Mahrunun toyu
Page 1 of 2
O, sözlü adama bənzəyirdi, göz qapaqlarını qaldırıb üzümə baxır, yenə də nəzərlərini dizlərinə çevirib sakit dururdu.
Onun qəlbini öz sözünü deməkdən də qabaq bilirdim. Mahru xanım sərdar Rəşid öldürüldükdən sonra artıq onun evində və onun adı altında yaşamaq istəmirdi, çünki sərdar Rəşidin vərəsələri Təbrizə gəldikdən və ev şeylərini öz aralarında təqsim etdikdən sonra orada Mahru üçün heç bir şey qalmırdı. Varislər evdə qiymətli şeylər, daş-qaş və nəqd pul tapmadıqlarından Mahruya acıqlanaraq ona öz əyin paltarlarını belə vermək istəmirdilər. İndiyə qədər bütün Təbrizdə sərdar Rəşidin bacısı kimi şöhrət tapan Mahrunun varislik məsələsi aralığa gəlirkən, sərdar Rəşidin atası aldığı ikinci arvadının yanınca gətirdiyi yetim bir qız olduğunu hər kəs eşitdi.
Mahnurun evdə olan mirasa ehtiyacı yox idi, çünki sərdar Rəşidin bütün qiymətli şeyləri onun əlində idi. Bunu varislər isbat edə bilməsə belə, yenə də şeylərin Mahru tərəfindən mənimsənildiyini bilirdilər. Buna görə də sərdar Rəşidin yaxın qohumlarından Mötəmədüləyalə Mahrunu almaq və onun əlindəki sərvətə sahiblənmək xəyalına düşmüşdü.
O. birdə göz qapaqlarını qaldırıb:
– Rahat buraxmırlarl - dedi.
– Kim rahat buraxmır?
– Mötəmədüləyalə yenə də elçi göndərmişdi.
– Rədd edin!
– Mən rədd edirəm, onlar yaxamdan əl çəkmirlər. Girib evin içində oturmuşlar, hər saat məni narahat edirlər.
– Mötəmədüləyalə də həmin evdə olur?
– Xeyr, evdə ancaq dörd nəfər qadın vardır. Onların biri Mötəmədüləyalənin bacısı Zəfərşan xanım, üç nəfər də sərdar Rəşidin başqa qohumlarıdır. Onlar məni qorxudur, hərgah razılıq verməzsəm başqa tədbirlər görəcəklərini söyləyirlər.
– Qorxma, heç bir şey edə bilməzlər.
– Onlarla bərabər bir neçə nökərləri də gəlmişdir, onlardan hər bir şey gözləmək olar.
– İndi sənin fikrin nədir? Oradan köçmək istəyirsənmi?
– Bunun üçün də sizin yanınıza gəlmişdim.
– Əsədin fikri nədir?
– Əsəd sizin fikrinizi bilmək istəyir.
– İndi ki, mənim fikrimi bilmək istəyirsiniz, mən də xeyir işinizin başlanmasını məsləhət görürəm. Buna sənin öz fikrin nədir?
Mahru daha danışmadı. Onun sevincini çöhrəsindəki qırmızılığın tez-tez dəyişməsindən təyin etmək olurdu.
Mən Təhminə xanımı Məşədi Kazım ağanın dalınca göndərdim. Bu gün cümə günü olduğu üçün Məşədi Kazım öz ailəsi ilə, Nina da öz Məcidi ilə mənim yanımda nahar edəcəkdilər. Bu qanunü Məşədi Kazım ağa qoymuşdu.
Hamı bir yerə yığıldı, Mahru isə bizim nə kimi söhbətlə məşğu! olmaq istədiyimizi bildiyi üçün evdən çıxdı.
Məşədi Kazım ağa mənim ağzıma baxırdı. Çünki mən onu bir iş olmadan çağırmazdım. Bizim bütün maliyyə işlərimizə Mirzə Kazım ağa baxırdı. O, inqilab komitəsinin xəzinədarı sayılırdı. O özünün milyon tümən miqdarında sərvətindən başqa, inqilab komitəsinin ona tapşırdığı pullarla da alış-veriş edirdi.
Mən onu çox da nigaran qoymaq istəmədim.
—Sən həmişə xeyir işi sevən kişisən, – dedim, – yenə bir xeyir işimiz vardır.
Məşədi Kazım ağa bu sözümdən şadlandı, o elə bilirdi ki, mən ona yenə də pul qazanmaq yeri göstərəcəyəm. Buna görə də o, adəti üzrə əlini əlinə sürtərək:
– Allah səni mənim başımın üstündən əskik etməsin, bir günüm sənsiz olmasın! – dedi.
Mən gülərək:
– Hələ bir məni eşit, – dedim. – Bəlkə, mən elə xeyir işdən danışacağam ki, bu dualardan heç birisi lazım olmayacaq.
Sanki o, bir şey hiss etdi və:
– Xeyir iş həmişə mənim mənfəətimə olmaz ki, – dedi və gözlədi.
– Əsədin və Mahrunun xeyir işini başlamaq lazımdır.
– Başlayaq da, nə deyirəm ki...
– Mən istiyirəm ki, yaxşı və layiqli başlayaq.
Məşədi Kazım ağa heç bir söz demirdi, durub baxırdı, o yenə də məni gözləyirdi.
– Ən əvvəla bina barəsində düşünməliyik, çünki Əsədin öz evi layiqli deyildir.
– Bu mənim gözüm üstə. Təbrizdə 17 yerdə bina almışam. Buyurub baxarsınız, hansı birisi layiqlidirsə, Əsədin olsun.
– Rasta küçəsində ev verərsənmi?
– Birinci bina mənimkidir: biruni, əndəruni, hər nə kefin çəkirsə, var. Balkonu, bağçası, gülxanası... müxtəsər, hər bir şey içində. Onu Əsədə bağışladım, onun toy payı olsun.
– Çox yaxşı, bu sənin hədiyyənl Mənim əvəzimdən də onun evinə lazım olan bütün şeyləri hazır etdirərsən.
– O da gözüm üstə.
– Elə düzəldərsən ki, Mahru binaya daxil olduğu zaman heç bir şeyə ehtiyac hiss etməsin!
– O barədə nigaran qalma. Mənim səliqəmi bilirsən kıl
Məşədi Kazım elə bilirdi ki, bununla yaxası qurtardı, lakin mən onun sevincinin uzun sürməsinə imkan vermədim:
– Mahru üçün toy paltarı hazır etdirmək lazımdır.
– Bu da gözümün üstündə.
– Toyun başqa xərclərini də öhdənə götürüb bir nəfərə tapşırarsan. Lakin bu pulları öz öhdənə götürməlisən. Bunları Mahrunun sənə tapşırdığı pullar hesabına xərcləməməlisən. – Bütün tapşırıqları verəndən sonra Ninaya tapşırdım: – Mahruya deyərsən ki, bizim fikrimiz onu bir həftənin içində başqa evə köçürtməkdir. O, hazırlıq görməlidir, həm də bu gündən etibarən sərdar Rəşidin evindən çıxıb sənin otağına keçməlidir, daha orada qalmaq qorxuludur. Başına bir hadisə gələ bilər.
Son gecə idi. Mahru öz şeylərini sərdar Rəşidin evindən götürüb Ninanın evinə köçəcəkdi. Sərdar Rəşidin varisləri isə bu gün təziyə məclisini yağışdırıb, bir hissəsi Ərdəbil, bir hissəsi Nəmin tərəflərinə gedəcəkdi. Böyük miras aparmaq üçün gələnlərin ümidləri boşa çıxmışdı, çünki kağız valyutaları sərdar Rəşid özü ilə aparmışdı, evdə qalan qızıl, gümüş, cavahirləri isə Mahru xanım mənimsəmişdi. Onlar Mahru tərəfindən mənimsənilmiş zənginliyi əldə etmək üçün Mahrunu Öz qohumlarına almaqdan başqa bir çarə tapa bilmirdilər.
Təbrizdə Mötəmədüləyalədən başqa Ərdəbildən sərdar Rəşidin dayısı oğlu Hüseynqulu xan Etimadissultan və qardaşı oğlu Həssami-Ləşgər də Təbrizə gəlmişdi. Bunların hər üçü Mahrunu almaq istəyirdi. Onların hər birisi özünü Mahruya bəyəndirmək üçün gündə nir neçə libas geyir və bir neçə qiyafəyə girirdi. Onların anaları, bacıları səhərdən axşama qədər öz qardaşları və öz oğullarını tərif edir, Mahrunu razı salmağa çalışırdılar. Lakin onlar Mahrunun nə kimi bir mətanətə sahib olduğunu bilmirdilər. (Mirası bölüşdürmək üçün gələnlərin nə məqsədlə özünə evlənmək istədiyini o, çox gözəlcəsinə bilirdi.) Onlar Mahrunun əlindəki sərvəti aldıqdan sonra özünü buraxacaq və həmin sərvətlə də başqa bir aristokratın qızına evlənəcəkdilər.
Bu gün Mahru onların hər üçünə qəti cavab verib təkliflərini rədd etmişdi. Etimadissoltan və Həssami-Ləşgər təziyənin bitməsini gözləmədən çıxıb getmişdi, lakin Mötəmədüləyalə məcburən də olsa, Mahrunu izdivaca razı etməyə çalışırdı. O öz bacısı Zəfərşan xanımın vasitəsilə Mahrunu qaçırmaq hazırlığında idi, Gecə təziyə bitdikdən sonra Mahru evi tərk edib Ninanın mənzilinə köçüb gələcək, varislər isə qapıları bağlayıb binanı öz sahibinə təhfil verəcəkdi.
Mötəmədüləyalə Mahrunu götürüb qaçmaq işini öz nökərləri naib Vəliyə tapşırmışdı. Mahru Ninanın evinə yığışıb gəlmək üçün sərdar Rəşidin evindən küçəyə çıxdığı zaman Mötəmədüləyalənin bacısı Zərəfşan da onunla küçəyə çıxacaq və qapıda duran faytona işarə verməklə Mahrunun qaçırılması üçün Mötəmədin nökəri naib Vəliyə kömək edəcəkdi.
Saat doqquz idi, Təbrizin bu mövsümündə görünməyəcək şiddətlə yağış yağırdı. Qaranlıq idi, fənər üzü görməyən Təbriz küçələrini ancaq dəhşətli ildırımlar çaxdığı zaman görmək mümkün idi.
Onsuz da gecə küçələrə çıxmağa adət etməyən Təbriz əhalisi, şiddətli yağış səbəbinə başını qapısından bayıra çıxarmırdı. Küçələrdə arabir insana təsadüf edilirdisə, onlar da şəhərin mərkəzindən evinə qayıdan dilənçilərdən ibarət idi.
Biz Mahrunun tapşırığına görə axşam saat doqquzun yarısında onu gətirmək üçün Məşədi Kazım ağanın faytonunu sərdar Rəşidin qapısına göndərmişdik. Mahrunu gətirmək üçün Əsədin özü getmişdi.
Əsəd Məşədi Kazım ağanın faytonu ilə sərdar Rəşidin qapısına yetişdiyi zaman orada başqa bir fayton durduğunu gördü. O bu faytondan heç də şübhələnmədi, sərdar Rəşidin evində başqa qonaqlarin olduğunu düşünərək burada qeyri-təbii heç bir şey zənn etmədi.
Əsəd fatyonda xeyli oturdu, Mahrunun yubanması və vədə verdiyi saatda bayıra çıxmaması Əsədi şübhəyə saldı.
Saat on tamama iyirmi dəqiqə qalmış sərdar Rəşidin qapısı açıldı, qara kölgə kimi iki nəfər qadın bayıra çıxdı. Onlardan birisi ucaboylu Mahru, ikincisi isə ortaboylu Zərəfşan xanımdan ibarət idi.
Qadınlar qapıdan çıxıb bir an dayandılar, faytonları yoxlamaq üçün bir neçə saniyə baxdılar.
Mahru uzaqdan, kənarda duran faytonun fənərlərində qırmızı rəngli yazıları tanıdı, o, Məşədi Kazım ağanın faytonu idi. Zərəfşan xanım Mahrunun hansı faytonla qaçırılacağını təyin edə bilmədiyi üçün tərəddüd içərisində çaşıb qalmışdı. Mahru heç bir tərəddüd etmədən Zərəfşandan uzaqlaşaraq kənarda duran faytona yaxınlaşmaq istədiyi zaman Zərəfşan da onu təqib etdi. Örtülü faytonun qapısı açıldı, Tütünçüoğlu onun əlindən tutub faytona qaldıran kimi faytonun qapısı örtüldü, Zərəfşan orada kimin oturduğunu və Mahrunu faytona qaldıran əlin kimə məxsus olduğunu təyin edə bilmədi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-mahrunun-toyu
Use ← → keys to move, R for a random poem
More by this author
Alman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.
XLVDünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.
Böyük quruluşda(Səkkiz pərdəli dram əsəri)*Əsərdə iştirak edənlər
Birinci pərdəSəhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.
Poems by other poets
Məni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd onaZülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,Bir damdır ki, aləm olub payibənd ona.
ƏrərdənEy ağalar, sizə bir ərz eyləyim,Rövzeyi-rizvandan, huri-ğılmandan,
Düşə bir də nəzərim mehri-rüxi-cananəDüşə bir də nəzərim mehri-rüxi-cananə,Kafirəm, meyl eləsəm sərvü gülü reyhanə.