Page 3 of 3 · 67%

Xəlifə oğlum Qütlüğün yuxarıda göstərilən məmləkətlərin varisi olduğunu qəlbən təsdiq etdi. Bu barədə əlahəzrətin özü də əmin ola bilər. Xəlifə həzrətləri, Qızıl Arslanın Həmədana hücum etdiyi təqdirdə Bağdad ordusunun köməyə göndəriləcəyini öhdəsinə götürdü. Xəlifə həzrətləri Hüsaməddinin Reydə qoşun hazırlaması və bir hadisə təqdirində Qəzvin şəhərini işğal edib Həmədanla Azərbaycanın əlaqəsini kəsmək təşəbbüsünü bəyəndi və təqdir etdi.

Bu güzəştlərin müqabilində Əmirəlmöminin Qızıl Arslanla bağlanmış əhdnamənin geri qaytarılmasını tələb edir.

Zənn edirəm ki, əlahəzrət buna etiraz etməz, çünki öurad ümumi mənfəət nəzərə alınmışdır.

Xəlifə, əlahəzrətin mələkəsinə qiymətli bir boyunbağı hədiyyə verdi. Bu barədə əlahəzrəti təbrik edirəm. Bunları yazandan sonra əlahəzrətə kədərli bir hadisənin xəbərini verməyə məcburam. Mən Bağdadda olduğum günlərdən istifadə edib əlahəzrətin sarayına layiq bəzi qiymətli şeylər əldə etməyi düşünürdüm. Əlahəzrətə bağışlamaq üçün kənizlər və cariyələr almağı düşünürdüm. Özüm üçün də bir qədər inci, mərcan və qiymətli daşlar almaq istəyirdim. Bütün bu işləri mənim sabiq cariyəm Səba xanıma tapşırmışdım. Çünki onun özü də bu xidmətləri bitirmək üçün həvəslənirdi. Lakin görünür ki, mən illərdən bəri etimad etdiyim bir qadını lazımınca tanımamışdım. Mən ona qızlıq zamanımdan bəri adət etmişdim. Doğrudur, o tamahkardı, lakin oğru deyildi.

Nəhayət, o, inci və qiymətli şeylər almaq üçün verdiyim 100 min dinar qızılı da götürüb gizləndi. Rica edirəm onun axtarılması üçün tədbirlər görəsiniz. Rica edirəm təcili surətdə 3 yüz min dinar qızıl göndərəsiniz. Burada pulsuz qalmışam. Pul göndərdiyiniz adamla yuxarıda göstərdiyim müqaviləni də göndərin.

Mən xəlifə ilə danışılacaq bütün məsələləri həll etmədən Həmədana qayıda bilməyəcəyəm”.

Məktub Fəxrəddinin əlinə düşəndən sonra o öz adamları ilə məsləhətləşdi. Bəziləri məktubun eynilə Qızıl Arslana göndərilməsini məsləhət gördü. Lakin Fəxrəddin buna etiraz etdi:

– Məktubun məzmununu Qızıl Arslana göndərmək lazımdır. Əsil məktubu isə yenə də Toğrula göndərmək lazımdır. Məktubu Toğrula göndərsək, o yenə də Qətibəyə cavab verər. Bəlkə müqaviləni də Bağdad xəlifəsinə göndərər. O zaman biz yenə də onun qasidini yolda tutdurub müqaviləni də, məktubu da, hətta göndərdiyi paranı da əldə edə bilərik.

Bu fikirlə razılaşdılar. Məsələlər bitincəyə qədər qasidin həbsdə saxlanmasını əlavə etdilər.


Toğrul özünü çıxılmaz bir vəziyyətdə hiss edirdi. Bir tərəfdən Səba xanım Qətibənin yüz min dinar qızılını götürüb gizlətmişdi, o biri tərəfdən də Qətibəyə göndərilən üç yüz min dinar qızıl da bir məktub ilə bərabər qasidin əlindən alınmışdı.

Bunların hamısından sonra, qasid vasitəsilə göndərilən müqavilənamə də, məktub və pullarla bərabər “oğruların” əlinə düşmüşdü. Əlbəttə, o, pullar haqqında çox az düşünürdü. Lakin müqavilənamə əldə olmadan xəlifə ilə başlamaq istədikləri razılaşma həyata keçə bilməyəcəkdi. Toğrulu qorxudan ən əsas cəhət oğurlanan müqavilənin Qızıl Arslanın əlinə düşməsi qorxusundan ibarət idi.

Məktubların və müqavilənamənin oğrular əlinə düşməsi bəlli olan kimi Toğrul təcili qasid göndərib Qətibəni Bağdaddan Həmədana çağırdı. Onlar Zəhir Bəlxi və Kəmaləddinlə geniş müşavirədən sonra Qətibəni ikinci dəfə xəlifənin yanına göndərmək qərarına gəldilər.

Zəhir Bəlxinin məsləhətinə görə Toğrul Qızıl Arslanla bağlanmış müqavilənin ləğvini elan edəcək və bu barədə sadir elədiyi fərmanın bir surətini xəlifəyə göndərəcəkdi.

Toğrul bu fikri bəyəndi. Katibin çağırılmasına əmr verdi. Lakin katib fərmanı yazıb bitirə bilmədi, çünki Qızıl Arslan tərəfindən göndərilən qasid içəri daxil olub, Qızıl Arslan tərəfindən yazılmış məktubu Toğrula verdi.

Toğrul özünü itirdi, çünki Qızıl Arslan məktubun sərlövhəsində “Əlahəzrət” kəlməsini yazmamışdı. Məktubun sərlövhəsi bir parça təhqirdən ibarət idi.

“Toğrul! Bu məktuba cavab versən də, verməsən də mənim üçün heç də fərqi yoxdur. Çünki mən səninlə məktublaşmaq fikrində deyiləm. Bu məktubu yazmaqdan məqsəd sənin unutduğun bir çox məsələləri xatırlatmaq üçündür.

Sən onu bilməlisən ki, Azərbaycan xalqı sənin hökmdarlığını təsdiq etdiyi zaman məmləkəti istədiyin adamlara satmaq ixtiyarını sənə verməmişdir. Sən məmləkətin hüdudlarını qorumalı və daxildə xalqın rahat və səadətini təmin etməli idin.

Lakin sən bu vəzifəyə xəyanət edirsən, öz rəftarınla tapşırıqları pozursan. Azərbaycan xalqının qanları və qurbanları nəticəsində qazanılan qələbələri unudur, onların istiqlalını əcnəbilərin ayaqları altına verir, ərəb nüfuzu altından təzə-təzə qurtarmaq istəyən xalqın boynuna ərəb əsirliyi zəncirini hazırlayırsan. Sən Azərbaycan daxilində müstəqil bir padşah kimi yox, bir əcnəbi nümayəndəsi kimi hökmdarlıq etmək xəyalındasan. Bunu sən sevsən də, Azərbaycan xalqı sevmir. Onlara sənin kimi satqın və həqir padşah lazım deyil.

Mən bu gündən etibarən Cənubi və Şimali Azərbaycan xalqı tərəfindən sənə xəbər verirəm: məmləkət səni öz qanuni hökmdarı kimi bilməyəcək və bağladığın müqavilələri Azərbaycan xalqı tapmayacaqdır. Xəzinəni istədiyin adamlara paylama, onların hər bir dinarına cavab verməlisən”.

Toğrul bu məktubu oxuyandan sonra huşdan getdi. Dərhal həkimbaşını çağırdılar. Onu ayıltdılar, gözünü açan kimi Zəhir Bəlxiyə müraciət edib acıqlı bir surətdə dedi:

– Allah sizi heç bir zaman düz yola dəlalət etməsin, məni yolumdan azdırdınız. Deyin görüm, hazırda mənim çarəm nədir?

Zəhir Bəlxi heç də özünü itirmədi:

– Burada qorxuya səbəb olacaq bir şey yoxdur. Hadisənin qorxusunu azaltmaq üçün bu saat məktubun surətini çıxarıb xəlifəyə göndərmək lazımdır. Siz hökmdarsınız. Bu qədər böyük həyəcanınıza yer yoxdur. Nə olmuşdur ki?! Qızıl Arslanın sizinlə olan düşmənliyi bu məktub olmadan da aydındır. Mən bu saat məsələni təcili qasidlərin vasitəsilə Sultan Təkişə xəbər verərəm. Rey tərəflərinə də qasid və məktub yola salarıq, onlar Rey qoşunu ilə Qəzvinə hücum edərlər. Biz məsələni çox tez bir zamanda həll edə bilərik. Bununla da biz Qızıl Arslana öz arzularını həyata keçirmək üçün imkan buraxmarıq.

Toğrul qismən sakit oldu. Rey və Xarəzmə təcili qasidlər göndərildi və məktubun surətini çıxarıb xəlifəyə göndərmək üçün katibə xüsusi əmrlər verildi.

Qətibə vəziyyətin qorxulu olduğunu dərhal hiss etdi və heç bir söz demədən Toğrulun yanından qalxıb Atabəy sarayına getdi. O artıq Toğrul ilə oyun oynamağın faydalı bir nəticə verməyəcəyini anladı, macəranın atını Qızıl Arslana doğru məhmizləməyi qərara aldı. Çünki başqa çarə çox idi.

Buna görə də Qızıl Arslanla əlaqəyə girmək və onunla məktublaşmaq istədi. Gecəni səhərə qədər yatmadı, yazacağı məktubun mündəricəsi barəsində uzun-uzadı düşündü.

O, məktubunu bu sözlərlə başladı:

“Böyük və əzəmətli hökmdar!

Eldəniz xanədanını ölüm təhlükəsindən qurtarmaq üçün yeganə ümidimiz sizə qalmışdır. Toğrul artıq hökumət işlərindəki dəyərsizliyini və həddindən artıq zəiflik və iradəsizliyini göstərdi. Mən onun öz bədbəxtliyi haqqında düşünmürəm, məni rahatsız edən böyük bir xanədan və geniş bir məmləkətin bədbəxtlik qarşısında durmasıdır.

Mənim sizdən icazəsiz Reydən Həmədana gəlməyimin iki mühüm səbəbi vardır.

Əvvələ, Toğrul mənim Reydən Həmədana gəlməyimi qəti bir surətdə tələb edirdi. Mən heç bir vaxt onun bu qədər dəyərsiz və hökumət işlərinə olan etibarsızlığını bilmirdim. Buna görə də Reydən Həmədana gəlmək tələbindən boyun qaçıra bilmədim.

Həmədana qayıtdığımın ikinci səbəbi, oğlumun özbaşına hərəkətləri idi. Mən onun ağılsız hərəkətlərinə soyuqqanlı baxa bilmirdim. Çünki mən qadın olsam da, yenə də məndə bir kişi inadı vardır. Hərgah indiyə qədər bəzi sözləri əlahəzrət hökmdara deyə bilməmişəmsə də, bu gün onları gizlətməyim məmləkətə qarşı böyük bir xəyanət ola bilər. Mən Toğrulu çox yaxşı tanıdım. O, qardaşının qatilidir, eyni zamanda mənə izdivac təklifini də edir. Mən çoxdan bəridir ki, bu məcburi izdivacdan boyun qaçırmaq üçün onunla mübarizə aparıram. Lakin mən onun əsiriyəm, mənə dinclik vermir. Onun bu yersiz təklifindən boyun qaçıra bilməcəyəcəm. Çünki mən onun nüfuzu altındayam, onun əsirliyindəyəm.

Buna görə də hökmdar məni bu sıxıcı məngənənin altından qurtarmalıdır. Mənim üçün Azərbaycanın bir kəndində oturmaq üçün imkan yaradılsaydı, Həmədanın Atabəy sarayında yaşamağımdan daha gözəl olardı. Mən ancaq o zaman Toğrulun yersiz təklifini rədd edə bilərdim.

Hökmdar! Yaxşı düşünün, mən onu görə bilmirəm, çünki o mənim oğlumun atasının qatilidir. Toğrul məni bu izdivaca məcbur edərsə, qurtarmaq üçün yeganə bir yol vardır ki, o da intihar etməkdən ibarətdir. Ümid edirəm ki, böyük hökmdar Atabəy Məhəmmədin hörmət və şərəfini nəzərə alaraq, onun qadınını bu şərəfsizlikdən qurtaracaq və mənim yığılıb Azərbaycanda yaşamağıma imkan yaradacaqdır. Hazırda mənim Həmədandan bir tərəfə hərəkət etməyim üçün heç bir maddi imkan yoxdur. Səba xanım adlı bir cariyə əlimdə olan bütün pullarımı oğurlayıb gizlənibdir.

Paytaxtda vəziyyət get-gedə fənalaşır. Hökmdarın təyin etdiyi saxlov dəstələri bir iş görmür”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Gözəl

Payız idi, yaşıl yarpaqların rəngi ölümə gülən və son dəqiqələrini keçirən bir xəstənin yanaqları kimi saralırdı. Qızıl güllərin tac qoyub bahar taxtına əyləşdiyi yaşıl budaqlarda acı tikanlardan başqa bir şey görünmürdü.Daima gül budaqlarının kölgəsində nazlanan yuvasız bülbüllər xəzan yağışlarının acısını hiss edir və laqeydanə həyatın zəhərlərini içməyə və tənhalıqdan inləməyə başlamışdı. Şaxəsindən qopan yarpaqlar öz müqəddəratını xəzan küləklərinə tapşırıb heçliyə doğru uçub gedirdi. Çiçəklərin zərif yarpaqları, heyvanların dırnaqları altında çeynənirdi. Çinardan fırlanıb ayaq altına düşən yarpaqlar bir dilənçinin əli kimi beş barmağını açıb yalvarırdı.

35 min
And

Atabəy bir ay beş gün Canpolad kəndində vaxt keçirdikdən sonra payız yağışları sakit olmuşdu. Atabəy bir axşam yenə də aranlılardan məktub aldı.Məktubda yenə də aranlılar Atabəyin Həmədana qayıtmasını və Arana hakim göndərməsini, nahaq qanların tökülməsinə imkan verilməməsini təklif edirdilər. Gözəl bu təklifdən sevindi. O, Atabəyin aranlılara qarşı müharibə açmayacağına inandı.

4 min
Atabəy Məhəmməd və Səba xanım

Atabəy Məhəmməd Şimali Azərbaycandan Həmədana qayıtdığı zaman, Atabəy məmləkətlərini hədələyən təhlükələr qismən azalmışdı; çünki Atabəy məmləkətləri üçün böyük bir qorxu təşkil edən Səlahəddin Eyyubi artıq əhli-Səlib müharibəsinə hazırlanırdı və buna görə də Bağdad xəlifəsinin dəvətini rədd etmək məcburiyyətində idi. Təzə xəlifə Nəsrəddinbillah ümidsizliyə düşdüyü üçün yenə də atabəylərin köməyinə sığınmağa məcbur olmuşdu. Bağdad ilə Atabəy Məhəmməd arasındakı əlaqə bu vəziyyətdə ikən Atabəy Məhəmməd Həmədanda başqa bir təşkilatın mövcud olduğunu hiss edir və təşkilatı ifşa etmək üçün hcç bir iş görə bilmir, xəyanətin izini ələ keçirə bilmirdi.Hüsaməddinin tez-tez Qətibə ilə görüşməsi, Sultan Toğrul ilə Hüsaməddinin səmimi əlaqəsi, eyni zamanda Zəhir Bəlxi ilə Kəmaləddin şairin Toğrul sarayında böyük və geniş ehsanlara nail olması Həmədanda atabəyliyə qarşı təzə bir xəyanət hazırlandığına əsas verirdi.

12 min
Bağdad

Gəncənin hakimi Qızıl Arslandan aldığı məktubu böyük şair Nizamiyə göstərib dedi:– Əlahəzrətin xahişi budur ki, xəlifə Nəsrəddinbillahın cülus gününü təbrik etmək üçün Şimali Azərbaycandan Bağdada gedən nümayəndələrin rəhbərliyini öz öhdənizə götürəsiniz.

8 min

Poems by other poets