Üçüncü pərdə
Page 2 of 2 · 50%
Akif — (Həliməyə) Həlimə xanım, dur buradan çıx! Bura insan yeri deyil. İnsaf, vicdan sahibi burada oturmaz.
Həlimə — Yox! Nə qədər ki, şahidlər gəlməyib, işi dürüst yəqin eləməmişəm, heç yerə gedəsi deyiləm! Sənin mənilən işin olmasın.
Akif — Qal burada. Çünki sizin kimi nadanların bəlası da buradandır. (gedir).
Mirzə Rəhim — (Həliməyə) Ey zəifə, sən baxma bunun sözünə. Bunun nə dini var, nə də məhkəməyə, mollaya inanır. (Nazlıya) Sən nə deyirsən, qızım, sən də bu oğlanı sevirsənmi?
Nazlı — Sevdim, sevmədim, bir aydır ki, məni aparıb saxlayır. Mən ki, bundan sonra qohum-qardaşın içinə gedə bilmərəm, çarəm nədir?
Mirzə Rəhim — Bəli, görünür ki, qızın da rizası vardır. Lakin gərək qızdan yenə də bir neçə nəfər övrətlərin yanında rizalıq almaq. (Gənbərə) Bu qızı göndər bizim evə sənin özün də qonaqsan, tainki saat xoşlayıb nikahi-şər’ini cari edək.
Mirzə Bağır, yanında şahidlər daxil olurlar
Mirzə Bağır — Cənab ağa, bu da sənin şahidlərin. Özləri də mö’min və inanılmış adamlardır. Gözlərini də açıb özlərini məsciddə görüblər.
Mirzə Rəhim — Əyləşin, ey allahın mö’min və istəkli bəndələri. Sizə xudavəndi-aləmin behiştilə müjdə verirəm.
Otağın dalısından Hacı Saleh ilə Nəsrullanın səsi gəlir.
Hacı Saleh — (daldan) Şəriətdən çıxanın başına yüz yumruq vuraram. Sənin həddin nədir ki, müctəhid məhkəməsindən qaçasan? (Nəsrullanın yaxasından tutub daxil olurlar).
Nəsrulla — Mənim məhkəmədə nə işim vardır? Mənə verdiyin manat yarımdır. Çox ola üç manat alarsan.
Hacı Saleh — Olmaz, həyasız oğlu həyasız! Şəriətdən qaçanın atasına od vuraram. Çox danışıq lazım deyil! İndi mən isbat eləyərəm ki, mənə neçə borcun vardır.
Mirzə Rəhim — Yenə nə vaqe olubdur, ey allahın bəndələri? Qorxun allahın qəzəbindən.
Hacı Saleh — Ağa, düz bir ildir ki, bu mənə ikirmi dörd manat pul verəcək. İndi mən atlı olmuşam bu piyada, ala bilmirəm ki, ala bilmirəm! İndi də bidin oğlu bidin müctəhid hüzuruna gəlməkdən də boyun qaçırır. (məclisə) Vallah gərək bunun kimi kafirlərin ölüsünü də basdırmayasan, qalıb yerlərdə qoxusun.
Mirzə Rəhim — (Nəsrullaya) Balam, nə üçün incidirsiniz bu allahın mö’minlərini? De görüm bu hacıya nə qədər borcun vardır?
Nəsrulla — Ağa, yalan desəm bunun getdiyi Məkkə mənə qənim olsun. Yalan desəm o başındakı əmmamə mənə qəzəb eləsin, əgər mən bundan manat yarımdan artıq pul almışam.
Mirzə Rəhim — Nəsrulla, füzulluq eləmə, hacı yalan söyləməz.
Hacı Saleh — Balam, əgər mən sənə pul tənzilə vermişəm, burada oturanlar üzümə tüpürüb desinlər ki, hacı saqqalın həcər əsvədə sürtüb, Zəmzəm suyundan dəstəmaz alıb, Mina dağında namaz qılıb qurban kəsəndən sonra gəlib pul müamiləsi alır. Mənim də işim ticarətdir ki, o da halaldır.
Mirzə Rəhim — Nəsrulla, düzünü söylə görüm bu necə əhvalatdır?
Nəsrulla — Ağa, bir iş ki, allahdan gizli deyil, allahın peyğəmbərinin məsnədində oturandan niyə gizlədim? Düzü budur ki, mənim külfətim qışda ac qalmışdı. Getdim hacıdan bir put buğda manat yarıma aldım ki, baharda gedim bağında yeddi gün işləyim. Qəzadən də baharda naxoşlayıb gedə bilmədim.
Hacı Saleh — Budur ha, atan oldu rəhmətdə. Elə mən də bunu istəyirdim ki, deyəsən. De görüm baharda fəhlə neçəyə işləyirdi? Hərkah bu şəriətə e’tiqadın var düzün söylə!
Nəsrulla — Mən namaz qıla-qıla yalan danışa bilmərəm. Fəhlə işləyirdi gündə bircə manata.
Hacı Saleh — Xub, balam, baharda ki, sən işləməyə gəlmədin, mən də günü bir manatdan fəhlə tutub sənin yerində işlətdim. Buna nə deyirsən?
Mirzə Rəhim — Nəsrulla, sən öz iqrarınla hacıya şər’ən yeddi manat borclusan.
Hacı Saleh — Belə ha! Atan oldu rəhmətdə. Sən buna bax, bu üzü qara olmuşa dedim ki, balam, sən gəl ya mənim yeddi manatımı ver, yainki necə ki, bu günün məzənnəsi, xirmən vaxtı yeddicə put buğdamı ver. Belədi, belə deyil?
Nəsrulla — Bəli, belədi ki, buyurursan. Üləma hüzurunda dana ki, bilmərəm.
Mirzə Rəhim — Xeyli xub, bəs nə üçün yeddi pud buğdamı vermədin?
Nəsrulla — Haradan verəydim? Bütün mahalın əkinlərini çəyirtkə yeyib qurtarmışdı.
Hacı Saleh — (qəzəbli) Həyasız oğlu həyasız. Mənim ki, çəyirtkə ilən bir qohumluğum zadım yoxdur. Onların zərərin də istəyirsən məndən çıxasan?
Mirzə Rəhim — İndi məlum oldu ki, cəmi təqsirlər Nəsrulladadır. (Nəsrullaya) Balam, indi sənin fikrin nədir?
Nəsrulla — Nə fikrim olacaqdır? Xirmən vaxtı buğdanın putu olmuşdu iki manata. Hacı başladı ki, gərək on dörd manat verəsən, məndə də ki, yox idi.
Hacı Saleh — İndi siz mənim adamlığıma baxın ki, görün nə yaxşılıq eləmişəm. Gördüm ki, pulu da yoxdur, buğdası da yoxdur. Dedim gəl barama vaxtı bircə put barama ver. Onda da ki, tacirlər baramaya on dörd manat pul verirdilər. Balam belədi ya yox?
Nəsrulla — Bəli, belədi ki, buyurursan.
Hacı Saleh — Müsəlman qardaş, bəs mənim baramamı nə deyib vermədin?
Nəsrulla — Bu təqsir ki, məndə deyil, o zaman kənd ağası gəlib torpaq kirayəsindən ötrü barama damlarının möhürlədi, onda sən də qoluqçaqlıq eyləyib gəlib haqqını aparaydın. Necə ki, bir çoxları apardı.
Hacı Saleh — (axunda) İndi görün ki, mən buna nə yaxşılıq eləmişəm? Dedim allahın bəndəsi, indi ki, baraman olmadı, gün məzənnəsilə pulumu ver. Pulumu da vermirsən, genə sözüm yoxdur. Putu gedir 24 manata, gəl elə o pula pambıq vaxtı bircə put mahlıç ver.
Mirzə Rəhim — Nəsrulla, daha belə adamlıq olmaz, buna sözün nədir?
Nəsrulla — Axund, mən nə çarə qılaydım? Var yox bir put dörd kirvənkə mahlıçım olmuşdu ki, ona da ikirmi adam barmağın basmışdı. Dəllək bir il başımı qırxıb pul almayıb, Molla Məhərrəm oğluma qur’anı çıxartdırıb pambıq vaxtını gözləyir. Mir Sadıq ildə bizdən bir nəzir alar, o da öz yerində. Mərsiyəxan oruclugda, məhərrəmlikdə mərsiyə oxuyub pul alacaqdır. Divan pulları da qalır. Ayıb olmasın, hamamçı usta İbadulla ki, bir həyasızın birisidir. Müxtəsər dərviş, dilənçi, falçı, oyunçu hamısı gözün tikib o bircə pud mahlıça.
Mirzə Rəhim — Hacı, doğru deyirsən, bu həyasızdır, sən genə də pulun üstünə bir zad gəl, özünə də bir az ver, qoy qalsın gələn xirmən vaxtına.
Hacı Saleh — Sözüm nədir? Qırx manata hüccət versin, özünə də dörd manat verərəm, bu şərtilə ki, bağçasını bey-şərt qoysun.
Nəsrulla — Sözüm nədir ki? Şəriət necə hökm edərsə, axund elə eləsin.
Mirzə Rəhim — (Mirzə Bağıra) Mirzə Bağır, sən bir bey-şərtnamə yazarsan, sabah bu Nəsrullaya qol çəkdirib verərsən hacıya... Daha buyura bilərsiniz.
Gedirlər.
(Mirzə Bağıra) İndi gətir şahidləri görüm kimdir.
Pinəçi Kərim — (gəlir irəli) Müctəhid ağa, mənim adım pinəçi Kərimdir. Özüm də indi neçə ildir ki, məscid ağzında başmaq yamaram, özüm də rəhmətlik Kərbəlayi Haşımın Məkkədə ölməyini təfsilən bilirəm.
Mirzə Bağır — Gördün ki, ağa, bu məsələ yalan deyil?
Həlimə — (ağlayır) Qürbətdə can verən canına Həliməyin dul qalan canı qurban olsun, ay Kərbəlayi Haşım!
Mirzə Rəhim — Görəsən rəhmətlik gedənbaş ölüb, ya gələnbaş?
Pinəçi Kərim — Xeyr ağa, qayıdanbaş ölübdür!
Mirzə Rəhim — Demək ki, rəhmətlik çardəh mə’sumu tamam eləyibdir.
Mirzə Bağır — Xeyr, qəribəsi budur ki, çox asanca da can verib dir. Şam namazının qunutunu tutanda vəba tutub, xiftən namazında keçinibdir. Elə bircə bunu deyib ki, mənim salamımı Mirzə Rəhim ağaya yetirin, ərz eləyin ki, hamıdan əvvəl mənim evimə bir kişi tayfası tapsın. (usta Kərimə) Bəli, indi siz buyura bilərsiniz!
Həlimə ağlayır.
Pinəçi Kərim — Şahsənəm oğlu Sarı Babanın bibisi oğlunun qardaşı gəlinin xalası oğlu pişik Məhəmmədvəli gəlmişdi yanıma başmaqların tikdirməyə. Yanın qoymuşdu kötüyün üstünə, söhbət eləyirdi. Bu söhbətləri mənə o nağıl elədi.
Mirzə Bağır — (məclisə) Daha bu qədər şahidin qabağında kimin nə sözü ola bilər? Kişi lap nənəsinin, xalasının, bibisinin adı ilə nağıl eləyir. (pinəçi Kərimə) Bəli, söhbətinizi buyurunuz!
Pinəçi Kərim — Söhbət hacılara yetişəndə, ağa, Məhəmmədvəli buyurdu ki, bəli bu mətləb doğrudur.
Mirzə Rəhim — Balam, mətləb lap vazeh imiş ki!
Həlimə — Yaxşı qapım bağlı qaldı.
Mirzə Bağır — Hələ Usta Kərim nə deyib ki, sözün dalısına qulaq veriniz. (pinəçiyə) Bəli sözünüzü buyurun!
Pinəçi Kərim — Guya dünən gecə tabağçı Qurbanın qardaşı arvadının ökey bacısını köçürmüşlər. Orada deyiblər ki, Tubu Cə’fərin oğlu qəlyanquş Lütfullaya İstambuldan bir kağız gəlib. Kərbəlayi Haşımın ölməyi orada təfsilən yazılıbdır.
Mirzə Rəhim — Xeyr! İşin hüsnü burasındadır ki, şahidlərin də hamısı mö’təbər adamlardır.
Mirzə Bağır — Axund, başına and olsun ki, hələ mö’təbərləri daldadır, hələ sözlərinin hamısını deməyibdir.
Pinəçi Kərim — Dünya tufana getsə mən imanımı yandırmaram. Kağızda aşikar yazılıbdır ki, «Cəddədə bir nəfər hacı vəbadan vəfat eləyibdir.»
Mirzə Rəhim — Xeyli xub, vəfat eləyib öz yerində. Bəs nə məlum olubdur ki, ölən doğrudan da Kərbəlayi Haşımdır?
Pinəçi Kərim — O nişanələri ki, deyirlər yəqin olur ki, onun özüdür. Deyirlər ki, alçaq boyu, arıq bədəni var. Boğazının altı və ovurdları qırxılmış ikən barmaq enində saqqalı, qulaqlarının dalısında kiçikcə xətbaşısı, uzun və uçuəyri burnu...
Həlimə — (ağlayır) Elə rəhmətliyin özüdür ki, vardır. Bala üzünə həsrət qalan canına qurban olum! (ağlayır).
Pinəçi Kərim — ...Gözlərinin yanları qırmızı, kirpikləri yox, əynində boz mahutdan çuxası, qolunda sarı yamaq. Bu nişanələr də ki, tamamilə Kərbəlayi Haşımda vardır.
Mirzə Bağır — Buna daha kimin sözü ola bilər? Amma burası var ki, yazığın evində heç kişi tayfası yoxdur.
Mirzə Rəhim — İnna lillah və inna ileyhi raciun. Daha kim var şahidlərdən?
Mirzə Bağır — Hələ şahidlərin böyüyü daldadır. Budur, Mələk xanım dəllal, Minabəyim xanım çorabçı, Nurəli xırdavatçı.
Hamısı gəlir irəli.
Mirzə Rəhim — Xeyr a, daha bu mö’minlərə zəhmət vermək lazım deyil. Usta Kərim ikirmiyə qədər şahid nişan verdi bəsdir. İndi daha məsələ aydınlaşdı. Gərək bu saat gedib yazığın hesab-kitabın, sandıqların möhürləmək, yoxsa şəriət əldən gedər.
Molla Kazım tələsik içəri girir.
Molla Kazım — Müjdə olsun sizə mö’minlər! Nə qafil oturubsunuz? Ey allahın bəndələri, məgər təzə xəbərləri eşitməyibsiniz?
Mirzə Rəhim — Məgər nə vaqe’ olubdur, axund Molla Kazım?
Molla Kazım — Nə olacaqdır? İnkilislər Kərbəla yolunu açıb, indi hamı gedə bilər.
Məclisdən — Allah inkilislərə ömür versin.
Qalxırlar.
Pərdə düşür.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-dinciler-ucuncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Mahru heç vaxt Smirnovu bugünkü qədər qəmgin görməmişdi. Smirnov daima: «Mən yalnız evə gələrkən yorğunluğum çıxır, ancaq səninlə görüşərkən dışarıda aldığım kədərləri unuduram», deyirdi. Lakin bu son günlərdə belə sözlər çox süni çıxırdı, Mahrunu inandıra bilmirdi. Smirnov nə evdə, nə dışarıda şad deyildi. O, evə gələrkən Mahrunun zövqünü oxşamaq istəsə belə, bacarmırdı, o güldükdə belə, bu gülüşün zahiri olduğu, içəridə isə başqa həyəcanları yaşamaqda olduğu duyulurdu. Bəzən başladığı söhbətləri belə yarımçıq qoyub başqa bir məsələyə keçirdi, heç bir şeyə həvəsi gəlmirdi, heç bir yerdə qərar tutmurdu. Yemək süfrəsində oturduqda ət tikəsini çəngəlin ucunda saxlayıb fikrə gedirdi. Bu anlaşılmaz vəziyyət gənc Mahrunun bütün ümidlərinə bir zərbə endirmiş kimi olurdu.O düşünür və düşünürdü:
Rus konsulunun ziyafətindəİllərdən bəri Nina ilə tanış olduğum konsula və onun ailəsinə gizlin deyildi. Onlar dəfələrlə Ninaya müraciətlə:– Əbülhəsən bəylə tanış olmaq lazımdır, – demişdilər.
Döyüş günləriMəhərrəm ayının beşinci günü idi. Morqan Şosterin İrandan qovulması xəbəri Təbrizə yayılmışdı. Qadınlar bazarındakı alış-verişçi qadınlar belə bu barədə danışır, imamın zühurunun yaxınlaşdığını xəbər verirdilər.– Sarı kafərin (ruslar) Məkkə evində at bağlamasına az qalmışdır, – deyə xalq məsciddən məscidə gedirdi.
Təbrizlilərə müraciət«Təbriz xalqı! Yoxsullar, işçi və kəndlilər, peşəkar, ziyalı və təraqqipərvər ruhanilər!Çar hökumətinin müstəmləkə siyasəti bizi çarın işğal orduları ilə əlbəyaxa olmağa məcbur etdi. Hazırda biz çar soldatları əlində qırılır, öz növbəmizdə biz də onları öldürürük. Lakin bunu bilməlisiniz ki, sizə güllə atan rus soldatları da sizinlə müharibəyə məcburiyyətlə sürülür. Sizi mülkədar, əyan və varlı balaları, çar zabitləri qırdırır. Rus soldatlarını öz sinfinə qarşı çıxaran həbslər və edamlardır. Onlar uzaq Rusiyadan Yaxın Şərqə çar müstəmləkə siyasətini müdafiə üçün gətirilmişlər. Buna görə də siz rus işçi kəndlisinin doğma övladı rus soldatları ilə insan kimi rəftar edib, onların yaralanan və ölənlərinə hörmət göstərin. Onlara öz yaralılarınıza baxan kimi baxın, ölənlərin meyidlərini quyulara tökməkdən saqının!
Poems by other poets
Əhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Axşam çağıdırCəvahir oldumsa,Kimsə almadı,
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki