İkinci pərdə
Page 1 of 2
Vaqe olur Kəblə Haşımın evində. Xəsis bir dövlətliyə məxsus Qafqazlı evidir.
Kərbəlayi Haşım — Ay uşaq, daha oturmaq vaxtı deyil! Durun qaçın o biri otağa, adam gəlir! Daha yubanmayın! Ya allah... ya allah. Tez! tez!..
Şərifə — Ay Kərbəlayi, məgər nə olubdu ki?
Kərbəlayi Haşım — (Həliməyə) Ay arvad, sən buna baxma, götür çarşabı tez ol, evə adam gəlir!..
Şərifə — (məclisə) Vallah, bunların işinə lap mə’təttəl qalmışam. Mən eşitmişəm ki, vəhşilər gələndə adamlar gərək qaçsın. Amma bunlar deyirlər ki, qaçın adam gəlir.
Mirzə Rəhim və Mirzə Bağır daxil olurlar, arvadlar o biri otağa keçəndə görünürlər. Kəblə Haşım o tərəf-bu tərəfə qaçır.
Mirzə Rəhim — Kəblə Haşım, bu nə füzulluqdur? Sən məni kimlərə oxşadırsan! Mən on səkkiz ildir ki, təhsillən gəlmişəm, gözlərim naməhrəmə sataşmayıbdır! Əstəğfürulla rəbbi və ətubi ileyh.
Kərbəlayi Haşım — (gəlib əlindən öpərək) Cənab ağa, gərək mənim təxsirimdən keçəsiniz. Xahiş edirəm onları da öz kəniziniz hesab edib əyləşəsiniz.
Mirzə Rəhim — Kitabül-Həqqülyəqinin sahibi buyururlar ki, hər o mö’minlər ki, gözü bir dəfə naməhrəmə sataşsa qırx illik qəbul olunmuş ibadətini lovhdən pozarlar.
Mirzə Bağır — Cənab ağa! Əyləşin. Bu mö’minin qəlbini ələ gətirmək üçün xudavəndi-aləm sizi ondan ötrü xəlq eləmişdir ki, günahkar bəndələrin günahını bağışlatdırasınız. (Qolundan tutub əyləşdirir.)
Mirzə Rəhim — Xeyli xub. Kəblə Haşım, qonaqların daha kimdir?
Kərbəlayi Haşım — Bir özgə qonaqlarımız yox. Məhz rəhmətlik atamın Məkkə yoldaşlarıdır.
Mirzə Rəhim — Bəs əxəvinizin təşrifi haradadır?
Kərbəlayi Haşım — Cənab ağa, o da xidmətinizə gələcəkdir. Lakin gərək əfv edəsiniz. Çünki müsəlmana-zada oxşamaz.
Mirzə Rəhim — Eyb etməz, gərək burada hazır olsun. Çünki onun vücudu burada olmasa bölgü işləri şər’ən başa gəlməz.
Kərbəlayi Haşım — İndi ki, ağa izin verir, mən də çağıraram. (gedir).
Mirzə Bağır — Cənab ağa, o ucaboylu övrətə yaxın oturan balaca qızı gördünmü? Haman qız bu Kərbəlayi Haşımın qızıdır. Bir neçə dəfə allahın əmrini yerinə yetirmək üçün bu Kərbəlayi Haşıma izvari-mətləb eləmişəm, genə də ayağı bir tərəfə çıxmayıbdır.
Mirzə Rəhim — Sən heç tələsmə! Bunun başına Məkkə havası düşübdür. İşlərin hamısı düzələr. Bu Məkkə səfəri çox da yüngül səfər deyildir. Vəba var, taun var, ishal var, nə bilim cürbəcür naxoşluqlar da vardır. Belə mənə de görüm o akuşkanın arasında oturan matuşka kim idi?
Mirzə Bağır — Cənab ağa, necə akuşka, necə matuşka? Nə buyurursan? Bu haman doktorun arvadı Şərifədir ki, özü də mamalıq dərsi oxuyubdur.
Mirzə Rəhim — Nə buyurursan sən, necə Şərifə? Məgər o müsəlmandır? Xudavəndā sən fəryada yetiş! Nə yaman günlərə qaldıq!
Mirzə Bağır — Cənab ağa, əslinə baxsan Şərifə əldən gedib, dini imanı bada verilib. Ancaq gərək siz istəğfar edəsiniz. Çünki genə ümid birçə sizə qalıbdır.
Mirzə Rəhim — Doğrudan da xeyli vəcihədir! Xeyli sahibcamaldır. Heyflər olsun ki, cəhənnəm oduna yanacaq.
Mirzə Bağır — Cənab ağa, gərək bu biçarələrə qiyamətin günü şəfaət edəsən.
Mirzə Rəhim — Olmaz! Olmaz, Mirzə Bağır! Gərək bu tənasübi-əndam cəhənnəm odlarında yansın, gərək bu zülfi-müşkfamə əqrəblər dolaşsın, gərək bu şuxi-güləndam ilanların xörəyi olsun.
Akif və Kəblə Haşım daxil olur.
Akif — Xoş gəlibsiniz axundlar! Çox iltifat buyurmusunuz!
Mirzə Rəhim — Allah sizi hifzi-əmanətində saxlasın. Lakin müsəlman olduğunuz halda özünüzü bu şəklə salmaqda heç insaf etməyirsiniz?
Akif — Mən özümü bu şəklə ondan ötrü salmışam ki, həmişə qardaşım Kəblə Haşım ilə bir yerdə duranda xalq baxıb köhnə dünya ilə təzə dünyanı görə bilsinlər.
Mirzə Rəhim — Mirzə Bağır, zamanı ki, məhşəri-kübra qurular, bir dəstə üzünün dərisi soyulmuş camaat gətirərlər. Döşlərində oddan lövhələr olar. O lövhələrdə yazılmış olar ki, bu camaat dünyada öz buğ-saqqallarını qırxdıranlardır.
Kəblə Haşım ağlayır.
Akif — (gülür) Budur sizin söylədiyiniz əfsanələrə köhnə dünyadan nümunə olan Kəblə Haşımlar qadınlar kimi ağlayır. Lakin akiflər sizə və ona acı-acı gülür. Söylə mənə nə ki, istəyirsən.
Mirzə Rəhim — Mirzə Bağır, hələ bu cəhənnəmin nədən ibarət olduğunu anlamır, amma qulaq ver ərz eyləyim. Bir camaatı da qiyamətin günü məhşərə gətirərlər ki, onların başının təpəsində oddan qazançalar qaynayır. Bu halda məhşər əhli həyəcana gəlib söylərlər: ilahi, genə kimdir bu camaat?.. Xitabi-rəbbülərbab yetişər: ey mənim bəndələrim, bunlar da haman adamlardır ki, başlarına şapka qoyublar.
Kərbəlayi Haşım ağlayır.
Mirzə Bağır — Xudavəndā, sən yetiş şiələrin fəryadına, subhanallah!.. Əstəğfurullah, bu nə aləmdir məgər?
Akif — Eviniz bərbad olsun, dünya bir-birinə dəyib, qiyamət günü dünyada başlanmış. Amma siz genə də yuxudan, xəyalatdan, keza görünməyən əfsanələrdən danışırsınız.
Mirzə Rəhim — Bəli, hələ sən qafilsən, hələ cəhənnəmə inanmazsan. Bir güruhu məhşər meydanına daxil edərlər ki, onların ağzından əqrəblər, ilanlar tökülər. Xitabi-rəbbülərəbab yetişər ki, ey mənim bəndələrim, bunlar da haman adamlardır ki, əcnəbi dillərində dərs oxuyublar.
Kərbəlayi Haşım — (ağlayır) İlahi, sən o günkü gündə mənim qardaşımın fəryadına yetiş. İlahi, sən bizim günahımızdan keç!
Akif — Həqiqətdə mən bilmirəm ki, sizin bu əfsanələrinizə gülüm, ya ağlayım? Amma bunu mən yəqin etmişəm ki, sizin özünüz də bu hədyanlara inanmayırsınız. Lakin bu əfsanələr sizin əlinizdə böyük bir alətdir ki, onun vasitəsilə mənim avam qardaşımı və bunun kimiləri öz torunuza salırsınız.
Mirzə Rəhim — Bu sözlərə də inanmayan, allaha inanmayır. Biri də ki, allaha inanmadı onun ilə danışmaq da haramdır. (Mirzə Bağıra) Mirzə Bağır, dur buradan məni xaric elə! Mən eşidə bilmirəm belə-belə sözləri.
Mirzə Bağır — Cənab ağa! Siz müctəhidlərə lazımdır ki, genə də bunları haqq yola dəlalət eyləyəsiniz. Behişt və’dələri verib cəhənnəm əzabından qorxudasınız ki, bəlkə ağlı başına gəlsin.
Akif — Siz əgər axirətin cəhənnəmlərinə qafilsiniz, bəs nə üçün yerdəki allahların cəhənnəmlərini göstərmirsiniz? Bəs nə üçün zalımların qanlı məhkəmələrini, yandırıb yaxan atəşlərini gizlədirsiniz? O atəşləri yaxan şəhvətçi soltanları, səfahətpərəst padşahları, cahankir kralları göstərməkdən nə üçün arlanırsınız?
Mirzə Rəhim — Sən onu bilməlisən ki, dünyanı qan selləri tutsa şiəyi-xullusə heç bir zaval yoxdur. Dünyanı qan selləri tutsa da mö’min qardaşların ayaqlarını da islatmaz! Sən bax bir İran dövlətinə. Bizim duamızın bərəkətindən orada yüz ildir ki, bir tüfəng də atılmayıb! Məgər sən bu mö’cizələrimizi də inkar edəcəksən?
Akif — Ey öz gözləri kor, insanları özlərindən də kor hesab edən qafillər! Dünyada müharibə nədən ötrü olur? Hüquqa təcavüz etməkdən deyilmi? İranda daha nə qalıbdır ki, sərvətdar hökumətlər əlinə keçməsin? Qafil insanlar, nə yapışmısınız cəhənnəm, behiştin quyruğundan. Göylərdə, quşlar kimi havalarda olan təyyarələrdən atəşlər, təbiətin ildırımlarına dəhşət verən pulemyotlar, yaşıl şəridləri, maralkeçməz meşələri cəhənnəm bucağına döndərən top külləsi... sizi yenədəmi ayıltmadı? Sizi bu qədər qurultular genə də yuxudan oyatmadı?
Mirzə Rəhim — Nəyə lazımdır dünya malı? Qoy padşahlar hamısı İranı qarət etsin, bizə lazım deyil dünya çifəsi! Axırda bütün dünya bizim dediyimiz yolu tapacaq, tapmaz isə məhv olub gedəcək.
Akif — Ey bizə hakim sayılıb nə olduğu mə’lum olmayan qüvvət! Sənin bu qafillərdən xəbərin varmıdır? Atəşlər dünyanı tutub yanır, bunlar genə cəhənnəm əfsanələrindən əl çəkməyir.
Mirzə Rəhim — Bəli, bu odlar haman cəhənnəm odlarıdır ki, yetmiş min dəfə suya basandan sonra atıblar bu dünyaya. Yoxsa onun istisindən cəmi vəhuş, tüyur həlak olmuşdular.
Kərbəlayi Haşım — (ağlayır) İlahi, sən bizim qiyamətin günü fəryadımıza yetiş, ilahi, sən bizi cəhənnəmin odundan xilas elə!
Akif — Ey mənim avam qardaşım! Sən nə vaxta kimi kor qalacaqsan? Din və sərvətə aldanmış xalqın yerdə qopardığı qiyamətləri görməyirsənmi? Görmürsən dünyanı dağıdan cahankir orduları? Qiyamətə və cəhənnəmə inanan bəşər bir-birini qırıb bitirir. Yerlərdə qiyamət qopmuş, məmləkətlər yanır, şəhərlər yaxılır, qəsəbələr, göylər viran olur. Bəs hanı bu əmmaməli insançıların göstərdiyi yardımlar? Dünya bir-birinə qarışmış. Xalq üçün məkan yox, vətən yox. Bütün mədəni bəşəriyyət qaçqınlar kimi hərə bir daşın böyrünə sıxılmış, genədəmi yatmaq istəyirsiniz?
Mirzə Rəhim — Bəli, nə qədər ki, bu millətlər islamiyyəti qəbul etməyiblər yer üzü sakit olmayacaqdır. Buna bais deyil məgər bizim nəzərimiz!
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-dinciler-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Əlaəddin və Fəxrəddindən Qızıl Arslana gələn bir məktubda Toğrulun Qızıl Arslanın verdiyi göstərişlərin əleyhinə hərəkət etdiyi yazılırdı:“Əlahəzrətin əmrinə görə Hüsaməddin Həmədana gəlib təcili surətdə Rey şəhərinə göndərildi. Zəhir Bəlxi və Kəmaləddin bir həftədən bəridir ki, Həmədana gəlib Səlcuq sarayında yerləşiblər. Əlaəddin Sultan Təkişin nümayəndələri əlahəzrət tərəfindən iki dəfə qəbul edilmişdir. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. Sürgün edilmiş adamların bir çoxu əlahəzrət tərəfindən verilən icazə ilə Həmədana köçürülür. Şəhərdə nadinc adamların sayı çoxalır.
“Mələkə”Mələkənin taxt-rəvanı Həmədanın Təbriz qapısına yetişdiyi zaman Qətibə taxt-rəvanın ipək pərdəsini qaldırıb darvaza başına baxdı və ipək parçanın üzərinə yazılmış bu sözləri oxudu:“Toğrul paytaxtı öz sevgili mələkəsini salamlayır”.
NəsihətToğrulun xəyanəti və idarəsizliyi yenə də Yaxın Şərqdə böyük bir rahatsızlığın zəminəsini qoyurdu. Hökumət cənub, cənub-qərb və cənub-şərq tərəflərində yaşayan qonşu hökumətlərlə bağlanmış müqavilələri pozmağa və tanımamağa başlamışdı.Hüdudların müdafiə edilməsi tədbirlərindən birisi də Şimali Azərbaycan xalqının ruhunu və onların Toğrulun siyasətinə tərəfdar olub-olmamalarını öyrənməkdən ibarət idi. Bunun üçün də Qızıl Arslan qardaşı oğlu Əbubəkri Şimali Azərbaycan səyahətinə göndərmişdi. Çünki azərbaycanlılar Qızıl Arslan tərəfindən vəliəhdliyə namizəd edilmiş bu gənci həddindən artıq sevirdilər. Birinci olaraq onun vəliəhd təyin edilməsini Azərbaycan xalqı təsdiq eləmişdi.
Dörd məktubFərivər küləkləri, gecənin qaranlığından istifadə edərək çiçəklərlə öpüşdüyü zaman, haq quşu da çinarların şaxələrində şirin yuxuya dalan minlərcə quşların ninnisini oxuyurdu.Maşan dərələrindən şaqqıltı ilə axıb, Maşan düzlərini dolduran Maşanrud çayı ulduzların şəfəqini çimdirmək üçün geniş hövzələr təşkil edirdi.