Page 2 of 4 · 25%

Mən güclə özümü gülməkdən saxladım.

– Bəli, dedim, – bütün işlər o kəlmənin başındadır. Bu kəlmədə, nədənsə, Ninanın da dili dolaşır, o da bunu bizim kimi deyə bilmir.

Sərdar Rəşid əllərini uzadaraq tələsik bir surətdə dedi:

– A bərəkallah! A bərəkallah! Belədir ki, var, o da müsəlmanlığı ürəyindən qəbul etməyibdir. Bacısı da belə idi. Ağa, siz onu bilin ki, islam dini ilə də zarafat etmək olmaz, ona xəyanətlə baxan xudavəndi-aləmin qəzəbinə giriftar olacaqdır! Cənab konsulun buyurduğuna görə o, evdən getdiyi zaman Lir para nalayiq sözlər də yazıb qoymuş, o kağız da cənabınızda imiş. Hər halda o cürə kağızlar bizim ailəmizin namus və şərəfini ləkələyə bilər.

– O barədə düşünməyə lüzum yoxdur, çünki mən özüm məktubu Ninadan alıb yandırdım. Oradakı sözləri bir mən, bir Nina, bir də cənab general bilir.

– Zatına, namusuna, qeyrətinə əhsən!.. – O, şad bir üzlə dedi. - Mən sizin nəcabətinizi çoxdan bilirəm. Onun üçün də Mahmud xan məsələsi çıxan gündən bəri, mən başqa bir fikrə düşmüşdüm. Hərgah cənabınız razı olsaydınız, bizim ailəmizə daxil olardınız. Zənn edirəm ki, Mahru xanım da Ninadan geri qalası qız deyil, gözəl və namuslu bir qızdır.

– Orasında heç bir söz ola bilməz. Ancaq Mahrunun məsələsini başqa cür həll etmək istəyirdik. Onu mənim qardaşım sevir. Mahru xanımın özünün də etirazı yox imiş.

Sərdar Rəşid bir az düşündü, onun bu sözündən razı qalmadığı bəlli idi. Lakin o, saxtakarlıqla gülüb:

– Nəhayət, bu da bir səadətdir, – dedi, – yenə də cənabınızla bir yaxınlıqdır. Hərgah Mahru razıdır, bizim nə sözümüz ola bilər. Lakin rica edirəm ki, o məktub haqqında bir kimsə bilməsin. Yoxsa bizim şərəfimiz zayil olar.

– Əmin olunuz! Sizə dost sözü verirəm. Bu halda Tütünçüoğlu da gəldi, onu bir daha sərdar Rəşidə təqdim edərək:

– Bu mənim qardaşımdı, – dedim, – namuslu, fəaliyyətli, ədəbli bir oğlandır.

Sərdar Rəşid:

– Bizə də bu lazımdır! – dedi.

Bu söz sərdar Rəşidin razılıq verməsi demək idi.

Söhbətlər bitdi. Sərdar Rəşidlə bərabər şam süfrəsi başına keçdik, şam əsnasında sərdar Rəşid Mahru məsələsində lap yumşaldı. O, Tütünçüoğlu ilə çox səmimi danışırdı. Nəhayət, mənə sual da verdi:

– Cənab ağa nə işlə məşğuldur?

– Ayrılmamışıq, o da ticarətlə məşğuldur.

Bu sözlər sərdarı bir daha əmin etmiş oldu. Bununla da bizim Mahrunu sərdar Rəşidin pəncəsindən qurtarmaq üçün düşündüklərimiz və bu barədə qıza verdiyimiz vədələr yerinə yetməyə başladı.

Gecə saat birin yarısında, sərdar bizimlə vidalaşıb getdi. Biz isə qaraçı məhəlləsinə gedərək, Hüsni xanımın evini yoxlamalı və Mahmud xan məsələsi üzərində işləməli idik. Həsənağaya gəldikdə o da amerikalı qızın dalınca gəzir və mənim tapşırığımı yerinə yetirməyə çalışırdı.


Mən xəstə idim. Həsənağa mənim yanımda oturub özünə tapşırılan işdən danışırdı.

Miss Hannanın ətrafında hazırlanan macəra belə bir nəticə ilə bitmişdi: qızın dediyinə görə miss Hama saat dördün yarısında işdən gəlib adəti üzrə Şümşad xanımı gözləyirmiş.

Şümşad xanım saat beşdə gəlir, nahar yeməyini birlikdə yeyirlər. Süfrə yığışdırılanda miss Hanna Şümşad xanıma sual verir:

– İndimi gedəcəyik, yaxud rahat olduqdan sonra getməliyik?

– Biz hər kəsə bənzəmirik, elə vaxt getməliyik ki, bizi küçələrdə görən olmasın. Allah eləməsin ki, atam ya anam, yainki Rəfizadə mənim falçı yanına getdiyimdən xəbər tutsun. Əvvəlcə bir az rahat olmalıyıq. Axşam saat 8-də getsək daha yaxşıdır. Orada biz çox qalmayacayıq. Saat doqquzda evə qayıdarıq.

Onlar ikisi də rahat olur. Axşam saat səkkizdə yuxudan qalxırlar, bir stəkan çay içincəyə qədər saat doqquz olur.

Şümşad xanım heç də tələsmir, durub öz zinətlərini üstünə taxırdı. Miss Hanna onu da təqlid eləyirdi. Hər nə qədər qiymətli şeyləri varsa özü ilə götürmək üçün ağ bir boğçanın içərisinə yığır.

Onlar eşiyə çıxdıqda miss Hanna öz xidmətçisi qadını çağırıb deyir:

– Mən bu şeyləri konsulxanada əmanət qoymaq üçün aparıram. Hərgah o gəlsə deyərsən ki, saat 1-də evə qayıdacağam.

Onlar axşam saat ona iyirmi beş dəqiqə qalmış qaraçılar dərbəndində olur, burası nə qədər qorxulu olursa-olsun, miss Hanna əsla düşünmür. Çünki o öz inandığı bir adamla bərabər olduqdan sonra nədən qorxacaqdı? Təbrizin məşhur səqqalərindən Tacı qızı Züleyxanın qapısını vururlar, bir azdan sonra uzunboylu və qarabəniz bir qadın qapını açıb onları içəri buraxır. Alçaq və qaranlıq bir dəhlizdən keçib uzunsov bir otağa girirlər. Otaq bir falçının otağına bənzəsə də, orada bir zənginlik gözə çarpır.

Qadın onları otağa daxil elədikdə:

– Oturun, qadanız qara fikirlinin canına! – deyir. – Xoş gəlibsiniz, səfa gətiribsiniz, dərdinizi deyin. Düşməniniz varsa puç elərəm, itkiniz varsa taparam. Səfərdəkilərinizdən deyərəm. Dalınızda danışan varsa dilini kəsərəm. Sevgiliniz getmişsə qaytararam. Hər işinizlə varam, qadanızı qovaram, bəxtinizi açaram, bircə ölü diriltməyi bacarmaram.

Şümşad xanım və miss Hanna qalın döşəklərin üstündə əyləşir və Şümşad xanım sözə başlayaraq:

– Ay Züleyxa xala, umudumuz göydə Allaha yerdə də sənədir, ikimiz də dərdliyik. Səni deyib gəlmişik, gərək bizim bəxtimizi özümüzə qaytarasan, – dedikdə qapı vurulur, çopur Səlimə də içəri girir, çünki onun amerikalı qızdan qarət ediləcək şeylərdə hissəsi var imiş.

Miss Hanna heç bir şeydən şübhələnmir, o, Şərqin bu adətindən maraqlandığı üçün qadını dinləyir və anlamadıqlarını Şümşad xanımdan soruşur.

Tacı qızı Züleyxa əvvəlcə Şümşad xanımın falına baxmaq istər. Şümşad xanım bütün zinətlərini yerə döşər və Züleyxanın ağzına baxaraq durar.

Züleyxa bir kərə:

– Üstündə qiymətli şeylər ola bilməz! – dedikdə Şümşad xanım qulaqlarındakı sırğaları, barmağındakı üzüyü, qolbaqları və boyunbağını də çıxarıb yerə tökür.

Miss Hanna da burada çox yubanmamaq üçün öz üstündəki zinətlərini yavaş-yavaş çıxarıb, bağlıda gətirdiyi qiymətli şeylərə əlavə edir.

Züleyxa miss Hannaya dönərək:

– Gözünə qurban olum, yeməli qız, sən də şeylərini açıb yerə döşə, onların hamısına bir yerdə dua oxuyacağam.

Miss Hanna Şümşad xanımın şeylərinin yanında öz boğçasını açır və şeylərini döşəməyə başlayır. Bundan sonra Züleyxa səslənir:

– Nəzirlərinizi qoyun, xalanız sizə qurban!

Şümşad xanım redikülündən beş osmanlı lirəsi çıxarıb Züleyxanın sağ əlinə buraxır, miss Hanna da təqlidlə beş lirə verir.

Tacı qızı Züleyxa iki əllərini yerdə döşənmiş qiymətli şeylərin üstündə gəzdirib bəzi şeylər oxuyub ağzı ilə da onları püfləyir. Bu sözlərin hər birisini deyəndən sonra bir kərə əllərini şeylərin üstündə gəzdirib Hanna və Şümşad xanımın üzünə püfləyir.

– Təbriz üstü dumanlı, dağlar başı dumanlı, bir pul, iki pul, üç pul, gedən, itən, tapıl. Ağacda yaşıl alça, dibində qara xalça, kəsilsin zəhərli dil, dəyərli gözlərə mil. Badam ağacda qala, tökülsün qadabala. Açılsın bəxti qızın, qurulsun taxtı qızın! Qızlar kamına çatsın, nabatı qəndə qatsın, su gəlib arxa dolsun, qara fikir puç olsun! Kərdidə mərzə, nanə, yaman göz odda yana! Baqqalda qara kişmiş, qara ürəklərə şiş!..

Tacı qızı Züleyxanın duası çox uzun çəkir, artıq miss Hannanın ürəyi sıxılır, o nədənsə şübhələnməyə başlayır. O, buradan tez çıxmaq üçün vasitə axtarırsa mümkün olmur, çünki falçının duası qurtarmır.

Saat 12-nin yarısında amerikalı qız haldan çıxmaqda ikən qapı açılır, qabaqca Rəfizadə, onun dalınca da Mahmud xan içəri girir. Rəfizadə miss Hannanı görərkən:

– Gənc xanım səfa gətirmişdir, – deyir. Siz əmin olunuz ki, sizin bura gəldiyinizi və burada bizimlə bərabər bir neçə saat vaxt keçirdiyinizi kimsə bilməyəcəkdir!

Miss Hanna heyrətlə onun üzünə baxaraq acı-acı deyir:

– Siz nə söyləyirsiniz? Ağlınızı şaşırdınızmı? Mən sizinlə... vaxt keçirmək?..

Rəfizadə deyir:

– Siz ağıllı xanımsınız, buradan getdinizmi, burada qaldınızmı, fərqi yoxdur. Siz hazırda bir qaraçının evindəsiniz. Hər kəsi inandıra bilməzsiniz ki, sizi buraya aldadıb gətirmişlər. Hərgah siz bizim təklifimizdən boyun qaçırmış olsanız, mən sabah bunu Amerika konsulxanasında söyləyəcək və sizin qaraçı evlərində gəzdiyinizi xəbər verəcəyəm. Ən salamat və məsləhətli yol – burada bir neçə saat vaxt keçirməkdir.

Hərgah siz buna razılıq versəniz burada qeyb edə biləcəyiniz bu qıymətli şeyləri də özünüzlə bərabər salamat apara biləcəksiniz!

Miss Hanna daha heç bir söz danışmır, dönüb Şümşad xanımın üzünə baxır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets