Page 2 of 4 · 25%

Sizin Həmədan və İraqi-Ərəb hüdudlarına qoşun gətirdiyinizi və başladığınız islahatı, dinə və xəlifəyə qarşı başlanmış bir üsyan kimi mənə edirik. Bu xəyanətiniz nəticəsində siz Eldəniz xanədanı tərəfindən sahibləndiyiniz varislik haqqından məhrum edilə bilərsiniz. Həmədan və sair yerlərin qəzavətxanalarında dəyişiklik yaratmaq və öz istədiyiniz adamları qaziliyə təyin etmək hökumətin vəzifəsi deyildir. Bu hərəkətə görə sizi islam dinindən xaric elan edib, xəlifə məmləkətindən çıxıb islam olmayan ölkələrdə yaşamağınızı əmr edirəm.

Həmədan əyan və ruhanilərinin mallarını müsadirə etdiyinizi eşitdim. İslam dini xalqın halal malının müsadirə edilməsinə heç bir vəchlə razı ola bilməz. Bu məktubu alan kimi Allah bəndələrinin mallarını özlərinə qaytarmalısınız.

Həbs olunanların azad edilməsini, sürgünə göndərilənlərin vətənlərinə qaytarılmasını əmr edirəm.

Öz dilinə, öz vətənlərinə, öz padşahlarına sadiq qaldıqları üçün sənin tərəfindən dara çəkilənlərin qan bahalarını öz varislərinə qaytarmalısınız. Xəzinə işlərinə müdaxilə etmək beytülmala qarşı bir xəyanətdir. Xəlifə beytülmalın mühafizə olunması işini ən adil və mömin adamlara, yəni məmləkətin padşahına tapşırmışdır. Padşah xəlifənin, xəlifə isə peyğəmbərin və uca olan Allahın himayəsindədir. Padşaha tapşırılan hüququn toxunulmazlığını Quran-şərif təmin etməkdədir.

Bu məktubu alandan bir həftəyə qədər öz qoşununu padşaha təslim verib islam məmləkətlərindən xaric olmalısınız! Bu fərmanın əksinə hərəkətdə olsanız, Bağdad qoşununu Həmədan üstünə göndərib, səni və tərəfdarlarını həbs etdirəcək və bir din düşməni kimi edam etdirəcəyəm.

Xəlifə Nəsirəddinbillah

Bağdad, 10 şaban”

Xəlifənin məktubunu on nəfərdən ibarət bir heyət gətirmişdi. Qızıl Arslan məktubu oxuyub yerə qoyandan sonra Fəxrəddinə müraciət edib dedi:

– Mən elə bilirəm ki, bu macərada Toğrulun iştirakı yoxdur. Burada ruhanilərin, Qətibənin və məmləkəti bölüşdürmək üçün ona yardım göstərən əcnəbi hökumətlərin nümayəndələrinin barmağı olmamış deyildir.

Xəlifə bu qədər qaba məktubu göndərməsəydi, bəlkə də mən Bağdadı işğal etmək məqsədindən vaz keçə bilərdim. Lakin bu məktubun üzərindən keçmək xəlifənin cəsarət və qabalığını bir daha artıra bilər. Artıq xəlifəyə öz mövqeyini tanıtmaq lazımdır. Hələlik o, hazırda nə kimi bir əhəmiyyətə malik olduğunu bilmir, o bilmir ki, mən gündə dörd kərə xəlifəni mövqeyindən düşürüb yerinə başqasını təyin edə bilərəm.

Onun məktubunun cavabı barəsində tələsmək lazım deyil, bir qədər düşünmək və hazırda məktubu gətirən heyətə təntənəli bir ziyafət vermək lazımdır. Həmədanda və nahiyələrdə duran qoşunların rəsm-keçidini düzəltməli və məmləkətin silahlı qüvvələrini heyət üzvlərinin nəzərində nümayiş etdirməlisən.

Qızıl Arslanın əmrini alınca şəhərdən çox kənarda olan Atabəy bağında təntənəli bir ziyafət təşkil edildi.

Xəlifənin məktubunu gətirən heyəti ziyafətə müşayiət etmək üçün Fəxrəddinin rəyasəti altında bir dəstə Azərbaycan qoşunu təyin edilmişdi. Həmədandan Atabəy bağına qədər uzun yolun hər iki tərəfi Azərbaycan qoşunun əlində idi.

Heyət üzvləri dəmir və polad silahlardan düzəlmiş hasarın içərisi ilə keçib Atabəy bağına gedirdi. Onlar ömürlərində birinci kərə idi ki, bu qədər müntəzəm və möhtəşəm bir ordunu görürdülər. Onlar bu ordunu gördükləri zaman bir-birlərinin qulağına pıçıldayıb: “Bu qoşun xəlifə paytaxtını bir zamanda işğal edə bilər, yəqin ki, xəlifənin bundan xəbəri yoxdur” – deyirdilər.

Ziyafətin sabahı heyət üzvlərini gəzdirib Midiya dövründən qalan köhnə hasarı və hökumət binalarını göstərdilər. Üçüncü gün onların hamısına qiymətli hədiyyələr verib Bağdada yola saldılar.


Qızıl Arslandan xəlifəyə məktub aparan heyəti İraqın hədd-hesaba gəlməyən atlıları istiqbal edirdi. Xüsusən heyət Xüld qəsrinin qarşısına yetişdiyi zaman orada polad geyimli bir çox qoşun dəstələri gördülər.

Meydanda böyük rəsm-keçid verildi, çünki xəlifə Qızıl Arslan tərəfindən gələn bu heyətə öz sərvət və əzəmətini göstərmək istəyirdi.

Heyət polad hasarları yararaq, Xüld qəsrinin qapısına yetişdi. Onlar ağ mərmər döşənmiş pillələrdən yuxarı çıxıb getmək istərkən, qapıçı yuxarı çıxıb hacibdən icazə istədi, bir azdan sonra hacib gəlib heyəti qarşıladı və qabaqca Qızıl Arslanın vəziri Şəmsəddin, onun dalınca da üzvlər qəsrə daxil oldular.

Heyətin birinci dəfə daxil olduğu dalanın döşəməsi qızıl millərlə bir-birinə yapışdırılmış qırmızı mərmər idi. Dalanın yuxarısında boyunlarına qızıl zəncir vurulmuş üç dəhşətli köpək saxlanmışdı. Köpüklərin hər birisini bir neçə qara qul tutub saxlamışdı. Köpüklərin hər birisi, böyüklükdə bir şir qədər dəhşətli idi.

Heyət köpəklərin yanından keçdi. Onlar dalandan bir neçə pillə daha yuxarı çıxıb bir həştiyə daxil oldular. Həştinin dörd tərəfində düzülən qulamlar qalxıb heyətə təzim etdi. Həştidən böyük bir salona daxil oldular. Salon ən nəfis və qiymətli xalçalarla döşənmişdi. Fərşlərin üzərinə incə bir surətdə işlənmiş pələng və sair yırtıcı heyvanların dərisi salınmışdı.

Heyət üzvləri bu salonda bir neçə dəqiqə durub salonun divarlarında yazılan şeirlərə və tavandakı nəqşlərə tamaşa etdilər. Adət üzrə heyət üzvlərinə ikinci icazə verilməli idi. Hacib gəlib ipək və qızıl saplarla tikilmiş böyük pərdəni bir əli ilə açdı. Baş endirərək:

– Buyurun! – dedi.

Heyət geniş bir eyvana daxil oldu. Eyvanın sütunları sumaq daşından idi. Divarlarına qızıl suyu ilə nəfis bir surətdə səhra və dəniz heyvanlarının şəkli nəqş edilmişdi. Şəkillərin arasında ibrətverici və hikmətli şeirlər yazılmışdı. Eyvanın hər yerinə sarı ipək fərşlər döşənmişdi. Burada Nuşirəvan padşahın sarayının şəkli çəkilmişdi. Fərşin üstündəki nəqşlər: quşlar, balıqlar, heyvanların şəkilləri qızıl və ipək saplarla tikilmişdi.

Xəlifənin sarayında salınmış bir fərş heyət üzvlərinin diqqətnəzərini cəlb etdi; onlar bu salonda durduqları zaman bir çiçəklik, bir bostan və bir heyvanxana tamaşasında durduqlarını hiss edirdilər. Onlar fərşin üzərində yeridikləri vaxt xiyabanlardan axan çayların və bulaqların üzərindən keçib getdiklərini düşünürdülər. Eyvanın tavanı üç böyük qübbədən ibarət idi ki, bunların hər birisi beş sütun üzərində qurulmuşdu. Qübbələrin hər birisində Kəsrə qəsrinə dair bir mənzərə çəkilmişdi. Eyvanın arxasında Çin ipəyindən bir pərdə asılmışdı, bununla da eyvan iki hissəyə ayrılırdı. Xəlifənin oturduğu hissə başqaları oturan hissədən ayrı idi.

Pərdədən kənar, olduqca qiymətli kürsülər qoyulmuşdu. Cərgə ilə düzülən bu kürsülərin kimlərə məxsus olduğu, kürsülərin dalında vurulan iplərin üzərinə yazılmışdı. Vəzirlər, elçilər üçün də ayrı-ayrı kürsülər var idi. Lakin kürsülərin bir çoxu boş idi. Xüsusən bəni-haşimlərə məxsus kürsülərdə bir nəfər də olsa oturan yox idi.

Yanında yastıq və balış qoyulan kürsülər isə əmirlərin və sərkərdələrin yerləri idi.

Zərif baş örtüləri geymiş bir neçə əmir və sərkərdə oturub söhbət edərkən, Azərbaycan heyəti daxil olub göstərilən kürsülərin üzərində yer tutdu. Əmirlər, sərkərdələr isə onlara əhəmiyyət verməyərək öz söhbətlərində davam edirdilər.

Heyət oturub xəlifənin qəbul saatının intizarını çəkirdi. Nəhayət, hacib pərdəni qaldırıb Qızıl Arslan tərəfindən göndərilən heyəti xəlifənin hüzuruna çağırdı. Xəlifə yumşaq balışlarla düzəlmiş zinətli bir taxtın üstündə bardaş qurub oturmuşdu; taxtın iki tərəfində xəlifənin iki nəfər sevimli kənizi durub xəlifəyə yelpik çəkirdi. Bunların arxasında isə çiyinlərində qılınc iki nəfər əsgər dayanmışdı. Xəlifə, adəti üzrə, elçiləri qəbul etməyə məxsus paltarlarını geymişdi. Başına qoyduğu çox zərif və üstünə yaşıl ipək sarınmış papağın yanlarına xəz tutulmuşdu. Yaşıl sarığın üstündən bir neçə təsbeh incilər və cavahirlər salınmışdı. Baş örtüsünün qarşısına almaz, yaqut və incilərdən düzülmüş bir cıqqa taxılmışdı. Buna görə də xəlifəyə tərəf baxıldığı zaman başında bir tovuz quşu oturduğu zənn olunurdu. Cıqqanın ortasında quş yumurtası böyüklüyündə üç məşhur və qiymətli daş parlayırdı. Xəlifə üstünə qara əba salmışdı. Lakin oturuş və baxışı həddindən artıq qorxulu və dəhşətli idi. Onun simasından edam cəzası əmrini vermək üçün düşündüyü zənn olunurdu.

Heyət üzvləri daxil olurkən, heyətin sədri Şəmsəddin baş endirib dedi:

– Xəlifeyi-ruyi-zəmin və Əmirəlmöminin həzrətlərinə salam!

Xəlifə isə:

– Əleykümməssalam! Sizə olsun Allahın rəhmət və bərəkəti, – deyə cavab verdi və oturmaq üçün onlara icazə verdi. Heyət üzvləri bir daha baş endirib oturdular. Sonra Şəmsəddin ikinci dəfə ayağa qalxıb, baş endirdi və Qızıl Arslanın məktubunu xəlifəyə təqdim elədi.

“Bu məktub Azərbaycan hökmdarı və Eldəniz Şəmsəddinin oğlu Qızıl Arslanın tərəfindən Əmirəlmöminin xəlifeyi-ruyi-zəmin-ən Nəsrəddinbillah həzrətlərinə yazılır.

Xəlifə həzrətlərinin məktubunu alıb məzmunu ilə tanış oldum. Buna görə də ərz edirəm ki, nə Toğrulu, nə Atabəy Məhəmmədi, nə də bizim atamız Eldənizi hökumət başına xəlifələr təyin etməmişdir.

Eldəniz xanədanının hökumət başına çıxaran öz qılıncları və indiyə qədər yaşadan Azərbaycan xalqının qəhrəmanlığıdır. Buna görə də biz əlimizdə olan məmləkəti özümüz istədiyimiz kimi idarə etmək səlahiyyətinə malik olmalıyıq. Biz, Azərbaycan xalqının həyat nə səadəti hər nəyi tələb edirsə, həyata keçirmək üçün heç bir kəsdən icazə istəməyəcəyik!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets