“Mələkə”
Mələkənin taxt-rəvanı Həmədanın Təbriz qapısına yetişdiyi zaman Qətibə taxt-rəvanın ipək pərdəsini qaldırıb darvaza başına baxdı və ipək parçanın üzərinə yazılmış bu sözləri oxudu:
“Toğrul paytaxtı öz sevgili mələkəsini salamlayır”.
Şəhər çıraqban idi. Toğrul tərəfindən düzəldilmiş İraq qoşun dəstələri mələkənin taxt-rəvanı keçən yolların ətrafında düzülmüşdü. Zəhir Bəlxi və Kəmaləddinin oturduğu taxt-rəvan mələkənin taxt-rəvanının dalınca gəlirdi. Hüsaməddin isə bir dəstə Rey atlıları ilə mələkənin taxt-rəvanını Reydən Həmədana qədər müşayiət edirdi.
Atabəy qəsrinin ətrafına yığılan minlərcə Toğrul tərəfdarları bir ağızdan “Yaşasın mələkə!” deyə qışqırırdılar.
Mələkə paytaxta daxil olandan bir həftə sonra Sultan Toğrul mələkəni ziyarət etmək üçün Atabəy sarayına gəldi. Toğrul mələkənin sözü haradan başlayacağını bildiyi üçün, eyni mövzudan söhbətə başladı və dedi:
– Mələkənin paytaxtdan uzaqlaşdırılması hamıdan artıq mənə təsir edirdi. Ayrılıqların təsirində yazdığım rübailərdən birisini mələkə üçün oxuyacağam.
Diruz çinan visali canəfruzi
İmruz çinin fəraqü aləm suzi.
Əfsus ki bər dəftəri ömrəm əyyam,
An ruzi çinin nuvisəd inra ruzi.
Qətibə bu rübaini eşidəndən sonra Toğrula çox diqqətlə baxaraq, başına hərəkət verməklə dedi:
– Bir məqsədi ifadə etməyən şeir, şeir deyildir. Sevgi hisslərini bədii şəkildə vermək istəyən şairlər də yanılırlar. Çünki sevginin özündə şeirdən daha yüksək bir bədiilik vardır. Buna görə də şairlər “sevgiyə bədiilik verirəm” – deyərək, onu təhrif edirlər. Əlahəzrət məni bağışlasın, onun rübaisinə diqqətlə qulaq asdım. Bəzən həqiqi bir mövzu əsasında olmayan şeirlər və onda bədiilik kimi ifadə edilən ünsür yalanlardan, toxumalardan, qeyri-təbiilikdən, başqa təbirlə desək, riyadan və saxtakarlıqdan ibarət qalır; çünki şair mövzu yoxsulluğunu obrazlar və qafiyələr altında gizləməyə çalışır. Əlahəzrətə ərz etmək istəyirəm ki, bu yol, sənətkarlıq yolu deyildir. Əlahəzrət elə bilməsin ki, onun mənə bəslədiyi sevgiləri mən inkar etmək istədim. Mənim əsas məqsədim, onun rübaisindəki məqsədsizliyi göstərməkdir.
Bizim hazırkı zamanımızda məqsədi şerə, yaxud şeri məqsədə tətbiq etməyi bacarmağın özü də məsələni həll etmir. Çünki bizim məqsəd və vəzifələrimiz o qədər böyükdür ki, onu əlahəzrətin bir rübaisində ifadə etmək heç bir kəsə qənaət verməz. Madam ki, əlahəzrətlə olan sevgimiz bir məmləkətin müqəddəratı ilə əlaqədardır, o zaman qafiyə və nöqtə lazım deyil, əlahəzrət sevgisini sözdə yox, söz və kəlmə yığıntılarından ibarət şeirdə yox, işdə və həqiqətdə göstərməlidir.
Toğrul Qətibənin bu sözlərini eşidəndən sonra, rübailərinin gerisini oxumadı, kağızı bükübb cibinə qoydu və gülümsəyərək dedi:
– Zənnimcə, əzəmətli mələkə öz fikrində qismən yanılır, çünki qısa bir şeir uzun bir məqsədin xülasəsidir. Mən dörd misralıq şerimdə, uzun zamanlar mələkəni düşünərək, keçirdiyim acı iztirabların ifadəsini verə bilmişəm.
Əcəba, mən bu misralarımda hicran günlərinin dəhşətli şəklini çəkə bilməmişəmmi? Əcəba, mələkə bu şeirdə sevgi və iztirabla dolu olan bir qəlbin həyəcanlarını oxuya bilmirmi?
Qətibə bu sözlərə yenə də etiraz edərək dedi:
– Bizim məsələmizi və hicran kəlmələrinin cürbəcür boyalarda verilməsi, nə də iztirabın dəhşətli bir qiyafədə təsəvvür edilməsi həll etmir. Məmləkət və sevgi məsələləri düşüncə, sakitlik, soyuqqanlılıq və hissiyyatdan uzaqlaşmağı tələb edir. Şeir isə xörəkdən sonra yeyiləcək bir meyvədən ibarətdir. Məqsəddə saziş və razılaşma olduğu zaman sevgini şeir olmadan da həyata keçirmək mümkündür.
Madam ki, neçə ildən bəri aralıqda sürüklənən ixtilafları həll etmək mümkün olmamışdır, o zaman demək olar ki, əlahəzrətin öz şerində ifadə etdiyi sevgi sözlərində də səmimilik yoxdur. Çünki sevgi bütün məqsədləri həyata keçirə biləcək yeganə bir vasitədir. Şeir isə saxtalığı örtmək, müvəqqəti bir qənaət yaratmaq, vaxtı uzandırmaq və başı gicəlləndirmək üçün daha əlverişlidir. Mən əlahəzrətdən rica edərdim ki, o, şeri ancaq təbiətin təsvirində, həyatı bədii şəkildə vermək işlərində və təbiətin yaratdığı cansız şeylərə məna və təşbih taxmaq sahələrində işlətsin. Sevgi məsələlərini şeirə tapşırmaq olmaz. Çünki sevginin tələbatı o qədər böyükdür ki, onu şeir deyil, yalnız işlə və fədakırlıqla ödəmək olar.
Toğrul yenə də mələkəyə verdiyi cavabında:
– Mühüm məsələlər həllindən gözləniləcək müvəffəqiyyət tədricilikdən asılıdır, – dedikdə Qətibə də:
– Lakin, yalnız sevgidə deyil, sürüdürücülük bütün məsələlərdə müvəffəqiyyəti və həqiqiliyi uduza bilər, – dedi.
Toğrul cavab vermədi, düşünməyə başladı. Qətibə isə sükutu pozaraq dedi:
– Sevgi gəncliyin məhsuludur. Tədricilik və sürüdürücülük isə qocalığa yaxınlaşmaq deməkdir. Lakin sevgi bunun əleyhinədir, çünki o, qocalığa təsən bir qəlbdə yaşamaq istəməz. O, istiqamətini dəyişir, şəklini başqa bir güzgüdə görmək istər, başqasının iqbalına bağlanmaq istər. Buna görə də əlahəzrət şeri və tədriciliyi bir tərəfə qoymalı və sürüdürücülük oyunlarından əl çəkməlidir.
Mən açığını deyirəm. Mən hadisələrin dəyirmanında dartılmış bir qadınam, mənim üçün həyatın anlaşıla bilməyəcək heç bir cəhəti yoxdur. Buna görə də mən əlahəzrətə qazandırmaq istədiyim bu şərəfi bir başqasına qazandırmaq məcburiyyətində də qala bilərəm.
Əlahəzrət öz taxt-tacının bu şərəfinə minnətdar olduğunu bir dəfə unutmamalıdır. Mən heç bir zaman öz məqsədimə nail olmadan əlahəzrətin Əlaəddin Təkişlə olan sazişini təsdiq etməyəcək və onun həyata keçməsinə imkan verməyəcəyəm. Mənim oğlumun iqbalı Əlaəddin Təkişlə düzəlmiş sazişdən yox, əlahəzrətlə düzəltmək istədiyimiz əlaqədən asılıdır.
Mən oğlumun gələcəyini təmin etmək üçün sizinlə düzəltmək istədiyim əlaqəni Qızıl Arslanla düzəldə bilərəm. Əlahəzrət mənim özünə nisbət sevgi hisslərimə çox da arxalanmamalıdır, çünki sevginin özü müstəqil bir məqsəd deyil, ona istiqamət və möhkəmlik verə biləcək başqa-başqa səbəblər də vardır. Bu səbəblərin içərisində həyat şəraiti, istiqbalın təmini məsələləri, mərtəbə və inanmaq kimi əsas işlər də vardır. Əlahəzrət hazırda sevginin əsas və həqiqi bir mücəssəməsi olduğunu mənə inandıra bilsə, o yenə də tam deyildir. Çünki bizim söhbətimizin əsasını bir qadınla bir kişinin sevgisi deyil, bir məmləkətin və bir taxt-tacın məsələsi təşkil edir.
Sultan Toğrul Qətibəyə qanaətverici bir cavab tapmaq uğrunda düşünür və çırpınırdı. Çünki Sultan Toğrul Qətibənin təkliflərinin heç birisini qəbul edə bilməyəcəkdi. O, öz oğlu Məlikşahı tac-taxtdan məhrum etməklə vəliəhdliyi Qətibənin oğlu Qütlüğə vermək istəmirdi. O, öz qadınını mələkəlikdən xaric edib Qətibəni mələkə elan etməyi də bacarmırdı. Qətibə isə ancaq bunların üzərində mübarizə aparırdı. Buna görə də Toğrul Qətibəni ələ almaq üçün başqa vasitələr axtarırdı, rübailər oxuyur və sevgi hisslərini elan edirdi. O yalvarır və deyirdi:
– Gözəl, vəfalı mələkə! Mən sənin oğlunu vəliəhd elan edə bilərəm, buras xalqın arasında heç bir şübhəyə səbəb ola bilməz. Çünki sənin oğlun Qütlüğ, rəhmətlik qardaşımın vəliəhdi idi.
Qətibə Toğrulun “rəhmətlik qardaşımın” sözünə güldü və:
– Qardaşını Allahın rəhmətinə göndərdiyin üçün də onun oğlunu vəliəhd, qadınını isə mələkə elan etməlisən, – dedikdə Toğrul da cavabında:
– Bütün çətinliklər də həmin mələkəliyin üzərindədir, – dedi.
Qətibə buna acıqlı bir sual verdi:
– Burada nə kimi bir çətinlik vardır?
– Mən bu gün mələkəyə evlənərsəm, sabah düşmənlərim hər yerdə: “Qadınını almaq üçün qardaşını öldürdü” – deyə düşünəcəklər, məni bütün Şərq ölkələrində abırdan salacaqlar. O zaman Qızıl Arslan bizə nə deyər? Bizim evlənməyimizlə onun əlinə bəhanə düşməzmi?
Qətibə kinayə ilə dedi:
– Oğul öldürmək, qardaşın və atanın gözlərinə mil çəkdirmək, guya ki, hökmdarların arasında çox nadir baş verən işlərdən imiş! Sən mənə yaxşı bax, özün də yaxşı düşün, hazırda mənə baxmaqda olan şübhəli gözlərin mənə minnətdar deyildirmi? Mən olmasaydım, o gözlərə mil çəkilməyəcəkdimi? Sizin hökmdarlıq tarixiniz qanlı ləkələrdən ibarət deyilmi? Xalq çox söz deyə bilər, lakin əlahəzrət də öz mələkəsinin məsləhətini nəzərə almalıdır. Bu hökuməti əlahəzrətə mən vermişəm. Buna görə də mən deyən olmalıdır, mən taxta qoyduğum zatı taxtından düşürə də bilərəm. Əlahəzrət sabahdan etibarən öz ailəsini “Savə” şəhərindəki malikanəsinə köçürməlidir. Ailə köçəndən sonra, təzə ailə və təzə xanədan varisliyi məsələsini rəsmiyyətə salmalıdır.
Toğrul Qətibənin sözünü yarıda kəsib dedi:
– Mələkənin hazırkı taxt-tacda mühüm rol oynadığını inkar etmirəm. Lakin mələkə mənim müstəqil iş aparmağım üçün də imkan yaratmalıdır. Əcəba, mən öz vəzifəmi anlamıramnı? Mələkənin özü, Qızıl Arslanın və Azərbaycan xalqının mənə qarşı aldıqları düşmən vəziyyətdən xəbərdar deyildirmi?
Mələkənin özü görür ki, bugünkü vəziyyətlə bəzi arzuları həyata keçirmək düşüncəsizlikdir. Bu təşəbbüsü həyata keçirmək düşmənin müdaxiləsini bir daha gücləndirə bilər.
Hərgah azərbaycanlıların və Qızıl Arslanın təzyiqindən qurtarmaq üçün bu gün çarə tapa bilərsəm, biz sabah bu məsələni həyata keçirə bilərik. Məncə ailəni də buradan Savə şəhərinə köçürmək lazım deyil, bədbəxt ailəmin bu məsələyə mane ola biləcək qədər qüdrəti yoxdur. Bu məsələnin mühakiməsini mələkənin öz vicdanına tapşırıram. Qızıl Arslan bizim bu izdivacımıza soyuqqanlılıqla baxa bilərmi?
Qətibə yenə də Toğrulun dediklərinə etiraz etdi:
– Biz Qızıl Arslanı əmri-vaqe qarşısında qoyarıq.
– İnana bilmirəm, – deyə Toğrul fikirli bir halda cavab verdi. – Onsuz da mənim mövqeyim möhkəm deyildir.
– Qüvvətli bir ordu idarə edə bilməyən bir məmləkəti, düşüncəli və şüurlu bir baş daha yaxşı idarə edə bilər. Hazırda Qızıl Arslanı və Azərbaycan məmləkətini sıxışdırmaq üçün ən əlverişli bir zamandır.
– Mələkənin dediyinə şərik deyiləm. Atabəy məmləkətləri bu gün olduğu kimi, heç bir zaman əmniyyət və asayiş içərisində olmamış. Nə daxildə üsyan var, nə də xaricdən hücum. Çünki qonşu hökumətlərin hamısı ilə dostluq müqavilosi bağlanıbdır. Vəziyyət hər tərəfdə Qızıl Arslanın lehinədir.
Qətibə güldü:
– Sülh və dostluq müqavilələri qəti müharibələr üçün vaxt qazanmaq məqsədini daşıyır. Sülh müqaviləsinə qol çəkən dövlət mənim birinci işarəmdə Qızıl Arslanın sərhədini keçəcəkdir. Mən bu günün özündə sərhədi açıb Xarəzm ordusunu məmləkətin daxilinə gətirə bilərəm. Mən istəsəm, iki həftədən sonra Bağdad ordusu yenə də Həmədan qapılarını döyə bilər. Mən istəsəm, şirvanlıları və Gürcüstanı Aran üstünə qaldıra bilərəm. Mən istədiyim zaman, Qızıl Arslan bütün Şimali Azərbaycanı, Rey, İraq və İranı itirə bilər.
Bəhram şah Fars hüdudunu keçmək üçün əlverişli bir zaman axtarır. Əlahəzrət heç də düşünməsin. Mənim oğlumun başında olan ordu beş günün içərisində də Reydən hücum edib Qəzvin şəhərini işğal edər və Təbrizlə Həmədanın əlaqəsini kəsər. Bundan da əlverişli bir zaman ola bilərmi?
– Şübhəsiz, lakin mələkənin bu dediklərini həyata keçirmək lazımdır.
– Onların hamısı mənim öhdəmə. Hüsaməddinə Reydə ordu düzəltməyi tapşırmışam. O, buradan qayıdan kimi işə başlayacaqdır. Şirvanla, Bağdadla danışıq aparılmaqdadır. İndi qəlbiniz sakit oldumu?
Toğrul uzun-uzadı söhbətlərdən sonra yenə də qəti bir söz deyə bilmədi. Lakin mələkəni acıqlandırmamaq üçün:
– Mən bunların hamısından qəlbən razı qalıram – deyə saxta bir qətilik göstərdi. – Bu fikirlərin hamısı həyata keçəndən sonra, möhtərəm mələkə izdivaca riza verərsə, mənim heç də etirazım yoxdur. Mən mələkəyə qəti söz verirəm.
– Bizim izdivacımızın şadlıq bayramı Qızıl Arslanın təziyəsi ilə bir gündə başlanmalıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-meleke
Use ← → keys to move, R for a random poem
More by this author
Ramazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla,Keçən ilki macəranı edər indi taza molla.
«Molla Nəsrəddin» yazıçılarından «Çiri Məsmə»yə cavabBakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!
ŞiələrYetişib mahi-əzası şiənin,Təzələndi yenə yası şiənin.
Mö’minlərəQibləgahım, dinpənahım, bəxtəvər mö’minlərə,Hərzə, hədyan söylərəm hər ləhzə xor mö’minlərə.
Poems by other poets
Gənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Talıb bəy VəzirovaAyırdın mənə, Talib, ki, əzən xub oldun,Nəzəri-mərhəmətü lütfilə mərğub oldun.
Müavin mana ol Sübhan olursaMüavin mana ol Sübhan olursa,Bədəndə ruhi-qüdsi can olursa,