Mahru xanım
Bu gün üçüncü gündür ki, Nina yeni otaqlarına köçmüşdür. Bina olduqca əlverişlidir, əvvəla, rus konsulxanasından uzaq olduğuna görə xəfiyyələrin tez-tez dolaşacağı küçələrdə deyildir, ikincisi – bu bina Təhminə xanımın evinə yaxındır, üçüncü də otaqlar Minasyanın otaqlarına nisbətən daha sərbəst və uyğundur. Bundan başqa, otaqların və həyətin zəngin bir Şərq üslubunda olması Ninanı çox razı salmışdı.
Bu gün İraida bacısı Ninanın yeni otaqlarına baxmaq üçün gələcəkdi. Bunu o, bir gün əvvəl Ninaya xəbər vermiş və mənimlə də görüşməyi arzu etmişdi.
Ninanın bugünkü sevincini, bugünkü hazırlığını indiyə qədər görməmişdim. Bu gün sərdar Rəşidin bacısı Mahru xanım da İraida xanım ilə bərabər Ninanın görüşünə gələcək, Nina ilə və mənimlə tanış olacaq idi. Ninanın böyük hazırlığının bir mənası da var idi. O, yeni düzəltmiş olduğu zəngin yaşayışını bacısı İraidaya göstərəcək və həyatında səhv etmədiyini ona sübut edəcəkdi. Bina bir şərqli binası olsa da, ev əşyası zəngin Avropa evlərində olan zənginliyi təsvir edirdi.
Bu ziyafətdə Təhminə xanım, iki qızı, Həsənağanın arvadı Nazənin xanım da iştirak edirdi.
Ninanın Təbrizdə öz üzərinə götürmüş olduğu mədəni vəzifələrdən birisi də Təhminə xanımın ailəsini mədəniləşdirməkdən ibarət idi. Nina qızlar və gəlin üçün qiymətli paltarlar tikdirmiş, onları avropalı bir qız vəziyyətinə salmaqla bərabər, dərslərinə də diqqət yetirmişdi. İndi Təhminə xanımın qızları və gəlini Nazənin xanım rusca oxuyur, yazır və danışırdı, eyni zamanda Ninanın özü də türkcəni bu qızlardan öyrənmişdi. Nina hər sözbaşı sənin əziz canına and olsun, öz başım üçün, dünya Məcidin bir qırıq tükünə qurban olsun? deyə Təbriz qadınlarının şivəsini bütün incəliyinə qədər mənimsədiyini nümayiş etdirdi.
Mən evdə tovuzquşu kimi süzən və varlığını qara örtükdən çixaran bu üç Təbriz qızına baxdıqda Şərqin bu, indiyə qədər varlığı nəzərə çarpmayan nümunəvi qadınlığını düşünürdüm.
Bu mənzərə çoxdan bəri bəslədiyim bir arzunu mənə bir daha xatırlatdı. Təbrizdə qadın azadlığı uğrunda çalışmaq üçün gizli bir cəmiyyət təşkili məni çox düşündürən şeylərdən biri idi. Mənim bir düşüncə şəklində qalan bu arzumu bir latış qızının, türk qadınlığı ilə heç bir əlaqəsi olmayan Ninanın həyata keçirməsinə həm sevinir, həm də doğrusu, ona həsəd aparırdım. “Qız nə qədər bacarıqlı qızdırə, – deyə təəccüb edirdim.
Saat birə işlədikdə İraida və Mahru xanım gəlib çıxdı. Mahru xanım evə girən kimi çarşabını atdı, tanış olduq. Təhminə xanımı, qızlarını və gəlinini Nina Mahru xanım ilə tanış edərkən:
– Bu mənim yoldaşımın analığı Təhminə xanımdır. Bunlar da yoldaşımın bacılarıdır, bu da gəlinimizdir, – dedi.
Mahru xanım gözəl və zərif latış qızlarını təmsil edən bu Təbriz qızlarını başdan-ayağa qədər süzdü. Bir gözündə həsrət, digər gözündə isə həsəd qığılcımları görünməyə başladı. Hələ qızların təmiz rusca danışmaları Mahrunu tamamilə heyran etmişdi.
İraida evdəki şeyləri nəzərdən keçirərək soruşdu:
– Bu şeyləriniz əvvəlcə yox idi, deyilmi?
– Bəli, yox idi, bu şeylər buraya köçdüyüm zaman alınmışdır.
– Onun işi, alış-verişi nə yoldadır? – deyə İraida mənimlə maraqlanmışdı.
– İşi düzəlmişdir. Bu səfərində bütün zərərlərini ödəmişdir.
– Alış-verişi nədir?
– Cavahir satan tacirdir.
İraidanın gözləri yol çəkməyə başlamışdı. İraida Ninanı buraxaraq mənə yanaşdı. Mahru xanım isə qızlarla və Nina ilə məşğul idi.
– Nina işlərinizin düzəldiyini mənə xəbər verdi, çox şad oldum. Çünki sizin şəxsiyyətiniz məndə olduqca müsbət bir təsir buraxmışdır. – İraidanın bu sözlərində bir saxtalıq duyulmaqda idi.
– Çox razıyam, – deyə qısaca cavab verdim.
– Mən indi Ninanın xoşbəxt bir qız olduğuna inanıram, bunu anama da yazacağam, - deyə İraida yenə gözləri yol çəkərək davam etdi. – Lakin sizin bu həyat quruluşunun, hətta bu zəngin Şərq evinin mühüm bir nöqsanı vardır, siz o nöqsanı islah etmək üçün mənə söz verməlisiniz.
– O nöqsan nədən ibarətdir? – deyə soruşdum.
– Şərq evləri çox zinətlidir, bəzəklidir, Ninanın evi də zəngin bir Şərq evidir, lakin bütün Şərq evlərində olduğu kimi, Ninanın evində də mənəvi bir nöqsan vardır. Siz bu vaxta qədər həyatınıza müəyyən bir şəkil verə bilməmişsiniz, yaxud buna imkan bulmamışsınız. Əfv ediniz, mən sizin evinizdə hələ də ailə həyatının mənəvi ləzzətini görmürəm.
İraida məsələni incə və çıxılmaz bir yerə vardırmışdı, onu həm qane etmək, həm də incitməmək lazım idi. Çünki bizim üçün İraida əlverişli bir mövqe tuturdu. Onun gələcək əri sərdar Rəşid də bizə lazım idi. İraida vasitəsilə ilə sərdar Rəşidi, onun bacısı Mahru xanim vasitəsilə də Abşeron alayının komandiri Smirnovun iç üzünü öyrənə biləcək idik.
– Doğru buyurursunuz. İraida xanım! Həyata müəyyən və əbədi bir şəkil verilməlidir. Artıq bunun vaxtı çatmışdır. İndiyə qədər, ümumiyyətlə, həyatımız qaranlıq dumanlar içərisində idi. Təbrizdə müdhiş hadisələr baş verirdi, belə bir zamanda, hətta həyatı müəyyən olmayan bir mühitdə, həyata nə kimi vasitələrlə müəyyən bir şəkil vermək olardı?
İraida sözlərimi təsdiq etdi. Mən davam edərək:
– Qoy Nina məni lazımi qədər öyrənsin. Daimi yoldaşlıq qurmaq üçün tələsmək lazım deyildir. Həyat ani bir surətdə deyil, tədrici olaraq müəyyən qəlibə düşməyə başlayır. Zənnimcə, bunu siz də öz həyatınızda nəzərdə tutucaqsınız. Siz də özünüzü həyat «ərəyanına feda etməyəcəksiniz. Nina sizin bir xoşbəxtlik arxasınca qoşduğunuzu mənə söyləmişdir, – dedim.
– Siz bundan razı qalırsınızmı? – deyə İraida soruşdu.
– Məsələnin əsli ilə tanış deyiləm, xoşbəxtliyin haradan və kimin vasitəsilə başladığını bildikdən sonra öz fikrimi deyə bilərəm.
– Tanışlığımızın tarixi uzun deyildir. Sərdar Rəşid bizim özümüzündür, o, çar tərəfdarıdır, onu konsul cənabları da çox sevir. Bir gün çarın tac qoyması münasibətilə konsulxanada tərtib edilmiş ziyafətdə sərdar Rəşid də iştirak edirdi. Konsul cənabları məni sərdar Rəşid ilə tanış etdi, sonra bir neçə kərə yenə konsulxanada görüşdük. Konsul mənim onunla yaxından tanış olmağımı məsləhət gördü. Onun parlaq gələcəyə malik olduğunu mənə söylədi. O, Azərbaycan general-qubernatorluğuna təyin edilən namizədlər sırasındadır. Hələlik əlaqəmiz sıx deyildir. Konsul tanışlığımızın nə mərkəzdə olduğu haqqında məndən tez-tez soruşur, – deyə İraida fikrə getdi.
Məncə, məsələ tamamilə aydın idi. Konsul İraidadan istifadə etmək istəyirdi. O bu qızı da siyasətinə alət etməyə çalışırdı.
– Sizə hər sözü demək artıqdır, – deyə mülayim bir tərzdə cavab verdim, - çünki siz ağıllı qızsınız. Tanış olmaq eyib deyildir. Konsulun da məsləhəti yaxşıdır, onu da eşitməlisiniz. Eyni zamanda siz namuskaranə davranmağı da bacarırsınız, – dedim.
– Əmin olun! – deyə cavab verdi.
Nahar süfrəsi hazır idi. Nina bizi süfrəyə dəvət etdi. Nahardan sonra Nina və İraida pianoda çalıb-oxudular.
Qonaqlar getməyə qalxarkən Nina Mahru xanımın qoluna bir qızıl saat bağladı. İraidanın barmağına isə bir brilyant üzük taxdı.
Bizim İraida və Mahru xanım ilə olan yaxın tanışlığımızın və sıx əlaqəmizin əsası buradan başlandı.
Qonaqlar getdikdən sonra Nina Mahru xanımın Abşeron alayı komandiri Smirnovla sevişdiyini mənə söylədi. Buna da Mahrunun qardaşı sərdar Rəşid səbəb olmuşdu.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-mahru-xanim
Use ← → keys to move, R for a random poem
More by this author
Həmədanın məşhur mülkədarı sayılan Əmiri-Əfxəmin hərəmxanasında mühüm bir təbəddülat olmuşdu. Hər kəs, «hərəmxanaya yeni bir qız gətirilmişdir» deyə danışırdı.Hərəmxana xidmətçilərinin dediyinə görə, yeni gətirilən qız, Əmiri-Əfxəmin özü üçün yox, böyük oğlu Səndüddövlə üçün gətirilmişdi. Hər halda Əmiri-Əfxəmin hərəmləri buna inana bilmirdi. Çünki Əmiri-Əfxəm heç bir vaxt gözəl və tərifli bir qızı əlindən buraxmazdı.
XL. Doktor YusifidisLeyla hələ zəhərin təsirindən yaxasını qurtara bilməmişdi. Onun müalicəsi dörd ildən bəri Həmədanda müalicəxana düzəltmiş yunanlı doktor Əlisaus Yusifidisə tapşırılmışdı. Doktor qızın müalicəsinə artıq diqqət verirdi. Xəstə iki həftə içərisində tamamilə sağalmışdı. Əmiri-Əfxəm də öz növbətində Leyla xanımı Həmədandan çıxarmaq və hərəmlərin fitnəsindən qurtarmaq üçün hazırlıq görürdü. Leyla yaxın günlərdə Əmiri-Əfxəmin «Murad bəy dərəsi» adlı yaylasına köçürüləcəkdi. Leylanın hər yerdən ümidi kəsilmişdi. Məsələni gənc doktor Yusifidisə anlatmaq və ondan nicat istəməyi qət etmişdi. Günün birində Leyla doktora müraciətlə dedi:– Siz mənə Biçeraxov dəstəsinin harada olduğunu deyə bilməzmisiniz?
XLI. Tez-tez görüşlərƏmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!
XLII. QəzvindəBiçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.
Poems by other poets
Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
Ey aləm, Şəki, arif, QırağEy aləm, Şəki, arif, QırağTəmam əhli-ərş sakin Bozdağ
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,