Təbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.

Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.

Bu həyat qadınlara daha artıq təsir etmişdi. Ziyarətgahlar, qəbiristanlar üzünə ağ çəkmiş qadın dəstələri ilə dolu idi, rübəndini yavaş-yavaş atan və dünya işığını görməyə başlayan qadınlar arasında bir dönüş, irtica hiss olunurdu. Təbrizdə açıq gəzməyə başlayan bir neçə qız və məktəblilər də küçələrə açıq çıxa bilmirdi.

Bazarda hər addımda mərsiyə oxunduğunu görmək olurdu. Dükanlardan bir çoxu bağlı idi. Məşədi Kazım ağanı da evdə çox az görmək olurdu. Bu hərəkatda Təbriz dübbələri daha böyük rol oynayırdı. Məscidlərdə ağlagəlməz oyun çıxarırdılar. Bunu Məşədi Kazım ağa da özü üçün məşğuliyyət tapmışdı, peşəsi Mir Müfid ağanın məscidində dübbəlik etmək idi. Çox təəccüblü burasıdır ki, Təbriz məsxərəçiləri rus kazaklarını da bu rüsvayçılığa cəlb etmişdilər. Axşam Məşədi Kazım ağa bizə gəlib:

– Mənim xatirim üçün bir saatlığa zəhmət çəkib bir yer vardır, ora gedək, – dedi.

Mən Təbrizdə son günlər başlayan hərəkata baxa bilmirdim, insan, doğrudan da, iyirminci əsri orta əsrlərə qaytarmaq istəyən əhaliyə baxarkən utanırdı.

Biz Məşədi Kazım ağa ilə evdən çıxıb, yavaş-yavaş gəzirdik. O məni qəsdən gəzdirib, nəhayət, Məşədi Abbas Nəccarovun qapısına gətirdi. Qapıda bir çox silahsız kazak durduğunu gördüm.

Məşədi Kazım ağa:

– Burada imam ehsanı vardır, kazaklar növhə oxuyacaqdır, – dedikdə mən soruşdum:

– Kazaklar növhə oxuyacaq?)

– Bəli, dübbələr kazaklara növhə öyrədiblər.

İçəridən sinəzən və növhə səsi gəlirdi. Bir də gördüm ki, birisi Məşədi Abbas Nəccarovun evindən çıxıb kazaklarla danışmağa başladı. Məşədi Kazım ağa bu adamı mənə göstərib:

– Bütün oyunbazların başçısı budur, buna Mürdəşəvioğlu Qasım deyərlər, məşhur dübbədir, özü də yeddi dil bilir, kazaklara növhə oxumağı bu öyrədibdir.

Biz bu söhbətdə idik, kazaklar növhəni başlayıb sinələrinə vuravura oxudular:

İmam Quseyn xoroşi,

Yezid bolşoy sukin sın.

Pilov davay po bolşi,

Yezid bolşoy sukin sın!..

Kazaklar oxuyub sinələrinə vurduqları zaman qapıda duran avam camaat:

– Bax, din belə olar! Bir neçə günün içində bütün rus kazakları İslam dininə gəldi.

– Haqq din, haqq-məzhəb budur!

– Buna dinin qələbəsi deyərlər. Qoy kafirin gözü çıxsın!

– Ağa, bunun özü də möcüzədir. İmam bəs necə olar?

-— Şübhəsizdir ki, kazaklar islam dinini qəbul edibdir.

– Hə dal Əlbəttə ki, edibdir.

– Dinə inanmayanlara ibrət olsun! – deyirdilər.

Sərdar Rəşid də öz evində imam Hüseyn təziyəsi saxlamışdı, o, hökumət idarəsinin başında cSahibəzzəmanp bayrağı vurduğu kimi, evinin qapısında da həmin bayrağı vurmuşdu.

Sərdar Rəşid birinci gün bizi də təziyə məclisinə dəvət eləmişdi, məktubunda: Cənab general-konsul da bu gün həzrət Seyyidüşşühəda təziyəsində iştirak edəcəkdir? – deyə yazmışdı, buna görə biz Məşədi Kazim ağa ilə birbaşa sərdar Rəşidin evinə getdik. Biz məclisə hamıdan gec getmişdik, salon dolmuşdu, general-konsul, konsulxana mütərcimlərindən Mirzə Ələkbər xan, Mirzə Fətulla xan Babayev və sairləri də hazır idi.

Təziyə məclisi bitdikdən sonra konsul və konsulxana məmurları ilə bərabər sərdar Rəşid bizi də şam yeməyinə saxladı. Konsul olduqca şad görünürdü, çünki bu təziyə bayramı onun gizli təşkilata çaldığı qələbənin bayramı hesab olunurdu, o öz xəyalında inqilab komitəsini məğlub etdiyini düşünürdü.

Konsul söhbət əsnasında hazırkı hərəkata işarə edərək:

– Siz onu yəqin ediniz ki, son hadisələrin göstərdiyinə görə, dininiz olduqca möhkəm və həqiqi bir dindir, – dedi. – Son vaxtlar Təbrizdə islam dininə qarşı aparılan mübarizə hansı bir dinə qarşı qoyulsaydı, məhv olub getmişdi. Məhəmməd peyğəmbər, öz möcüzəsi ilə dininin möhkəm və sarsılmaz olduğunu göstərdi. Bu din, dinsizliyi kökündən dağıtdı, az zamandan sonra bütün dünyanın islama gəldiyini görəcəksiniz.

Konsulun bu sözlərini Mirzə Ələkbər xan və Mirzə Fətulla xan Babayev də təsdiq etdi, sonra da sərdar Rəşidin əmri ilə katibi bir dəstə teleqram gətirdi.

Teleqramlar Azərbaycan əyalətindəki qubernatorlardan idi. Orada bütün Azərbaycan xalqı Şeyx Əbdüləzəl Müəyyədin Təbrizə çağırılmasını rica edirdi.

Konsul teleqramları nəzərdən keçirdiyi zaman, Şeyx Əbdüləzəlin Azərbaycana gətirilməsi işini məsləhət görüb, teleqramlara cavab verməyi və əhalinin xahişinə əməl etməyi sərdar Rəşidə məsləhət gördü.

Teleqramların altında məhəlli hakimlərin imza qoyduğuna baxmayaraq, bu teleqramları məhəlli çar konsulları tərtib etmişdi. Bu hərəkətin qarşısını almaq barəsində tədbirlər düşündüyümüz zaman bir çox həqiqətlər bizə göstərdi ki, Rusiya və İngiltərə tərəfindən təşkil olunmuş bu hərəkatı, Rusiya-İngiltərə əleyhinə olan bir hərəkat şəklinə salmaq mümkündür. Lakin biz bu tədbiri həyata keçirmək istəmirdik, çünki bunun həyata keçməsi nəticəsində Təbrizlə olan bütün əcnəbilərin qırılıb məhv olması ehtimalı var idi, buna görə də bu hərəkatı əldə etmək istədiyimiz həqiqi vəsiqələrlə ifşa etməyə hazırlaşırdıq.

Söhbət əsnasında konsul Şeyx Əbdüləzəlin Təbrizə gətirilməsi işinin mütəşəkkil aparılmasını tapşıraraq:

– Şeyxi Azərbaycana gətirmək üçün dini bir heyət göndərmək lazımdır, – dedi.

Bu sözdən sonra sərdar Rəşid Qəsri-Şirin şəhərinə göndərilmək üçün heyət təşkil edildiyini söylədi.

Təziyə məclisi qurtarandan sonra yenə də rus kazakları küçədə gedən dəstələrə qoşulub:

– İmam Quseyn xoroşi... – deyərək sinələrinə vura-vura gedirdilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Hacı Səməd xana verilən saat

Məşrutəyə açıqdan-açığa tərəfdar olan tacirlərin mallarını, konsulxana tərəfindən düzəldilmiş komissiya müsadirə edib qurtarmışdı. Yeni vali Təbrizə girəndən sonra əski zamanda olduğu kimi özü üçün gəlir mənbəyi axtarmağa çalışırdı. Nəhayət, Hacı Səmədxan da çar konsulunun getdiyi yolu təqib etməyə başladı və Təbrizdə yüzlərcə tacirin hücrəsini və anbarını möhürlətdi. Hacı Səmədxan bu barədə çar konsulundan icazə almışdı. Konsul çar təbəələri və çar himayəsində olan tacirlərə toxunmamaq şərtilə buna icazə vermişdi.Yüzə qədər hücrə və anbara möhür vurulmuşdu. Hacı Səmədxanın əmisi oğlu Mahmud xan da Hacı Səmədxanın verdiyi siyahı xaricində olaraq öz kefinə görə istədiyi anbarları möhürləyirdi. Mən bu günə qədər Məşədi Kazım ağanın hücrəsinin və anbarının möhürləndiyini eşitməmişdim.

13 min
Rəfizadə və Şümşad xanım

Hacı Səmədxanın evindən çıxıb Ninanın yanına gəldim. Bütün əhvalatı danışdım, təşəbbüsümü təqdir etdi.Mən Təhminə xanımı göndərib axşam saat doqquzda Həsənağanın Tütünçüoğlunu da götürüb bizə gəlmələri sifarişini verdim.

14 min
İntibahnamələr

İntibahnamələrin xalq tərəfindən nə cürə qarşılandığı hər kəsi maraqlandırırdı. Yoldaşlardan bir neçəsinin fikrincə, Səmədxanın bu qədər təzyiqini görən və çar kazaklarının ayağı altında əzilən xalq bir daha inqilab adını çəkən intibahnamələrin ətrafına dolanmaq istəməyəcəkdi.Biz bu fikrin nə qədər doğru olub-olmamasını yoxlamaq üçün şəhərə çıxdıq. İntibahnamələrin daşdan tikilmiş mağazalar ətrafında yapışdırıldığını bildiyimiz üçün yolumuzu o tərəflərdən saldıq.

17 min
Nizamüddövlə bağında

Səhər saat 11-də Hacı Səmədxanın faytonu qapımızda dayandı. Faytonla gələn Hacı Səmədxanın əmisi oğlu Mahmud xan, bir də onun silahlı nökəri idi.Mahmud xan içəri girməyə icazə istədi və Hacı Səmədxanın yazdığı məktubu verdi.

16 min

Poems by other poets · Lament