İslahat və nəticələr
Page 1 of 4
Qızıl Arslan islahatı birinci növbədə paytaxdan başladı. O, hökumət qanunlarını nəzərdən keçirməyə başladı. Çünki bütün kəsirlərin üsul-idarədən doğduğunu bilirdi. O, bacardıqca hökumət qanunlarının icraiyyə işlərini qəzavətxanalardan alıb hökumət idarəsinə tapşırmağa çalışırdı. Hökumət məhkəmələri təşkilinə başladığı zaman ruhanilər arasında böyük dedi-qodu başlandı.
Qızıl Arslan torpaq vergisi işlərini tamamilə dəyişdirmək üçün geniş bir komisyon təşkil etdi. Çünki vergi qanunları olduqca ibtidai idi. Bu qanunlar, ərəblərin vaxtında qoyulmuş qanunlar idi ki, bunun vasitəsilə də kəndlilər təpəsindən dırnağına qədər soyulurdu. Nəticədə kənd təsərrüfatı dağılır, kəndli torpağı buraxıb şəhərlərə qaçırdı1.
Qızıl Arslan deyirdi ki, torpaqda çalışanlar mülkədarların himayəsində deyil, hökumətin himayəsində yaşamalıdır. Hər halda bu təşəbbüs kəndlilərin azad nəfəs almasına və kənd məhsulunun artmasına səbəb ola bilər.
Qızıl Arslanın verdiyi fərmanda deyilirdi:
“Bundan sonra vergilər təyin edildiyi zaman, kəndlinin ixtiyarında olan torpağın miqdarı ilə deyil, onun torpaqdan götürdüyü məhsulun miqdarı ilə ölçülməlidir”.
Qızıl Arslanın fikrini məşğul edən səbəblərdən birisi də cəza və cərimə qanunları idi. O bu barədə verdiyi fərmanında deyirdi:
“Bundan sonra cəza və cərimə işləri hökumət məhkəməsində təyin edilməlidir. Mülki və siyasi işlər hökumətə aid məsələ olduğundan qəzavət bu işə qarışmamalıdır. Dini işlərdən ötrü mühakimə olunanların hamısı qəzavətxana nümayəndələrinin iştirakı ilə hökumət məhkəməsi tərəfindən cəzalanacaq və cərimələnəcəkdir”.
Qızıl Arslanın bu fərmanı ruhanilərin və qazıların geniş həyəcanına səbəb oldu, çünki bununla hökumət ruhanilərin gəlirlərinin qarşısını kəsirdi.
Qızıl Arslan təriqət və məzhəb işlərinə dair verdiyi fərmanında deyirdi:
“Təriqət və məzhəb mübarizələrində Quranın bir silah kimi işlədənləri siyasi müqəssirlər kimi cəzalandırmaq lazımdır. Təriqət və məzhəblərin genişlənməsi üçün Qurandan sübut axtaranlar islam düşməni kimi təqibediləcəkdir. Şiə-sünni mübahisələri baş verdiyi zaman ölkələrin xalqı üçün təzə cəza qanunları tətbiq olunacaqdır. Minbərlərdə məzhəb və təriqət məsələlərini təbliğ edən vaizlərin və xətiblərin minbərə çıxmaq ixtiyarı əlindən alınacaqdır. Təriqət və məzhəb mübarizələrini qızışdıranlar hökumətin daxili düşməni hesab olunduğu üçün edam edilməlidir. Çünki islamın birliyini pozmaq və məmləkətin daxili asayişini pozmaq məqsədilə xaricdən gələn bütün xəfiyyə və macəraçılar məzhəbə və təriqətə istinad edir, Qurandan özü üçün köməkçi ayələr də tapırlar”.
Lakin Qızıl Arslan bu islahatında Məmun xəlifənin IX əsrin birinci yarısında rast gəldiyi çətinliklərə rast gəldi. Buna görə də o, vəziri Şəmsəddinə yazdığı məktubunda deyirdi:
“Şərq məmləkətlərinin mədəni bir məmləkət şəklinə salınması üçün qüvvətli bir hökumətin mövcud olması kifayət deyil, məmləkətdə qüvvətli və bacarıqlı islahatçıların mövcud olması da lazımdır. Məsələlər yalnız qılınc gücü ilə həll olunmamalıdır. Quranın hökumət qanunları ilə bir yerdə yaşaya bilməyəcəyini xalqın şüuruna yeritmək üçün elmi yollar lazımdır. Biz bugünkü günda islahat işlərinə başladığımız zaman hər addımda Quranla qarşı-qarşıya gəlirik.
Vergilər, torpaq məsələləri, qan və tədiyyə işlərinin ləğvi məsələlərini qoyduğumuz zaman, ruhanilərin ciddi müqavimətinə rast gəldik, çünki qoyduğumuz islahat tamamilə ruhanilərin zərərinədir, onların hüququnu azaldır, xüsusən məhkəmələr təşkilinə onlar heç vəchlə razı ola bilmirlər. Çünki bununla rüşvətin qapısı onların üzünə bağlanır.
Hazırda Bağdad və Həmədan ruhaniləri mənim qoyduğum islahatı yıxmaq üçün silah olaraq ancaq Quranı ellərinə götürmüşlər.
Bizim bədbəxtliyimiz burasındadır ki, avam xalq hazırkı fəlakətin dindən, Qurandan və təriqətdən doğduğunu bilmir. Buna görə də onlar bizim islahat işlərimizə dinə qarşı bir üsyan kimi baxır; ruhanilər buna istinad edib xalqın arasında dedi-qodular yaradır, hətta bu kimi dedi-qoduları qoşunun arasında da genişləndirirlər”.
Qızıl Arslanın islahata başladığı gündən etibarən Həmədandan və səltənətin taht-idarəsində olan bütün şəhərlərdən ruhanilər, qazılar Bağdad xəlifəsinə ərizə verib bu islahatın Quran, xəlifə və ərəb qüfuzu əleyhinə çevrilməsini göstərirdilər.
Qızıl Arslan bunların heç birisinə əhəmiyyət vermədi. O, quranların tərcümələrini hər tərəfdən yığdırıb müqayisə etdirir və bununla da islamiyyətdə təfriqə və anlaşılmazlığın Qurandan törədiyini isbat etməyə çalışırdı. Lakin Qızıl Arslan bu təşəbbüslərin heç birisində müvəffəq ola bilmirdi. Çünki ruhanilərdən bir nəfər də olsa onun tərəfində durmurdu. Onların hamısı bu təşəbbüsün, başlıca olaraq, ruhanilər əleyhinə düzəldiyini bilirdilər.
Xalq içərisində də bu islahata müsbət bir təşəbbüs kimi baxanlar yox idi, onlar da bu təşəbbüsə bir dinsizliyin başlanğıcı kimi baxırdılar. Qızıl Arslanın əsas səhvi tələsməsindən ibarət idi. Qızıl Arslanın əsas səhvi tələsməsindən ibarət idi. Öz islahat fikirlərini tədrici olaraq həyata keçirmək əvəzinə, min illik qanunları o birdən-birə ləğv etmək istəyirdi. O, din ilə qəbul edilən adətlərin quru bir fərmanla ləğv edilə bilməyəcəyini nəzərə almırdı. O, bu gözəl və mübarək təşəbbüsləri tədrici surətdə həyata keçirmək istəyirdi, bəlkə də müvəffəq olar və Şərqin mühüm bir hissəsində təzə və mədəni həyat yarada bilərdi.
Onun böyük səhvlərindən birisi də islahatı xəlifə Məmunun başladığı xətt ilə irəli aparmaq istəməsi idi. Əvvəlcə Quranın hazırkı həyata yarayıb-yaramadığı fikrini meydana atdı. Bu fikir əsasən doğru bir fikir idi, çünki bütün mövhumat, doğrudan da, Qurana əsaslanır və orada özü üçün köməkçi ünsürlər tapırdı. Lakin Qızıl Arslanın yaşadığı əsrin avam xalqının mədəsi heç bir vaxt bu bişirilməmiş və çiy məsələni həzm edə bilməzdi. Qızıl Arslan hamıdan əvvəl Qurana istinad edən tək-tək büdətlər və adətlərlə mübarizə aparsaydı, o zaman biri o birisinə düşmən olan təriqət rəhbərləri cərgəsində də özünə dəyərli köməkçilər tapa bilərdi. İş bu xətlə aparıldığı zaman Quran da öz-özünə və tədrici olaraq öz nüfuzunu itirəcəkdi. Çünki Quran heç bir zaman büdətsiz və mövhumatsız yaşaya bilməzdi. Onu yaşadan əsas vasitə, ona müxtəlif mənalar taxmaq, onu anlaşılmaz bir şəklə salmaqla asimani don geydirməkdən ibarət idi.
İslam ruhaniləri Quranın bir tarix kimi, yaxud bir xalqın həyat dastanı kimi qəbul edilə bilməyəcəyini bilirdilər. Onun mədəni bir xalqı yaşadacaq qədər əsas qanunları olmadığı da aydın idi; çünki Quran ibtidai xalq üçün xətt-hərəkəti göstərən müvəqqəti bir qanunnamədən ibarət idi.
Bu kimi ibtidai qanunu yaşatmaq üçün onu anlaşılmaz bir vəziyyətə salmaq, bununla da onun məna və mündərice cəhətcə zənginliyini göstərmək lazım idi. Büdət, mövhumat və islamdakı təfriqə, təriqət və məzhəb mübarizələri də buradan doğurdu. Qızıl Arslan islahatı aşağıdan başlayıb yuxarı çıxmaq istədiyi zaman müvəffəq ola biləcəkdi. Lakin o, birkərəlik zərbəni əsasa vurmaq istədiyi üçün müvəffəq ola bilmədi.
Qızıl Arslanın islahatına qarşı çıxan ruhanilərin xəlifəyə göndərdikləri məktublarda: “Azərbaycan Şərqə dinsizlik verir” sözləri müxtəlif şəkillərdə yazılırdı.
Nəhayət, islahat təşəbbüslərinə bir küfr təşkilatı kimi baxılırdı. Bu hərəkətdən Qızıl Arslanın düşmənləri istifadə etməyə başladılar. Ruhanilər qonşu hökumətlərə qaçıb orada Qızıl Arslan əleyhinə siyasi təşkilat düzəltdilər. Qonşu hökumətlər Atabəylər ölkələri işinə müdaxilə etmək üçün “din hamilərinə” maddi və mənəvi köməkdə bulundular.
Qızıl Arslanın islahat təşəbbüslərinə qarşı təzə din fəlsəfələri düzəldildi. Qurandan indiyə qədər eşidilməyən vəsiqələr tapıldı, təzə təfsirlər yazıldı, xariqəli və fövqəladə təbirlər yaradıldı.
Qızıl Arslan islahatının inkişaf edə bilməməsinin əsas səbəblərindən birisi də hökumət üsul-idarəsinin mütləqiyyət mahiyyəti daşımasından ibarət idi. Babək üsyanının haqqındakı tənqidi xülasələri nəzərə almayaraq Babəkin götürdüyü xətt-hərəkətin ən doğru və faydalı bir yol olduğunu təsdiq etmək lazımdır. Çünki islam dini daşıyan və mütləqiyyət üsul-idarəsi ilə idarə olunan Şərq məmləkətlərinin hər hansı birisində islahat başlamaq lazım gəlirsə, ancaq Babəkin yolunu təqib etməklə qalib gəlmək olar. Şübhəsiz ki, Babək din ilə hökumət üsul-idarəsinin ayrılmaz qardaş olduğunu təyin etdiyi üçün silahını həm din, həm də hökumət əleyhinə çevirmişdi. Babək çox gözəlcəsinə bilirdi ki, hökumət üsul-idarəsini yıxmadan dini yıxmaq mümkün olmayacaqdır.
Lakin Qızıl Arslan qılıncı götürüb öz qılçasına vurmaq istəməzdi. O, doğru bir yol ilə getmək istəsəydi, hökumət üsul-idarəsini əsasından dağıtmalı idi. Bunu IX əsrin islahatçısı Mömin xəlifə bacarmadığı kimi XII əsrin Qızıl Arslanı da bacara bilməzdi. Mühafizəkarlıq yalnız bunlara məxsus deyildir. Tarix və təcrübə göstərmişdir ki, islahat yaratmaq istəyən hökmdarların hamısı üsul-idarənin dəyişdirilməsi məsələsinə yetişərkən, öz fəaliyyətini dayandırmağa başlamışdır. Babək isə din ilə hökumət idarəsini birlikdə döyməyi özü üçün əsas şüar qərar vermişdi.
Xəlifə Nəsirəddinbillah Qızıl Arslanın Atabəy məmləkətlərində başladığı islahatı soyuqqanlılıqla qarşılaya bilmədi. O, Qızıl Arslana bu məzmunda bir məktub göndərmişdi:
“Möhtərəm hökmdar!
Əlahəzrət Toğrulun hakimiyyəti Azərbaycan, İraq, Fars və Rey məmləkətləri üzərində təsdiq olunmuşdur. Bu məmləkətlərdə hər cür təşəbbüs və islahata başlamaq işləri onun Əmirəlmöminin tərəfindən əldə etdiyi səlahiyyətin içərisinə daxildir.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-islahat-ve-neticeler
Use ← → keys to move, R for a random poem
More by this author
İngiltərə mətbuatı deyir ki: 1922-ci ildə Misirə istiqlal verməyi və’d etdiksə də, bu gün siyasi, iqtisadi vəziyyət Misirdən, İraqdan çıxmağı təqaza etməyir.*Xidmətin misrlilər etmədi itmam hənuz
Balaca felyetonFələstində yerli ərəblər tərəfindən min nifrətlər ilə qarşılanmış Balfor indi də Diməşqə, Şama gedir.*Çıxdı nifrətlə Fələstin xalqı istiqbalıma
Balaca felyetonFransanın Mərakeşdə hərəkatda bulunan əsgərləri əlverişli mövqe’ləri işğal etmək üçün ric’ət eyləmişlər.*Mərakeş xalqında yox mədəniyyət
Bəxtəvər İranİran Şimal neftinin imtiyazını on milyon dollar istiqraz şərtilə Sinkler kompaniyasına vermişdir.*Bir yaxşı parlaman düzədib bəxtəvər İran
Poems by other poets
Beş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?
Qurban olduğumGənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.