayramı çox az görmüşdü. Qəhrəman Fəxrəddin Bağdad səfərindən qələbələrlə qayıdırdı. O, Bağdada getdiyi zaman iyirmi nəfərlə getmişdi. Gəncəyə qayıtdığı zaman onu minlərcə atlı müşayiət edirdi.Fəxrəddinin qafiləsi Araz çayından Şimali Azərbaycana keçdiyi zaman onun atının ayaqları altında yüzlərcə qurban kəsildi. Atların yalları və yəhərlərinin qaşı əlvan çiçəklərlə bəzənmişdi. Qızları əsirlikdən qayıdan ailələr Fəxrəddinin qafiləsini qarşılamaq üçün Araz çayının kənarına qədər gəlmişdilər. Qılınc və qələm sayəsində yaradılan bu azadlıq Şimali Azərbaycanda bir bayram hərəkəti şəklinə girmişdi. Qızlar, gəlinlər, gənclər gecə-gündüzü yatmayaraq, yollar üzərində dayanıb qəhrəmanın gəlib keçməsini gözləyirdilər. Əsirlikdən qurtarıb gələn qızların taxt-rəvanları üzərində: “Yaşasın əsirlərə nicat verən Azərbaycan qəhrəmanı!” – sözləri ipək tellər ilə yazılmışdı.

3 min
Köşk-baği-müəzzəm

Qətibənin Bağdadda nə kimi işlərlə məşğul olduğunu, Zəhir Bəlxi və Kəmaləddinlə çıxardığı qərarlarını Atabəy Məhəmməd Səba xanımın vasitəsilə öyrənmişdi. Qətibənin Fəxrəddinə qarşı hazırladığı sui-qəsd və Gözəlin oğlanlarının edamı üçün etdiyi təşəbbüslər Atabəy Məhəmməd üçün əvvəldən axıra qədər məlum idi.Hələ Nizaminin edamı üçün Bağdaddan adamlar göndərilməsi Atabəy Məhəmmədi təbii halından çıxarmışdı; çünki Nizami kimi bir şairin öldürülməsi, Şimali Azərbaycanda ikinci bir üsyanın doğulmasına səbəb ola bilərdi. Bunun üçün də Atabəy Həmədandan xəlifənin cülusunda iştirak etmək üçün Bağdada hərəkət etdiyi zaman Qətibəyə göndərdiyi məktubunda:

25 min
XII əsrin yarısında Azərbaycan

XII əsrin 2-ci yarısında xəlifə bayrağı altında hökumət süren hökmdarların ən qüvvətlisi Azərbaycan atabəyləri idi. Azərbaycan hökuməti üçün yeganə bir rəqib varsa, o da Xarəzmşahlar idi. Əlaəddin Təkiş Xarəzm hökumətinin başına keçdiyi zaman bu mübarizə daha da gücləndi. Sultan Təkiş hər nə olursa olsun, xəlifəyə təsir yetirmək üçün Bağdada yol açmalı idi. Lakin Azərbaycan atabəylərinin coğrafi mövqeyi Sultan Təkişin bu arzularına imkan vermirdi. Azərbaycan, Rey və İraqın, həmçinin coğrafi və strateji üstünlüyün atabəylər əlində olması onlara Bağdadı daima öz nüfuzları altında saxlamağa kömək edirdi.Azərbaycan atabəyləri istədikləri zaman Bağdadı işğal edər və öz dediklərini xəlifəyə dikdə edə bilərdilər.

9 min
Ölüm qərarı

Atabəy Bağdada çağırılmışdı. Qətibə bu fürsətdən istifadə edərək gecələrin birində Toğrulu yanına çağırdı və Atabəy Məhəmmədin qaba hərəkətlərindən şikayətlənərək dedi:– Siz mənim nə qədər qohumcul olduğumu bilməmiş deyilsiniz. Lakin qardaşınız mənim oğlumun qarşısına təzə varislər qoymağa tələsdi. Gedib bir kəndli qızına evləndi. Mənim əzəmət və şərəfimi təhqir etdi. Nəhayət, oğlumu məndən ayırıb Reyə hökmdar göndərdi, çünki məni paytaxtdan uzaqlaşdırmaq lazım idi. Bu gün mən öz canımı götürüb buradan gedə bilərəm, lakin sizin həyatınızı onun vicdanına tapşırmağa cəsarət etmirəm. Onun süfrə başında and içməsinə inanmayın, o öz nəfsindən ötrü bütün Eldəniz xanədanını məhv edə bilər. Xüsusən o son vaxtlar olduqca əsəbiləşmişdir. Qan tökmək, göz çıxarmaq üçün bəhanə axtarır. Çıxılmaz vəziyyətdəyəm. Onu sevirəm, lakin məmləkəti və xanədanın şərəfini də sevmək lazımdır.

5 min

Poems by other poets