Mədain xərabələrində
Böyük şairləri istiqbal etmək üçün Qızıl Arslan xüsusi əmr vermişdi. Fəxrəddin bu əmri alar-almaz yüz nəfər Azərbaycan atlısı götürüb Sər-sər mənzilinə qədər getdi. Şairləri böyük bir təntənə ilə Bağdada daxil edib Qızıl Arslanın yaşadığı Əmir qəsrində düşürdülər. Sarayda şairlərin şərəfinə böyük bir ziyafət təşkil edildi. Ziyafətdə Qızıl Arslanın vəzirləri, qoşun sərkərdələri və Bağdadda olan azərbaycanlılar iştirak etdilər.
Qızıl Arslan şairlərlə bərabər köhnə asarları, kitabxanaları, xəlifələrin qəsrlərini ziyarət etdi.
On bir gündən sonra Qızıl Arslanla şairlər xəlifənin gəmisinə oturub Kəsra qəsrinə, Mədain xərabələrinə baxmaq üçün yola düşdülər.
Qızıl Arslan Kəsra qəsrinə çox diqqətlə baxdı, bir ah çəkərək Nizami tərəfə baxıb bu şeiri oxudu:
Cəzayi xeyri əməl bin ki ruzigar hənuz
Xorab mi nəkünəd barigahü Kəsrara
Qızıl Arslan bu şeiri oxuyandan sonra əlavə edərək dedi:
– Mən ərəb xalqına düşmən deyiləm. Lakin onların, xalqların mədəniyyətinə olan vəhşicəsinə təcavüzləri məndə o xalqın rəhbərlərinə qarşı silinməz bir nifrət oyandırmışdır. Onlar xalqların mədəniyyətini yıxdılar, əvəzində isə onlara din və məzhəb verdilər.
Nizami Qızıl Arslanın cavabında gülümsəyərək dedi:
– Onların din və məzhəbdən başqa nələri var idi ki?!
Qızıl Arslanla Nizami bu söhbətlərdə ikən Xaqanini görmədilər. Onlar Mədain qəsrinə qayıtdıqları zaman Xaqanini orada gördülər. O, qələmdanı qəsrin qırıq kərpicləri üzərinə qoyub, Mədain xərabələrini diqqətlə nəzərdən keçirir və düşünürdü.
Nizami Qızıl Arslanı dayandırdı:
– Dayan hökmdar! Ona mane olmayaq, şair yazdığı zaman onun fikri başqa aləmlərdə gəzir, elə bir zamanda şairə yaxınlaşmaq, onu qalib ikən məğlub etmək deməkdir.
Onlar qayıdıb bir daha dolaşdılar, Xaqani isə oturub hər qırıq daşı bir hökmdarın əsərini oxuyan xərabələrə baxırdı. O, bir saatdan artıq oturmadı, şerini yazıb bitirdi. O, yerindən qalxıb donunun ətəklərini Kəsra qəsrinin tozlarından təmizlədiyi zaman, Qızıl Arslanın xidmətçisi gəlib onu çağırdı. Nahar vaxtı idi. Qızıl Arslan üçün Mədain xərabələrində nahar yeməyi hazırlanmışdı.
Nahar yeməyindən sonra bir daha Mədain xərabələrini gəzdilər, sonra da Bağdada qayıtmaq üçün gəmiyə oturdular.
Gəmi yola düşdüyü vaxt Nizami Xaqaniyə müraciət edib dedi:
– Əfzələddin, yazdığını tamamladınmı?
– Bəli, tamamladım.
– Oxuya bilərsənmi?
Qızıl Arslan da maraqlandı və ricaedici bir surətdə Xaqaniyə dedi:
– Rica edirəm o şeri birinci olaraq mənim üçün oxuyun. Qoy tarixdə “Xaqani Mədain xərabələrinə yazdığı şerini birinci dəfə Qızıl Arslan üçün oxumuşdur” – deyə yazsınlar. Çünki mən əsrimdə elə bir islahat yarada bilmədim ki, adım tarixdə yaşaya bilsin. Nə həyatım, nə də düşmənlərim tarixdə yaxşı ad qoymaq üçün mənə imkan vermədi. Fikrimdə olanların yüzdən birisini həyata keçirə bilsəydim, özümü dünyanın ən tarixi bir adamı hesab edərdim. Hələlik iki böyük zatın dostluğunu qazanmaq şərəfinə nail olmuşam, bəlkə bunlarla dünyada mənim adımı çəksinlər.
Qızıl Arslan bunu deyərək, məhzun bir vəziyyət aldı, yenə də üzünü Mədayin xərabələrinə çevirib baxmağa başladı. Nizami, Qızıl Arslanın həyatda bədbinləşdiyini görüb Xaqaniyə müraciət edib yavaşdan dedi:
– Şerini oxu! Hökmdarı kədərlərin pəncəsindən qurtar.
Xaqani şeirini oxudu:
Han ey dele ibrət bin əz dide nəzər kon han,
Eyvani-Mədayinra ayineyi-ibrət dan.
Yek rəh zerehi Dəclə mənzel be-Mədayin kon,
Əz didə dövüm Dəclə bər xaki-Mədayin ran.
...............................
Dəndaneyi her qəsri pəndi dəhədət nov-nov
Pənd öz səri dəndane bəşnov zi bone dəndan.
Güyəd ki, to əz Xaki, ma xake-toim əknun.
Kame do se bər ma neh, əşki do-se həm befşan.
Əsər çox təfsilli yazılmışdı. Qızıl Arslan çox razı qaldı. Nizami isə:
– Bu əsər Əfzələddinin şah əsəridir. Gələcəkdə bu şeir mislinə yüzlərcə nəzirələr yazılacaqdır. Lakin onların heç birisi müvəffəq ola bilməyəcəkdir.
Qızıl Arslan isə fikirli bir surətdə Xaqaniyə və Nizamiyə baxıb dedi:
– Mən bunun üçün Şirvan şahlığının düşməniyəm. Çünki onlar Xaqani və Əbül Üla kimi şairlərin dillərini əllərindən aldılar, yerli dildə ədəbiyyat yaradılmasına imkan vermədilər! Hazırkı şerin böyük qiyməti yerli dildə yazılmasındadır.
Qızıl Arslan xəlifədən alınan qiymətli daşlar, qızıl və gümüşlə Toğrulun xəzinəsini doldurdu. Məmləkətin daxilindən əcnəbi nümayəndələrini sürgün etdi və Toğrula bir məktub göndərdi:
“Hazırda məmləkətin hüdudları tanılmış qoşunların müdafiəsi altındadır. Düşmən qorxusu hiss edilmir. Düşmən sərhədlərdən və məmləkətin daxilindən qovduq, hökuməti xəlifənin və xəlifə bayrağı altında işləyənlərin nüfuzu altından qurtardıq. Hazırda məmləkətimizdə təzə həyat yaratmaq üçün böyük imkanlar vardır. Hökmdar bu imkanlardan istifadə etməlidir. Xəzinəni qızıl və qiymətli daşlarla doldurmuşam. Onların hamısı bizim məmləkətimizdən axıb israfçı xəlifələrin xəzinəsinə tökülmüşdü. Hökmdar çalışmalıdır ki, bir daha o qızıllar və hədd-hesaba gəlməyən sərvətimiz başqa yerlərə axıb getməsin. Hökmdar çalışmalıdır ki, ruhanilərin və qazıların əlindən aldığımız hüquq bir daha onlara qaytarmalısan. Hökmdar bir daha ətrafında əcnəbi nümayəndələrinin yerləşməsinə imkan verməməlidir. Bir qədər ehtiyatlı olmaq lazımdır. Məmləkət işlərini şəxsi işlərdən ayırmaq və rəiyyətin qeydinə qalmaq, ölkənin abadlığına çalışmaq birinci vəzifəmizdir. Xalqın gözünün açılmasına çalışmalıyıq. Şüuru kor olan rəiyyətlə mədəniyyət qurmaq mümkün olmaz. Məktəblər, mədrəsələr açdır. Müəllimlərin xalqa nə öyrətdikləri ilə tanış olmaq hər şeydən əvvəl lazımdır.
Məscidlərimiz çoxdur. Ruhanilərin başını məşğul etmək üçün məscidlərə müəyyən kəndlər və malikanələr təxsis edilməlidir. Qoy onların başı yeməklə məşğul olsun. Belə olursa, onlar hökumət işlərinə müdaxilə etməyə vaxt tapmazlar.
Məmləkətdə ziyalı qüvvələrin doğulmasına çalış, çünki ruhanilərin yarada biləcəkləri adət və bidətləri ancaq ziyalılar və alimlər vasitəsilə ləğv etmək mümkündür.
Məmləkətin və xalqın vəziyyətini bilavasitə deyil, bilavasitə öyrənmək lazımdır. Hökumətin taxıl anbarlarını göz bəbəyi kimi qorumaq lazımdır. Məmləkəti qıtlığa düşürənlərlə, aclıq nəticəsində xalq üsyanı yaradanlarla mübarizə üçün hər şəhərdə taxıl anbarları saxlamaq lazımdır. Gözətçiləri və xalq həyatının müdafiəçilərini tez-tez gözdən keçirmək lazımdır. Xalq bizə arxalanıb gecələri evində rahat yatdığı zaman biz yatmamalıyıq. Hökumət qanunlarını elə bir şəklə salmaq lazımdır ki, rəiyyət əsirlik, məcburiyyət və məhkumluq hiss etməsin. Hökmdarlığın ən əsas və lazımı cəhətlərindən birisi də öz dostunu tanımasından ibarətdir.
Rəiyyətinə o qədər adil və mehriban olmalısan ki, ətrafında casus, xəfiyyə və ya xəbərçilər saxlamağa ehtiyac qalmasın. Xalqın milli simasını dəyişdirə biləcək hər bir təşəbbüsə qarşı amansız mübarizə açmalısan. Buna görə də Azərbaycan xalqını vahid bir xalq şəklindən çıxarmaq üçün onları qəbilələr və irqlərə ayıran tarixçilərlə bir düşmən kimi rəftar etmək lazımdır.
Yerli dilin inkişafına çalış, çünki milli varlıq vahid dil vasitəsilə möhkəm ola bilər. Məmləkət daxilində yaşayan və azərbaycanlı olmayan millətlərlə rəftar və hərəkətini ümumi hökumət qanunu dairəsində qurmalısan. Rəiyyətin ögey və doğması olmamalıdır.
İsrafdan və xəsislikdən qaçmalısan. Məmləkət işlərində vəzirlərindən məsləhət almaqla kifayətlənmə, onlara məsləhət verməyə və işlərini yoxlamağa çalış. Din işlərinə məşğul olduğun zaman dünya işlərini yadından çıxarma, çünki dünyada yaşamaq üçün onu abad etməli və yaşayış şəraitini gözəlləşdirməlisən. Fəxrəddini və Əlaəddini qoşunla bərabər Həmədanda qoyub gedirəm. Onlar bu məmləkətin dostudur, onlara inanmamaq mənə inanmamaq kimidir”.
Qızıl Arslan bu vəsiyyətləri yazılı olaraq Toğrula verəndən sonra Xaqani və Nizami ilə bərabər Təbrizə tərəf yola düşdü. Lakin Qızıl Arslanın Bağdaddan qayıdan qalib ordusu musiqi və şadlıqla qarşılanmırdı, çünki Qızıl Arslan Həmədandan çıxdığı gün məhərrəm ayı daxil olmuşdu; buna görə də Həmədandan Təbrizə qədər olan on günlük yolu təziyə səsləri və matəm sədaları içərisində keçib gedirdilər! Qızıl Arslan Qəzvin xalqının “Va Hüseyn!” qışqırığını görüncə, yavaşdan Nizamiyə müraciət edib dedi:
– Azərbaycan xalqının “Hüseyn təziyəsi” yerinə Babəkin öldürüldüyünü matəm elan etdiklərini görsəydim, o zaman özümün həqiqi azərbaycanlı olduğumla fəxr edərdim.
Bağdad üzərinə olan son səfərim göstərdi ki, azərbaycanlılar Midiya dövründəki qəhrəmanlığını itirməmişdir. Onlar bunu Müseyibdə və Bağdad qapılarında gedən qanlı müharibələrdə isbat etdilər. Azərbaycanlılar Midiya dövründə olduğu kimi, bir daha asorilər və gəldanilər vətənində qılınc parlatdılar. Sizi əmin edirəm ki, mən bu xalqın köməyi ilə Azərbaycanın Midiya dövründəki hüdudlarını alınmaz bir qala şəklinə qoya bilərəm. Lakin məmləkətin düşmənləri irsi qəhrəmanlığı çürütmək və bu qəhrəmanlığı daşıyan xalqı özünün köləsi qayırmaq üçün Azərbaycana sirayətedici bir xəstəlik salıbdır ki, o da mövhumat, mövhumat, yenə də mövhumatdan ibarətdir. Bu mövhumatın ən böyüyü həmin “Hüseyn təziyəsidir”. Azərbaycan ziyalıları bununla mübarizə aparmalıdır.
Qızıl Arslan Həmədandan Təbrizə qədər Nizamidən özünün başladığı islahat haqqında bir çox məsləhətlər aldı.
Nizaminin ona verdiyi əsas məsləhət bundan ibarət idi:
“Hökmdarın tələsməsi lazım deyil. Böyük işlər hazırlıq və tədricilik tələb edir. Mövhumat və büdət hansı yollarla gəlmişdirsə, həmin yollarla da onu məhv etmək lazımdır. Heç bir kəsə “dinini at” demək olmaz. İnsanları büdət və dinin məşğuliyyətindən ayırmaq üçün onlara başqa məşğuliyyət vermək lazımdır. O məşğuliyyət mədəni məşğuliyyətlərdən ibarətdir. İndiyə qədər ərəblər və iranlılar bu yolun qarşısını almışlar, lakin indi bizim üçün heç bir maneə yoxdur. Xüsusən əlahəzrətin xəlifə ilə bağladığı son müqavilə mövhumatla mübarizə üçün böyük imkanlar yaradır.
Azərbaycanlıların qəhrəmanlığına inanıram. Lakin bu qəhrəmanlığı elm və mərifətlə taclandırmaq lazımdır”.
Qızıl Arslan Nizaminin cavabında:
– Fikirləriniz doğru fikirlərdir, – dedi.
Təbriz xalqı Bağdad səfərindən zəfərlə qayıdan hökmdarı Vasminc şəhərinə qədər istiqbal etmişdi. Alınan əmr üzərinə Əbubəkr ibn Məhəmməd böyük şairlər üçün “Qızıl su” məhəlləsində təntənəli bir bina hazır etdirmişdi.
Təbriz ədib və şairləri Nizami və Xaqaninin Təbrizə gəlməsini böyük milli bir bayram kimi qarşıladı.
Şimali Azərbaycan ordusunun son dəstələri Gəncəyə qayıtmaq istədiyi zaman, Xaqani ilə Nizami Qızıl Arslana müraciətlə Aran tərəfinə qayıtmaq üçün icazə istədilər. Qızıl Arslan bu təklifdən razı qalmayaraq dedi:
– Mən çox təəssüf edirəm ki, pərəstiş etdiyim iki böyük zat məndən ayrılmaq istəyir. Təbrizdə qalıb, məmləkətin idarəsi işlərində mənə kömək edin, sizin məsləhətləriniz mənim üçün olduqca qiymətlidir. Mənim ədiblərə, şairlərə və alimlərə qoyduğum qiymət sizə gizlin deyildir. Görürsünüz ki, “Qızıl su” məhəlləsini şairlər, ədiblər, alimlər və filosoflar məhəlləsinə döndərmişəm. Sizin üçün hər nə lazım isə hazır etdirərəm, ailənizi Təbrizə gətirmək üçün rahətlərini təmin edərəm. Xüsusən Xaqani cənablarının Şirvan şahlığına qayıtması da yaxşı deyil, ona görə də Təbrizdə qalmasını məsləhət görürəm.
Xaqani Təbrizdə qalmağa razılıq verdi, lakin Nizami:
– Hökmdar həzrətləri özü bilir ki, mən Gəncəni sevirəm, – dedi. – Mən gəncliyimi orada keçirmişəm. Orada da qocalmaq istəyirəm. Mən o torpağın məhsuluyam, buna görə də aranlılarla birlikdə yaşamaq istəyirəm. Orada yalnız mənim ailəm deyil, minlərcə dostlarım və şerimin maraqlıları vardır. Onlardan ayrılmaq, hər şeydən ayrılmaqdır. Mən o həyatı və oradakı kasıb evimi sevirəm. Orada yaradılmışam, orada da yaradıram. Mən vətənimdəki ölülərdən və dirilərdən də ayrılmaq istəmirəm, mən Məhsəti xanımla bir qəbrə yatmağı istəyirəm. Hökmdar məni buraxsın, gedib Gəncədə öz padşahlığımı sürüm.
Qızıl Arslan yerindən qalxıb Nizaminin əlindən və alnından öpərək:
– Sən diriliyində də, öləndən sonra da padşahsan, padşahları bir ölkə taclandırırsa, sən bütün ölkələri öz əsərlərinlə taclandırırsan, – dedi və öz taxtını göstərib:
– Minlərlə belə taxtlar, böyük şairin bir misrasına bərabər ola bilməz. Gedin, razılıq verirəm, lakin qəlbən dərin bir kodər hiss edirəm, – dedi və Şəmsəddini çağırıb əmr verdi:
– Böyük Nizamini Arana yola salmaq və şairin rahatını təmin etmək üçün hər nə lazım isə hazır etdirin, şimala qayıdan ordu hissələri ilə şair də yola düşməlidir.
Üç gündən sonra başının üzərində zəfər bayraqları əsən bir taxt-rəvan gedirdi. Təbriz yazıçıları, Təbriz şairləri Xaqani ilə birlikdə Nizamini yola salmaq üçün Acı çaya qədər piyada gəlib orada vidalaşdılar. Xaqani Nizaminin qolundan tutub taxt-rəvana qaldırdı, öpüşdülər, ağladılar. Ordu körpünün şimalından şərqə doğru dönüb Qaradağ yoluna aşınca qədər Xaqani durub Nizaminin dalınca baxırdı, sanki onu qəlbindən səsləyib deyirdi:
– Əcəba, mən səni bir daha görməyəcəyəmmi?!
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-medain-xerabelerinde
Use ← → keys to move, R for a random poem
More by this author
Cənub küləkləri Xəzər dənizinin həyəçanlı qəlbini bir daha coşdururdu; dalğalar suya enmiş təyyarənin qanadları kimi sahilə hücum edirdi.Küləklər, sahil bağındakı söyüd ağaclarının sükutunu pozur və qızıl Bakının yaxın gələcəyindən dastanlar oxuyurdu.
II. «Metropol»Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı:«Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır».
III. Fabrik-zavod rayonunaİngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.
IV. Brilyant sırğalarLeyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.
Poems by other poets
Göz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
Ay ağa səniƏrş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.
Ömürlər səf edib, canlar üzməmişÖmürlər səf edib, canlar üzməmiş,Həmdəm olmaz ey dil, oturan, sənə.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.