Hüsaməddinin həbsxanadan qaçması
Page 1 of 3
– Bu işlər dəyişəcəkdir. Sən bilirsən ki, bu dövran daima bir nəfərin arzusu ilə dolanmayacaqdır. Bayram edilən evlərin bir gün yasa batması da təbiidir.
Sən bilirsən ki, bu dünya bir topdur, o hər gün bir hökmdarın çövkanının başında oynayır. Fələyin çərxi hərlənir, ondan asılı olan insanların bir gün qalxıb, bir gün də düşməsi bəllidir. Bu gördüyün dünya bir güzgüdür. Burada hər kəs növbətlə öz çöhrəsini görməyə məcburdur.
Qızıl Arslan hələlik ruzigarın topunu çövkanın burnuna alıb oynadır; hələlik o, bayram etməkdədir. Fələyin çərxi onu yuxarı mərtəbələrə qaldırmışdır. O, dünyanın güzgüsündə ancaq özünü görür. Lakin mən sənə söz verirəm ki, o bir gün bu qumarda uduzacaqdır. Onun başladığı oyun çox qorxulu oyundur. Bu oyunu ondan böyükləri apara bilməmişdir. O, Məmun xəlifədən artıq deyildir. Qazıları, ruhaniləri, əyanları və vəzirləri həbsə alır, sürgünə göndərir. Xəlifə tərəfindən təsdiq edilən padşahı xanənişin edir. Bu dediklərimi hər kəs ona bağışlarsa-bağışlasın, lakin xəlifə bu günahı bağışlamayacaqdır.
Bu sözlərin hamısını Qətibə xatun Səba xanıma deyirdi. Səba xanım başını aşağı salıb Qətibə xatunun dediklərini öz qəlbində götür-qoy edirdi. Qətibə isə ona bir sual verdi:
– Əcəba, dediklərimin hamısı doğru deyildirmi?
Səba xanım gözünün birisi ilə çiyninin birisinə hərəkət verib:
– Doğru olmasına doğrudur, lakin bu doğruluq bizi vəziyyətin ağırlığı altından çıxara bilməz, – dedi.
– Mənim də istədiyim odur ki, sən bu sözlərin doğruluğuna inanasan və anlayasan ki, insanların dəyəri ancaq ağır və qorxulu zamanlarda bəlli olur. Ağır çəkiclərin altında ancaq möhkəm dəmirlər davam edə bilər. Əzilib məhv olanlar ancaq çürüklər və dəyərsizlərdir. Hazırda Qızıl Arslan həbsə alınanları cəzalandırmağa və edam etdirməyə başlayıb. Sən elə güman etmə ki, Hüsaməddin azacıq bir cəzadan sonra Qızıl Arslanın əlindən qurtara biləcəkdir. Onu edam cəzası gözləyir, özü də edam ediləcəkdir! Burada məni qorxudası bir təhlükə yoxdur. Lakin sən Hüsaməddini tanıyırsan, onda çox möhkəmlik yoxdur. O, azacıq bir işgəncə nəticəsində bizim bütün sirlərimizi Qızıl Arslana verəcəkdir. Zəhir Bəlxi və Kəmaləddin aradan çıxdı. Onlardan nigaran deyiləm, lakin Hüsaməddini həbsxanada qoymaq, bizim üçün böyük təhlükədir.
Sən elə bilmə ki, o məni Rey məmləkətinə göndərməklə işləri bitirmiş olur. Onun özü məni Reydən çağırmağa məcbur olacaqdır. İndilik Hüsaməddinin istintaqı başlanmamış həbsxanadan azad edilməsi lazımdır. Ondan sonra hər şey mənim öhdəmədir.
Qətibənin bu sözlərindən Səba xanım gülümsündü: Qətibə isə:
– Nə oldu? Sözlərim beyninə batmadımı? – deyə soruşduqda, Səba xanım da:
– Bilmirəm, biz Hüsaməddini nə kimi vasitələrlə həbsxanadan qurtara bilərik...
– Həbsxananın qapısında duran kişilərdirmi?
– Bəli, kişilərdir.
– İndi ki, onlar kişilərdir, sən də gözəl bir qadınsan, sən öz işini düz qura bilsən, hər şeyi bacara bilərsən. Qısasını deyirəm: təhlükəni bir tərəfə ataq, biz azad ola-ola Hüsaməddini boynunu Fəxrəddinin sabunlanmış ipinə keçirmək tarixi bir xəyanətdir. Bu ləkə həmişəlik bizim boynumuzda qalar. Get, yaxşı düşün, mən və sən burada ikən Hüsaməddini qaçırtmaq lazımdır. Səni də özümlə bərabər Rey məmləkətinə aparacağam, sonra tezliklə səninlə bərabər Həmədana qayıdacağam. Sənin bu xidmətlərin nə mənim, nə də Hüsaməddinin yanında itməz. Biz yalnız Hüsaməddini qurtarmaq deyil, bununla Fəxrəddinə böyük bir sillə vuracağıq. Qızıl Arslan onun dəyərsizliyini və ehtiyatsızlığını görüncə yerinə başqasını da təyin edə bilər. O ki qaldı sənin mükafatlanmağına, bu barədə mənə əmin ola bilərsən.
Cümə axşamı olduğuna görə həbsxananın qapısında duran qadınların sayı bir az da artmışdı. Şərqdə hər cümə axşamı məhbuslara ehsan gətirmək adət idi.
Hamıdan sonra qara örtü salmış bir qadın da qapıda duran qarovula yanaşıb gətirdiyi ehsanların məhbuslara verilməsini rica etdi. Qarovul ehsanı alıb içəridə duran keşikçiləri səslədi; onlar dərhal gəlib qadının gətirdiyi ehsanları məhbuslara paylamaq üçün apardılar.
Qadın ehsan gətirdiyi qabları geri almaq üçün qarovulun yanında durub gözləyirdi. Qarovul əlində nizə o tərəf-bu tərəfə gedirdi. O, qadına yaxınlaşdığı zaman qadın ona sual verdi:
– Hər gün ehsan gətirmək mümkündürmü?
– Nə üçün də mümkün deyil? Ehsan sahibinin mərhəmətindən asılıdır.
Qadın qarovul ilə danışdığı zaman üzünün bir tərəfi açıldı, qarovul görmək və diqqət vermək istərkən, qadın üzünü sürətlə örtdü. Qarovul isə nizəsinə dayanıb durdu, qadın artıq üzünü göstərmədi. Qadın daha gəzmək istəmirdi. İçəridən qablar gətirilənə qədər qarovul durub çox diqqətlə qadına baxırdı. İçəridən qabları gətirdilər, qadın qabları süfrəyə bağlayıb götürmək istərkən qarovul ona sual verdi:
– Mərhəmətli xanım yenə də ehsan gətirəcəkdirmi?
– Bəlkə də gətirdim.
– Mümkünsə tez-tez gətirin, burada elə məhbuslar vardır ki, heç bir kəsi yoxdur. Onlar ancaq ehsanlarla yaşayırlar.
– Məhbuslarınız çoxdurmu?
– Çoxdur, lakin yavaş-yavaş azalır.
– Yoxsa onları azad edirlər?
– Xeyr, burada saxlanılanlar azad edilməli adamlar deyil, onların bir hissəsi sürgün edilir, bir hissəsi də edam olunur.
Qadın bir az düşünəndən sonra:
– Əlbəttə, belələrinə ehsan gətirmək lazımdır. Mən yenə də sabah bu vaxt burada olacağam. Əcəba, məhbuslara gətirilən ehsanı ancaq siz cənabmı qəbul etməlidir?
– Xeyr, hər kəs qəbul edər. Lakin istəyirəm ki, xanım gətirdiyi ehsanın savabında mən özüm də iştirak edim.
– Xudavəndi, gör nə qədər alicənab adamlar var imiş! Hər kəs sizin qədər alicənab və nəcib olsaydı, bir daha həbsxanalara ehtiyac qalardımı?!
– Elədir, möhtərəm xanım. Burada elə igidlər yatır ki, adlarını çəkən belə yoxdur. Əllərinə hər kəs düşübsə həbsə alıblar. Həbsxana xidmətçilərinin peşəsi ip sabunlamaq və günahsız adamların boğazına keçirmək olubdur.
– Bəs sizin onlara rəhminiz gəlirmi?
– Nə üçün də gəlmir. Lakin əlimizdən nə gələr?
– Sizin əlinizdən çox şey gələr!..
Qadın artıq danışmadı. Gedərkən qarovulun ovcuna bir qızıl qoyub, xeyir-dua verib ayrıldı.
Ehsan gətirmək davam edirdi. Qadın bəzən ehsanı gündə iki kərə, səhər və axşam gətirirdi. Qarovullar isə onu küçədə küləkdə və yağış altında saxlatdırmayaraq; içəri girməsinə icazə verirdilər. Bəzən məhbuslar həyətə çıxdıqları zaman qarovullar qadını onlara göstərib:
– Sizin qeydinizə qalan və sizə ehsan gətirən bu möhtərəm qadındır, – deyirdilər.
Qadın isə öz növbəsində məhbusları gördüyü zaman onlara xeyir-dua verir və nicat tapmaları üçün Allaha yalvarırdı.
Qadın yalnız dustaqlara deyil, bəzən üç nəfər qarovul üçün də yemək gətirirdi. Yeməkdən əlavə, hər dəfə həbsxanaya gəldiyi zaman, qarovulların da hər birisinə bir qızıl hədiyyə verirdi. Buna görə də o, həbsxana müdirinin otağına qədər yol tapmışdı. Son günlər o, ehsan gətirdiyi zaman həbsxana müdirinin otağında oturub gözləyirdi.
Müdir ehsançı və səxavətli qadınla həddindən artıq maraqlanırdı. O həm gözəl, həm də zəngin idi. Axşamların birində müdir qadına belə bir sual verdi:
– Nə üçün hər dəfə siz özünüz ehsan gətirirsiniz? Evinizdə bu vəzifəni ifa edə biləcək bir kişi yoxdurmu?
– Əvvəla, evimizdə kişi tayfası yoxdur, ikinci də ehsandan alınacaq savabı şəxsən özüm mənimsəmək istəyirəm.
– Əcəba, əriniz yoxdurmu?
– Ərim var idi. O, Bağdadda böyük bir vəzifə sahibi idi. Hərbi xidmətdə idi. Nəhayət, xəlifə onu vətənpərvərlikdə töhmətləndirdi, həbsə aldırdı. Həbsxanada xəstəlikdən öldüyünü söylədilər. Lakin alınan məlumata görə orada zəhərləmişdilər. Artıq heç bir kəsimiz qalmadı. Bir qayınanam var, o da bu günlərdə öləsidir. O çox qocadır. Mənim məhbuslara ehsan etdiyimin əsas səbəblərindən birisi də cavan və bədbəxt ərimin həbsxanada ölməsidir. O böyük bir sərvət qoyub getmişdir. Həmin sərvəti məhbuslara sərf edəcəyimə and içmişəm.
Qadın bunları danışaraq ağladı və dərhal dəsmalını çıxarıb gözünün yaşını silmək istərkən, üzünün bir tərəfini yenə də müdirə göstərdi.
Müdir artıq onun bir afət və bir dilrüba olduğunu tamamilə təyin etdi və öz-özünə “əri yoxdur, gözəldir, həm də zəngindir. Bu qədər möhtərəm, səxavətli, ağıllı bir qadına evlənmək nə qədər xoşbəxtlikdir” – dedi. Qadın hər dəfə durub getmək istərkən, müdir ona başqa bir sual verib dayandırırdı. Nəhayət, qadın:
– Qaranlıq düşür. Qayınanam intizardadır. O, məndən nigaran qalar. Bir də budur ki, həbsxana müdirinin otağında çox oturmaq uyğunsuzdur. Bunun üçün sizi də rahatsız etmiş olaram. Bəlkə burada sizdən də yuxarı vəzifə daşıyanlar vardır. Mənim səbəbimə üzünüzə söz gələcəyini və məzəmmət alacağınızı istəmirəm, – dedikdə, müdir qadının bu sözünə etiraz edərək:
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-husameddinin-hebsxanadan-qacmasi
Use ← → keys to move, R for a random poem
More by this author
Oxuyan qız. Firəngizin tualet otağıdır. Otaqda heç bir kəs yoxdur, zaldan alqış səsləri eşidilir. Azdan sonra Firəngiz daxil olub güzgünün qarşısında oturur, saçlarını səhmana salır. Bu əsnada bir dəstə adam əllərində gül dəstələri daxil olur.*Birinci adam** — Mühəndis dəstəsi tərəfindən *(gül dəstəsini qoyur).*
Səkkizinci pərdəMexaniki sexin qarşısıdır, hər tərəf çiçəklərlə və rəhbərlərin şəkilləri ilə bəzənmişdir. Sexdən dəzgahların işləmək səsləri eşidilir.*Mirzə Teymur** — *(Mirzə Əhmədlə bərabər gəlir)* Bir neçə gündür ki, özüm-özümdən iyrənirəm. Çünki xalqın mənə nifrət bəslədiyini bilməmiş deyiləm. Nə üçün mən işi bu dərəcəyə çatdırdım. Tutaq ki, Durnanın məni rədd etdiyi üçün onu təhqir edirdim. Əcəba Qəhrəman mənə nə yamanlıq etmişdi? Firəngiz macərasını nə üçün yaratdım?
Bu da bir mö’cüzə(Kollektiv təsərrüfat həyatına dair iki pərdədə musiqili teatr əsəridir.)*Əsərdə iştirak edənlər
Birinci pərdəBirinci pərdə vaqe olur bir kənd qolçomağının evində. Evə kənd ağsaqqalları və bir çox başqa kəndlilər toplaşmışdır.*Qolçomaq Qasım əlində təsbeh evi dolanır.*