Məqsədə doğru
Page 1 of 4
Müharibənin yaxınlaşdığı şayiələr bir həqiqət olmuşdu. Osmanlı məmləkəti hüduduna göndərilən çar orduları sel kimi axıb gəlirdi. Amerika konsulxanasında bir məlumat olub-olmadığını bilmək üçün miss Hannanın evinə getməyim lazım idi.
Xidmətçi qadın qapını açaraq məni evə buraxdıqda, miss Hanna stol başında oturub nə isə bir şey yazırdı. O məni görüncə yazdığı kağızı kitab altına soxub qalxdı. Mən gülümsünərək:
– Eşq, məhəbbət məktubunu gündüz yazmaq cayiz deyil, – dedim, – onu gecə saat birdən sonraya buraxmalısan.
– Eşq, məhəbbət məktubu yazmağa lüzum qalmadı, onu göndərəcəyim adam hazırda qarşımdadır.
– Buna inanmaq olurmu?
– Sənin mənə inanmamağına heç bir əsas yoxdur! Yazdığım kağızı mən heç bir kəsə göstərməməliyəm. Lakin səni şübhədən çıxarmaq üçün göstərirəm.
– Mən ingiliscə oxuya bilmirəm.
– Elə isə dinlə özüm oxuyum.
Kağızı oxudu. Orada yaxında çağrılacaq bir iclasın gündəlik müzakirəsi yazılmışdı, buradan bir şey anlaşılmadı. Miss Hanna izahat verərək:
– Müharibə olacağı qətidir, – dedi, – bu iclas Amerika ticarət müəssisələrinin təsviyyə edilməsi məsələsini müzakirə eliyəcəkdir, çünki İran tacirləri belə zamanlarda çox tez-tez iflas edə bilər. Buna görə də ticarət müəssisələrinin kreditləri dayandırması və əldə olan malları da ucuz qiymətlə buraxmaması lazımdır.
Mən yenə də Məşədi Kazım ağanın varlanacağını düşündüm.
Miss Hanna Şümşad xanımın az-az, hətta bəzən üç gün təxirlə gəlməsini söyləyib, buna təəccüb etdiyini də bildirdi.
Xidmətçi qadın miss Hannanı çağırdı, qız durub getmək istərkən onun koftasının cibindən bir kağız düşdü. Kağızı götürdüm. Oxumağa fürsət olmadığından cibimə qoydum. Durub getməyə tələsirdim. Buna bir bəhanə olmaq üçün soruşdum:
– Sən bir yerə getməyəmi hazırlaşırsan?
– Xeyr, axşam saat beşdə gedib səkkizdə də evə qayıtmalıyam. Bura gələcəkmisən?
– Bəlkə, gələ bilmədim, çünki Ələkbər yoldaş yalqızdır.
Vidalaşıb çıxdım. Qapıdan bir az aralanmışdım ki, gizlətdiyim məktubu açıb oxumaq istədim. O, zəfəran suyu ilə yazılmış bir məhəbbət duası idi. Mən Şümşad xanımın onu dua yazdırmaq və fal açdırmağa alışdırdığını bilirdim. Qız özü də bunu mənə demişdi. Kağızı cibimə qoyub birbaş Məşədi Kazım ağanın hücrəsinə gəldim. O, dizlərini qucaqlayıb oturmuşdu. Kədərli idi, çünki bu günlər Təbriz tacirləri çox böyük kasadlıq çəkirdi.
O, məni gördükdə özünü düzəltdi. Xəbər aldım:
– İşlərin necə gedir? Konsulxana vasitəsilə para qazana bilirsənmi?
– Qazanıram, amma bu qazancla milyonçu olmaq mümkün deyildir! Hərçənd məsarif ödənir, bir az artıq da qalır, lakin bu qazanclar sandıq dolduran qazanc deyildir.
– Sənə sandıq dolduran bir qazanc yeri göstərəcəyəm. Müharibə başlanacaqdır. Ticarət karvanlarının yerinə hərbi ləvazimat karvanları işə düşəcəkdir. Təbrizə Rusiyadan ticarət malı gətirilməyəcəkdir. Gətirilsə də çox ağır qiymətə duracaqdır. Sizə tövsiyə edirəm, anbarları dolu saxla, bacarsan anbarların yerini dəyişdir, qiymətli mallarını evdən anbarlara daşı, çünki müharibə zamanı çar konsulu bəzi şeyləri ordu ehtiyacı üçün müsadirə edə bilər. Bu burası. Başqa bir qazanc yeri də göstərəcəyəm: amerikalıların ticarət müəssisələrində hər nə malları varsa al.
Onun gözlərinə sanki təzə bir işıq verildi, ayağa qalxaraq gözlərimə baxdı.
– Mən ölüm, düzmü buyurursunuz? – deyə soruşdu.
– Həqiqəti söyləyirəm, vaxt keçməmiş özünü Amerika ticarət müəssisələrinə yetir!
– Mənim malım, canım inqilab yolunda qurbandır. İnqilab üçün də qazanıram. Hələ de görüm bəs siz sərf etdiyiniz pulu haradan alırsınız? Nə üçün evdən pul götürmürsünüz?
– Mənə pul lazım deyildir, ancaq bilmirəm Ninanın aylıq iki yüz tümən məsarifi göndərilirmi? – Hərgah göndərilməmişsə göndərmək lazımdır.
– Əfv edərsiniz. Sizin sözünüzdən çıxmışam!
– Necə yəni sözümdən çıxmışsınız?
– Çünki xanıma ayda beş yüz tümən göndəririk. Böyük şeylər üçün də əlahiddə pul verirəm. Qoy deməsin ki, İran inqilabçıları xəsisdir.
O mənim sözümə inanmırdı, bir daha sual verdi:
– Doğrudan da, Amerika ticarət müəssisələrinə gedimmi?
-Yalnız Amerika deyil, Təbrizdə olan bütün ticarət müəssisələrinin yanına baş vur, nə qədər lazımlı mallar varsa başını bağla.
O mənə inandı, durub əlimi sıxdı və dodaqlarımdan öpdü.
Onunla hücrədən birlikdə çıxdıq. O, ticarət kontorlarına, mənsə Ninanın evinə gəldim, çünki o, Mahmud xanın qorxusundan küçəyə çıxa bilmirdi, konsulxanadakı vəzifəsinə də getməyəcək idi.
Qapını vurdum, bir qədər gözlədikdən sonra ayaq səsindən tanıdığım Məcid gəldi, qapının dalısında durub soruşdu:
– Kimsən?
– Oğlum, mənəm, aç qapını, – dedim. Qapını açdı. Əlini əlimə alaraq yuxarı çıxdım.
Ninanın halı çox pozğundu. Onun kefini sordum, nəyə ehtiyacı olduğunu xəbər aldım.
O, titrək səslə dedi:
– Sən ehtiyatlı ol! Mahmud xan səni məhv edəcəkdir. O səni təqib edir, bura gəldiyini görən kimi səni öldürəcəkdir.
O, mavi gözlərini mənim ağzıma diriyərək cavab gözləyirdi.
Mən:
– Baxarıq, kim kimi məhv edəcəkdir, – dedim, – biz ondan çox qüvvətli feodalları, Rəhimxanları, Şucanizamları məğlub etdik, onu da məğlub edəcəyik!
Nina yenə də ağladı. O bu günlər inqilabçıya yaraşmayan bir şaşqınlıq göstərirdi.
– Mən özümü zəhərləyəcəyəm, sən də buradan get!
– Nə mən gedəcəyəm, nə də sən ölməlisənl Hərgah sən konsulun və Mahmud xanın iradəsinə razı deyilsənsə, bütün dediklərinə sükutla cavab ver! Qorxma, bütün çətinliklərin içərisindən qalibiyyətlə çıxacayıq.
kokokk
Bu gün heç bir yerə getməmişdim, çünki sərdar Rəşid mənim görüşümə gələcəkdi. Axşam üçün müxtəsər hazırlıq düzəltmək lazım idi. Mən bu hazırlığı Məşədi Kazım ağaya tapşırmışdım. O, Tütünçüoğlu və Həsənağanın vasitəsilə hər bir işi əncamına salmışdı.
Axşam saat beşdə Məşədi Kazım ağa işindən məlumat vermək üçün mənim yanıma gəldi, bütün işlərin hazır olduğunu və bir qüsur qalmadığını xəbər verdi.
Mən ondan soruşdum:
– Amerika ticarət müəssisələri ilə olan işlərin nə yoldadır?
– Onların nə qədər dəyərli şeyləri varsa 25 faiz nəqd, 75 faiz on bir ay vədə ilə alıb bitirdim və gətirib anbarlara yığdım.
– Sabah səhər tezdən Almaniya, Avstriya müəssisələrinə soxularsınız. Müharibə başlanır, daha İrana nə alman, nə də Avstriya malları buraxılacaqdır.
Məşədi Kazım ağa İranın ayaq altında əziləcəyini, məmləkətin cahangirlər üçün hərb səhnəsinə dönəcəyini və bundan kəndlilərə dəyən zərərləri nəzərə almayaraq müharibəni səbirsiz bir surətdə gözləyirdi. O da başqa tacirlər kimi müharibəni yalnız şəxsi istifadəsi üçün alqışlamaqda idi. O, hər söz başında əllərini bir-birinə çalaraq:
– Görək inqilab bizə nə verəcəkdir? – deyə danışırdı. Mən isə ona daima belə cavab verirdim:
– İnqilab sizə milyonlar verdi, siz də inqilaba hərtərəfli yardım göstərməlisiniz, – deyərkən o:
– Malım da, canım da, inqilaba qurbandır, – deyə cavab verirdi.
– Öl deyir, ölüm: qal deyirsə, qalım, daha nə buyurarsınız?
Saat 7-də qapımızda iki fayton dayandı. Gələnlər sərdar Rəşid və mühafizəçiləri idi. Sərdar özü mən oturduğum otağa, xidmətçi və mühafizəçiləri isə başqa otağa qəbul olundu.
Rəsm və təarifdən sonra ona qəlyan gətirdilər. O mənimlə ikilikdə danışmağı rica elədi və sözünü belə başlayıb qəmginliklə dedi:
– Bizim başımıza gələn fəlakət çox böyükdür, xanımın məndən bixəbər çıxıb getməsinə heç bir məna verə bilmirəm. İndiyə qədər bir kərə də olsa xanım öz həyatından narazılıq göstərməmişdi. Hərgah sizin cənabınıza bu barədə bir söz demişdisə, ondan xəbərim yoxdur.
– Mənə heç bir söz deməmişdir. Sərdar cənabları, çox yaxşı bilir ki, İraida xanımın bizim ilə əlaqəsi yaxşı deyildi, son zamanlar görüşməmişdik.
– Nina xanım bu barədə məlumat verə bilməzmi?
– Mən Nina ilə də görüşmürəm. Cənabınız məsələdən xəbərdarsınız. Bilirsiniz ki, Mahmud xan bizim həyatımıza mümaniət törədir və onunla evlənməyə çalışır, mənsə o barədə düşünmürəm. Hərgah qızın özünün buna razılığı varsa getsin. Mənim heç də sözüm yoxdur. Nə edə bilərəm?
Sərdar Rəşidin dili açıldı, o, ürəyindəkiləri ortalığa boşaltmağa başladı:
– Ağa, sizin başınıza and içirəm, hərgah o qız Mahmud xana getsə sizin bir xoşbəxtliyinizdəndir, filvaqe bu millətin bizə ürəyi qızmır. Həqiqətdə də belədir. Onlar müsəlman dinini də yalandan qəbul edirlər. Əslinə baxsan onlar kəlməyi şəhadətini də yalandan deyirmişlər. Mən o Allahın bəlasına gəlmişə, dinimizin bütün lazımi məsələlərini öyrətmişdim və bunun üçün evə dərs oxumuş arvad gətirib saxlamışdım. İraida namaz da qılırdı, oruc da tuturdu, sifati-səlbiyyə, sifatisübutiyyə, üsuldini, frudini, nə başınızı ağrıdım, hər şeyi bilirdi. Ancaq həqiqi müsəlman ola bilməyəcəyini bilirdim, çünki əşhədü ənla ilahə illəllah kəlməsini lazımınca deyə bilmirdi, dili dolaşırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-meqsede-dogru
Use ← → keys to move, R for a random poem
More by this author
Fransanın mürtəce dairələrinin naşiri-əfkarı «Libertə» qəzeti yazır ki: Lenin yollarına sədd çəkməkdən ötrü Parisdə olan əlli min Nikolay zabitinə istinad edə bilərik.*Tənbəlin şəhrdə miqdarı çatır əlli minə
İranlılarİranda istəyirlər ki, Əhməd şahın iki yaşındakı oğluna tac qoysunlar.*Ortaya atmış qəribə bir şüar iranlılar
Mənİngiltərə İran hökumətinə nota verib Şeyx Xəzayilin İngiltərə himayəsində olduğunu bildirmişdir.*Soxmuşam burnumu çoxdan Ərəbistanına mən
Balaca felyetonMəşhur Amerika milyardçısı Sinqleri Albanya məmləkətinə kral tə’yin etmək istəyirlər.*Tapmamışıq sən kimi bir əhli-hal,
Poems by other poets
Ulusuyla öyünənlər ulusuyla sevinər,Yurdunun carçısı yurddaşlara candan güvənər.
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Şirvan xatiratıRövşənayi-leyldə bir xərabəzarın mənzərəsi*Mehtab bir şəb idi, hava müşkbar idi,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat