Yay istiləri düşdüyünə görə Atabəyin ailəsi Eldəniz Rübatı yaylasına köçmüşdü. Mələkə yaylaqda yaşadığı zaman təyin edilən mühafizə dəstəsinin başçılığını Atabəy Məhəmməd Hüsaməddinə tapşırmışdı.

Atabəy öz oğlunun həyatını və gənc qadınının namusunu ancaq Hüsaməddinə inanırdı. Çünki Qətibənin özü də Hüsaməddinin namuslu və sədaqətli bir zat olduğunu və onun Əmir İnancın nemətləri ilə böyüdüyünü Atabəyə dəfələrlə söyləyib inandırmışdı. Lakin Qətibənin özü şəxsən Hüsaməddinə inana bilmirdi, yenə də Hüsaməddinin intiqamlarından qorxurdu. Xüsusən, Qətibə yaylaqda yaşadığı zaman Hüsaməddin qəlbində bəslədiyi intiqamı asanlıqla həyata keçirə bilərdi. Buna görə də gecələrin birində Qətibə öz cariyəsi Səba xanımı Hüsaməddinin dalınca göndərib onu öz çadırına dəvət etdi. Qətibə daima bir məsələni bəhanə edərək Səba xanımı onun çadırına göndərirdi, çünki Hüsaməddin öz sirlərini ancaq Səba xanıma deyirdi. Səba xanım isə Qətibənin tapşırığına görə Hüsaməddinin bütün sevgi elanlarına müsbət cavab verir, rəsmiyyətə salınmasa belə onunla yaşayırdı. Hüsaməddinin fikrincə, Qətibənin bu macəradan xəbəri yox idi, çünki Səba xanım hər zaman onunla gecələdikdə, ona yalvarır, Qətibəyə xəbər verməməsini tapşırırdı.

Səba xanım Hüsaməddinin çadırının pərdəsini qaldırıb içəri girdi və çadırda başqa adam görmədiyi üçün Hüsaməddinin qucağına atılıb ağladı:

Hüsaməddin onun dodaqlarından öpərək soruşdu:

– Mənim ruhum, nə üçün ağladın? Hüsaməddin sənin göz yaşlarını görməyə tab edə bilərmi?!

Səba xanım onun boynuna sarılaraq deyirdi:

– Mənim göz yaşlarımın tökülməsinə səbəb sənin özün deyilsənmi?!

– Aman allahım! Mən buna razı ola bilərəmmi?! Söylə, hərgah buna bir səbəb varsa, o səbəbi qılınc gücünə məhv edərəm.

Səba xanım ağlaya-ağlaya dedi:

– Sən onu bacarmazsan, çünki onu sevirsən.

Hüsaməddin gülərək başını buladı:

– Sən məni Qətibəyəmi qısqanırsan? Sən bilirsən ki, o mənə xain çıxıbdır. Sən bilirsən ki, mən onun məhvinə çalışıram. Əcəba, məni sevməyən bir adamı mən sevə bilərəmmi?.. O məni aldadıb ərə getdiyi bəs deyildi, üstəlik aldadıb Həmədana da gətirdi. Atabəyi sevməyəcəyinə dəfələrlə and içib məni inandırdı, lakin ondan bir oğlan doğdu. İndi isə məndən nə istəyir?!

– Bilmirəm, səni öz çadırına çağırır, şam süfrəsi düzəltmişdir. O səni yanında saxlayacaqdır. Mən buna dözə bilmərəm. Bu axşam özümü hovuza atıb məhv edəcəyəm.

Səba xanım bunları deyəndən sonra yenə də hönkür-hönkür ağladı. Hüsaməddin onun sevgisinə inanırdı. Çünki o, saxta sevgi daşıyan bir qadının gözlərindən bu qədər yaş axıda bilməsinə inanmırdı. Lakin Hüsaməddin Səba xanımın bu işlərdə sənətkar olduğunu bilmirdi, o daima Səba xanıma yalvarır və deyirdi:

– Sənin hər bir qırıq tükünü dünyanın yüzlərcə mələkəsinə dəyişmərəm. Onun kölgəsincə illər uzunu süründüm; o gözəldir, lakin bir kərə olsa üzüm gülmədi. Mən belə bir qərara gəldim ki, onunla heç bir kəsin həyatı gülməz. Mənim iqbalım ancaq səninlə güləcəkdir. Buna görə də səni bu zəhərli qadının himayəsindən qurtarıb bir mələkə kimi yaşatmağı qərara almışam.

Qətibə Səba xanımın təxir etməsindən heç də acıqlanmırdı. Çünki o, Səba xanımın verdiyi tapşırıqlara əməl etdiyi üçün təxir elədiyni bilirdi.

Səba bir saatdan sonra Qətibənin çadırına girdi və qəhqəhələrlə gülməyə başladı. Bu gülüşlərdən Qətibə Səbanın nə demək istədiyini anladı, Səba xanım isə Hüsaməddinlə danışdıqlarını tamamilə Qətibəyə xəbər verdi. Qətibə başına hərəkət verərək dedi:

– Bütün işlər Hüsaməddin kimi adamların əlində olsaydı, hamısını bir saatın içərisində əlimə ala bilərdim.

Hüsaməddin Qətibənin çadırına yaxınlaşdığı zaman Qətibə də çadırın pərdəsini qaldırıb qara buludlarla qucaqlaşan on dörd gecəlik ayın kirşanlı çöhrəsini seyr edirdi.

Ucandan və Soltaniyyə çəmənindən qalxan gecə ruzigarı Əlvənd dağının lətif nəsimlərilə qucaqlaşdığı zaman, Qətibənin qara saçlarının bükümlərini dağıdır və aydan daha şəfəqli olan alnından öpürdü.

Qətibə bu gecə öz gözəlliyini artıra biləcək bütün vasitələrdən istifadə etmişdi. O, Hüsaməddini gördüyü zaman üzünə tökülən saçlarını bir daha çöhrəsindən kənara atdı, Hüsaməddin isə bu afətin gözəlliyini və gecəyə məxsus libasla ayın qarşısında nümayiş etdiyini görüncə onun varlığı, hissi, düşüncəsi və xatiri tamamilə keçmişlərə qayıtdı və o, qəlbində öz-özünə dedi:

– Sübhanallah, bir ay buludların arxasında gizlənmək istərkən, ikinci ay da qara saçların arasından çıxıb çadırı işıqlandırır.

Qətibə gözlərinin ucu ilə Hüsaməddinin baxışlarındakı mənanı oxuyurdu. Onun ehtirasının ağlına qalib gəldiyi dəqiqələrin yetişdiyini hiss edirdi. Lakin Qətibənin özü qəmgin və narazı bir vəziyyət almışdı. Hüsaməddin salam verib çadıra girdiyi zaman Qətibə sevgi və qısqanclığın əlində oyuncaq olan bir qız kimi, şikayətə başladı:

– Bir də mən o alçaq cariyəni, hər qədəmində mənə xəyanət edən Səba xanımı sənin yanına göndərməyəcəyəm. Buna and içirəm, artıq bu həqarət çəkilməz bir şəkil aldı. Mən bilirəm ki, sən onu sevirsən. Bir addım yoldan səni çağırmaq üçün saatlarca vaxtmı lazım idi?.. Sən bunu məni təhqir etmək üçünmü edirsən?

Qətibə bunu deyib şiddətlə ağladı. Hüsaməddin ayaq üstündə quruyub qalmışdı, onun ağlamasının həqiqi və yainki saxta olmasına diqqət verirdi. Hüsaməddin Qətibənin Səba xanımdan da şiddətli ağladığını və göz yaşları tökdüyünü görüncə öz-özünə belə fikirləşirdi:

– Mən nə qədər xoşbəxtəm. Eldəniz Rübatının lətif havaları ilə nəfəs alıram, özüm də Atabəyin inanılmış əzəmətli bir sərdarı, gənc və zəngin bir insanam. Bu mətin varlığım isə Şərqin iki nəfər məşhur gözəlini özünə bağlamışdır. Həqiqətdə də bu göz yaşları ürəklərdə coşan sevgi yağışlarının damcılarıdır. Səba xanım da, mələkə də mənim eşqimin dəliləridir. Səba! Onun döşlərini qoxlarkən sanki səhər ruzigarları damağıma qərənfil qoxuları dağıdır, onun dodaqları dodaqlarıma dəyərkən xoşbəxtlik nəşəsi qanımı coşdurur. Onu qollarımın arasında gördüyüm zaman, özümü dünyanın varlığını mənimsəmiş bir hökmdardan daha yüksək zənn edirəm.

Bu isə mələkədir, mən bunun qarşısında durduğum zaman müqəddəs kitablarda oxuduğum möcüzələr gözümdə cilvələnməyə başlayır, özüm-özümə sual verirəm: əcəba, qarşımda oturan mələkədirmi?! Əcəba, mənim eşqim üçün bütün varlığı ilə ağlayan o məğrur Qətibədirmi?

Hüsaməddin bunları düşündüyü vaxt sevginin qanadlarına minib axmaqlığın ən yuxarı dərəcəsinə qalxmışdı. O ancaq Səbanı və Qətibəni düşünürdü. Lakin Hüsaməddin onların nə kimi işlər barəsində düşündüklərini öyrənməyə qabil deyildi.

Qətibənin səsi bir daha eşidildi:

– Gəl otur, lakin sən mənə söz verməlisən ki, bir daha Səba xanımla sevgi əlaqəsində olmayacaqsan; sən məni intihar ayağına sürükləməyəcəyinə and içməlisən.

Hüsaməddin nə deyəcəyini və sevindiyindən nə edəcəyini bilmirdi, ancaq bir kərə:

– Bu nə sözdür, gözəl mələkə, – dedi. – Əcəba, mən Səba xanımı sevəcək qədər alçaldımmı?! Bir cariyənimi? Əcəba, mələkə mənim nə cür izzət-nəfsə malik olduğumu unutdumu?!

– Qətibəni tanımamış deyilsən. Sən bilirsən ki, mən sevdiyim zaman dəli oluram. Nə edəydim? Sən də, mən də, ikimiz də haqlıyıq. Kübar ailələrdə yaşayan qızlar, heç bir zaman öz qəlbinə və öz sevgisinə malik ola bilməz. Sənə and içirəm, mən Nizamidən ümidimi kəsəndən sonra səni düşünürdüm. Lakin məmləkətin ehtiyacı və ailəmizin gələcəyi, məni bu qızıl qəfəsin içərisinə düşməyə və həbsxana həyatı keçirməyə məcbur etdi. Buna sən də səbəb oldun, çünki mən sənin Mahtab xanımla bağlandığını görəndən sonra səndən ümidimi kəsdim. Lakin burada adamsız qalmamaq üçün öz köhnə dostlarımı və sevgilərini hələ də ürəyimdə saxladığım adamları öz yanıma cəlb etməyə çalışdım. Bilmirəm sən bunu hiss etdinmi?

İnan mənə, Hüsaməddin! Hər dəfə sənin cariyə Səba xanımla olan əlaqəni hiss edərkən, özümü təhqir olunmuş hesab edirəm.

De görüm sən bu təhqirlərə nəhayət verəcəksənmi?! Bizim ikimiz də iqbalımızdan səadət görmədik. Mən səni bədbəxt etdim, iqbalım da mənim öz səadətimi əlimdən aldı.

Lakin mən səni yenə də unutmamışam. Mələkəlik məni qızlıq hisslərimi əlimdən ala bilməmişdir.

Hüsaməddinin də fikri Gəncəyə və gəncliyə qayıtmışdı: o hər axşam çağı çayın kənarındakı meşədə söyüd kötüyünün üstündə oturan qızı xatırladı və birdən özü belə hiss etmədən ah çəkib dedi:

– Ah, vətən.

Qətibə də başına hərəkət verərək:

– Bəli, vətən, – dedi. – Əziz dostum, gülünc düşməsəydi, mən o üstündə oturduğumuz söyüd kötüyünü Həmədana gətirərdim. Çünki onun üzərində həyatımın qüssə və kədər bilmədiyim anları keçmişdir. De görüm, o kötüyün üstündə oturan zat öz Rənasilə xoşbəxt yaşaya bilirmi?

– Bəli, yaşayır. Məhəmməd adında bir oğlanları da vardır.

Qətibə ağladı:

– Qəlbimi yaraladın, – dedi.

O, çadırın qapısından içəri girdi, Hüsaməddin də onun icazəsini alandan sonra çadıra daxil oldu. Orada yüzlərcə ipək örtülü badgir içində yanan qızıl şamdanların işığı Qətibənin çöhrəsinə daha başqa bir gözəllik əlavə etdi. Hüsaməddinin nəzərində Qətibənin üzündə qızlığının məsum baxışları hələ də qalırdı. Bu baxışlar onu intiqam fikirlərindən geri qaytardığı kimi, onun köhnə sevgi hisslərini də təzələyirdi. Qətibə Hüsaməddinin fikirlərini dərhal onun gözündən oxudu və dedi:

– Elədir, əziz dostum, sənin dediyin sözlər daima qulaqlarımda cingildəyir: “Sən mənim olmasan, heç kəsin də olmayacaqsan”. Çox doğru demişdin. Mən onu heç vaxt bir ər kimi sevməyəcəyəm, bunu mən sənə söz verirəm. Lakin müəyyən bir vaxta qədər həyatımız bu şəkildə davam edəcəkdir. Ancaq sən də aralıqdakı maneələri məhv etmək üçün mənə kömək etməlisən...

Hüsaməddin hərarətlə ona cavab verdi:

– Mələkə, mən sənə və anamın qəbrinə and içirəm ki, ölüncəyə qədər sənin sərəncamında olacağam. Sən mənim nə qədər sadiq və möhkəm iradəli bir zat olduğumu yaxşı bilirsən.

– Lakin sən hər bir cariyənin arzusunu yerinə yetirmək üçün məni təhqir etməməlisən, çünki sənin bu cür hərəkətlərin aramızda olan sevgi münasibətlərini poza bilər.

Hüsaməddin mələkənin canına and içərək onu inandırmağa başladı:

– Mələkə! Sənə and içirəm. Mənim əlim Səbanın tüklərinə belə toxunmamışdır. Mən mələkə üçün yaşayacağam, maneələr aralıqdan götürülüncəyə qədər yaşayacağam, mənim üçün mələkənin bir kəlmə “sevirəm” deməsi kifayətdir.

Hüsaməddin Qətibənin süfrəsində şam yeməyinə oturdu. Onlar vidalaşıb ayrılırkən Qətibə bir daha:

– Hüsaməddin, mənə inan, səni sevirəm, – dedi və dodaqlarını onun dodaqlarından çəkdiyi vaxt:

– Dalısı sonra, – deyə əlavə etdi.

Hüsaməddin getdi. Səba xanım çadıra girdiyi zaman Qətibə də gülürdü. Səba bu gülüşün mənasını dərhal anladı və dedi:

– Belədir, mələkə, kişilər and içə-içə günah etməyə öyrənmişlər. Onların ürəkləri gözlərinə tabedir, Gözlərinin qarşısında kimi görərsə, onu da sevəcəkdir.

Qətibə Səba xanıma tapşırığını bir daha təkrarladı:

– Sən onu məşğul etməlisən, biləks o buranı tərk edib Gəncəyə qayıda bilər. O burada mənə lazımdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets