Dörd məktub
Page 2 of 3 · 33%
– Bazarlar şəhərin qərb tərəfindədir. Onların hamısında da əcnəbi tacirləri alış-veriş edir. Bizim möhtərəm xanım hansı bazara getmək istəyir?
Səba xanım yelkənçiyə cavab verə bilməyərək dilini çeynəməyə başlarkən Əfifə dərhal söhbətə müdaxilə edərək soruşdu:
– Möhtərəm xanımımız nə almaq istədiyini buyursaydı, o zaman hansı bazara getmək istədiyini təyin etmək mümkün idi.
Səba xanım bu sözdən sonra tələsik:
– Zinət şeyləri satılan bazara, inci, mərcan gətirən tacirlərin alış-veriş etdiyi bazara getmək istəyirəm, – dedi.
– Demək ki, möhtərəm xanımımız Ədən və Nəcd tərəflərindən gələn tacirlərin bazarına getmək istəyir. Elə isə mənim özüm də o tərəflərə gedirəm. Xanım şəhərin qərb tərəfinə doğru Kerx məhəlləsinə getməlidir.
Səba xanım Əfifəyə mehribancasına bir razılıq verdi, əlindən tutub yelkənə çıxardı və şəhərin qərb tərəfinə yol başladılar.
Səba xanım qadınla olan bu tanışlığından sevinirdi. Çünki Əfifə həm ərəb, həm də fars və türk dillərində danışa bilirdi. Buna görə də Əfifə Səba xanım düşündüyü alverdə ona böyük yardım göstərə bilərdi. Çünki inci və mərcan satan tacirlərlə bazarlıq etmək üçün uzun dəqiqələr çənə vurmaq lazım idi, Səba xanım isə ərəbcə danışa bilmirdi.
Yelkəndə getdikləri zaman Səba xanım Əfifəni özünün daşıdığı məqsədlə tanış edib-etməmək üstündə düşünürdü. O, bu söhbət üçün bir giriş axtarırdı. Eyni zamanda düşündüyü məqsədindən əldə edə biləcəyi qazancdan bir pay da Əfifə verməyi qərarlaşdırırdı.
Səba xanımın bu səfərdən gözlədiyi qazanc az qazanc deyildi. Qətibə xatun Toğrula ərə getməyə hazırlaşırdı. Onun üçün bir məmləkətin mələkəsinə layiq incilər, mərcanlar və qiymətli daşlar lazım idi. O, Toğrulun yanına birinci dəfə girdiyi zaman şahanə bir təntənə ilə girməyə hazırlanırdı. Buna görə də Bağdada özə ilə bərabər bir çox qızıl və gümüş gətirmişdi.
Səba xanım Qətibənin inci, mərcan və daş-qaşla maraqlandığını hiss etdiyindən vaxt ikən tacirlərlə görüşüb razılaşmaq və anlaşmaq istəyirdi. O, bu alış-verişdə həm tacirlərdən, həm də Qatibənin özündən faiz almağı düşünürdü. Bu məqsədləri həyata keçirmək üçün birinci növbədə həm ərəb dilini, həm də tacir dilini bilmək lazım idi.
Səba xanım Əfifəyə sual verdi:
– Möhtərəm xanım buradan hara getmək istəyir?
– Mən Kerx məhəlləsinə gedirəm.
– Siz inci və mərcan satılan bazara gedəcəksinizmi?
– Siz ora getmək istəyirsinizmi?
– Bəli, mən inci və mərcan bazarına gedib qiymətləri öyrənməliyəm.
– Nə eybi vardır? Hərgah möhtərəm xanım üçün belə bir xidmət lazımsa, mən haman bazarı və haman tacirləri göstərə bilərəm.
– Çox razıyam, zəhmət haqqınız mənim yanımda itməz.
– Zəhmət haqqı olmasa da mən bu vəzifəni bitirə bilərəm. Madam ki, xanımın xeyir işi vardır, haman xeyir işdə iştirak etmək lazımdır.
Əfifə bunları deyəndən sonra Səba xanıma sual verdi:
– Yəqin ki, yaxınlarda xanımın toyu başlanacaqdır. Belə deyilmi?
– Mənim öz toyum yox, möhtərəm xanımım üçün toy başlanacaqdır. Bu hazırlıq ondan ötrüdür. Əlverişli bir sövda düzəldərsək, sizin üçün də, mənim üçün də dəyərli bir pay düşər. Lakin tacirlərə yanaşmağın təhərini bilmək lazımdır.
Səba xanımın məqsədi aydınlaşdı, Əfifə onun nə etmək istədiyini müəyyən etdi və Səba xanımı təminedici bir şivə ilə dedi:
– Mən xanımı anlayıram. Bunu tacirlərin özü də bilir. Bağdadda belə bir adət vardır: tacirin yanına varlı müştəri aparan hər bir şəxs tacirdən müəyyən faiz almalıdır. Əlbəttə bu məsələni tacirlərlə aydınlaşdırmaq və faizin qiymətini təyin eləmək lazımdır. Mənim möhtərəm xanımım onu da bilməlidir ki, faizin miqdarı da alış-verişin çox və az olmasından asılıdır. Bu barədə mənim təcrübəm vardır. Düşünməyə gəlməz, mən bu barədə xanıma kömək edərəm.
Səba xanım Əfifənin söhbətlərindən sevindi, çünki bu söhbətlər tamamilə Səba xanımın məqsədlərinə uyğun idi. O, əlini Əfifənin çiyninə qoyaraq:
– Bu təsadüf bir xoşbəxtliyin açarı olacaqdır, çünki mənim tacirin yanına aparacağım müştəri fövqəladə bir müştəridir. Müştəri olduqca zəngindir. Lakin mən ona layiq olan şeyləri tapa bilməyəcəyimdən qorxuram. Çünki, hər adi şeylər onun xoşuna getməz. Nadir şeylər ələ düşərsə, ondan istədiyini ala bilərsən.
Əfifə gülərək onun sözlərinə etiraz etdi:
– Görünür ki, sən Bağdadı yaxşı tanımırsan, – dedi, – burası xəlifələr Bağdadıdır. Vaxtilə dünyanın ən zəngin və ən də nadir şeyləri axıb bu şəhərə gəlmişdir. Ölən xəlifələrdən övlada miras qalan zənginliklərin həddi-hesabı yoxdur. Burada hər sinfə və hər təbəqəyə layiq şeylər əldə etmək mümkündür. Hazırda biz gedib tacirlərin əllərində olan şeylərə baxarıq, qiymətini və keyfiyyətini yoxlarıq, hərgah şeylər və qiymət məqsədə müvafiq olursa, bazarlıq etmək mənim öhdəmə!
Səba xanım sevinirdi, bu dəfə Qətibədən qazanacağı para ilə Qasımabad kəndində tikdirdiyi sarayı bitirə biləcəyinə ümid edir və sevinirdi.
Onlar yelkəndən bərabər düşüb bir baş Bəndəfüruş bazarına, oradan da əcnəbi tacirlərinin inci, mərcan və qiymətli şeylər satdıqları bazara çıxdılar. Onlar bütün günü bazarları dolaşdılar, lakin Sultan Toğrula ərə getməyə hazırlanan və ikinci dəfə mələkə olmaq istəyən Qətibəyə layiq heç bir şey tapa bilmədilər. Səba xanım kədərləndi, böyük bir qazancdan məhrum olduğunu görüncə çıldırmaq dərəcəsinə gəldi, çox da yorulmuşdu, ac idi, dəli kimi nə etdiyini və danışdığını bilmirdi. Bazarı axıra çıxaraq dəyərli bir şey tapmayınca:
– Məndə o bəxt haradandı ki? – dedi.
Əfifə onun həyəcan və ümidsizliyini unutdurmaq üçün nəsihət və təsəlli verib deyirdi:
– Xanım heç də ruhdan düşməsin, təzə tacirlər gələn günləri bilmək lazımdır, tacirlər hər gün gəlmir, lakin sizin xanımınıza layiq dəyərli malları ancaq yerli tacirlərdə tapmaq olar. Mən bu axşam yerli tacirlərin evlərinə gedərəm, sabah sizi onların yanına apararam. Bazarın xasiyyəti belədir, tacirlər gələn kimi yerli tacirlər onların mallarını alıb sonra tapılmadığı zaman yuxarı qiymətə satırlar. Bəzən kənardan gələn tacirlərin özü də əvvəlcə malın yaxşısını müştəriyə göstərməzlər. Buna görə də biz istədiyimiz malları evlərdə ələ gətirə bilərsək, faiz daha əlverişli ola bilər. Lakin bilmirəm, bu alış-veriş bitdiyi zaman xanımınız da bunda iştirak edəcəkdirmi?
Səba xanım gülərək:
– Siz mənim xanımımı nə hesab edirsiniz? O heç bir zaman tacir qapısına gedib özünü alçatmaz. Əcəba, siz kübar xanımların adətini bilmirsinizmi?! Bir də budur ki, onun şəxsən iştirak etdiyi alverdə bizim nə kimi qazancımız ola bilər? Zənnimcə, o mənə etibar edər, böyük mənfəət isə malların əlverişli qiymətlə əldə edilməsindən asılıdır. Bunu da nəzərə almalısınız ki, kübar qadınlar sevdiyi və gözləri tutduğu şeyin qiyməti üzərində bazarlıq etməzlər. Çünki onlar bunu özləri üçün bir həqarət hesab edərlər.
Əfifə onu dinlədikdən sonra:
– Əmin ola bilərsiniz – dedi. – Bağdadı iflas edən tacirlər, şahzadələr, xəlifə ailələri minlərcədir, qiymətli şeylər də bunların əlindədir. Biz həm yaxşı, həm də qiyməti əlverişli olan nadir şeylər ələ gətirə bilərik. Bizim evlərdən inci, mərcan almağımız bazar tacirindən almaqdan daha məsləhətdir. Mən ümid edirəm, mənim möhtərəm xanımım bu alverdə özü istədiyi qədər qazanc əldə edə biləcəkdir.
Bu söhbətlərdən sonra Səba xanım sevindi və Əfifəyə xeyir-dua verdi. Sonra da sabahkı görüş məhəllini təyin edib ayrılmaq istədilər. Lakin Səba xanım Əfifəni buraxmaq istəməyərək dönə-dönə tapşırıb deyirdi:
– Rica edirəm bu sirr öz yanımızda qalsın. Üçüncü adam bizim sirrimizdən xəbər tutmamalıdır.
Səba xanımın itməsi və neçə gündən bəri saraya qayıtmaması Qətibə xanımın varlığını dəyişdirmişdi. Müstərşidbillahın sarayında onun itdiyini müxtəlif təbirlərlə məna edirdilər. Onun yüz min qızıl dinar götürüb qaçmasını söyləyənlər, oğrular əlinə düşüb soyulduğu, boğulub Dəclə çayına atıldığını deyənlər və sairlər var idi. Lakin Qətibənin özü onun tamahkarlığını bilirdi, deyilən sözlərin heç birisinə inanmırdı.
Səba xanım itəndən bir həftə sonra, Qətibə xatunun Toğrula yazdığı və qasiddən yolda alınmış təəccüblü məktubunda qeyd edilirdi:
“Əlahəzrət! Bağdada gəldiyimin ikinci günü xəlifə Nəsirəddinbillah ilə görüşməyə müvəffəq oldum. Xəlifə həzrətləri mənə bir hökmdara layiq hörmət göstərdi.
Əmirəlmömin bizim izdivac edəcəyimizdən xəbərdar idi, buna görə də o məni əlahəzrət Toğrulun mələkəsi kimi qəbul etdi. Hər halda göstərilən hörmətin padşahlara göstərilən rəsm-qəbuldan heç də fərqi yox idi.
Əlahəzrətin məktubunu xəlifəyə verdim, xəlifə məktubun məzmunundan olduqca razı qaldı və əlahəzrət üçün cənab Allah-taalanın və peyğəmbər-zişənin kömək və himayəsini dilədi. Əmirəlmömin əlahəzrətin təklif etdiyi məsələləri həyata keçirmək üçün heç bir şərait tələb etmədi. Xəlifə həzrətləri Atabəy məmləkətləri üzərindəki köhnə himayə və köhnə nüfuzunun bərpa edilməsini tələb edir. Zənn edirəm ki, əlahəzrət Əmirəlmöminin bu haqlı tələbinə heç bir vəchlə etiraz etməz, çünki xəlifəyə yazdığınız məktubun özündə buna dair işarətlər var idi. Xəlifə, Əlaəddin Təkşin Atabəy məmləkətlərinə qoşun göndərməsinə etiraz etmir. Oğlum Qütlüğ İnanc vəliəhd elan olunandan sonra Rey məmləkətinin Xarəzmşahlar məmləkətinə qoşulmasına da onun etirazı yoxdur. Xəlifə, Qızıl Arslanın məhv edilməsi nəticəsində Aran və Şimali Azərbaycanın Şirvana ilhaq olunması ilə də razılaşır. Cənubi Azərbaycan, Fars və qismən İraq məmləkətlərinin əlahəzrətin əlində qalmasına əmr sadir edəcəyinə söz verir.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-dord-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
Payız idi, yaşıl yarpaqların rəngi ölümə gülən və son dəqiqələrini keçirən bir xəstənin yanaqları kimi saralırdı. Qızıl güllərin tac qoyub bahar taxtına əyləşdiyi yaşıl budaqlarda acı tikanlardan başqa bir şey görünmürdü.Daima gül budaqlarının kölgəsində nazlanan yuvasız bülbüllər xəzan yağışlarının acısını hiss edir və laqeydanə həyatın zəhərlərini içməyə və tənhalıqdan inləməyə başlamışdı. Şaxəsindən qopan yarpaqlar öz müqəddəratını xəzan küləklərinə tapşırıb heçliyə doğru uçub gedirdi. Çiçəklərin zərif yarpaqları, heyvanların dırnaqları altında çeynənirdi. Çinardan fırlanıb ayaq altına düşən yarpaqlar bir dilənçinin əli kimi beş barmağını açıb yalvarırdı.
AndAtabəy bir ay beş gün Canpolad kəndində vaxt keçirdikdən sonra payız yağışları sakit olmuşdu. Atabəy bir axşam yenə də aranlılardan məktub aldı.Məktubda yenə də aranlılar Atabəyin Həmədana qayıtmasını və Arana hakim göndərməsini, nahaq qanların tökülməsinə imkan verilməməsini təklif edirdilər. Gözəl bu təklifdən sevindi. O, Atabəyin aranlılara qarşı müharibə açmayacağına inandı.
Atabəy Məhəmməd və Səba xanımAtabəy Məhəmməd Şimali Azərbaycandan Həmədana qayıtdığı zaman, Atabəy məmləkətlərini hədələyən təhlükələr qismən azalmışdı; çünki Atabəy məmləkətləri üçün böyük bir qorxu təşkil edən Səlahəddin Eyyubi artıq əhli-Səlib müharibəsinə hazırlanırdı və buna görə də Bağdad xəlifəsinin dəvətini rədd etmək məcburiyyətində idi. Təzə xəlifə Nəsrəddinbillah ümidsizliyə düşdüyü üçün yenə də atabəylərin köməyinə sığınmağa məcbur olmuşdu. Bağdad ilə Atabəy Məhəmməd arasındakı əlaqə bu vəziyyətdə ikən Atabəy Məhəmməd Həmədanda başqa bir təşkilatın mövcud olduğunu hiss edir və təşkilatı ifşa etmək üçün hcç bir iş görə bilmir, xəyanətin izini ələ keçirə bilmirdi.Hüsaməddinin tez-tez Qətibə ilə görüşməsi, Sultan Toğrul ilə Hüsaməddinin səmimi əlaqəsi, eyni zamanda Zəhir Bəlxi ilə Kəmaləddin şairin Toğrul sarayında böyük və geniş ehsanlara nail olması Həmədanda atabəyliyə qarşı təzə bir xəyanət hazırlandığına əsas verirdi.
BağdadGəncənin hakimi Qızıl Arslandan aldığı məktubu böyük şair Nizamiyə göstərib dedi:– Əlahəzrətin xahişi budur ki, xəlifə Nəsrəddinbillahın cülus gününü təbrik etmək üçün Şimali Azərbaycandan Bağdada gedən nümayəndələrin rəhbərliyini öz öhdənizə götürəsiniz.
Poems by other poets
Bilinmir tarixi, bilinmir yaşı,Ləlü cəvahirdi torpağı, daşı,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Səthi-cahan gülüstana dönübdürXələt geyib zümrüddən ağaclar,Ciçəklərdən boynun əyib budaqlar,
EləməQadir Allah, budur səndən diləkim,Sən mərdi-namərdə möhtac eləmə,