Fevral ayının üçü idi. Bakı fəhlələrinin keçirdiyi həyəcanlı və iztirablı günlərin ən birincisi idi. Belə bir həyəcan ancaq 1902-ci ilin sentyabr ayında bir dəfə Lado tutulan gün, bir dəfə də o, etap ilə Tiflis şəhərinə göndərilən gün baş vermişdi.

Bu gün hər kəs bir cür danışırdı:

– Bu gün Tiflisdən gələn məhkəmə palatasının iclası olacaqdır.

– Amma hayıf oğlana, misli-bərabəri olmayan bir oğlandır!

– Kaş bizim əlli nəfərimizi Sibirə göndərəydilər, amma ona bir şey etməyəydilər!

– Çar köpəkləri kimi tutmağı, kimi məhv etməyi çox yaxşı bilir!..

– Sən öləsən, candan keçib girəsən içəri, yəni məhkəmə köpəkləri oturan yerə, bir dənə bomba buraxasan, nə olar!

– Qorxma, çar köpəklərinin gücü ona çatmaz! Vaxt o vaxt deyil. Xalq hərəkatının və fəhlə inqilabının ən qızğın bir vaxtında hökumət Montini dustaqda saxlaya bilməyəcəkdir!

– Sən deyən olsaydı...

– Bilmirəm, Montini bir də öz aramızda görə biləcəyikmi?

– Bir də onun parlaq gözlərinə baxacağıqmı?

Pavluşa, Vasya, Əsgər və yoldaşları bir tərəfdə durub gözlərini məhkəmənin qapısına dikmişdilər.

Gorodovoylar, Jandarmlar məhkəmənin ətrafına toplanmış kütləni araladı, dəstələr bir-birinə qarışdı; bəziləri geri çəkilir, bəziləri isə kazak qamçılarına etina etmədən irəli soxulurdu. Qadın, kişi, gənc, qoca irəli yüyürür, nə hadisə baş verdiyi ilə maraqlanırdı.

Yolu təmizlədilər. Bir dəstə saldat Montini həbsxanadan məhkəməyə gətirirdi.

Yenə də kütlələr arasında danışıqlar başlandı, dostlar da, düşmənlər də, dost-düşmən olmayanlar da danışırdılar. Vəziyyətdən xəbərdar olmayan Azərbaycan qadınları belə hayıfsılanırdılar:

– Bax! Bax! İradəsinə bax! Elə bil məhkəməyə yox, toya, kef məclisinə gedir.

– Buna Montin deyərlər! Dəyirmanın boğazına salsan, diri çıxar.

– Dünyanı bir-birinə vurdu, daha buradan qurtara bilməz!

– Sənin cibinə nə girəcəkdir? Elə qoyaq ki, onu asdılar və ya Sibirə göndərdilər, sənə bir qəpik mənfəəti vardırmı?

– Mənə mənfəəti olmasa da, müsəlman qardaşlara ki, mənfəəti vardır.

– O, müsəlmanlara nə yamanlıq eləyib?

– Bolşevik deyilmi? Gündə bir qalmaqal çıxarıb xalqı rahatsız edənlərin yoldaşı deyilmi?

– Varlıları, mağazaçıları, buruq sahiblərini!

– Axmaq! Niyə demirsən xalqın qanını soranları!

– Ada, ona baş qoşma! Görürsən ki, anlamır.

– Anlamaz özünsən!

– İçəri girə bilsəydik...

– Anaçığazın ölsün, səni bu gündə görməsin, yazıq oğlan!

– Əlbət ki, yazıq! Bunun da yəqin anası vardır, bacısı vardır.

– Bəs bu yazığı nə üçün tutublar? Bu biçarədən nə istəyirlər?

– Bu hökuməti, dövlətliləri istəməyənlərin yoldaşıdır.

– Allah ona kömək eləsin. Dövlətlilərimiz köpək uşağına rəhm edilməli deyil. Onlardır bizi bu günə qoyan! Elə birisi bizim qonşumuz Hacı Nemət. Qapıda it bağlayıb ki, həyətə dilənçi girməsin.

Söhbətlər çox uzandı. Mübahisələr döyüşə, söyüşə qədər çıxdı. Hər kəs fikrini deyir, Montinə, özü bildiyi bir şəkil və sima verməyə çalışırdı. Bayırda bu söhbətlər davam etdiyi vaxt, məhkəmə ittihamçısı stolun dalında dururaq, müttəhimlər kürsüsündə oturan gənc Montinin təqsirlərini oxuyur və deyirdi:

– «Ağalar! Cənablar! Müttəhimlər kürsüsündə oturan Pyotr Vasilyeviç Montindir! 1882-ci ilin yanvarında Tiflisin altmış verstliyində Ağbulaq kəndində doğulmuşdur. Müqəssir Pyotr, Çuquretdə ibtidai məktəbdə oxumuşdur. Müqəssir Pyotr ibtidai məktəbi bitirdikdən sonra Aleksandrovski müəllimlər institutu yanında olan məktəbdə oxumuşdur. Müqəssir Pyotr bu məktəbi bitirmədən on yeddi yaşlarında ikən Tiflis dəmiryol emalatxanasına işə girmişdir.

Ağalar, cənablar! Müqəssir Pyotr burada olan inqilabçı fəhlələrlə görüşür və əlimizdə olan müəyyən vəsiqələrə görə, inqilabi işlərdə çalışmağa başlayır. Əldə edilən vəsiqələrə görə, Montin sosial-demokratlarla, yəqin xaricdən Lenin tərəfindən göndərilən iskraçılarla əlaqəyə girir və gizli ədəbiyyatı öz otağında mühafizə edir.

Jandarm idarəsinin verdiyi məlumata görə Pyotrun evində iskraçıların iclası da olmuşdur. O, polisdən qaçanları da öz otağında gizlədirmiş.

Müttəhim Pyotrun ən mühüm günahlarından birisi də onun Tiflis şəhərinin on iki verstliyindəki Olkinski kəndində yaşayan Mengrel alayının soldatları ilə hər gün söhbət etməsi və onları hökumətə qarşı ayağlandırmasıdır.

Jandarm idarəsinin verdiyi raportlara görə, müttəhim Pyotr, 1900-cü ildə Kars dəmir yolunda imtahan parovozlarını idarə etdiyi vaxt həmişə hökumət əleyhinə proklamasiyalar daşıyırmış. Müttəhim Pyotr bununla da kifayətlənməyərək öz qonşularında və camaat toplandığı yerlərdə zərərli nitqlər deyirmiş.

Ağalar, cənablar! Sizin hüzurunuzda oxuduğum materiallara əsasən 1902-ci ilin on üç aprelində hökumət müttəhim Pyotru tutmuşdur. Ağalar, cənablar! Müttəhim Pyotr Tiflisdə Metex qalasında üç ay saxlandı. İstintaq zamanı verilən suallara cavab verməkdən boyun qaçırdı və cürətlə dedi ki: «Mən heç bir suala cavab verməyəcəyəm».

Müttəhim Pyotrdan heç bir cavab ala bilməyən polis idarəsi onu azad etməyə məcbur oldu. Lakin Pyotr Vasiliç Montin daha Tiflisdə qala bilmədiyindən və yaxud gizli hərəkətdə iştirak etdiyi üçün 1903-cü ilin əvvəllərində Bakıya gəlir və Qaraşəhərdə Əlibəyovun kanat fabrikində işə girir. Burada müttəhim bir az işlədikdən sonra Bakı inqilabçıları ilə tanış olur və gizli işlərdə ciddi iştirak edir.

Bakı polisinin arxivində olan materiallara görə, müttəhim Pyotr Bakıda vaqe olan 1903-cü il iyun tətillərinin birinci müqəssirlərindəndir.

Bakı polisi məcbur olub 1903-cü ilin avqust ayının on birində, sizin gözünüzün qabağında oturan Montini tutur.

Ağalar, cənablar! Yenə də həmin Pyotr istintaq zamanı cavab verməkdən boyun qaçırdı. Hökumətin buna rəhmi gəldi; bunun cavanlığını və kəndli ailəsində doğulduğunu nəzərə alıb, bir qədər pul da təklif elədi. Hökumət onu azad etmək şərtilə özünə nəqd mükafat verilməsini və bunu yoldaşlarına deməməsini təklif elədi. Ağalar, cənablar! Baxın bu xain, hökumətin mərhəmətinə qarşı necə rəftar etdi! Əlində pul tutan və onu Pyotra vermək istəyən pristavı təhqir etdi. Yaxına gəlib pulu almaq bəhanəsi ilə pristavı sillə ilə vurdu».

İttihamçının bu sözündən sonra, salonda oturan varlılar, məmurlar və ziyalılar arasında təəccüblü səslər eşidilməyə başladı:

– O asılmalıdır! Pristavı vurmaqmı? Buna imkan verilərmi?

– Özü də vəzifə başında! Padşahın şəklinin qabağında!..

– Vəhşi və tərbiyəsiz bir adamdır! Bunların əlindən hər nə desən gələr...

– Bunu indiyə kimi diri qoymağın nə mənası vardır?

– Heç də anlaya bilmirəm!..

– Öz əlim ilə bunu tikə-tikə doğrasam, yenə də ürəyim soyumaz!

– Təqsir özünüzdədir! Bir gədənin birinə əlli manat verə bilməzsinizmi ki, bir gecənin içində şərrini başınızdan uzaqlaşdırsın?!

– Əlacımız da ancaq ona qalıbdır.

Bu pıçıltılar davam etdiyi vaxt Montin salona göz gəzdirib orada oturanları siniflərə və təbəqələrə ayırmaqda idi. Salonda Bakı baqqallarından başlamış fabrik-zavod sahiblərinə qədər bütün təbəqələrdən adam var idi. Ziyalılar, hökumət məmurları, hətta təqaüdə keçən qoca məmurlar və gorodovoylar da görünürdü. Məhkəmə salonunda ən az yer tutan Montinin əqidə yoldaşları idi; onların çoxunu içəri buraxmamışdılar.

İttihamçı sözünə davam edərək deyirdi:

– «Ağalar, cənablar! Hüzurunuzda müqəssir skamyasında oturan Pyotr Montin pristava qarşı etdiyi ədəbsizliyin nəticəsində il yarıma qədər müxtəlif dustaqxanalarda istintaq olunmadan qalmışdır. Nəhayət, müqəssir Lənkəran dustaqxanasında olduğu kameradan lağım atıb qaçmağa müvəffəq olmuşdu. Qaçmışdısa da, hökumət onu yenə də tutmuşdu. Hökumət daha onu Lənkəranda saxlamayaraq 1904-cü ilin 11 mayında Şamaxı dustaqxanasına göndərmişdir. Müttəhim Pyotr oradan da qaçır. Lakin yolda yenə də tutulub dustaqxanaya salınır».

Ağalar, cənablar! Hazırda təqsirlərini eşitdiyiniz bu müqəssirin mühakiməsidir. Buna görə də mən necə ki, bir dövlət ittihamçısı, tərbiyələndirilməsi mümkün olmayan Pyotrun ağır bir cəza ilə cəzalandırılmasını təklif edirəm.

Alqış səsi məhkəmə salonunu bürüdü, lakin bu gurultu Montinə heç də təsir etmirdi. Belə məhkəmələri o bir necə kərə görmüşdü; onun əqidəsini bu kimi gurultular sarsıda bilməzdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XLI. Tez-tez görüşlər

Əmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!

5 min
XLII. Qəzvində

Biçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.

5 min
XLIII. Qısqanclıq

Doktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi.Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi:

3 min
XLIV. Bakıya doğru

Alman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.

2 min

Poems by other poets