Page 1 of 3

Fərivər küləkləri, gecənin qaranlığından istifadə edərək çiçəklərlə öpüşdüyü zaman, haq quşu da çinarların şaxələrində şirin yuxuya dalan minlərcə quşların ninnisini oxuyurdu.

Maşan dərələrindən şaqqıltı ilə axıb, Maşan düzlərini dolduran Maşanrud çayı ulduzların şəfəqini çimdirmək üçün geniş hövzələr təşkil edirdi.

Fəxrəddin cənuba baxan artırmada oturub Əbu-Dəccanə minarəsi başında yanan fənərin sısqa işıqlarına baxıb düşünürdü.

Vəziyyət olduqca ağır idi. Bir tərəfdən Qızıl Arslan “Paytaxtı buraxmamalısan, qoşununun məsarifi Toğrul tərəfindən verilməzsə, Təbrizdən göndəriləcəkdir. İşsizliyi təhqir hesab etmə! Bu işsizlik böyük bir işin zəminəsini qoyur”, – deyərək yazdırdı. Lakin Həmədanda oturmaq və Toğrul tərəfindən göstəriləcək etinasızlığa təhəmmül etmək də mümkün deyildi.

Hələ Qətibə xatun Həmədana gələndən sonra Toğrulun Fəxrəddinlə olan əlaqəsi tamamilə dəyişmiş və dözülməz bir şəkil almışdı. Qətibə öz fikrində ifrat dərəcəsinə çatmışdı. O, Fəxrəddindən atasının qanını tələb etməyə hazırlaşdırdı.

Fəxrəddinin əldə etdiyi gizlin xəbərlərə görə Toğrulun özü də Qətibə xatunun bu fikrinə razılıq vermişdir. Lakin bu xəyanəti həyata keçirmək işini İraq qoşunun paytaxta gəlməsi və Azərbaycan qoşununun tərk-silah edilməsinə qədər təxirə salmışdılar. Fəxrəddin bu təhlükənin yaxınlaşdığını hiss edirdi. Çünki paytaxtın özündə də iraqlı və iranlılardan düzələn ordunun miqdarı, Azərbaycan qoşun dəstələrinin miqdarını keçirdi.

Fəxrəddin artırmadakı bağlamaya söykənib vəziyyəti düşündüyü zaman qəlbində deyirdi: “Toğrul və Qətibə məni bir girov kimi burada saxlayırlar, onlar məni müəyyən bir məqsəd üçün saxlanmış qurban kimi bəsləyirlər. Mən bir qəhrəman olduğum halda alçaq bir qadının intiqam duyğuları qarşısında durub, bıçaq intizarında duran qoyun kimi gözlərimi döyürəm. Gözəl bir məqsəd uğrunda ölmək o qədər də qorxulu deyil; lakin bu ölüm şərəfsizlik və acizlikdir. Sabahdan etibarən Qızıl Arslana məktub göndərib vəzifəmdən boyun qaçıracağam. Mən, Toğrul kimi sərxoşların, Qətibə kimi əxlaqsızların əlindən ölmək şərəfsizliyini qəbul etməyəcəyəm”.

Xidmətçilər gəlib şam yeməyi süfrəsini döşədilər, amma Fəxrəddinin yeməyə meyli yox idi. Lakin Seyid Əlaəddinin gəlməsi, onun qəlbində olan kədərləri dağıtdı, şam yeməyinə başladılar. Bir o qədər keçməmişdi, xidmətçi gəlib bir dilənçinin qapıda durduğunu xəbər verdi, Fəxrəddin:

– Hər nə istəyirsə verib razı salın, – dedikdə xidmətçi:

– Hər şeyi verdik, lakin o sizin özünüzü görmək istəyir, – dedi.

Fəxrəddin çox təəccüblə:

– Qadındırmı? – deyə soruşdu.

Əlaəddin isə:

– Bu dilənçi haman haramzadə Səba xanım olmasınmı? – deyərək Fəxrəddinə müraciət etdi.

– Səba xanım olsaydı, nə dərdim var idi, onu bu saatla məhv edərdim, – deyərək xidmətçiyə əmr verdi:

– Buraxın gəlsin!

Dilənçi içəri girib baş endirdi və çöhrəsini açıb bir Fəxrəddinə, bir də Əlaəddinə baxmağa başladı. Çöhrəsində bir yorğunluq və zəiflik hiss olunurdu. Fəxrəddin ona bir an dərin nəzərlər atdı, gözəl dilənçinin çöhrəsi tanış çöhrə idi. O, dilənçini tanıyırdı, lakin onu harada gördüyünü təyin edə bilmirdi. Qadının çöhrəsi yorğun olduğu kimi, Fəxrəddin də fikrən və ruhən yorğun idi. Zaman hadisələri və özünün düşdüyü çıxılmaz vəziyyət onu yormuşdu.

Dilənçi qəhrəman Fəxrəddinin çətinlik çəkdiyini görünçə çarşabını ataraq danışdı:

– Mənim möhtərəm ağam, sənin hüzurunda duran Əfifədir. Məgər öz səmimi cariyəni tanımırsanmı?

Fəxrəddin Əfifənin səsini eşidən kimi nəzərində Bağdad bir daha cilvələndi. Dürrətülbağdadın eyvanında verilən nahar ziyafətini xatırladı, sanki yenə də Əfifə ağ ipək dona bürünüb Fəxrəddinin yanında durmuşdu. Əfifə onun tərini silmək üçün yelpik çəkirdi. Fəxrəddin bu fikrin içəisində üzdüyü zaman, sanki yenə də tovuz qanadından toxunmuş yelpiyin sərinliyi onun alnına toxunurdu.

Fəxrəddin Əfifəni bu vəziyyətdə görürkən dəli bir hərəkətlə yerindən qalxdı və:

– Söylə Əfifə, bu nə qəmgin bir vəziyyətdir? Dürrənin başına bir fələkətmi gəldi? – deyə qışqırmaq istərkən Əfifə əli ilə işarə edib:

– Oturun, mənim ağam, – yavaşdan dedi. – Xanımın başına heç bir fələkət gəlməmişdir. Xanım yazdığı mühüm və gizli məktubu sizə yetirmək üçün mənim bu vəziyyətə düşməyim tələb olunurdu.

Əfifə bu sözdən sonra məktubu çıxarıb Fəxrəddinə uzatdı. Fəxrəddin isə xidmətçiləri və cariyələri çağırıb əmr verdi:

– Təzə qonağı çimdirin və rahətliyini təmin edin, dedi və məktubu açıb oxudu:

“Mənim ruhumun yarısı, mənim son ümidim Fəxrəddin!

Bu gün xəlifə Müstərşidbillahın qızının vasitəsilə aldığım bir xəbər məni həddindən artıq rahatsız etdi. Bu xəbəri sənə yetirmək üçün Əfifəni göndərməkdən başqa bir çarə tapa bilmədim. Bu sirri başqalarına etibar edə bilməzdim. Qətibə xatun neçə gündən bəri Bağdaddadır. Öz babasının ailəsində mənzil etmişdir. Böyük nənəsinə bərabər iki dəfə xəlifə Nəsirəddinbillahın hüzuruna qəbul edilmişlər.

Mən Qətibənin sənə düşmən olduğunu bilirdim. Bundan əlavə, sənin vətənin olan Azərbaycan əleyhinə düzələcək hər bir sui-qəsdi sənin həyatına düzələn bir sui-qəsd kimi hesab edirəm. Mən Qətibənin Bağdada nə üçün gəldiyini öyrənməyə çalışırdım. Bu gəlişin məqsədi olduqca gizlində saxlanırdı. Lakin xəlifənin qızı Alieyi-Ülya Qətibənin Bağdada nə üçün gəldiyini gizlincə xəbər verdi və hər yol ilə olursa olsun, bu xəbərin sənə yetirilməsini tapşırdı. O qız olduqca mehriban və məhəbbətli qızdır, sizin qəhrəmanlığınızın səmimi aşiqlərindəndir. O heç bir vaxt sənin məhv olmağını istəmir.

Səni öldürmək üçün burada hazırlıq aparılır. Qətibə yenə də Səba xanımı Bağdada çağırıbdır, cinayət onun vasitəsilə həyata keçiriləcəkdir.

Fəxrəddin! Rica edirəm Həmədanda oturma, çıxıb Azərbaycana get. Anan yazıqdır, o hələ indi də Sədrəddin üçün ağlayır. Qoy sənin müsibətin də o müsibətin üstünə əlavə edilməsin. Mənə də rəhmin gəlsin, sizdən başqa ümidim yoxdur. Başına bir fələkət gəlirsə, mənim üçün də, anan üçün də intihardır.

Sən bilirsən ki, dünyanı şadlandıran Bağdad məni ağladır. Eyşişrət şəhərində unudulmaz bir matəmin ağırlığını çəkirəm.

Sən bilirsən ki, şirinliklərlə dolu olan piyalələrdən zəhərlər içməkdəyəm. Cənnət içərisində cəhənnəm əzabı çəkirəm. İqbal məni cəzalandırdı. Sənin başına gələn fələkət bu cəzanı bir daha artıra bilər. Sənə yalvarıram, Fəxrəddin, məktubu alan kimi çıxıb Azərbaycana get!

Bağdad – Dürrə”.

Məktub oxunub qurtarandan bir az sonra, Əfifə libaslarını dəyişib artırmaya çıxdı. Fəxrəddin onu şam süfrəsinə əyləşdirdi. Şam yeməyi bitəndən sonra Dürrətülbağdadın yazdığı məktubu təcili qasid vasitəsilə Təbrizə, Qızıl Arslana göndərdilər.


Əfifə iki həftədən bəri Həmədanda yaşayırdı. Fəxrəddin Qızıl Arslana göndərdiyi qasidin qayıtması və Qızıl Arslanın nə kimi cavab göndərdiyini gözləyirdi. Qızıl Arslan göndərdiyi cavabında yazırdı:

“Toğrul və Qətibənin macəraları davam etdiyi müddətdə, siz də Bağdad ilə Həmədan və Həmədanla Rey və Mərv şəhərləri arasında gizlin bir cəmiyyətin işini təşkil etməlisiniz. Bağdaddan Toğrula, Toğruldan isə Bağdada göndərilən qasidlərin hamısını yollarda tutub apardıqları məktubları almalısınız.

Həmədanla Xarəzmşahlar arasında gedən danışıqları öyrənmək üçün qasidləri əldə etmək lazımdır.

Hər nə qiymətə olursa olsun, Həmədan şəhərini öz adamlarınızla nəzarət altına alın. Gələcək mübarizələrdəki qələbə düşməni lazımınca öyrənməkdən asılıdır”.

Əlaəddinlə bərabər gedən adamlar Bağdada böyük dəstə ilə deyil, iki-iki, üç-üç getməli idi. Fəxrəddin Əlaəddini yolu saldığı zaman:

– Mənim Qatibədən heç bir qorxum yoxdur. Lakin sizi Əbül Ülanın sabiq cariyəsi Səba xanım çox asanlıqla ifşa edə bilər. Buna görə də birinci növbədə hər nə yol ilə olursa olsun o haramzadəni məhv etdirməlisən. Onun bizə vurduğu zərbələr hər bir zərbədən ağırdır. O çox alçaqdır, həm də gözəldir və aldadıcı dili vardır. Bu barədə adamlarına ehtiyatlı olmalarını tapşırmalısan, onlar özlərini ifşa edə bilərlər.

Mənim xidmətçim Əsədi yanınca götür, o, Səba xanımı çox yaxşı tanıyır. Səbanı aradan qaldırmayınca Bağdadda işə başlamağınız olduqca qorxuludur; o qadın çox şeytandır!


...Bir həftədən bəri Seyid Əlaəddinin adamları xəlifə Müstərşidbillahın sarayı qarşısında gəzib saraya girənləri və saraydan çıxanları öyrənirdilər. Səkkizinci gün saray qapısından başına qara ipək əba salmış bir qadın dişarı çıxdı. Qadın qapıdan çıxdığı və cariyələr ilə vidalaşdığı zaman Fəxrəddinin xidmətçisi Əsəd qadının Səba xanım olduğunu dərhal hiss etdi və kənarda dayanmış Əfifəyə tez işarə verdi:

– Özüdür, Səba xanımdır! – dedi.

Əfifə, Səba xanımı çox ehtiyatla təqib edirdi. Əfifə Səba xanıma ancaq Dəclə çayının kənarında yetişə bildi. Səba xanım durub yelkən gözləyirdi. Əfifə onun hara getmək istədiyindən xəbərdar deyildi. Nəhayət, yelkənlərdən birisi sahilə yaxınlaşdığı zaman Səba xanım yelkənçiyə yanaşaraq:

– Məni əcnəbi məmləkətlərindən gələn tacirlərin alver etdiyi bazar tərəfinə apara bilərsənmi? – deyə sual verdi.

Yelkənçi isə bir az düşünərək:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Gözəl

Payız idi, yaşıl yarpaqların rəngi ölümə gülən və son dəqiqələrini keçirən bir xəstənin yanaqları kimi saralırdı. Qızıl güllərin tac qoyub bahar taxtına əyləşdiyi yaşıl budaqlarda acı tikanlardan başqa bir şey görünmürdü.Daima gül budaqlarının kölgəsində nazlanan yuvasız bülbüllər xəzan yağışlarının acısını hiss edir və laqeydanə həyatın zəhərlərini içməyə və tənhalıqdan inləməyə başlamışdı. Şaxəsindən qopan yarpaqlar öz müqəddəratını xəzan küləklərinə tapşırıb heçliyə doğru uçub gedirdi. Çiçəklərin zərif yarpaqları, heyvanların dırnaqları altında çeynənirdi. Çinardan fırlanıb ayaq altına düşən yarpaqlar bir dilənçinin əli kimi beş barmağını açıb yalvarırdı.

35 min
And

Atabəy bir ay beş gün Canpolad kəndində vaxt keçirdikdən sonra payız yağışları sakit olmuşdu. Atabəy bir axşam yenə də aranlılardan məktub aldı.Məktubda yenə də aranlılar Atabəyin Həmədana qayıtmasını və Arana hakim göndərməsini, nahaq qanların tökülməsinə imkan verilməməsini təklif edirdilər. Gözəl bu təklifdən sevindi. O, Atabəyin aranlılara qarşı müharibə açmayacağına inandı.

4 min
Atabəy Məhəmməd və Səba xanım

Atabəy Məhəmməd Şimali Azərbaycandan Həmədana qayıtdığı zaman, Atabəy məmləkətlərini hədələyən təhlükələr qismən azalmışdı; çünki Atabəy məmləkətləri üçün böyük bir qorxu təşkil edən Səlahəddin Eyyubi artıq əhli-Səlib müharibəsinə hazırlanırdı və buna görə də Bağdad xəlifəsinin dəvətini rədd etmək məcburiyyətində idi. Təzə xəlifə Nəsrəddinbillah ümidsizliyə düşdüyü üçün yenə də atabəylərin köməyinə sığınmağa məcbur olmuşdu. Bağdad ilə Atabəy Məhəmməd arasındakı əlaqə bu vəziyyətdə ikən Atabəy Məhəmməd Həmədanda başqa bir təşkilatın mövcud olduğunu hiss edir və təşkilatı ifşa etmək üçün hcç bir iş görə bilmir, xəyanətin izini ələ keçirə bilmirdi.Hüsaməddinin tez-tez Qətibə ilə görüşməsi, Sultan Toğrul ilə Hüsaməddinin səmimi əlaqəsi, eyni zamanda Zəhir Bəlxi ilə Kəmaləddin şairin Toğrul sarayında böyük və geniş ehsanlara nail olması Həmədanda atabəyliyə qarşı təzə bir xəyanət hazırlandığına əsas verirdi.

12 min
Bağdad

Gəncənin hakimi Qızıl Arslandan aldığı məktubu böyük şair Nizamiyə göstərib dedi:– Əlahəzrətin xahişi budur ki, xəlifə Nəsrəddinbillahın cülus gününü təbrik etmək üçün Şimali Azərbaycandan Bağdada gedən nümayəndələrin rəhbərliyini öz öhdənizə götürəsiniz.

8 min

Poems by other poets